«Donuz qripi» bəzi zəvvarların qibləsini dəyişdirır

Artıq Səudiyyə Ərəbistanında 4 zəvvarın H1N1 virusundan öldüyü təsdiqlənib

Builki Həcc ziyarətində Səudiyyə Ərəbistanına ümumilikdə 2.5 milyon zəvvar gələcək. Bu il zəvvarların sayı «donuz qripi» pandemiyasıyla bağlı olaraq ötənilkindən yarım milyon nəfər azdır.

Baxmayaraq ki, Səudiyyə Ərəbistanı rəsmiləri Dünya Səhiyyə Təşkilatıyla birlikdə hələ Həcc mərasiminə 2-3 ay qalmışdan pandemiya təhlükəsiylə mübarizəyə hazırlaşmağa başlamışdılar.

«MƏN ÇOX ƏMİNƏM»

Ancaq həftə sonunda artıq Səudiyyə Ərəbistanında 4 zəvvarın H1N1 virusundan öldüyü təsdiqlənib. Bu fakta da baxmayaraq, Səudiyyə Ərəbistanın Səhiyyə naziri Abdullah Əbdül Əziz əl-Rəbia narahatçılığa əsas olmadığını deyib:

«Mən çox əminəm, hər şeydən əvvəl hazırlıqlarımızdan, Səhiyyə Nazirliyinin komandasından, resurslarımızdan arxayınam. Lazım olsa yetərincə yerimizdən əminəm. Amma son müşahidələr çox yaxşıdır, çox az hallar qeydə alınıb və günü-gündən həyacanverici heç nə görmürük».

Səudiyyə Ərəbistanı «donuz qripi»ylə mübarizə üçün əlavə hazırlıqlar görüb. Hava limanları və ziyarət yerlərində xüsusi məntəqələr qurulub və tibbi personal ayrılıb, zvvarların əlamətləri xüsusi skannerlərlə yoxlanılır, 100 mindən çox polis və təhlükəsizlik qüvvələri Məkkə və Mədinədə hazır vəziyyətdə saxlanılır.

AZƏRBAYCANLI ZƏVVARLARA PEYVƏND VURULMAYIB

Bundan başqa, Səudiyyə Ərəbistanı xaricdən Həcc ziyarətinə gələnlərə də «donuz qripi»nə qarşı peyvənd olunmaq tələbi qoyub. Ancaq Azərbaycandan Həccə gedən zəvvarlar artıq noyabrın 11-dən etibarən yola çıxıblar və heç birinə virusa qarşı peyvənd vurulmayıb.

Qafqaz Müsəlmanları İdarəsindən Rəhimə Dadaşovanın sözlərinə görə, Azərbaycana «donuz qripi»nə qarşı peyvəndlər gətirilmədiyindən zəvvarlar ancaq ümumi qripə qarşı peyvənd olunublar. Azərbaycana ayrılan builki kvotaya görə, Həcc ziyarətinə ümumilikdə 2 min zəvvar getməlidir. Ötən il bu kvota 6 min nəfər idi.

Ancaq Həccə gedən zəvvarların çoxu, hətta «donuz qripi»nin yayıldığı qitələrdən gələnlər belə, Həcc mərasimi vaxtı «donuz qripi»ndən elə də qorxmurlar. Məsələn, kanadalı Əbdul Rəhim deyir ki, Allah özü onları qoruyacaq:

«Allaha şükür, burada, Səudiyyə Ərəbistanında «donuz qripi» yoxdur. Allaha çox şükür, bu həkimlər, dərmanlar, hər şey də var. Allahıma şükürlər olsun ki, onun sayəsində heç nədən qorxmuram. Heç bir peyvənd vurdurmamışam. «Donuz qripi»ndən də, Allaha şükür, qorxmuram».

HƏCCƏ QADAĞA


Ancaq zəvvarlar özləri «donuz qripi»ndən qorxmadıqlarını desələr də, bəzi dövlətlər bu işdə zəvvarlarını Allahın mərhəmətinə etibar eləməyiblər. Məsələn, Türkmənistan hökuməti virus qorxusu üzündən ümumiyyətlə vətəndaşlarına Həcc ziyarətini qadağan eləyib. Bunun əvəzində hökumət türkmən vətəndaşlarına Həcc yerinə ölkə daxilindəki müqəddəs yerləri ziyarət etməyi tövsiyə eləyib.

Türkmənistan prezidenti Qurbbanqulu Berdımuhammedovun fərmanına görə, Həcc ziyarətinə getmək istəyən türkmən vətəndaşları noyabrın 11-dən 29-a qədər təyyarə, maşın və qatarlarla ölkənin müxtəlif yerlərindəki 38 müqəddəs abidələri ziyarət eləməlidirlər.

Bu siyahıdakı yerlərdən çoxu doğrudan islam dini baxımından müqəddəs ziyarətgahlar sayılır. Məsələn, Para Bibi məscidini uzun illərdir ki, pir kimi ziyarət edirlər. Mərv şəhəri yaxınlığındakı Talxatan Baba məscidi 11-ci əsrdən sufilərin ziyarət yeri olub.

Ancaq siyahıda siyasi lider olan Səlcuq imperatoru Sultan Əhməd Səncərin şərəfinə tikilən məscid kimi yerlər və miladdan öncə qurulan Parfiya dövlətinin paytaxtı Nisa kimi şəhərlər də var. Nisa isə, 8-ci əsrdə islamın Orta Asiyaya yaılmasına müqavimət göstərən şəhərlərin başında gəlib.Bir növ Azərbaycandakı Babək hərəkatı kimi, islam xilafətinə qarşı çıxıb.

Bəs Həcc ziyarəti əvəzinə, bu cür yerləri ziyarət eləmək adi türkmənləri qane edirmi? Bu suala cavab verən, ancaq adını gizləyən bir qadın AzadlıqRadiosuna deyib ki, «düzdür, bunu tam olaraq Həcclə eyni tutmaq olmaz. Amma əgər, insanlar İranın bəzi şəhərlərinə müqəddəs yerlərə ziyarətə getməklə mənəvi borclarını ödəmiş hesab edirlərsə, onda nəyə görə türkmən tarixinin önəmli abidələrini ziyarət eləməsinlər?»:

«BURDA ZİYARƏT EDƏCƏYİMİZ AZI 360 YERİMIZ VAR»

«Bu ölkənin daxilində doğrudan da müqəddəs insanların dəfn edildiyi o qədər yer varlər var ki, saymaqla qurtaran deyil. Əgər Ərəbistanda insular Məkkəyə gedirsə, bizim burda ziyarət edəcəyimiz azı 360 yerimiz var».

Türkmənistanda «360-lar» deyəndə, monqol işğalçılarıyla mübarizədə həlak olan 360 qəhrəmanı nəzərdə tuturlar.

Amma məsələ bundadır ki, türkmən hökuməti özü hər il 200 nəfəri Həcc ziyarətinə göndərir və bu il bu seçilmişləri də Həcc yerinə türkmən şəhərlərinə göndərəcək.

Həcc yerinə Türkmənistanın daxilində ziyarətə getməli olanlardan biri, yazıçı Amanmurat Bugaev deyir ki, ölkənin ziyarətgahlarını ziyarət etmək çox gözəl şeydir, bu, həmin yerləri xarici zəvvarlar üçün də populyarlaşdıra bilər. Ancaq istənilən halda bu, islamın 5 şərtindən biri olan Həcc ziyarətini əvəz edə bilməz.