«Açılım» tıxanarsa, sərhədlər açılmazsa...

Türk köşə yazarları protokolların aqibəti barədə

Cengiz Candar («Radikal»)

Eyni «buksirləmə» vəziyyəti xarici siyasətdə - Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesində də var. Başqa sözlə desək, Sürixdə imzalanmış protokolların həyata keçirilməsində. Bu da protokolun Məclisdə qəbul edilməsi deməkdir. Protokol Türkiyə Böyük Millət Məclisində qəbul edilən kimi Ermənistan parlamentində də qəbul ediləcək və beləliklə, Avropanın «yeganə qapalı quru sərhəddi» açılacaq, bir mənada, «soyuq müharibə» başa çatmış sayılacaq və Türkiyə ilə Ermənistan arasında diplomatik münasibət yaradılacaq.

Buna nə mane olur?

Əngəl - AKP hökumətinin öz ayağına güllə vurmasına görə axsaması və buna görə də «buksir»ləməsi. Protokollara daxil edilməməsinə və qəti şəkildə bir «ön şərt» olmamasına baxmayaraq, Azərbaycan ilə Ermənistan arasındakı Qarabağ münaqişəsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına indeksləndi. Bir «de fakto» ön şərt halına gətirildi.

ÖZ AYAĞINA GÜLLƏ VURUNCA…

Hökumət bu sürətlə yaxşı-yaxşı irəliləyərkən öz ayağına güllə vurunca, protokolları da Məclisdə səsverməyə təqdim edə bilmir. Məclisdə çoxluğu var - ancaq 1 mart qərar layihəsini xatırlayaraq bundan çəkinir.

Bu yolla:

1. Qarabağda irəliləyiş üçün təzyiq edir;

2. Eyni zamanda özünü ətalətə məhkum edir.

Qısa müddətdə Qarabağda irəliləyiş olmazsa, işlər necə olacaq? O vəziyyətdə hökumət özünün parlament qrupuna qarşı bir acizlik nümayiş etdirməyəcəkmi? Ya da hökumət atdığı addımlara özü inanmırdı.

Ermənistanla bağlı siyasətdə hökumətin «buksirləməsi» hər il olduğu kimi, 24 aprelə doğru Konqresə «soyqırımı qərar layihəsi» qəbul etdirmək və prezidentə 24 apreldə «soyqırımı» dedirtmək istəyənləri bu il hərəkətə gətirdi.

İndi xarici işlər naziri Ahmet Davutoğlu bu 3 prosesin təsadüfi olmadığını vurğulayır və buna bizim də inanmağımızı istəyir:

1. 12 yanvarda Ermənistan Konstitusiya Məhkəməsinin protokolları təsdiq edərkən soyqırımına istinad etməsinin qəbul edilməz olduğunu;

2. 25 yanvarda Soçidə Rusiya prezidenti Medvedevin ev sahibi olduğu Azərbaycan-Ermənistan müzakirələrində Ermənistanın Qarabağ məsələsindəki sərt mövqeyi;

2. Keçən həftənin cümə günü ABŞ Nümayəndələr Palatasının əlaqədar komitəsində «soyqırımı qərar layihəsi»nin səsverməyə çıxarılacağının açıqlanması.

Bunlar təsadüfi deyilmiş.

Məlum olan «tələ qurma nəzəriyəsi»nin beyin quruluşu, səhvlərə qılaf tapmaq məqsədi ilə XİN-ə sirayət etdi.

BUNUN FAKTURASININ TÜRKİYƏYƏ YAZILACAĞINI HİSS ETDİRİRLƏR

Birincisindən başlayaq. İstər ABŞ, istərsə də Türkiyə ilə Ermənistan arasında iki ildən bəri davam edən müzakirələrdə vasitəçi rolunu oynayan İsveçrə, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı olaraq Türkiyənin mövqeyini «şişirdilmiş» kimi qəbul edir və və bu mövqeyi təsdiqləmirlər. İki ölkə arasındakı «normallaşma prosesi» dayanarsa, bunun fakturasının Türkiyəyə yazılacağını hiss etdirirlər.

Çünki nəticə etibarı ilə, Ermənistan Konstitusiya Məhkəməsi, bizim iddia etdiyimiz kimi, protokollarda dəyişiklik-zad etməyib. Üstəlik, hüquqi baxımdan protokolları təsdiq edib.

Hal-hazırda biz öz «buksirləmə» halımızı gözdən yayındırmaq, Türkiyə Böyük Millət Məclisində hərəkətsiz qalmağın günahından xilas olmaq üçün «mızmızıçılık» edir. Təəssüf ki, bu da heç kimi qane etmir.

Davutoğlunun işarə etdiyi ikinci səbəb də qəbul edilə bilməz. Rusiya xarici işlər naziri Sergey Lavrovun Soçi görüşü ilə bağlı şərhi tamamilə əks istiqamətdədir. Lavrov iki gün qabaq Münxen konfransında verdiyi açıqlamada Qarabağdan «Çətin bir məsələ olduğu açıq-aşkardır, ancaq irəliləyir» şəklində danışdı. Serj Sarkisyan ilə İlham Əliyevin Soçidə Qarabağ məsələsinin həlli üçün əsas prinsiplərin başlanğıc bölümü üzərində razılığa gəldiklərini xəbər verdi.

Soçidən sonra İlham Əliyev bu günədək olmadığı qədər «optimist» müsahibələr verir. «Daha əvvəl razılığa gəldiyimiz və 2010-cu ildə anlaşmağı planlaşdırdığımız prinsiplərin münaqişəyə son qoymasını və Qafqaza sülh gətirməsini arzu edirəm» dedi.

Srağagün Azərbaycan XİN mətbuat sözçüsü Elxan Poluxov «Azərbaycan müzakirələrdə üfüqü görməkdədir» şəklində danışdı.

Bütün proseslər AKP-nin siyasət və hesablama səhvlərinə işarə edir. İçəridə «tıxanma», qıraqda «tıxanma».

Əgər aça bilməsəniz, seçkilərdə məğlub olarsınız. Hal-hazırdakı reytinqiniz 35-40% səviyyəsində olsa da...