Debat: Millət vəkili həqiqidir, yoxsa saxta?

Aprelin 8-də Avropa İnsan haqları məhkəməsinin Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı qərarı açıqlandı. Məhkəmə işinin əsasında 93 nömrəli Bərdə şəhər seçki dairəsində baş verən hadisələr durur.

ZAHİD ORUC LEGİTİM DEPUTATDIR, YOXSA SAXTA?

Məhkəməyə iddia ərizəsi ilə müraciət edən AXCP nümayəndəsi Nemət Əliyev və həmin dairədən deputat olan Ana Vətən partıyasının sədr müavini Zahid Oruc AzadlıqRadiosunun “İşdən sonra” proqramında debat keçirdilər.

Zahid Oruc Avropa Məhkəməsinin qərarının deputat kimi onun legitimliyinə heç bir kölgə salmadığını iddia etdi və bildirdi ki, Bərdə camaatının ona etimadı var.

Nemət Əliyev isə dedi ki, belə olan təqdirdə Zahid Orucla hansı dildə danışacağını bilmir. Çünki onun sübutlarını beynəlxalq məhkəmə qəbul etdiyi halda opponenti qəbul etmir.

SEÇKİ BÜLLETENLƏRİNİN OĞURLANMASINA MÜNASİBƏT

Məhkəməyə təqdim olunan dəlillərdən Nemət Əliyev Bərdədə məntəqələrin birindən 760 seçki bülleteninin oğurlanması faktını misal gətirdi.

Zahid Oruc belə bir faktı təkzib etdi və öz legitimliyinin şahidi kimi müxalifətin nümayəndəsi millət vəkili Pənah Hüseynin adını çəkdi.

Proqramın aparıcısı Pənah Hüseynlə əlaqə saxladı, sonuncu Zahid Orucun deputat “halallığını” nə təsdiq, nə də təkizb etdi.

AzadliqRadiosu DİNLƏYİCİLƏRİ BİR MƏRKƏZDƏN İDARƏ OLUNUR?

Debatın gedişində studiyaya çoxlu suallar daxil olurdu. Dinləyicilərin sualları və iradları ancaq Zahid Oruca ünvanlanırdı. Zahid Oruc sualların eyni bir mərkəzdən idarə olunması ehtimalını bildirdi və bu insanların təfəkkürünün zədələndiyini iddia etdi.

Zahid Orucun “Mənim qismətinə müxalifəti məğlub etmək yazılıb” və “məni özünə rəqib bilənlərin 100-nü birdən məğlub edəcəyəm” fikirlərinə cavab vermək təklifinə Nemət Əliyev “mənim sözümü artıq Avropa İnsan haqları məhkəməsi deyib” sözləri ilə cavab verdi.

OLDUQCA MARAQLI KEÇƏN BU DEBATIN TAM MƏTNİNİ OXUMAQ ÜÇÜN BURA DAXİL OL.

PROQRAMIN SƏS YAZISINI İSƏ AŞAĞIDA DİNLƏ