Brayza Saakaşviliyə nə demişdi?

Rusiya Saakaşvilini yıxmaq istəyirdi - bu, Wikileaks-in açıqladığı yeni diplomatik teleqramlarda deyilir.

Amerikanın diplomatik mənbələrinin həmin teleqramlarına görə, Rusiya Abxaziya və Cənubi Osetiya separatçılarına Qrad silahı verirdi.

2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi ərəfəsi Gürcüstanı zəıflədən əməliyyatlar keçirirdi.

Kremlin Gürcüstana qarşı düşmənçilik hərəkətlərinə raket atəşləri, qətllər daxil idi.

Rusiya Saakaşviliyə qarşı dezinformasiya təbliğatı aparırdı.

“PARANOYA XƏSTƏSİ”?

Teleqramlarda Amerika diplomatları yazırlar ki, Kreml Qərbpərəst Saakaşvilini “paranoyadan əziyyət çəkən xəstə” kimi qələmə vermək istəyir.

Tbılisidəki Amerika səfiri John Tefft hələ müharibədən bir il qabaq – 2007-ci ilin 20 avqustunda yazırdı ki, Kremlin məqsədlərindən biri Saakaşvilini prezidentlikdən uzaqlaşdırmaqdır.
Səfirin məktubunda deyilir: “Daha dərində olan məqsəd isə Gürcüstanı NATO yolundan döndərib, Rusiyanın yanına qaytarmaqdır”.

Diplomatın telaqramında bir məqsəd də qeyd olunur. Deyilir ki, “provokasiyalarda bir məqsəd də Gürcüstan liderliyini qızğın reaksiyaya sövq etməkdir ki, bu da Qərbi bu liderlərdən qırağa çəkilməyə məcbur etməlidir”.

Tefftin teleqramına görə, Moskvanın iki separataçı regiona “birbaşa, gizlədilməyən dəstək” verir.

SEPARATÇI REGİONU FSB İDARƏ EDİR

Wikileaksin açıqladığı diplomatik teleqramlar bir mübahisəyə də aydınlıq gətirir.
İndiyə kimi mübahisə gedir ki, Rusiya-Gürcüstan müharibəsini kim başladı?
Rusiya deyir ki, Saakaşvili, Saakaşvili deyir ki, Rusiya.
Teleqramlar Saakaşvilinin dediyini daha çox təsdiqləyir.
Amerika səfiri yazır ki, FSB Cənubi Osetiyanı idarə edir. KQB-nin varisi olan FSB-nin agentləri Cənubi Osetiya prezidenti Eduard Kokoytının hökumətində otuturlar.

Tefft yazır: “Cənubi Osetiyada nazirlər kabineti və Kokoytının müşavirləri Rusiya rəsmiləridir. Bunların da əksəriyyəti FSB-dəndir.”

Rusiya hətta Cənubi Osetiyanın polisinə və xidmət işçilərinə maaş verirdi. Cənubi Osetiya əhalisinin 95 faizinə Rusiya passportu vermişdi, bu da gələcəkdə Rusiya vətəndaşları kimi onların müdafiəsinə qalxmağa əl yeri qoyurdu.

Tefft yazırdı ki, Moskvaya münasibətdə Abxaziya Cənubi Osetiya ilə müqayisədə daha müstəqil idi.
Ancaq Moskvanın Abxaziya prezidenti Sergey Baqaşpa təsir imkanları çox genişdir.

Teftt yazırdı ki, bir sıra mənbələrin məlumatına görə,
FSB-nin yüksək rütbəli zabitləri Baqaşpın prezident iqamətgahında yerləşib.

BURNS MƏSLƏHƏT VERİR

O vaxt Rusiyada Amerika səfiri olan William Burns(Börns) 2007-ci ilin 13 iyununda Parisdə Saakaşvili ilə görüşəndə məsləhət görüb ki, “Rusiya ilə qarşıdurmadan yayınsın”.

Burnsün teleqramı bir suala da cavab verir.
Belə fikir var ki, Amerika Gürcüstanı tək qoydu.
Burns isə teleqramında yazır ki, Dövlət Katibinin köməkçisinin müavini Matt Bryza Saakaşviliyə Amerikanın açıq xəbərdarlığını çatdırıb ki, heç bir hərbi addıma getməsin.
Burns yazır : “ O (Bryza) Saakaşviliyə aydınlaşdırıb ki, əgər Gürcüstan hərbi gücdən istifadə etsə və ya konfliktə girişsə, Saakaşvili özünü tək qalmış görəcək”.