Bu hekayə müsabiqədə yer tutmağa layiq idi?

Yazıçı Aslan Quluyev "Oxu zalı"na göndərdiyi bu hekayənin aşağıdakı qeydlə çap olunmasını xahiş edib:

"Hekayə «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda müsabiqəyə təqdim edilmiş, lakin heç bir mükafata layiq görülməmişdir".




MİLLİ QƏHRƏMAN

Qız sükut və qaranlıq içində uyuyan payız bağında şam ağaclarının arasındakı tapdaq cığırla qorxa-qorxa gedir, səksəkə ilə ətrafa boylanırdı.

Ona elə gəlirdi indicə kimsə qaranlıqdan çıxıb üstünə atılacaq.

Ayaqları altında şam ağacının iynələri xışıldayır, hər xışıltı eşidəndə ürəyi əsirdi.

Arxadan səs eşitdi, ancaq dönüb geri baxmağa ürək eləmir, yəqin qara basır deyə, özünə təsəlli verirdi. Addım səsləri isə getdikcə aydın eşidilirdi.

Təqib edildiyini başa düşdüyündən qaçmağa başladı, var qüvvəsiylə uzaqda sayrışan işıqlara doğru qaçırdı. «Dayan!» arxadan zəhmli kişi səsi eşidildi, amansızlıq duyulan qorxunc səsdən bədəninə uçunma düşdü.

Qorxudan bayılmaq üzrəydi, yalnız qaçmaqla canımı qurtaracağını güman eləyir və qaçırdı.

Təqib eləyən daha cəld qaçırdı, qıza çatdı, saçlarından yapışıb necə dartdısa, qız arxası üstə onun ayaqları altına yıxıldı.

Çantası əlindən buraxılıb cığırın kənarındakı şam ağacına dəydi, ağacın quru budağından asıla qalan çantadan ləngər vuraraq tökülən kitablar boğuq tappıltı ilə nəm torpağa düşürdü.

Quldur sinəsinə çöküb hirslə fısıldayırdı, əlində bıçaq var idi, gözləri canavar gözü kimi işıldayırdı.

Bu adamdan üfunət, qoxumuş balıq iyi gəlirdi, ürək bulandıran qoxu dözülməz idi. Qızın boynundakı qızıl zənciri dartıb qırmaq istəyirdi.

Qız çapalayır, müqavimət göstərirdi, ancaq güclü əllər onu boğur, qol-qıçını sıxır, tərpənməyə qoymurdu.

Səsi gəldikcə qışqırdı, tərli, iyrənc qoxulu əl dərhal da ağzını yumdu.

«Qızı burax!» - arxadan kimsə dedi. «Sən kimsən? – quldur qızın sinəsindən qalxmadan geri dönüb bıçağını yellədi. – Mane olma, boğazını üzərəm!» «Qızı burax!»- yenə həmən adam dedi və qız yalnız indi onu gördü, quldurdan bədəncə kiçik olan oğlan cəsarətlə irəliləyirdi, əliyalın idi, ancaq çəkinmədən quldurun üstünə yeriyirdi.

Quldur başını silkələdi, neyləyəcəyini götür-qoy elədi və birdən ayağa sıçrayıb oğlanın üstünə cumdu.

Dalaşma qısa çəkdi, oğlan vurub bıçağı quldurun əlindən saldı, iki-üç yumruq dəyəndən sonra yerə sərilən quldur məğlub olduğunu başa düşdü və dabanına tüpürüb əkildi.

Qız yerdə uzanmışdı, qorxudan tir-tir əsirdi, oğlan ona yaxınlaşdı, əlindən yapışıb ayağa qaldırdı.

Gülümsəyir, nəvazişlə üst-başını çırpır, saçlarına, gödəkçəsinə yapışmış şam ağacının iynələrini, xəzəl yarpaqlarını təmizləyirdi:

- Əzilməyibsən? – uzaqdan gələn səslə soruşdu.

- Yo…ox, - qızın dili söz tutmurdu.

- Qorxma, - oğlan ona təsəlli verdi.

Qız isə hələ də xilas olduğuna inana bilmir, titrəyirdi, cəsur xilaskarına sığınır, onu buraxmaq istəmirdi.

Oğlan onu bağda tək qoyub gedərsə, quldurun yenə də qaranlıqdan çıxıb üstünə atılacağından ehtiyat edirdi.

Bir az bundan əvvəlki vahiməli, dəhşətli anları, sinəsinə çökmüş quldurun işıldayan gözlərini, iyrənc qoxuyan iri əllərini xatırladıqca, bədəni uçunurdu.

Oğlan çantanı budaqdan çıxartdı, yerə səpələnmiş kitab-dəftərləri yığıb çantaya qoydu. Onun özünü inamlı aparması, arxayınçılığı tədricən qıza da sirayət eləyirdi.

Özünə gələndən sonra oğlanın sinəsi ilə qan axdığını gördü, qaranlıqda qan qaraya çalırdı.

-Yaralanıbsan?» - təşvişlə soruşdu.

- Boş şeydi, - oğlan əlini yellədi.

- Bəs qan…

- Bıçaq azacıq cızıb, - ağacların arasından süzülən ay işığında oğlanın sifətində solğun təbəssüm canlandı.

Oğlanı dilə tuturdu, bizə gedək, həkim çağırarıq, bəlkə yaran ciddidi, ancaq oğlan inadla boyun qaçırır, ciddi bir şey olmadığını deyirdi.

Cığırın kənarındakı oturacağa çatanda oğlan təklif elədi ki, bir az oturub dincimizi alaq.

Razılaşdı və yalnız indi möhkəm yorulduğumu hiss elədi, qıçları əsdiyindən ayaq üstə güclə qalırdı.

Yanaşı oturdular. Payız yağışlarından sonra bağ göyərmişdi, xəzəllərin, şam, küknar ağaclarının qabıqları, iynələri arasından baş qaldıran otların, xırda göyümtül çiçəklərin acıtəhər qoxusu bağın soyuq, rütubətli havasında daha güclü hiss olunurdu.

Oğlan yorğun, batıq səslə özü haqda danışırdı, hər nəydisə sanki onun səsi uzaqdan gəlirdi. «Mən Milli Qəhrəmanam.

Bir dəfə döyüşərək geri çəkilirdik, gedib bir kəndə çıxdım.

Düşmən kəndə girmək üzrəydi, kənddə isə cəmisi bir döyüşçü var idi, amma xalis od-alov idi, qorxu-hürkü bilmirdi.

Sinəmdəki ordenə baxıb Milli Qəhrəman olduğumu görəndə sevindi, dedi, vaxtında gəlibsən.

Düşmənlərin qabağını almalıyıq, kəndin adamları sağ-salamat çıxıb getməlidilər. Razılaşdım.

Döyüş başladı, mən pis döyüşçü deyiləm, bu döyüşçü isə möcüzə idi, indiyə kimi beləsi ilə rastlaşmamışdım.

Bir bölüyün əvəzində döyüşürdü, açıq, özünü qorumadan.

Düşmənlər xeyli itki verib geri çəkiləndən sonra baxıb gördüm bunun bədənində salamat yer yoxdu. Azından beş-altı güllə yarası alıb.

Qaragilə çubuqlarından hörülmüş çəpərin dibində oturdu, belini çəpərə söykəyib məni yanına çağırdı, ordenimi istədi.

Mən də çıxarıb verdim. Ordeni sağ ovcunda möhkəm sıxdı. «Məni burda dəfn elərsən, - dedi. – İndi siz gedirsiz. Bu torpaqları azad eləyəndə məzarımı qazar, öz halal ordenini götürərsən». «Nə danışırsan? – ona təsəlli verdim. – Sən yaşayacaqsan!» «Doğrudanmı heç nə hiss eləmirsən? – döyüşçü soruşdu. – Mən iki saat bundan əvvəl ölmüşəm.

Elə ilk hücumdaca məni öldürdülər. Döyüşən ruhum idi!» Deyən kimi də yıxıldı, yaxınlaşıb baxdım, bədəni çoxdan soyumuşdu. Belə çıxır, düz deyirmiş. Başımda tüklərim biz-biz durdu».

- Ölmüşdü? – qız inamsızlıqla səsləndi.

- Hə, - oğlan təsdiq elədi.

- Amma döyüşürdü?

- Döyüşürdü.

- Ola bilməz! - qız ixtiyarsız olaraq dilləndi.

Əlbəttə, oğlan deyirdi, orda olmasaydım, mən də inanmazdım.

Heyrətdən çaşıb qalmışdım, haçandan-haçana özümü ələ alıb məzar qazdım, onu öz bildiyim kimi dəfn elədim.

Güllələrin qırdığı, ləçəkləri tozdan bozarmış qızılgüllərdən bir qucaq yığıb tökdüm qəbrinin üstünə.

Əsl qəhrəman o idi, ancaq kim, haralı olduğunu bilmədim. Haçan olsa gedəcəyəm ordenimin arxasınca, özüm də gedə bilməsəm, ruhum gedəcək. Beş aydı qayıtmışam, ancaq o döyüşçünü bir anlığa belə unuda bilmirəm.

Qayıdıb görürəm anam ölüb, qonşular balaca daxmamızı söküb qatıblar öz yerlərinə, guya elə bilirmişlər mən ölmüşəm. İndi gecələr bu bağda gecələyirəm.

- Sən heç ləçəklərini toz basmış qızılgül görübsən?- oğlan soruşdu.

- Hə, - qız dedi.

- Harda?

- Kənddə. Nənəmgilə getmişdik. Birdən külək qalxdı, torpaq yolların, çölün tozunu gətirib qızılgüllərin üstünə səpdi. Ləçəkləri tozdan bomboz bozarmışdı.

- Orda da eləydi, - oğlan fikirli halda dedi. - Hə, gedək, vaxt yoxdu.

Ayağa qalxdılar. Qaranlıq olsa da, qız oğlanın yerişində bir qəribəlik hiss eləyirdi, sanki ayağını yerə basmır, havada yeriyirdi.

«Bu bağda ölənləri dəfn eləyirlər?» - qızdan soruşdu. «Bu bağda ölən olmur», - qız dedi. «Dəfn eləsələr yaxşıdı, - qızı eşitmirmiş kimi dedi. – Bağda küçə itləri dolaşır, meyidi didib parçalarlar».

Oğlanın soyuq, duyğusuz səsindən qızın bədəninə titrətmə düşdü. Bircə qaranlıq bağdan çıxsaydılar, irəlidə, ağacların arasında işıqlar sayrışaırdı və qız bütün varlığıyla sayrışan işıqlara doğru can atırdı.

Növbəti oturacağa çatanda oğlan yenidən ayaq saxladı, oturdu. Solğun, cansız təbəssümlə gülümsədi;

- Daha tək gedə bilərsən.

- Bəs siz?

- Get! - oğlan astadan, amma qətiyyətlə dedi.

- Siz yaralanıbsız, gedəyin mənimlə!

- Burdan o yana işıqlı küçə başlayır, get, - oğlan onu eşitmirmiş kimi dedi.

Qız qızğınlıqla təşəkkür eləyirdi, çantasından pul çıxardıb vermək istədi, ancaq oğlan pulu almır, ona daha heç nə lazım olmayacağını deyirdi.

Təkid elədi və pulu oğlanın qucağına qoydu, əli yapışqan təhər qana batdığından bədəni çimçəşdi.

Dedi ki, səhər tezdən bağa gələcək, yemək, dərman gətirəcək.

«Küçə itləri oyanmamış gəl», - oğlan dedi. Gələcəyinə söz verdi və işıqlara doğru qaçdı.

Qız gecə yata bilmirdi, fikri-zikri bağda, oğlanın yanında idi.

Görəsən yarası incitmirdi ki? Gecə payız bağı soyuyurdu, yəqin bağda döyüşçüyə soyuq olacaqdı.

Həyatını təhlükəyə atıb onu ölümdən, təhqirdən xilas eləmiş döyüşçüyə qarşı qəlbində sonsuz minnətdarlıq hissi baş qaldırmışdı.

Sübhdən oyandı, belə tezdən yuxudan durmurdu, anası təəccübləndi. «Ana, - dedi, - bağda bir qoca var.

Onun üçün yemək aparımmı?» «Apar, - ondan indiyə kimi belə xahiş eşitməyən anası razılıq verdi, – ancaq unutma ki, ölkədəki acları yedizdirmək üçün biz çox kasıbıq».

Pendir, kolbasa, çörək, dərman, sarğı götürüb kağız torbaya qoydu və qaça-qaça bağa getdi.

Qəlbi həyəcanla vururdu, oğlan onu necə qarşılayacaqdı? Qaçdıqca dəniz tərəfdən əsən sərin meh saçlarını üz-gözünə dağıdır, ayaqları altda qalan şam ağacının iynələri xışıldayırdı.

Ağacların arasındakı oturacağa çatanda gördüyü mənzərədən ayaq üstəcə donub qaldı.

Oğlan gecə necə oturmuşdusa, eləcə də oturub qalmışdı, gözləri soyuq şüşəyə oxşayırdı.

Qucağındakı qana batmış pullar meh əsdikcə titrəşirdi, pullardan biri yerə düşmüşdü, qan gölməsinin içində astaca ləngər vururdu.

Qorxa-qorxa oğlana yaxınlaşdı, çiynindən yapışıb silkələdi və oğlanın çoxdan öldüyünü başa düşdü.

Geri dönüb evə doğru qaçdı, qışqıra-qışqıra qaçır, nədənsə anasını səsləyirdi. «Ana! Ana!»

Anası onu heyrətlə qarşıladı. Sözünü demək istəyir, ancaq deyə bilmirdi.

- Nə olub? – anası həyəcanla soruşdu.

- O… o… ölüb!

- Kim, qoca?

-Yox, döyüşçü! - dedi və ağlamağa başladı.

- Hansı döyüşçü? – anası heç nə başa düşə bilmirdi.

Səsə atası çıxdı. Hıçqırıqlardan boğularaq gecə başına gələnləri, döyüşçünün onu necə xilas eləməsini danışdı. Ata, onu dəfn eləmək lazımdı, göz yaşları içində yalvarırdı, meyidini itlərin parçalayacağından ehtiyat eləyirdi.

Atası geyindi, qonşulara da xəbər elədi.

Bir azdan küçənin əksər adamları bağdaydılar. Əskərin kimliyini, nəçiliyini öyrənmişdilər, doğrudan da Azərbaycanın Milli Qəhrəmanıymış.

Çağrılan həkim bıçağın ürəyə işlədiyini deyir, bu yarayla onun qızı evlərinə ötürməsinə inanmırdı.

Çoxlarının tanımadığı igid döyüşçünü elə həmən gün dəfn elədilər.

Tabutun arxasınca böyük izdiham gedirdi, qəhrəmana son borcunu vermək istəyənlər çox idi. Qız ağlayır, ovunmaq bilmirdi, sanki ən əziz adamını itirmişdi.

«O əsl qəhrəman idi! – atasına deyirdi. – Ordeni ordadı, Qarabağda! Qəhrəman döyüşçünün məzarında.

Gedəcək ordeninin arxasınca». «Daha o heç yerə gedə bilməyəcək, - atası dedi, – onun dünya yolçuluğu sona çatdı.

Son mənzili buradı». «Gedəcək! – qız razılaşmırdı. – Özü də gedə bilməsə, ruhu gedəcək!»

Belə deyən kimi də qorxunc gecəni xatırladı.

Döyüşçünün səsi sanki uzaqdan gəlirdi, yerişi də bir cürdü. Başında tükləri biz-biz durdu, hər şeyi başa düşdü.

Döyüşçü aldığı bıçaq yarasından dərhal ölmüşdü, onu qaranlıq bağdan ötürən döyüşçünün ruhu imiş.

Həmçinin oxu
Müsabiqənin qalibləri açıqlandı

Müsabiqədə 1-ci yeri tutmuş hekayə