əvvəli
İstanbula "Qloballaşan dünyada Şərq və Qərb münasibətləri" mövzusunda beynəlxalq konfransa dəvət almışdım. Boğaziçini dövrələyən villalara, malikanələrə baxdıqca, doğma şəhərimi düşünürdüm. Keçmiş Bakı da alt-üst olmuşdu. Cavanlar yeniləşən şəhərə böyük ümidlə, qocalar inamsızlıqla yanaşırdılar. Qocalar ölməyə tələsirdilər. Çünki bu şəhərdə onların uşaqlığını, cavanlığını xatırladan çox az şey qalmışdı. Xatirələr köhnə binalarla birgə dəfn olunurdu. Xatirələr silinəndə adamlar da yox olur, cismlərindən qabaq ruhları ölür.
Konfransdakı çıxışım zamanı qloballaşan dünyada insanların çaşdığını, qərblimi, şərqlimi olmaq dilemması qarşısında qaldığını deyirdim.
- Qloballaşmadan danışırsınız. Qloballaşma dinsizliyi, dilsizliyi, imansızlığı, sərhədsizliyi təbliğ edir. Çünki monodil dilsizlik, dinsizlik deməkdir. Hər quşun, ağacın dili olduğu kimi, millətlərin də öz dili olmalıdır. Yalnız quldurların, terrorçuların, fahişələrin vahid dili və dini ola bilər. Çaşan insanlar yolunu azmış heyvan sürüsünə bənzəyir, qarşısına çıxan hər şeyi və hər kəsi tapdalayırlar.
Mən öz düşüncələrimi doğma ölkəmin timsalında izah edirdim və onu misal gətirirdim.
- Son zamanlar məni ən çox iki məsələ düşündürüb. Birincisi: Bir müddət öncə qloballaşma tərəfdarları milli atlantların gözdən salınması kampaniyasını aparırdılar. Əcnəbi donor təşkilatlar üzdə olan ziyalılarımızın nüfuzuna zərbə vurmaq üçün "sapı özümüzdən olanları" yemləyirdi. Onların fikri beləydi ki, "müsəlman-neft ölkəsi" olan Azərbaycanda hər hansı kataklizmlər baş verərsə, ictimai rəyə təsir edə biləcək, yəni xalqı bir araya gətirə biləcək ziyalı olmasın. Axırıncı bir ildə isə hakimiyyətin içərisində olan bəzi qüvvələr bu kampaniyanı gücləndirib. Hər iki qüvvə özünü yazar adlandıran adamlardan istifadə edir. Amma həmin adamlar anlamırlar ki, dəyərli ziyalıları nüfuzdan saldıqca, özləri də hörmətdən düşür və tədricən ölürlər.
Çünki yazıçını yazıçı xilas edə bilər. İkincisi: Azərbaycanda postmodern düşüncəsi altında nihilizm baş alıb gedir. Bu proses bütün dünyanı dolaşır. Ötən əsrin əvvəllərində siyasətdə, mədəniyyətdə, rəssamlıqda, ədəbiyyatda bu proses hökm sürürdü. İnsanlar azadlığa can atırdılar, milli nə vardısa ondan imtina edirdilər. Bu azadlıqsevərlik nadanlığa, harınlaşmaya, nəticədə isə, kataklizmlərə, müharibələrə gətirib çıxardı. Müharibələr insanları humanistləşdirdi və dünya düzənində bir harmonik proses başlandı.
Hər bir sahədə insanların rahatlığına gətirib çıxaran əsərlər meydana gəldi. İndi dünyada, o cümlədən də Azərbaycanda bir harınlaşma prosesi gedir və mən kataklizmlərin, müharibələrin baş verəcəyindən narahatam. Kimsə demişdi ki, Manhettendə əkiz göydələnlərin terrorçular tərəfindən partladılması postmodernin fəsadlarıydı. Təbii ki, bu, nəticəyə verilmiş qiymətiydi. Səbəb isə daha dərindəydi. Amma mən yenə də o fikrə üstünlük verirəm ki, dünya kataklizmlər ərəfəsindədir.
Mən deyirdim: "Qloballaşma, əslində, amerikanlaşmadır. Çünki Amerika qloballaşmanın modelidir".
Bəyənmədiyiniz Hindistan filmləri insanları mərhəmətə, sevgiyə öyrədirdi, Amerika filmləri isə qanı, fahişəliyi, homoseksualizmi təbliğ edir. Amerika və amerikalı kultu hər yerdədir. Əvvəllər Amerika ekspansiya siyasətini silahla edirdisə, indi həm silahla, həm də ideologiyayla edir. Amerika dünyanı işğal eləməyə çalışır...
Mənim çıxışımdan ən çox almanlar və yaponlar razı qalmışdılar. Onlar bir-bir mənə yaxınlaşıb təbrik edirdilər.
* * *
Züleyxanın qəfil səsi məni fikirdən ayırdı:
- O uzaqdakı qayığı görürsən?! Sanki qayığın yox, günəşin yelkəni var, - deyə şıltaq qızlar kimi sevincini gizlətmədi.
Mən o, göstərən tərəfə baxdım. Günəş qürub edirdi və onun fonunda qayığın yelkəni günəşin yelkəni kimi görünürdü. Qayığın yelkəni qürub edən günəşin dalğalanan örpəyinə bənzəyirdi. "Qürub edən günəş talesiz gəlinlərə bənzəyir". Bu, Züleyxanın fikriydi və qürub edən günəşi mənə havayı yerə göstərmirdi.
Nə qayığıdı elə? Anlaya bilmədim. Sanki dəniz sularında azmış kimiydi, hara gedəcəyini bilmirdi.
- Həmişə gün batanda Boğaziçinə baxmağı xoşlayıram. Yelkənli günəşi görmək üçün. Ağ yelkənli, - deyə əlavə elədi. Sonra nədənsə gözləri doldu və başını stolun üstünə qoyub ağladı.
Mən onun başını sığalladım. Bu, mənim çoxdankı arzum idi.
O, başını qaldırdı və qızarmış, amma gözəlliyini hələ də itirməmiş gözlərini yana döndərib dedi:
- Hər şeyə nifrət eləyirəm. Özümdən zəhləm gedir.
Bu sözləri deyən hamının həsəd apardığı Azərbaycan gözəliydi.
Mən ona uşaqlığımızı xatırlatdım. O isə:
- Olmaya mənim yanıma uşaqlıq xəyallarını gerçəkləşdirmək üçün gəlmisən?
- Yox, dedim, - o hisslər indi tamam başqalaşıb, onlar mənə xəyallarımdan daha əzizdir.
- Mən yox, mənim erkəyim var və sənə yenə də həmin uşaq kimi baxıram.
- Mən uşaq deyiləm, 32 yaşım var.
- Amma yenə də uşaq kimi qalmısan... - Bu sözlərdən sonra o, üzümə zəndlə baxdı, sanki nəsə axtarırdı. Sonra, - istəsən, sənə təşkil edərəm, - dedi.
Mən də eyni qayda ilə onun üzünə baxdım və:
- Pis təklif deyil, - dedim...
Onun sonradan mənə göndərdiyi qız yaraşıqlıydı...
"Quş ağzı"ndan çıxdıq. O, sürücüsünə işarə elədi ki, bizim arxamızca gəlsin. Biz piyada Boğaziçi sahiliylə xeyli dinməzcə addımladıq. Onun əlində çörək qırıntıları vardı, bayaq restorandan çıxanda stolun üstündən götürmüşdü. O zaman onu başa düşməsəm də, indi anlayırdım. Züleyxa çörək qırıntılarını az qala başımızın üstündə uçuşan qağayılara atırdı. Onlardan ən fərasətlisi suya baş vurur və çörək qırıntılarını udurdu.
Dənizə sallanmış köhnə qalanın yanına kimi piyada gəldik və bir kəlmə də olsun kəsmədik. Qalalar mənə əzəmətli, vüqarını itirməyən cəngavərləri xatırladır. Onlarda güclü bir enerji və heç zaman ölməyən ruh var.
Bir müddət dinməz-söyləməz qalanın ətrafını fırlandıq. Züleyxa qalanın divarlarını sığallayırdı. Mən düz tapmışdım. Qalalar vüqarlı erkəklərdəndirlər və bunu gözəl qadınlar hamıdan tez duyur.
Yolumuza davam elədik. Danışmağa sözümüz yox idi. Züleyxa məni mehmanxanaya qədər ötürmək istədi, razı olmadım.
- Tək qalmaq istəyirəm, - dedim.
- Yoruldun, demək? - Züleyxa dedi və gözəl gözlərini mənə yox, Boğaziçinə tərəf süzdürdü.
- Heç səndən doymaq olarmı?! - dedim.
O güldü. Elə ürəkdən qəhqəhə çəkdi ki, sanki sonuncu dəfə gülürdü...
Ayrılanda söz verdim ki, İstanbula hər gəlişimdə mütləq ona baş çəkəcəm. Amma bu bizə nəsib olmadı...
* * *
Portye otağıma zəng vurub dedi ki, yanıma gələn var. Özü də gözəl bir bayandır. Şübhəsiz, Züleyxanın göndərdiyi hədiyyəydi. Allah eləsin, onun kimi gözəl və yaraşıqlı olsun. İstanbulun ortasında gözəl bir xanım və mən. Özümüzünkülərdən olmasa yaxşıdır.
- Buraxın gəlsin, - dedim.
Hamamdan təzə çıxmışdım, təzə bəylərə oxşayırdım. Çənəmin altını azca kəssəm də, zərəri yoxuydu, əksinə, bü görkəmim mənə "krutoy" (asıb-kəsən) oğlanları xatırladırdı. Avqust küləyi köhnə damlara açılan pəncərəmin ağ pərdələrini yellədirdi.
Həyəcanımdan mahnı oxumağa başladım. Gələn bayanla hardan başlayıb, harda qurtaracağımı götür-qoy elədim. Amma bir tərəfə gedib çıxa bilmədim...
Nəhayət, həmin an gəlib çatdı. Qapı döyüldü. "Gəlin" sözündən sonra içəri gözəl bir xanım girdi. Özündən öncə gözəl ətir qoxusu burnumun pərlərini oxşadı.
Boyasız-filansız bir gözəl. Əynində cins şalvarı, yerliyi ağ, qabağı yazılı koftası vardı. 20-21 yaş ancaq vermək olardı. O, heç nə demədi, ayaqqabılarını çıxarmadan keçib, iki nəfərlik çarpayımın qırağında oturdu. Mehmanxanada iki nəfərlik çarpayılar kişiləri özündən çıxardır. Ona görə də tək kişiləri təkçarpayılı otaqlarda yerləşdirmək lazımdır ki, səhərə kimi yuxularını qarışdırmasınlar, subaylar sevgilərinə, evlilər arvadlarına xəyanət eləməsinlər, ya heç olmasa, o barədə düşünməsinlər. Görünür, Adəmi yoldan çıxaran nə buğda dənəsi, nə də qırmızıyanaq alma olub. Gərək bundan sonra ikiadamlıq çarpayı məsələsini gündəmə gətirək...
Otağımın müvəqqəti sahibəsi özümü itirdiyimi görüb, ayaqqabılarını yavaş-yavaş çıxarmağa başladı, sanki məndən nəsə bir hərəkət gözləyirdi. Mənsə yerimdən tərpənmirdim və ayaq üstə dayanıb boş küncə baxırdım. Sonra gözlərimi qonağıma zillədim, nəhayətdə pəncərədən çölə baxmağa başladım. Çöldə maraqlı heç nə yoxuydu. Evlərin damında göyərçinlər dolaşırdı.
Mən geri dönəndə o, koftasını da çıxarmışdı, ət rəngli lifçiyi həyasız kişilər kimi məmələrini qamarlamışdı. Mənim həyasız baxışlarım altında şalvarını soyunmağa başladı. Dəfələrlə demişəm axı: qadınlar söz tapmayanda soyunurlar.
- Dayan, - dedim. - O, dayandı və təəccüblə üzümə baxdı. - Niyə belə eliyirsən? - deyə xəbər aldım.
- Bizi heç zaman soyundurmurlar, özümüz soyunuruq.
- Onu soruşmuram. Deyirəm ki, səni bu yola vadar edən nədi?
Mən centlemenliyimdən belə eləmirdim, sadəcə fahişələrin psixologiyasını öyrənməyə çalışırdım. Təbii, hənanın yeri deyildi.
- İstəyirsiniz gedim? - Qız ürkək baxışlarıyla xəbər aldı və ayağa durdu.
- Yox, qal, - dedim, - danışmırsan danışma, özün bilərsən, sadəcə, mənimçün maraqlıydı...
- Borcum var. Onu qaytarmalıyam.
- Kimə?
- Deyə bilmərəm.
- Bəlkə köməyim dəydi?
- Mənim borcum çoxdur. Bir-iki gecəyə onu həll eləmək olmaz.
Özümün özümə gülməyim tutdu. İstanbulun ortasında tanımadığım bir fahişəyə kömək təklif eləyirdim...
O, dinmədi və soyunmaqda davam elədi...
Mən onu öpürdüm, amma Züleyxanı xatırlayırdım. Mənə elə gəlirdi ki, bu bədən, bu dodaq yad bir qadının yox, uzun illərdən bəri ürəyimdə həsrətini çəkdiyim gözəl Züleyxanındır. Onun ağappaq yumru döşlərini tumarlayırdım, məməsinin çəhrayı gilələrindən öpürdüm, həsrətini çəkdiyim baldırlarını sığallayırdım.
- Ax, Züleyxa! - deyə inildəyirdim.
Qız gedəndə mənə tərəf baxmadı və dedi:
- Mənim adım Züleyxa yox, Zeynəbdir.
- Unutmuşdum, - dedim.
Əslində, heç adını soruşmamışdım da. Onun adının baş hərfi mənə bəs idi. Ona görə də dinmədim. Bütün "Z" hərflərini ən hündür ağacların başına, qıyya çəkən qayaların sinəsinə yazın...
* * *
Mən indi, yəni Züleyxadan ayrılandan təxminən üç ay yarım sonra İstanbula uçan təyyarədə oturub keçmişi xatırlayırdım, onun qana bələnmiş rəsmini və televiziya kadrlarını gözlərim önündə canlandırırdım. Hadisə təxminən bir həftə öncə olmuşdu. Bu dəfə İstanbula ədəbiyyat dərgilərinin toplantısında iştirak etmək üçün gedirdim, amma ondan öncə Türkiyədəki dostlarımla danışmışdım ki, bu hadisəni araşdırmaq üçün mənə iki gün əlavə vaxt və maşın ayırsınlar. "Yazacağım əsər sizi də maraqlandıra bilər" - demişdim. Arxadaşlar (səhv deyil, məhz, arxadaşlar) da mənə inanmış və İstanbulda yardım edəcəklərinə söz vermişdilər.
Dekabrın ikinci həftəsi, çiskinli bir havada təyyarədə uçurdum və ölüm haqqında fikirləşirdim. Bir müddət öncə həyatı istədiyi kimi, sevə-sevə yaşayan Züleyxa - mənim və məhəllə uşaqlarının ilk sevgisi, gözəllik idealı vəhşicəsinə qətlə yetirilmişdi. Mən təkcə özümün yox, həm də keçmişin və məhlə uşaqlarının xətrinə bu hadisəni araşdırmalıydım, ona qaldırılan əli kəsə bilməsəm də tapmalıydım. Tapmalıydım ki, ona lənətlər də yağdıra biləydik. Çünki obyekti lənətləmək üçün onu müəyyən eləmək lazımıydı. Züleyxa haqqında düşüncələrimə mühərrikin uğultusu, ön oturacaqdakı cocuğun çığırtısı, sərnişinlərin hırıltısı mane olurdu. Bunlardan qurtulmaq üçün musiqi məkanını seçdim.
Qulaqcıqları taxdım və oturacağın qoltuqluğundakı radiodüyməni fırlamağa başladım. Öncə qarmaqarışıq səslər gəldi, sonra cürbəcür mahnılar eşidildi. Mən birinin üstündə dayandım. İlk dəfə İstanbula uçanda da mən eyni mahnını eşitmişdim. Müğənni xanım ölümün şəninə şərqi oxuyurdu, "ölümdən başqa həpsi yalan" - deyirdi. Bəlkə, Züleyxanın ölümü də yalan idi. Mən telekadrları və qəzetdəki şəkilləri gözümlə görsəm də, Züleyxanın ölümünə inanmırdım, bəlkə də inanmaq istəmirdim.
İllüminatordan çölə baxdım. Buludların üstü ilə uçurduq. Günəş ağappaq pambığa oxşar buludları işıqlandırır və məndə nostalji hissləri gücləndirirdi, sanki yerdə yağan çiskinin ona dəxli yoxuydu.
"Ölümdən başqa həpsi yalan". Doğrudan da ölüm yalandımı? "Ölüm nə həyatın başlanğıcı, nə də sonudur, ölüm həyatın davamıdır". Bu fikirləri mən gündəliyimdə yazmışdım. Bilmirəm özümünküydümü, yoxsa hardansı çırpışdırmışdım. Hər halda yaxşıydı, ağlabatan idi. Heç kim ölmək istəmir, ölməyə məhkum olunanlar isə əsil həyatın o biri dünyada - axirətdə olduğuna inanır, ya da özünü inandırır. Bu mahnını oxuyan xanım, görəsən, ölümə inanırdımı, yoxsa o da əbədi həyat axtaranlar kimi axirətə bel bağlayırdı?
Stüardessalar zəif yerlərimdən biridir. Onlar göydən enən mələklərə oxşayır. Fikirləşdim ki, işdi-şayət, ölsəm, yəqin ki, bu stüardessalarla bir yerə düşəcəm, olsun ki, cənnətə. İstədim onlardan biriylə zarafat eləyəm, elə-belə, kefimi açmaq üçün.
- Yanımda otura bilərsiniz? - onlardan bir qədər yaşlısından soruşdum.
O, əvvəlcə məni başa düşmədi:
- Anlamadım?! - dedi və göy sürməli gözlərini döydü.
- Bilirsiniz, mən təyyarədə uçmaqdan qorxuram, siz mənim yanımda otursanız, qorxum keçər.
- Yaxşı zarafatdır, - stüardessa dedi, gülə-gülə məndən uzaqlaşdı və su istəyən sərnişinə tərəf getdi. Onun yerişində arxasınca baxan bir kişinin gözləri vardı. O bunu hiss elədiyindən elə nazla yeriyirdi ki, sanki gözlərimin inciyəcəyindən və başqa səmtə baxacağından qorxurdu.
Bir azdan sonra həmin stüardessa yenidən yanımdan keçdi və mənə tərəf baxmadan, az eşidəcək səslə, intim münasibətlərə işarə edən ədayla:
- Qorxunuz keçdimi? - deyə soruşdu.
- Onsuz da ikimiz də cənnətə düşəcəyik, - dedim.
Mənim sözlərimi eşidib-eşitmədiyini bilmirəm, ancaq gülümsədiyi şəksiziydi...
Təyyarə Boğaziçinə yaxınlaşanda yenə də məni nostalji hisslər bürüdü. Boğaziçi qara keçə kimi qırçınlanırdı, sular parket döşəməyə oxşayırdı...
* * *
İstanbul konfransı iki gün davam elədi. Biz ortaq türk dili və ədəbiyyatı barədə uzun-uzadı müzakirələr apardıq, nəticədə dəyərli qərar da qəbul elədik. Hamımız gözəl bilirdik ki, bizim bu istək və arzularımız yenə də kağız üzərində qalacaq. Müdrik və təcrübəli dostlarımdan biri: "türklər danışmağı çox sevir, amma nəticəsi olmur" - demişdi.
Konfrans boyu mənim fikrim Züleyxanın yanındaydı. Onu kim və nəyin üstündə öldürə bilərdi? İlk ağlıma gələn o oldu ki, bunu islam fanatları eləyib. Gözəllik müsabiqəsinin əleyhdarları, yəqin, onu izləyib tapıblar. Ancaq bu versiya ağlabatan deyildi, çünki Züleyxanı Türkiyədə hamı Göyçək kimi tanıyırdı, yəni ona "Göyçək xanım" deyə müraciət edirdilər. Həm də bu hadisə, yəni gözəllik müsabiqəsi çoxdan olmuşdu, üstündən bir neçə il keçmişdi.
Onun şəxsi düşmənlərinin olub-olmadığını da bilmirdim. Konfrans başa çatandan sonra ilk olaraq Sərdar bəyin yanına gəldim, axırda rəfiqələrilə görüşdüm. Onların dediyinə görə, hamı Züleyxa Göyçəyi sevirdi və bir kimsənin ona əl qaldırmağa ürəyi gəlməzdi, insafı yol verməzdi.
Emalatxanaya gələndə Sərdar bəy yeni rəsm üzərində işləyirdi. Məlum oldu ki, bu, Züleyxa xanımın portretidir və rəssamın rəfiqəsi ölümündən iki gün öncə belə bir sifariş verib. O, çox qəmliydi. Sevimli qəlb dostunun qətlindən yana üzüntü keçirirdi və bu ağrının cizgiləri onun sifətində açıq-aşkar görünürdü.
Biz ordan-burdan danışdıq. Hər ikimiz, xüsusən də o, Züleyxa xanımın adını dilinə gətirməkdən çəkinirdik, sanki onun ruhunu incidəcəyimizdən qorxurduq. Amma bu belə davam eləyə bilməzdi. Qətlə yetirilmiş adam mənim uşaqlıq arxadaşım, onunsa, cavanlıq dostuydu. Bu işi belə qoymaq olmazdı. Asayiş keşikçilərindən də xəbər-ətər yox idi. Onlar istintaq sirrini əldə bayraq tutmuşdular və qatilin kimliyi barədə bir söz demirdilər.
- Bu işi belə qoymaq olmaz, - dedim, - nəsə eləməliyik.
Sərdar bəy mənim bu sözlərimə əhəmiyyət vermədi, eləcə Boğaziçinə tərəf baxmaqda davam elədi. Biz bir müddət danışmadıq. Sonra Sərdar bəy:
- Ölümdən heç kim yaxa qurtara bilməz. Amma bu adi ölüm yox, fəlakət idi, - dedi.
Mən başımla təsdiqlədim. Emalatxanadan çıxanda ondan xahiş elədim ki, sabah məni Züleyxanın malikanəsinə aparsın. Çünki o, mənə həmin malikanəni göstərməyə macal tapmamışdı, daha doğrusu, buna mənim zamanım olmamışdı və malikanə "səyahətini" sonraya saxlamışdım. Ömür vəfa eləmədi, Züleyxa xanım məni gözləmədi, belə deyək ki, ölüm mərdimazar adamlar kimi aramıza girdi, onun və mənim istəyimi gözümüzdə qoydu. Mən Züleyxanın əlinin və ayağının dəydiyi, nəfəs aldığı mülkü mütləq görməliydim, çünki bu, keçmişi xatırlamaq və Züleyxanın qatilini tapmaqda mənə kömək edə bilərdi. Mənim bu işləri araşdırmağa rəsmi səlahiyyətim yox idi. Amma İstanbuldan gedəndən sonra Züleyxa Göyçək Sərdar bəyə demişdi ki, mən onun həyatının bir parçasıyam, onun dünyasının adamıyam. Ona görə də istanbullu rəssam bu işlərdə mənə yardımçı olmağa söz verdi.
Mən emalatxanadan çıxanda Sərdar bəy:
- Bilməzdim ki, Zülexa xanım keçmişinə bu qədər bağlıymış, - dedi.
- Keçmiş ona daha çox yaraşırdı, - öz mülahizəmi söyləməkdən qalmadım. "Çünki orda biz vardıq" ifadəsini dilimə gətirmədim.
Züleyxanın varisi olmadığına görə, mülkünü heç kimə verməmişdi, daha dəqiqi, onu kiməsə verməyə, vəsiyyət etməyə vaxt tapmamışdı, yəqin ki, ölümün çox-çox uzaqda olduğunu xəyal edirmiş. Ölümsə onun həndəvərində ac-yalavac yalquzaq kimi fırlanırmış, qurbanını haqlamağa fürsət axtarırmış. Bilsəydim, ölümü boğazlayardım.
Hökumət məmurları malikanəni hərraca çıxarmaq, pulunu isə uşaq evlərindən birinə köçürmək haqqında düşünürdülər. Züleyxadan olsaydı, yəqin pullarını qadın həbsxanalarına xərcləyərdi.
Sərdar bəydən aralanandan sonra Boğaziçinə düşdüm. Sahillə boş-boşuna addımladım. Buna boş-boşuna gəzmək də demək olmazdı. Çünki Züleyxa-Malenanın xatirəsi mənimlə birgəydi. Mən onunla söhbətimizi xatırlayırdım. Ən çox gülüşü, ədaları. O, adamı həyəcanlandırırdı, maqnit kimi kişiləri özünə cəlb edirdi...
Köhnə qalanın yanına çatanda dayandım. Biz onunla sonuncu dəfə burda ayrılmışdıq. Adi bir qalaydı. Köhnə və baxımsız... Çünki Züleyxa yox idi. Və onsuz Boğaziçi öz gözəlliyini itirmişdi. Köhnə qala da gözdən düşmüşdü, əzəmətini itirmişdi. İndi qala igid yox, əfəl bir kişini xatırladırdı. Gözəllər öz ölümləri ilə kişiləri cılızlaşdırır...
Taksi tutub mehmanxanaya gəldim. Bakıdan gətirdiyim araqdan bir çappa stəkan içdim, restorana qalxıb şam elədim. Otağıma qayıdandan sonra uzun müddət yuxuya gedə bilmədim. Arağın da təsiri ölüb getmişdi. Televizorda maraqlı kinolar axtardım. Tapdıqlarıma da sona kimi baxa bilmədim, hövsələm çatmadı. Bəzi kanallar pulluydu. İstəsəydim baxa bilərdim. Amma orda da fərli bir şey tapacağıma əmin deyildim. Pornofilmlər məni heç zaman cəlb etməyib...
Pəncərəmin önündə dayanıb yuxuya getməyə hazırlaşan şəhərə baxdım. İstanbul şıltaq körpələrə bənzəyirdi, sayrışan işıqlarından anlamaq olardı ki, yatmaq həvəsi yoxdur. Bir-birimizə oxşayırdıq. Züleyxa, İstanbul və mən. Biri əbədi yuxuya getmiş, biri daim oyaq, biri isə ikisinin ortasında. Amma yatmaq lazımıydı. Gecələr yuxulu adamları, gündüzlər ayıqları sevir.
Qar kimi ağ çarpayıma uzandım. Döşəkağının bəyazlığı və təmizliyi qəlbimdə qəribə hisslər yaradırdı...
Nə illah edirdimsə, yuxum gəlmirdi, görünür, bu da ondanıydı ki, yuxu haqqında çox düşünürdüm. Yatağımda o tərəf-bu tərəfə çevrilə-çevrilə gecəni birtəhər yola verdim...
* * *
Səhər açılan kimi "Bahar çiçəkləri" gözəllik salonuna gəldim. İndi buranı Züleyxanın ən yaxın rəfiqəsi Əslihan xanım idarə edirdi. Gözəlliyinə söz ola bilməzdi. Amma ətiacı və eqoist qadınlara bənzəyirdi. Bu cür qadınların dodaqları nazik, döşləri xırda olur, amma bədən quruluşuna söz ola bilməz: 90-60-90. Züleyxa, bəlkə də acıdil qızları qəsdən seçirmiş, onu üstələməsinlər deyə.
O:
- Züleyxadan sizə yalnız bu qalıb, - dedi və mənə bir şəkil uzatdı.
Bu, üç yaşlı Məhəmmədlə Züleyxanın şəkliydi. Balaca Məhəmməd Züleyxanı qucaqlamışdı, sanki onu iyləyirdi. Züleyxa bu şəkli mənə Boğaziçində göstərmişdi və onu portmanatında gəzdirirdi...
- Zinət əşyalarını heç sevməzdi, bir dəfə taxan kimi rəfiqələrinə paylayardı, -deyə Əslihan xanım əlavə elədi.
Bununla da o demək istəyirdi ki, Züleyxanın nə mülkünə, nə də var-dövlətinə iddia eləməyə dəyər. Evlərində də bu fikrə düşənlər varsa, onu başlarından çıxarsınlar. Amma Bakıda kimsə Züleyxanın mal-mülkünə göz dikə bilməzdi, çünki ondan xəbərləri də yoxuydu. Təbii, mənim də belə bir fikir ağlıma gəlməzdi. Məni ancaq Züleyxanı kimin və nəyin üstündə öldürməsi maraqlandırırdı. Bəlkə də bu, Züleyxanın taleyinə acımaqdan çox, onun ruhu ilə birgə keçmişə qayıtmaq və olanları, olacaqları qələmə köçürmək iddiasıydı. Bəzən keçmişlə yaşamaq (həmin keçmiş acı olsa da belə) gerçək həyatda vurnuxmaqdan qat-qat sərfəli və cəlbedicidir...
Olanlar olmuşdu, amma necə?
Malikanəyə Sərdar bəyin maşınında getdik. Hökumət məmuru da bizimləydi. Sərdar bəy dedi ki, Züleyxanın əmlakı reyestr xidmətinə verilib və onların icazəsi olmadan malikanəyə baxış keçirmək olmaz.
Yolda istanbullu rəssamdan soruşdum ki, Züleyxanın öldürülməsində kimdən şübhələnir. O isə cavabında "Heç kimdən" - dedi, - "Züleyxa xanımı bir kimsə izləmirdi, hər halda, mən bunun şahidi olmamışam, özü də mənə bu barədə bir söz deməyib".
Mən Züleyxayla Sərdar bəyin hansı münasibətdə olduğunu bilmirdim. Bəlkə də Sərdar bəy bir zamanlar Züleyxanı sevmişdi, ya bəlkə Züleyxa ona vurulmuşdu. Üzündə az nəzərə çarpan çopurlar olsa da, Sərdar bəy yaraşıqlı kişiydi. Bu cür kişi tiplərini mən Mopassanın "sevimli dost"una oxşadıram. Nüfuzedici baxış, çəkmə sifət, qalın bığ.
Züleyxayla zövqləri də üst-üstə düşürdü, hər ikisi Boğaziçini sevirdi. "Bahar çiçəkləri" gözəllik salonunun divarından asılmış "Boğaziçində günəş" rəsmi də Sərdar bəyin Züleyxaya hədiyyəsiydi. Mən onu Züleyxaya qısqanmırdım, əksinə, düşünürdüm ki, azəri gözəli istanbullu rəssamın yanında olsaydı, onu qoruya bilərdi.
Biz malikanəyə çatdıq. Malikanə Beşiktaşda, Yıldız parkına yaxın, boğazın lap sahilindəydi.
Hökumət məmuru malikanənin iri dəmir darvazasını dəstə açarla açdı. Malikanənin böyük həyəti vardı. Hasarların dibinə mənim indiyə kimi görmədiyim, yaxud indiyə kimi fikir vermədiyim və adını bilmədiyim gül kolları basdırılmışdı. Qəribəydi. Bir kolun üstündə rəngbərəng çiçəklər vardı. Payızın bu çiskinli havasında çiçəklər öz rənglərini itirməmişdilər. Mobil telefonumu çıxarıb, üstündə yağış damcıları mürgüləyən çiçəkləri çəkdim. Sərdar bəy malikanəni və gül kollarını diqqətlə süzdüyümü, onlara vurğunluqla baxdığımı görüb:
- Züleyxa xanım hər səhər özü bu güllərə qulluq edərdi, onları Orhun bəy Afrikadan gətirmişdi, - dedi.
Və mən indi başa düşdüm ki, bu çiçəklər niyə gözəldilər. Çünki onlarda Züleyxanın nəfəsi vardı.
Biz üçmərtəbəli malikanəyə girdik. İçəridən kimsəsizlik qoxusu gəlirdi. Sanki hissiyyatım yoxa çıxmışdı. Mən Züleyxanın hənirtisini duya bilmirdim. Yuxarı qalxa-qalxa düşünürdüm ki, bir zamanlar Züleyxa da bu taxta pillələrlə addımlayıb. Daha doğrusu, bütün bunları düşünməkdən çox, təsəvvür edirdim...
Hökumət məmuru dəstə açarla elə addımlayırdı ki, mən onu türmə nəzarətçilərinə bənzədirdim. O, bizdən irəlidə addımlayır, hər qapının ağzına çatanda dayanır, açarları şaqqıldada-şaqqıldada, cəld bir hərəkətlə qapını açır, kənara çəkilir və bizim otaqları seyr eləməyimizdən zövq alırdı. Onun baxışlarında bir soyuqluq vardı.
Otaqlarda qəribə və maraqlı heç nə yox idi. Hər mərtəbədə, demək olar ki, eyni əşyalar vardı: stol, stul, kreslo, divan, televizorlar... Onları toz basmışdı. Kimsəsizlik bu əşyaları gözdən salmışdı.
- Bunların üstünü örtmək olardı, - deyə mən nədənsə dilləndim, bəlkə də cansıxıcı pauzanı aradan qaldırmaq üçün belə dedim.
Sərdar bəy:
- Dostları Züleyxa xanımın əlləri dəyən əşyaları çılpaq saxlamağı üstün tuturlar, - dedi, - özü də bunlar müvəqqətidir, yəqin, malikanənin təzə sahibi buranı alanda əşyaları da saxlamayacaq.
Mənə elə gəldi ki, "çılpaq" sözünü Sərdar bəy qəsdən işlətdi. Bu, Züleyxanın açıq-saçıqlığına işarəydi. Ona görə də bir qədər incik və kinayəli tonda:
- Bəlkə özünüz alasınız? - dedim və çiçək xəstəliyinin izləri qalmış üzünə baxdım.
Sərdar bəy köhnə kişilərə məxsus ədayla, bir az da ərklə çiynimə vurdu:
- Param çatsa da, cəsarətim çatmaz, - dedi.
Üçüncü mərtəbədə qapısı bağlı iri bir otaq da vardı.
Hökumət məmuru:
- Mərhumun şəxsi əşyaları yığılan otaqdır. Yaxınlarından kimsə onları apara bilər, - dedi və üzümə baxdı.
O, demək istəyirdi ki, özümü mərhuma yaxın bilirəmsə, həmin əşyaları götürə bilərəm.
Mən əşyaların nədən ibarət olduğunu soruşdum. Məmur cavab verdi ki, orada Züleyxa xanımın qanlı paltarlarından, köhnə geyincəklərdən, dodaq boyalarından, parfümdən və bər-bəzək əşyalarından savayı bir şey yoxdur.
- O əşyaları Bakıya atasıgilin ünvanına göndərsəniz, yaxşı olar. Mən Bakıya qayıdan kimi onların yeni ünvanını öyrənib sizə xəbər verərəm, bir müddətdir ki, başqa yerə köçüblər, - dedim, sonra əlavə elədim, - qanlı paltarlarından başqa.
Qan iyindən və qanlı paltarlardan zəhləm getdiyinə görə o otağa girməkdən imtina elədim.
Biz geriyə qayıtdıq. Qəlbimdə və canımda sıxıcı bir ovqat vardı. Mən burdan getmək istəmirdim, hansısa bir qüvvə, sanki ayaqlarımdan tutub geri dartırdı. Züleyxanı öldürən adamın kimliyini bəlkə də burda öyrənmək olardı, meditasiya vasitəsiylə. Amma buna halım qalmamışdı. Mən indi heç nə istəmirdim, bir küncə çəkilib, Züleyxanı, onun gəncliyini, "Quş ağzı" restoranındakı şaqraq gülüşlərini, bəyaz dişlərini, ala gözlərini xatırlamaq istəyirdim. Mən arzuma çatdım, amma tək yox. Sərdar bəy ovqatımı duydu və:
- Bəlkə, "Quş ağzı" restoranında bir nahar eliyək? - deyə təklif elədi, - istəsən, rus vodkası da içərik.
Mən imtina eləmədim. Şərab içməyin və Züleyxalı günləri xatırlamağın əsil məqamıydı.
Üz-üzə oturmuşduq və hərdən mənə elə gəlirdi ki, qarşımdakı Sərdar bəy yox, Züleyxadır. Onun sifəti tez-tez dəyişirdi. Boğaziçindən əsən külək dəniz sularını çiskinli yağış kimi hərdən üzümüzə vururdu və mən ayılırdım. Dənizdə yelkənli qayıqlar yoxa çıxmışdı. Görünür, onlar günəş olanda dənizə çıxırlar. Bəlkə Züleyxa olmadığına görə görünmürdülər?
- Cansıxıcı mənzərədir, - dedim.
- Cansıxıcı və ürəküzücüdür, - deyə Sərdar bəy sözümə qüvvət verdi.
Biz Züleyxa barədə bir kəlmə də kəsmədik. Bəlkə də onu xatırlamaqdan qorxurduq, amma dəqiq bilirəm ki, həmin vaxt o, bizim ürəyimizdəydi. Yəqin ki, mən onu gözəl "Malena" kimi, o isə "Göyçək" xanım kimi xatırlayırdı...
Biz ayrılanda Sərdar bəy:
- Mən demək istəmirdim, bəlkə də bunun Züleyxa xanımla əlaqəsi yoxdur. Amma son zamanlar onun yanına bir oğlan gəlirmiş, Məhəmməd adında, - dedi, - Göytəpə universitetinin tələbəsiymiş, Göyçək xanımın qohumuymuş. Züleyxa xanım öləndən sonra həmin oğlan da yoxa çıxıb. Bəziləri ondan şübhələnir. Çünki bir PKK terrorçusunun gündəliyindən onun adı tapılıb. Lap təzəlikcə olub bu. Qəzetlər belə yazır.
Mən, sanki indi ayıldım, birdən yadıma düşdü ki, Züleyxanın bacısı oğlu Məhəmməd İstanbulda oxuyur və onların əlaqəsi olmamış deyil. Ürəyimdə sevindim, amma büruzə vermədim. Araşdırma üçün gözəl mövzu vardı. Bəlkə də ipin ucunu tapmışdım...
Otağıma qayıdan kimi yatdım və səhər erkən oyandım. Üzümü qırxanda gözlərimə fikir verdim, onlarda uşaq marağına oxşar nəsə vardı...
* * *
Göytəpə universiteti Boğaziçinin sol sahilində yerləşirdi. Mən Avropa hissəsində, Topqapının yaxınlığındakı "Montekarlo" otelində qalırdım. Yığcam, təxminən 20-30 nəfərlik mehmanxanaydı. Səhər yeməyi mansard-çardaqda verilirdi. Barmaqla sayılası müştərilərə İbrahim adlı qarayanız kürd oğlan xidmət eləyirdi. Oteldə qaldığım axşamlar çardağa çıxıb, Boğaziçini seyr edirdim. İbrahimə isinişmişdim. Müştərilər az olduğundan onun da bekar vaxtı çox olurdu. Mən ona özümlə gətirdiyim bir rus arağı bağışlamışdım, o isə əvəzini rakıyla çıxmışdı.
- Xocam, burda rus vodkaları fəzlə, yəni çox bahadır, - sevinclə demişdi.
İbrahimin arzusu yaxşı bir işə düzəlmək, ev kirayələmək, arvadını və balaca qızını da İstanbula gətirmək idi. Göytəpə universitetinə getmək istəyimi eşidəndə bir qədər tutuldu və:
- Xocam, mənim bir arkadaşım da orada oxuyurdu. Adı Dinqoydu, onu görsən məndən salam de, çoxdandır ki, zəng eləmir, - dedi. Sonra da başa saldı ki, Göytəpəyə "Üsküdar"dan vapurla, yəni gəmiylə də gedə bilərəm, İstəsəm avtobusla da körpüdən adlayaram.
İstanbullu arkadaşlarım mənə maşın ayırdıqlarından avtobusa ehtiyac olmadı.
Həmin axşam müvəqqəti sürücüm Əhməd bəyə zəng elədim, hara gedəcəyimi dedim. O, cavabında:
- Ertədən çıxaq, İstanbul yollarında basabasdır, - dedi və biz saat doqquzu adlamamış Göytəpəyə yollandıq.
Yolda nəhəng ticarət mərkəzinə rast gəldik. Əhməd bəy dedi ki, bura ermənilər nəzarət edirlər.
Universitetin olduğu Bağlarbaşı caddəsinə çatdıq.
Göytəpə İstanbulun Asiya hissəsində yerləşsə də, Avropa üslubunda tikilmişdi, bir neçə korpusdan ibarət idi.
Qapı gözətçisi öncə bizi içəri buraxmaq istəmədi. Bir neçə il bundan əvvəl İstanbulda olan terror aktları universitetlərə də girişi çətinləşdirmişdi, bina ciddi mühafizə olunurdu. Mən gözətçiyə başa saldım ki, çox vacib bir iş üçün gəlmişəm və rektorla görüşməsəm, geri qayıtmayacam. O, məcbur olub gözətçibaşını çağırdı. Üzündən zəhm yağan, dildən isə iti və şirin olan gözətçibaşı da mənimlə uzun-uzadı danışdı, sonra rektorun qəbul otağına çıxdı və qayıdıb dedi ki, rektor bəylə görüşmək üçün öncədən növbəyə yazılmaq lazımıydı, amma müsafir olduğumuza görə rektor bəy bizi qəbul edəcək, bir buçuq saatdan, yəni saatyarımdan sonra.
Əhməd bəy maşına qayıtdı, mənsə universitetin həyətindəki parkda gəzməyə, var-gəl eləməyə başladım. Rektor Yılmaz Durmuşa deyəcəyim sözləri götür-qoy elədim. Keçmiş tələbəsi barədə o nəsə bilməliydi. Çünki yabançı tələbələrlə rektorlar özləri birbaşa məşğul olurlar, onların taleyinə cavabdehdirlər.
Havada qəribə ayaz vardı, sanki bir azdan qar yağacaqdı. Neçə gün idi ki, günəş görünmürdü. Nədənsə dörd yüz il bundan qabaq Boğaziçinin şaxtadan donması yadıma düşdü. Bu hadisə "dəli" ləqəbli Sultan Mustafa dönəmində baş vermişdi. Adamlar nəsə pis bir olayın baş verəcəyindən qorxurdular. Çünki o boyda nəhrin donması şeytan əməliydi. Tanrı heç zaman belə işlərə qol qoymazdı. Nəticəsi də o olmuşdu ki, yeniçərilər Sultan Mustafaya qarşı qiyam qaldırmış və onu yatağındaca boğmuşdular...
Qapı gözətçisi hərdən dişarı çıxıb bir dəfə göyə, bir dəfə də mənə baxırdı, astaca gərnəşirdi. Mən görməzliyə vururdum. Bilmirəm o məndən bezmişdi, yoxsa mən gözləməkdən yorulmuşdum...
Düşünməkdən, xatırlamaqdan gözəl nə ola bilər, xüsusən də vaxtın çox olanda. Mən Züleyxanın iri ala gözlərini, ağızdolusu gülüşünü, bəyaz dişlərini, ağ dərisini xatırlayırdım, siqaret tutan uzun, nazik barmaqlarını yadıma salırdım. Məhəmmədi təsəvvür etməyə çalışırdım. Mən Məhəmmədi körpə vaxtı bircə dəfə görmüşdüm, Fatimə atasıgilə qonaq gələndə, sonra ara qarışdı, məssəb itdi, Qarabağ müharibəsi başladı, aclıq və səfalət adamların əl-ayağını yığışdırdı. Həmin vaxt qohum-əqrabalar bir-birilərinə qonaq getməyə də utanırdılar, çünki saatlarla çörək növbəsinə dayanmış yaxınlarının, dost-tanışın boğazına ortaq olmağı ayıb sayırdılar.
Züleyxa isə məhəllədə görünmürdü. Onun xatirəsi böyüklərin yaddaşından çoxdan silinmişdi, yeniyetmələr isə onu xatırlayırdılar.
Çünki o, bizim bir parçamız idi. Üstündən uzun illər keçəndən sonra Züleyxanın Türkiyədə yaşadığını, zəngin bir fotomodel olduğunu eşitmişdik. Bu barədə bulvar qəzetləri yazırdılar, onun yarıçılpaq şəkillərini verirdilər, azəri qadınlarının namusuna xələl gətirdiyinə görə qınayırdılar, ürəklərində isə paxıllığını çəkirdilər. Züleyxanın namussuzluğundan yazan əsasən qadınlar idi. Görünür, onun yerində olmadıqlarına görə acıqlıydılar, talelərini qınamaq əvəzinə, həmcinslərinin və həmvətənlərinin uğurunu qısqanırdılar. Qadınlar onun kimi gözəl olmadıqlarına, erkəklər isə ona sahib çıxa bilmədiklərinə görə qəzəbliydilər. İndi o, hamının nifrət mənbəyiydi, çünki şöhrətliydi. Müdriklərdən biri deyib ki, "nifrət insanın populyarlığının göstəricisidir".
Qadirlə mən sevinirdik. Züleyxanın ağ baldırlarını və döşlərinin arasını bizdən başqa görən olmamışdı.
- Ax, Züleyxa! - İçimdə inildədim, soyuq havanı ciyərlərimə çəkdim.
Bir saatın tamamında gözətçi çölə çıxdı və işarə elədi ki, rektorun yanına qalxa bilərəm...
davamı