Hikmət Hacızadə: «Tapdanmış ləyaqət hissi Liviyanı səsini qaldırmağa məcbur etdi»

Hikmət Hacızadə

Liviyada Müəmmər Qəddafi (Muammar Gaddafi) hakimiyyəti tarixə qovuşmaqdadır. Buna bəlkə saatlar, bəlkə dəqiqələr qalıb.

Azərbaycandan bu hadisələr necə görünür? Liviyadakı proseslər necə yekunlaşacaq?

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin («FAR Centre») rəhbəri Hikmət Hacızadə ilə söhbətdə bu suallara cavab axtarırıq.

«SEVİNİRƏM, ÖLMƏDİM BU GÜNÜ DƏ GÖRDÜM»

- Hikmət bəy, Liviyada olanları necə dəyərləndirirsiz? Artıq Qəddafi hakimiyyəti başa çatıb demək olar ki...

- Sevinirəm, çox sevinirəm. Mən sevinirəm ki, ölmədim bu günü də gördüm. Biz hamımız sevinirik. Qoy Liviya xalqının bütün arzu-diləkləri yerinə yetirilsin. Onları axıra çatdırsınlar, demokratik dövlət qursunlar. Çox sevinirəm.

LİVİYANI İRAQIN AQİBƏTİ GÖZLƏMİR

- Bəziləri narahatdır ki, Liviyanı da İraqın aqibəti gözləyə bilər. Siz nə düşünürsüz?

- Hələlik bu görünmür. İraq müsəlman güc mərkəzlərinin düz yanındadır. İran yanındadır, Səudiyyə Ərəbistanı, Yəmən... Orda vəhhabilər var, orda «əl-Qaidə» güclüdür... Burdasa belə deyil. Liviyada hadisələr başlayanda qabağa dindarlar yox, liberal yönlü gənclər, orta təbəqə düşdü. Onlar vuruşurdular. Əlbəttə, hansısa partizan hərəkatları ola bilər. Amma Liviya həmin təhlükəli regiondan uzaqdır və Avropaya çox yaxındır. Məndə əminlik var ki, orda işlər İraqdan daha asan
Liviya qiyamçıları Tripolidə, 22 avqust 2011
gedəcək.

- Nə qədər çəkər bu?

- Nə bilim, baxaq görək. Yəqin 3-5 il...

«ONLARIN EVLƏRİNDƏ TELEVİZOR YOXDURMU? BAXMIRLAR DÜNYADA NƏLƏR BAŞ VERİR?»

- Hikmət bəy, Azərbaycanda Qəddafi hakimiyyətinin çöküşünə sevinənlər var və sosial şəbəkələrdə bu qabarıq görünür...

- Mən də sevinirəm... Cəmi diktatorların başına salavat çevirək. Azərbaycanla müqayisədə nə deyim vallah... Mən istəyərdim bizdə də demokratiya olsun, seçkilər olsun, insan haqları tapdanmasın. Bunlar nə vaxtsa olacaq. Amma nəsə indi uyuyuruq. Bu barədə vəziyyət yaxşı deyil. Bilirəm və inanıram ki, bizdə də müsbət və demokratik dəyişikliklər olacaq. O sülh yolu ilə, islahatlar yolu ilə olsa, daha yaxşı olardı. Yoxsa indidən gəncləri həbsxanalara salmaq, jurnalistləri təqib etmək, xalqın evlərini sökməklə məşğuldur hökumət. Məgər onların evlərində televizor yoxdurmu? Baxmırlar dünyada nə baş verir? Mən buna təəccüb edirəm. Yoxdursa, bir az pul ataq televizor alaq, baxsınlar görsünlər dünyada nə baş verir?

«TAPDANMIŞ LƏYAQƏT ONLARI MƏCBUR ETDİ SƏSLƏRİNİ QALDIRSINLAR»

Benqazi sakinləri paytaxt Tripolinin alınmasını bayram edirlər, 21 avqust 2011
- İnqilabları törədən səbəblər nədir, Sizcə? Araşdıranda məlum olur ki, Liviyada insan haqları, demokratiya sahəsində ciddi problemlər olsa da, sosial problemlər gözə çox dəyməyib. Amma elə ölkələr var ki, siyasi baxımdan da, dolanışıq baxımından da ciddi problemlər var. Amma inqilab baş vermir...

- XX əsrin sonundan belə qəbul olunub ki, inqilabların iki səbəbi var. Birincisi, sosial problemlərdir, ikincisi, ləyaqət problemi. Bu, əxlaqi problemdir, mənəviyyat problemidir. İnsan alçalmaq istəmir. İnsan 40 il o klounun əli altında qalmaq istəmir. İnsan istəyir onun səsi sayılsın, sözü kəsilməsin. Bu istək artıq axırda böyük fiziki gücə çevrilir. Qabaq Marks vaxtında deyirdilər ki, xalq acından inqilab edir. Bəli, o var. Amma ləyaqət məsələsi də var. Ləyaqət məsələsi, ola bilsin düz başa düşülməyən ləyaqət məsələsi İranda baş verdi. İran şah dövründə heç də pis yaşamırdı, ancaq şah müstəbid idi, qeyri-qanuni idi. Əlbəttə bu xalqın ləyaqətinə toxunurdu. Proses də ordan başladı. Liviyada, Tunisdə camaat pis yaşamırdı. Amma tapdanmış ləyaqət onları məcbur etdi səslərini qaldırsınlar.

- Bir də, eşitdik ki, diktatorlara ehsan verirsiz?

- Bəli, verirəm. Hamıya yox ha. Yaxın dostlarıma. Yoxsa tökülüşüb gələcəklər (gülür). Növbəti Qəddafi gedəndə olacaq. Yaxın dostlarımı yığıram, qışda xaş verirəm. İndisə... pivə-sosiska verəcəm. Bax belə...