Medvedev Qərb sərmayəçilərinin inandığı maliyyə nazirini niyə işdən qovdu?
Şənbə günü axşam Vladimir Putin bəyan etdi ki, o nəhayət Rusiyadakı reallığı rəsmiləşdirərək yenidən ölkənin prezidenti olacaq. (Putin 2008-ci ildə iki dövr prezident olandan sonra 2008-ci ildə Medvedevin prezidentliyə namizədliyini irəli verib, özü də baş nazir olmuşdu.) Bundan iki gün sonra isə prezident Dmitri Medvedev maliyyə naziri Aleksey Kudrini vəzifəsindən çıxartdı.
Kudrin bəlkə də Rusiya hökumətində yeganə şəxs idi ki, Qərb sərmayəçiləri ona etibar edirdi. O, Rusiyanı 2008-ci il maliyyə böhranından təkbaşına xilas etmişdi. Kudrinin istefaya göndərilməsi hamını mat qoydu. Putinin namizədliyinin irəli sürülməsinin Rusiyadakı təlaşı aradan qaldıracağı və narahat iqtisadiyyatı yoluna qoyacağı barədə ümidləri alt-üst etdi.
Bəs, nə baş verir?
Qısa desək, heç kim nə baş verdiyini bilmir. Ancaq bir şey aydın görünür: Putinin hakimiyyətə qayıdışı ilk prezidentliyindən fərqli olaraq ölkəyə sabitlik gətirməyəcək. Ölkədəki sistem həmişəkindən daha qeyri-sabitdir.
Putinin şənbə günündəki bəyanatından sonra hər kəs özünə belə sual verdi – bəs, niyə görə belə tez? Əslində bu bəyanatın mahiyyəti, yəni Putinin prezident olmaq istəyini açıqlaması heç kimi təəccübləndirmədi. Hələ bir neçə ay əvvəl motosikletçilər və yarıçılpaq qızlar Putinə dəstək kampaniyasına başlayanda hamı bilirdi ki, Putin prezidentliyə qayıtmağa hazırlaşır.
Bir səbəb hakim elita daxilində səbirsizlik göstərilir
Ancaq bunun indi açıqlanması hamı üçün şok oldu. Prezident seçkilərinə hələ 6 ay var. Bir səbəb kimi isə hakim elita daxilində səbirsizlik göstərilir. Bu səbirsizlik rejim daxilində gərginliyi artırır. Buna son misal Kremlin kurasiya etdiyi partiyanın lideri milyarder Mixail Proxorovla Rusiya siyasətinin pərdə arxası kuratoru sayılan Vladislav Surkov arasındakı gərginlik idi.
Putinin niyyətini indi açıqlamasının başqa bir səbəbi də bazardakı səbirsizliklə izah olunur. Təkcə bu il Rusiyadan 50 milyard dollar çıxarılıb. Rublun dəyəri son iki ildə ən aşağı səviyyəyə düşüb. Neftin bir bareli 116 dollar olsa belə (bu gün qiymət 107 dollardır) büdcə balansını saxlamaq çox çətindir.
Putin hər kəsi əmin etmək istəyir ki, sistem işləyir, narahatlığa dəyməz
Sibirdəki neft yataqlarında neft hasilatı azalır. Arktikada yeni quyuların qazılması üçün hələ onilliklər lazım gələcək. Dünya neft hasilatının mərkəzi getdikcə ABŞ-a doğru dəyişir. Beləliklə, Putin şənbə günündəki açıqlaması ilə hər kəsi əmin etmək istəyirdi ki, belə həssas anda sistem işləyir, narahat olmağa dəyməz.
Kudrinin vəzifəsindən azad edilməsi isə bütün bu fikirləri alt-üst etdi. Putinin açıqlamasının səhəri günü Vaşinqtonda olan Kudrin bildirmişdi ki, özünü Medvedevin rəhbərlik edəcəyi yeni hökumətdə görmür: «Ona görə yox ki, heç kim mənə vəzifə təklif etməyib. Medvedevlə aramızdakı fikir ayrılıqları mənə yeni hökumətdə yer almağa imkan vermir».
Belə qənaət gəlmək olar ki, Kudrin bezmişdi
Büdcə məsələlərində, xüsusilə hərbi xərclərin artırılması ilə bağlı Kudrinlə Medvedev arasında ziddiyyətlər olub. Belə qənaət gəlmək olar ki, Kudrin sadəcə bezmişdi. O özünün nəzarət edə bilmədiyi siyasətə görə cavabdehlik daşımaq istəmirdi. Xüsusilə də yeni böhranın yaxınlaşdığı bir vaxtda.
Artıq Rusiyada çevik olmayan sistem laxlamaqdadır. Onun əsas komponentləri əriyir. Neft pulları tükənir, iqtisadiyyatı tənəzzül gözləyir. Sosial narazılıq isə artır. Kremlin böyük məbləğdə pullar xərclədiyi əsas problemlər isə qalır. Bu gün o da bəlli olub ki, təkcə bu ilin birinci yarısında yoxsulluq həddində yaşayan rusların sayı 10 faiz artıb.