Rafiq Tağının ölümündə həkimlərin günahı varmı?

«İSTİNTAQDA 130-DAN ARTIQ ADAM DİNDİRİLİB»

Fevralın 1-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyi yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı açıqlama yayıblar. Açıqlamada deyilir ki, Rafiq Tağını müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb: «Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkənin bədəninə bıçaqla yetirilən xəsarətlər olmuşdur».

Məlumatda qeyd edilir ki, Rafiq Tağının hərəkət marşrutunu qeydə alan 43 videokameranın görüntülərinin təhlili aparılıb. Müəyyən edilib ki, onlardan yalnız iki obyektə məxsus 4 videokamera işləməyib.

Məlumatda həmçinin bildirilir ki, cinayət işi üzrə zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilib. 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilib.

RAFİQ TAĞININ QOHUMLARI NARAZIDIR

Noyabrın 19-u axşam saatlarında bıçaqlanan və 4 gün sonra xəstəxanada ölən Rafiq Tağının yaxınları isə hüquq-mühafizə orqanlarının bu açıqlaması ilə razılaşmırlar.

Mərhumun qardaşı Rafael Tağıyev AzadlıqRadiosuna deyib ki, onlar yazıçının ölümündə həkimləri təqsirli sayırlar. Məhkəmə-Tibbi Ekspertizasının nəticəsini şübhə altına alan Rafael Tağıyev deyir ki, onlar öz iddialarında təkid edirlər:

«Həkimlər səhlənkar olublar, ona görə də məsuliyyət daşımalıdırlar».

«XƏSTƏXANADA CİDDİ PROBLEMLƏR OLUB»

Rafiq Tağının qətlini araşdıran İctimai Təhqiqat Qrupunun təmsilçisi, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, rəsmi açıqlama onların gözləntisini əks etdirməyib:

«Hesab edirəm ki, xəstəxanada ciddi problemlər olub. Çox ciddi araşdırılmalıdır ki, orda nə baş verib? Mənim şəxsi qənaətim belədir ki, Rafiq Tağı adi palataya köçürülməməli idi, ona qida verilməməli idi, zəruri preparatlarla təmin olunmalı idi. Hesab edirəm ki, müalicə düzgün aparılmayıb».

Mehman Əliyev

Mehman Əliyev deyir ki, onlarda olan ilkin məlumata görə, hadisə yerində olan kameraların əksəriyyəti işləməyib.

JURNALİSTLƏRƏ QARŞI OLAN CİNAYƏTLƏRİN ÇOXUNUN ÜSTÜ AÇILMIR

Mehman Əliyev onu da əlavə edir ki, jurnalistlərə qarşı baş verən cinayət hadisələrinin üstü əksər hallarda açılmır. Hərçənd o ümid edir ki, Rafiq Tağının qətlinin üstünün açılması həmkarlarınınkının taleyinə bənzəməyəcək.

Bəs İctimai Təhqiqat Qrupu istintaqla əməkdaşlıq edirmi? Mehman Əliyev deyir ki, bu əməkdaşlıq alınmayıb, çünki istintaq qrupu onların sorğularına cavab verməyib.

«İSTİNTAQ VƏSATƏTLƏRİMİ ARAŞDIRMADAN QİYMƏT VERİB»

Tağıyevlər ailəsinin vəkili Elçin Sadıqov isə hesab edir ki, hüquq-mühafizə orqanlarının açıqlamasında həqiqətə uyğun olmayan detallar var. Rəsmi məlumatda vəkilin vəsatətlərinin araşdırılıb qiymət verilməsi deyilsə də, o, bunun şahidi olmayıb:

«Məsələn, mən həkimlərin məsuliyyəti ilə bağlı vəsatət qaldırmışam, onlar isə araşdırma aparmadan Rafiq Tağının ölümündə həkimlərin məsuliyyətini birmənalı istisna edirlər».

«KAMERA LENTİNDƏ ŞÜBHƏLİ ŞƏXS GÖRMÜŞÜK»

Elçin Sadıqov bildirir ki, istintaq qrupu zərərçəkənləri istintaqdan kənar tutur və aparılan əməliyyatlar barədə məlumat vermir.

Elçin Sadıqov

Kameralara toxunan vəkil deyir ki, onlar istintaqdan əvvəl bu kameralara baxış keçiriblər və birində şübhəli şəxs müşahidə ediblər. Hadisə baş verən vaxtı orda olan avtomobillərin nömrələri də açıq-aydın görünür:

«Yəqin ki, bu lentlər istintaqdadır. Elə bilirəm ki, cinayətkarı müəyyən etmək istintaq üçün elə də çətin olmaz».

Rafiq Tağının ailəsi istintaqın hərəkətsizliyindən məhkəməyə şikayət edib.

Yazıçı-publisist İran və İslam siyasətinin, Azərbaycan hakimiyyətinin tənqidçisi olub. Həkimlər bildirirlər ki, Rafiq Tağı çoxsaylı bıçaq zərbələrinin nəticəsində yaranmış ağciyər iltihabından ölüb.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hələ ki məsuliyyətə cəlb olunan yoxdur.