Metal zavodlarına hücumlarla əlaqədar polisin saxladığı şəxsi məhkəmə sərbəst buraxır

Sizin brauzer HTML5-i dəstəkləmir

Zülfüqarlı qardaşlarının da metal zavoduna hücum olub

-
Zülfüqarlı qardaşlarının Keşlə qəsəbəsindəki zavoduna hücum edən mülkigeyimlilərdən birini polis saxlasa da, Nizami rayon Məhkəməsi onu sərbəst buraxıb.

Bu barədə AzadlıqRadiosuna Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov məlumat verib.

Hakimin prokurorun 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə təqdimatını qəbul etmədiyi bildirilir. Məhkəmə yalnız ondan başqa yerə getməmək haqda iltizam alıb.

Saxlanıb azad olunan həmin şəxsin Zülfüqarlı qardaşlarının metalyayma zavoduna hücum edənlərə başçılıq etdiyi deyilir.

Həmin mülkigeyimlilər Bakı və ətraf qəsəbələrdəki 20-dən çox metalyayma müəssisəsinə gedib onlardan fəaliyyətlərini dayandırmağı tələb ediblər. Bəzi müəssisələrin əmlakı da müsadirə edilib.

Hücumlara məruz qalan müəssisə rəhbərlərinin bildirməsinə görə, mülkigeyimlilər «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədov tərəfindən göndərildiklərini deyirdilər. Rasim Məmmədov özü səslənən bu iddiaları təkzib edir.

Zülfüqarlı qardaşlarına məxsus «Birlik» MMC-yə hücumla əlaqədar Cinayət Məcəlləsinin 221.1.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.