Turgenev Dostoyevskiyə "ədəbiyyatın burnunda sızanaq" deyirdi

İvan Turgenev və Fyodor Dostoyevski

-

...Turgenev isə Dostoyevskini qəsdən mübahisəyə çəkir, əsəbiləşdirib özündən çıxarır, sonra da onun öz fikrini əsaslandırmaq üçün işlətdiyi hansısa yersiz ifadəni bəzəyib məzələnməyə başlayırdı...


«Современник»in redaktoru Panayev vəzifədən gedəndən sonra dərgini Turgenevlə Nekrasov birgə çıxarmağa başlayırlar.

Bir gün Turgenev Nekrasova Dostoyevski haqda epiqram qoşmağı təklif edir.

Bu da təsadüfi deyildi. Turgenevlə Dostoyevskinin münasibələrində soyuqluq yaranmışdı.

İlk uğurundan sonra Dostoyevski daha əvvəlkitək utancaq adam təsiri bağışlamırdı. Əsərləri haqda tanınmış şəxsiyyətlərin söylədiyi yüksək fikirlərdən sonra onun özünəinamı artmışdı. Qələm yoldaşları ilə tez-tez, bəzən hətta boş şeylərin üstündə mübahisələr edir, haqlı olduğunu sübut etməyə çalışırdı.

Bu da bir çox yazarlarda belə bir təəssürat yaradırdı ki, Dostoyevski yekəxanalıq etməyə başlayıb, başqa yazarlara yuxarıdan aşağı baxır.

Beləcə, "pıç-pıç" başlayır, onun dalınca danışmağa başlayırlar, Turgenev isə Dostoyevskini qəsdən mübahisəyə çəkir, əsəbiləşdirib özündən çıxarır, sonra da onun öz fikrini əsaslandırmaq üçün işlətdiyi hansısa yersiz ifadəni bəzəyib məzələnməyə başlayırdı.

Nəhayət Turgenev qərara gəlir ki, "yekəxana yazıçı"ya şəbədə də qoşsun. Özü də lap kəskinindən - sarkazmlı epiqram.

Turgenevdən bu təklifi eşidəndə Nekrasov əvvəlcə tərəddüd etsə də, sonra razılaşır.

Tərəddüdü isə onunla bağlı idi ki, Dostoyevskinin ilk əsərinin mətbuatda çapına məhz o kömək etmişdi.

Turgenevin istəyi o idi ki, epiqram Dostoyevskini yandırıb-töksün, ömür-billah yadından çıxmasın.

Nekrasov isə bu işə, sadəcə, Dostoyevski ilə dostyana zarafat eləmək üçün qol qoyur. O, qətiyyən "baltanı kökündən vurmağın" tərəfdarı deyildi, daha yumşaq variantın seçilməsini istəyirdi.

Əvvəlcə Turgenevin səyləri nəticəsində epiqramda Dostoyevski "ədəbiyyatın burnundan pırtlayıb çıxmış parlaq sızanaq" olur:


Рыцарь горестной фигуры!

Достоевский, юный пыщ,

На носу литературы

Ты вскочил, как яркий прыщ.

Хоть ты новый литератор,

Но в восторг уж всех поверг:

Тебя хвалит император,

Уважает Лейхтенберг.



Nekrasov burada Dostoyevskinin şəxsiyyətinə toxunan məqamlar görür.

Nikolay Nekrasov

Şeiri dinləyəndən sonra Turgenevə deyir ki, bu məsələdə hansısa qələm adamından yox, qələm yoldaşından, dostdan söhbət gedir. Bundan başqa Nekrasovun fikri var idi ki, yeni jurnal açsın. Buna görə də o, gənc yazarlarla münasibətləri korlamaq istəmirdi. Onun yeni jurnalda çap etmək istədiyi müəlliflərdən biri də Dostoyevski idi.

Nekrasov Turgenevə məsələni açır və deyir ki, Dostoyevski kimi yazıçılar küçəyə tökülməyib, bəzən belə istedadların çatışmazlıqlarına göz yummaq lazımdır.

Nekrasovun müdaxiləsi ilə birinci bəndə düzəliş edilir. Dostoyevski ədəbiyyatın burnunda "parlaq" yox, "yeni" sızanaq olur, özü də "pırtlayıb çıxmır", sadəcə "qızarır":


Витязь горестной фигуры,

Достоевский, милый пыщ,

На носу литературы

Рдеешь ты, как новый прыщ.



Beləliklə, ilkin variantdakı sarkazm yox olur, epiqram "dostyana şarj"a bənzəyir.

Onu hətta Dostoyevskinin özünün iştirak etdiyi dost məclisində də oxumaq olardı.

O zaman Turgenevin 28 yaşı vardı. Əslində o, Dostoyevskiyə nifrət bəsləmirdi, sadəcə, istəyirdi ki, "özündəndeyən" qələm yoldaşı özünü çox dartmasın.

Nekrasovla söhbətdən sonra Turgenev epiqram məsələsini unutmur, dostları, zadəgan dairəsindən olan yoldaşları ilə söhbətlərdə qoşduğu şəbədəni, özü də sarkazmlı ilkin variantı "dilindən qaçırmağa" başlayır.

Beləliklə, epiqram dildən-dilə dolaşır və nəticədə Turgenevlə Dostoyevskinin münasibətləri pozulur.

Amma Dostoyevski borclu qalmır.

20 il sonra o, Turgenevə "tikanlı" bir məsləhət verir.

O zaman Turgenev əsasən Avropada yaşayır, Rusiyaya az-az gəlirdi.

Dostoyevski şair A.Maykova Turgenevə verdiyi həmin məsləhətdən danışır:

"Mən ona dedim ki, siz rahat olsun deyə Parisdə özünüzə bir teleskop alın. Nədən ötrü?" - o soruşdi. Mən də cavab verdim ki, siz ordan teleskopu Rusiyaya tuşlayın və bizi rahatca nəzərdən keçirin".

Amma Dostoyevskinin ürəyi bununla da soyumur.

«Бесы» romanındakı Karmazinov surətini (o Karmazinov ki araqarışdıran ünsürləri, şeytanları-cinləri qızışdırmaqla məşğuldur) Turgenevin bioqrafiyasına aid və çoxlarına məlum olan faktlarla "bəzəyir".

Dostoyevski ürəyini boşaldır: Turgenev-Karmazinov üçün böyük adamlarla münasibət saxlamaq öz canından da əzizdir, o, yalnız işi düşəndə insanla xoş rəftar edir, qarşısına bir qrafinya çıxan kimi isə yanındakıları sanki milçəkmişlər kimi tamamilə unudur, kimsə bir yazıçı kimi ona qarşı biganədirsə, mütləq həmn adamdan qisas almağa çalışır:

«Про Кармазинова рассказывали, что он дорожит связями своими с сильными людьми и с обществом высшим чуть не больше души своей. Рассказывали, что он вас встретит, обласкает, прельстит, обворожит своим простодушием, особенно если вы ему почему-нибудь нужны и, уж разумеется, если вы предварительно были ему зарекомендованы. Но при первом князе, при первой графине, при первом человеке, которого он боится, он почтет священнейшим долгом забыть вас с самым оскорбительным пренебрежением, как щепку, как муху, тут же, когда вы еще не успели от него выйти; он серьезно считает это самым высоким и прекрасным тоном. Несмотря на полную выдержку и совершенное знание хороших манер, он до того, говорят, самолюбив, до такой истерики, что никак не может скрыть своей авторской раздражительности даже и в тех кругах общества, где мало интересуются литературой. Если же случайно кто-нибудь озадачивал его своим равнодушием, то он обижался болезненно и старался отмстить».

1898-ci ildə isə «Нива» jurnalının əlavəsi kimi İ.Turgenevin əsərlərinin 12 cilddə tam külliyyatı çap edilir.

9-cu cilddə Dostoyevski haqqında epiqramın ilk variantı da yer alır.

Amma artıq iki böyük yazıçının heç biri həyatda yox idi.

Hərçənd indinin özündə də əsərlərinin yeni nəşrləri işıq üzü gördükcə, onlar kitablarında tikanlı sözlərlə "atışmaqda" davam edirlər.