-
“Yüz il İnqilab” eləcə dar çərçivədə, İran inqilabı barəsində yazılmış roman deyildir; yaxud da burda kürd və ya türk məsələsi qoyulub-çözülmür.
“Yüz il İnqilab” bütövlükdə Azərbaycan varlığı, Azərbaycan insanının iç həqiqətləri barəsində romandır.
Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Sayman Aruzun "Yüz il inqilab" romanının ("Qanun") "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.
Tehran Əlişanoğlu
YÜZ İL İNQİLABIN MÜŞKÜLLƏRİ
Doğrusu, əvvəlki yazımda “yüz ilin inqilabı”ndan söz açırkən belə bir əsərin varlığından xəbərsizdim.
Intəhası, orda, “Mustafa”ya dair mülahizələrimdə inqilab-inqilab oyununa gətirirdim söhbəti. Sayman Aruzun “Yüz il inqilab”ında isə (“Qanun”, 2012) birbaşa inqilabın içindən xəbər var...
Roman xeyli qədər sevindirdi məni; etiraf edim ki, oxuduqca, bizim Şimallı gənclərə örnək: bax, roman belə olar! – səslənmək istəyirdim. Həm həyat materialının, yaşanmışların dərki, həm də bədii səriştə ilə romana gətirilməsi (romanlaşdırılması) sarıdan...
Mənimçün bir oxucu olaraq romanda ən maraqlısı, realistik qat: Sulduz həqiqətləridir. İranın İraqla lap sərhədində yerləşən, İran-İraq-Türkiyə arasında olub XX-XXI əsrin qlobal siyasətlərinin qurbanına çevrilən, İran-İraq müharibəsinin bilavasitə ağrılarını yaşayan, mütəmadi kürd basqınlarına məruz qalan, eyni qədər də kürd və türk (azərbaycanlı, Azərbaycan türkü mənasında) milli özünüifadəsinə qənim kəsilmiş mərkəzi İran hökumətinin təzyiqləri altında olan Sulduz...
Geniş, ümumiləşdirilmiş mənada bu elə Azərbaycandır; fərdi-insani-vətəndaşlıq, milli-dini-ideoloji, qlobal dünya və lokal dövlətçilik maraqları-ehtirasları hədəfində, başdan-başa kataklizmlər içrə bulunan Azərbaycan...
Sulduz həqiqətlərini bizə romanda təhkiyəçi-qəhrəmanın xatirələri danışır. Müharibə dövrünün uşaqları: “Bizim uşaqlığımızın dövründə İran-İraq müharibəsi gedirdi. Suldduzsa tam sərhəddəydi... Biz güllə səsinə ana laylayı kimi adət etmişdik...” (s.7);
“Mən bu təpənin üstündən çox müharibələrə şahid olmuşdum. Dağlarda gözümüzün qabağında müharibə gedərdi, tanklar və insanlar bir-birinə girərdilər. Biz də burda oturub bütün bunlara sanki kino kimi baxardıq...” (s. 63)
Acı mənzərələri: vəhşi bir təcavüzün günahsız qurbanı olan Şahini xatırlayaq, necə əsl atasının atası bildiyi kişi deyil, kürd olduğunu bilib anasını qətlə yetirir; orta məktəb qızlarını daşıyan avtobusun kürdlər tərəfindən qaçırılmasını yada salaq, necə qızları xilas etməyə gedən dəstənin sabahısı ölüm xəbəri gəlir:
“Ölüm yox, demək olar parça-parça olmuşdular. Bir çoxunun başını bədənindən ayırmışdılar...” (s. 84)...
Evi-mülkü, ailəsi, sevgisi, taleyi əlindən alınmış sərsəri insanları: dəli Cabbarı, Ağayi Piruz – Papırı, 16 yaşlı Rzanı... yada gətirək...
Qəhrəmanın təkrar-təkrar düşüncələri qayıdır bura, Sulduz həqiqətlərinə:
“Kürdlər dünyaya “Hər ailədən bir uşaq vətənə qurban verilməlidir” şüarıyla uşaq gətirərdilər. Heç vaxt vətəni və dövləti olmayanların vətənə sevgisi, vətənlilərdən daha çox idi. Sulduz türk şəhəriydi, tarixlər boyu da belə olub, amma biz onu hardasa saxlaya bilməmişik. Kürdlərsə bizim torpağımızda öz uşaqlarına vətənpərvərlik dərsi keçirdilər! ” (s. 35);
“Bu terrorçular da döyüş üçün döyüşürdülər. Böyük Kürdüstan deyilən şeydən başları çıxmırdı. Kimsə bu məntəqəni gərgin saxlamaqdan ötrü bu oyunu ortaya atmışdı. Milli qarşıdurmalar həm hakimiyyətə, həm də xarici qüvvələrə sərf eləyirdi...” (s. 70)
Bütövlükdə içi, iç dünyası bu həqiqətlərlə nəfəs alır qəhrəmanın: “–Dayı! Onlar niyə bizi öldürürlər? Bizdən nə istəyirlər? –Nə bilim, ay dayı! Heç özləri də bilmirlər. Bilənlərisə nə biz tanıyırıq, nə onlar! –Bəs kim tanıyır onları, dayı? –Allah, dayı, Allah!” (s.7)...
Bütün bunlar, əlbəttə, fon həqiqətləridir; romanda İnqilab mövzusunu hazırlayan, “yüz ilin inqilabı”nın kifayət qədər mürəkkəbliyini ortaya qoyan, mövzuya müdaxiləni şərtləndirən materiallardır. İnqilab-üsyan-etiraz motivi isə bütövlükdə süjetin əsasında durur və mütərəddid üsyançı Seyidlə sevdiyi inqilabçı qız Raziyənin yığcam sevgi macərasında ifadəsini tapır. Balaca bir romana “yüz ilin inqilabı”nı necə sığışdırmaq olar: təbii ki, rəmzi tutumda. Romançı modern romana xas yolla gedir; realiyaları çözməklə bahəm, simvolistik qatda tamamlamağa çalışır...
***
Romanda “yüz ilin inqilabı”nı fiksə edən üç tip yanaşma, obrazlar sırası var.
Birisi – ideal yanaşmadır; başlıca olaraq Raziyə obrazında təcəssümlənib. İdealda İnqilab zərurətdir – yüz il və daha artıq davam etsə də, bunu Azərbaycan xalqının milli varlığı, özünütəsdiqi tələb və diktə edir:
“Mən fəqət öz dilimdə yazıb oxumaq istəmişəm... Milli haqlarımı istəmişəm... Bunun harası xəyanətdi, hansı qanunda günahdı? Vallah, Quranda da millətlərin haqlarından bəhs olunub. Günah olsaydı, Allah onu azad və lazım bilməzdi!” (s. 22).
Amma təkcə Azərbaycan xalqı deyil ki; romanda kürd inqilabçısı Həjirin də eynən Azadlıq idealı uğrunda çarpışdığını görürük:
“Uşaqlar, mən azadlıq üçün döyüşdüm və indi də zindanda ölüm günümü gözləyirəm. Mən indi bilirəm ki, insan oxuduğu kitablar qədər azad, ideologiyasının böyüklüyü qədər böyükdü. Mən bu gün dar ağacından asılacam, amma kitablar və ideologiyalar həmişə olacaq...” (s.33)
Digəri – real yanaşmadır; roman boyu təhkiyəçi-qəhrəmanın (Seyidin) yaddaşından işaran “köhnə solçu” Atasının obrazında təcəssümlənib:
“Atam həmişə deyərdi: “Kitabın quylandığı yerdən inqilab göyərər!” Mən ondan inqilabın nə olduğunu soruşanda cavab verərdi: Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının kor-koranə formasıdı. Həmişə də millətin könlüncə olmur. Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın inqilabını xalqdan alıb onun öz başına çaldılar. Bunun səbəblərini sənin kimi uşaqlar böyüyüb araşdırmalıdılar...” (s. 32)
Bu mövqedə “yüz ilin inqilab” təcrübəsini ehtiva edən bir məntiq var: “Həmişə arzu edərdim mənim də bir tüfəngim olsun. Atama bu arzumu söyləyəndə deyərdi: Oğlum, sənin tüfəngin ola bilər, amma onu atmağı da bacarmalısan. Bilməlisən hara və niyə atırsan, yoxsa tüfəng sənin özünü vurar...” (s. 63)
Habelə “köhnə solçu”nun kürd millətçiliyinə münasibəti də dəqiqdir: “Oğlum, Həjir bizim millətimizin düşməniydi. Amma ziyalı və ağıllı bir düşmən idi. Hörmətin saxla... yadında olsun ki, diktator türkə də, kürdə də eyni gözlə baxır!” (s. 36) və s.
Üçüncüsü – “yüz ilin inqilabı”na bilavasitə fərdin, İnsanın (İnsan fərdinin) içindən, iç yaşamlarında(n) ekzistensial yanaşmadır. Romanda başlıca olaraq: İdealla- istəkləri-canatımı ilə real varlığı, realiyalar arasında qalan Seyid obrazında gerçəkləşir:
“Amma çox hadisələr var ki, onların nə hikmətini, nə də fəlsəfəsini başa düşə bilirəm. Bəlkə heç başa düşmək də lazım deyil. Mən mühitin məhsulu olaraq, yarı dindar, yarı materialist olduğum üçün şəraitlə heç vaxt tam razılaşa bilmirdim. Hiss eləyirdim həmişə havadayam. Həmişə darıxırdım, nəyisə gözləyirdim...” (s. 38)
Əslində, roman bütünlükdə təhkiyəçi-qəhrəmanın (Seyidin) etirafları üzərində qurulduğundan, “yüz ilin inqilabı”na digər yanaşmaları: ideal, real və hətta anti-inqilabi baxışları da (Hacını, xanım Feyzini və s. yada salaq) içinə alır, katalizatoru olur...
***
Ekzistensial romanın poetikasına əvvəllər də, müzakirələr gedişində toxunmuşam; qəhrəmanı ekstremal situasiyada haqlayır, bütün ömrü-varlığı-həyatını həmin Anın (bölünməz ekzistensial zamanın) işığına tutub arıtlayır.
Seyid üçün bu – Sevgi anıdır, Raziyəyə olan sevgisi: “Bu qız Qəhrəman Vəlipurun qızıydı. Raziyə! Mənim uşaqlıq sevgilim. Bir böyüdüyüm, bir söyülüb, döyüldüyüm qız...” (s. 14); ömrün lap əvvəli, saf çağlarında baş qaldırıb, altşüuruna çökmüş, üstünü nə qədər hadisələr, sosial gerçəklər, anti-inqilabi məzmun quylasa da, bircə xəfif nəsim – Raziyəylə bir daha rastlaşması bəs edir ki, təzədən közərsin: “Hərdən unudulmuş sevginin közü yaşadığın sevgilərin alovundan daha betər olur. Qəfildən hansısa bir yel, hansısa bir külək əsir və sən odlanırsan. Bütün vücudunla yanmağa başlayırsan...” (s. 71)
Romançı qəhrəmanını incə yerdən tutur: “Deyirlər, insan günah elədikcə məhəbbət deyilən bir həqiqətdən uzaqlaşır, artıq sevə bilmir. Mən günahkar adam idim. Çoxdan idi ki, kimsəni sevə bilməmişdim...” – İnqilab adına “uşaqlıq sevgilisi”ni ittiham edən Seyidi Məhəbbət adına imtahana çəkir: – “...Uşaqlıqda keçirtdiyin hisslər sənin kökünü yaradır. Sənə yön verir. Bütün insanlarsa bir gün öz köklərinə qayıdırlar...” (s. 14)
Romanda İnqilab adından və İnqilabdan danışan çoxdur; doğrusu da: “Məncə, inqilab yalnız öz balasının başını yeməz, bəlkə həm də özünə ögey balalar da seçər. Xalqın içindən olan, amma millətə heç bir aidiyyatı olmayan ögeyləri gətirib xalqın başında oturdar...” (s. 39), elə oğrusu da: “Seyid! Biz bu inqilaba and içmişik. Kişi, ya qadın, nə fərq eləyir, düşmən düşməndi da. İnqilabın düşməni bizim düşmənimizdi. İmanın azalmasın...” (s.17).
Amma fərdin həqiqətindən doğru, üstün olanı yoxdur; Seyid uşaqlıqda qoyub gəldiyi Raziyəsiylə, onun simasında isə yaşadığı ömrün alternativi ilə qarşılaşır:
“Çox vaxtlar insanın yaşadıqları onun istədikləriylə üst-üstə düşmür. İnsanın üzdəki özü onun daxilindəki özü ilə razılaşmır... Siyasət elə şeydir ki, istənilən insanı dəyişə və istədiyi kimi formalaşdıra bilər. Mən formalaşmışdım. Özüm deyildim, məndən düzəldilmiş bir formaydım. Özüm olmaq üçün bu formanı soyunmalıydım!” (s. 72)
İnqilab ittihamçısının özünün, əsl İnqilabı burdan başlayır: “Gülməliydi, sonunda etiraf eləyən Raziyə yox, mən olacaqdım...” (s. 82).
Yalançı İnqilab, psevdo-həqiqət İdeal qarşısında Etirafa gəlir: “Mən... mən... mən uşaqlıq sevgilisinə zindanda işgəncə verən bir alçaq... mən heç kim olmayan bir türk... mən... mən Seyid adıyla tanınan bir qatil... mən uşaqlıq nişanlısıyla zindanda evlənməyə məhkum olan bir rəzil... mən... doğrudan, mən kiməm axı... Raziyə?!” (s. 90)
Romanın bəlli yığcam struktur-planını buracan qəsdən qabartdım. Əvvəla, düşünürəm ki: roman elə bu qədər, yəni qəhrəmanın qəfil, ekzistensial oyanışından Etirafınacandır. Romançı vaxtında (bu ətrafda) qələmi dayandıra bilsəydi, sonrakı daha ucuz səhnələrə, obrazların məntiqinə çox da uyuşmayan melodramatizmə, sentimental göz yaşlarına, sondakı yalançı qəhrəmanlıqlara hacət də olmazdı. Romanda kifayət qədər sərt İnqilab həqiqətləri də heç bunu istəmir...
İkinci məqam: Raziyə həmin Etirafları qəbul edirmi-edəcəkmi? – çox da mühüm deyil. Çün vurğuladığımız kimi: bu obraz real mündəricəsindən çox, rəmzi tutumu ilə maraqlıdır romanda. Raziyə – İnqilab İdealının mücəssəmidir; elə roman boyu İdeal həqiqətləri söyləməkdən uzağa getmir də: “Azad insan burda da azaddı, olmayansa elə o siz dediyiniz küçələrdə də azad deyil. Azadlığı qandalnan ölçməzlər! Milləti dilindən öldürərlər... cismindən yox!” və s. İdealın reala hacəti yoxdur; realdan nəşət edib, onu özündə əks etdirir: “Azadlıq gözəldi, ev gözəldi, zindanda olsa belə. Bura mənim evimdi...” (s. 96); Əslində, hadisə-süjet anında Raziyə çox da canlı olmayıb, hətta bəzən trafaret görünür: “Bu millətin baharı hələ evlərdə böyüyür, məktəblərdə böyüyür... bahar millətin birlikdə gülməsi və birlikdə ağlamasıdı. Bir dildə dərdləşməsidi...” (s. 97) Əksinə: obrazın diriliyi Seyidin “uşaqlıq dünyasında”dır ki, süjetdə funksiyası da elə bu İdeal qatı oyatmağa hesablanıb...
Üçüncü məqam və əsas budur ki: oxucu Seyidin Etiraflarını qəbul edəcəkmi, Cəlladın “dəvə göz yaşları”na inanacaqmı? “Neçə ildi ancaq qulaq asmışam. Danışdırmışam. Yara yığmışam yara üstünə. Ölümlər, ayrılıqlar görmüşəm. Uşaqlıq həsrətlərimlə böyümüşəm. Sən demişkən, heç bilməmişəm kiməm. Türkəm, kürdəm, farsam, nəyəm? Dırnaq çəkmişəm, saç yolmuşam, şallaq vurmuşam... nə deyim... min oyundan çıxmışam! Mən işimə nifrət eləyirdim, amma nə iş eləyəcəyimi də bilmirdim. Mən pis adam deyildim, Raziyə. Mən... mən nə eləyəcəyimi bilmirdim... sadəcə...” (s. 87-88)
Bu, mühümdür; ona görə ki, Seyidin oxucuya Etirafları Raziyəyə (İdeala) Etirafından daha əhatəli, dərin və düşündürücüdür...
***
İdeal birmənalı olaraq sabaha səsləsə də, real olan həmişə daha mürəkkəb, təzadlı, çoxmənalı olur. Bunu bizə mütərəddid üsyançı Seyidin sevgisi, həyatı, yaşamları söyləyir...
Sözdə, fikirdə, əməldə İnqilab... 1) Sözdə Seyid bir İnqilabın tərəfdarıdır; bu – Raziyənin İnqilabıdır, Həjirin İnqilabıdır, İran-İraq müharibəsində şəhid olmuş dayısının İnqilabıdır: “Müharibə azad insanların başını yeyər. İran-İraq müharibəsi minlərlə azad insanın başını yedi. Həmin o azad insanlar min arzuyla azadlıq üçün inqilab eləmişdilər...” (s. 60) Seyidin uşaqlıq dünyası başdan-başa həmin İdeala can atmalardan ibarətdir: “Müharibədə iki başqa-başqa tərəf iştirak edir. Onların biri almaq, digərisə verməmək üçün döyüşür. Mən verməyənlərin siyahısındaydım...” (s.64). Daim döyülən-söyülən Raziyəyə sevgisi, qahmar çıxmaq ehtirası da bu sıradandır: “-Qorxma Raziyə. Mən burdayam!/ Əlindən möhkəm yapışıb sıxardım. Onun yanında özümü kişi hiss edirdim. İndi bilirəm ki, bu özümün yox, Raziyənin mənə verdiyi güc idi...” (s. 63)
Seyidin yaddaşında uşaqlıq çağlarından bir sıra insanların faciələri iz buraxmış; çün iç dünyasında hər birinə müdaxiləsi var. Vaxtilə bir uşaq qətiyyətilə Raziyəyə “dəli Cabbar” sevgisini təklif edir: “-Mən Cabbar olsaydım, sən mənnən evlənərdin?/ Hə... amma sən də məni heç vaxt tək qoyma... yaxşı?/ -Heç vaxt... heç vaxt səni tək qoymuyacam, Raziyə!” (s. 38).
Sevməkdən başqa bir silahı olmayan, nakam sevginin dəliyə çevirdiyi Ağayi Piruz – Papır barədə: “Həmişə fikirləşirdim ki, mən Papırın yerinə olsaydım, özümü öldürərdim... Hər halda nəsə bir iş görərdim. Heç vaxt yol verə bilmərəm sevgilimi gözümün qabağında öldürələr, mən də sadəcə, oturub baxım. Qızı öldürəni öldürərdim heç olmasa. Tək qalıb qüssə yeməkdənsə, ölüb qəhrəman olmaq daha yaxşıdı...” (s. 45-46)
Əlbəttə, bütün bunlar pritçalardır; vaxt gəlir eyni situasiyaya düşmüş Seyid də dəli olmaq dərəcəsinə çatır: “Bilmirdim güləm, yoxsa ağlayam. İşim bunlardan keçmişdi. Dəli olmağıma az qalırdı. Həyat güzgü kimidir. Hər tərəfə baxırsan özünə rast gəlirsən. Öz əməllərinə rast gəlirsən. Nə qədər qaçmaq istəsən, o qədər dərinlərə batırsan. Mən qaçmaq istəyirdim. Amma bilirdim bu qaçış yalnız batmağa doğrudur...” (s. 62).
Hələ də, hələ də sadəlövhcəsinə (uşaqcasına) İdeala sığınmış İnqilab barəsində pritça: “Atamın sözü yadıma düşdü: Oğlum, bilirsən niyə bir xalq yüz il inqilab edər, amma uğur qazana bilməz? Ona görə ki, onun özünə olan sevgisi Papır sevgisi kimi olar...” (s. 46)
2) Fikirdə Seyid tamam başqa bir İnqilab edir; bunu bizə onun düşüncələri danışır...
“Yüz il inqilab” barəsində Seyidin tam aydın qənaətləri var: “Bizim ideologiyamız milliçilik yox, müsəlmançılıq və ümmətçilikdi, hansı dildə oxuyub-yazmağımız da bəlliydi. Quran ərəb dilində olduğu üçün ərəb dilini, fars dili ərəb dilinə yaxın olduğu üçün dövlət dili kimi qəbul etməliydik. Ona görə də “milli haqq” və “ana dili” kimi anlamlar bizlərə yad və yasaq idi. Bu nə qədər yanlış olsa da, həqiqət idi... ” (s. 48)
Loyal, mütərəddid inqilabi fikirlərinin formalaşmasında “köhnə solçu” olan atasının İnqilaba realist baxışlarının da payı var: “Atamın fikrincə: Müharibə hansısa bir yerə aparıb-çatdıra bilər, amma hər hansı bir azadlığın yolu müharibədən keçirsə, o yolun sonu elə diktaturaya gəlib çıxacaq... Güclü olmaqla haqlı olmağın fərqi çoxdur!” (s. 30) Amma eyni zamanda bu fikir də atasına məxsusdur: “Güc kimdədirsə, o, haqdır, haqq da kimdə olsa, həmin adam xain deyil...” (s. 85).
Ümumən, demək olar ki, Seyidin düşdüyü hər bir durum üçün atasından sitatları var...
Raziyə (İdeal) qarşısında etirafına rəğmən, Seyid heç də qafil deyildir; hər kəsin sipərə çevirdiyi İnqilab adına nələrin baş verdiyini yaxşı bilir. Kürdüstan məsələsini də: “Böyük Kürdüstan ancaq bir xülyaydı. Həqiqətsə başqa şey idi. Böyük Vətən anlamı millətlərin narkotikidir. Millətin böyüklüyü yalnız torpağın böyüklüyüylə yox, həm də mədəniyyətin böyüklüyüylə ölçülər. Millətin böyüklüyü həmin millətin həqiqəti qədərdir...” (s. 70).
Milli kimlik problemini də: “Raziyə qəhrəman idi, amma əmin idim ki, xalqın ondan heç xəbəri yoxdu. Hətta Raziyə küçəyə çıxıb millətdən yardım istəsəydi, desəydi ki, - ay millət, mən sizə görə zindandayam, - millət ona gülüb dəli kimi baxacaqdı. Mən millətin psixologiyasına bələdəm. Onun kimi insanlar tək-tük tapılardı. Raziyə tək idi. Qərib idi. Heç vaxt tanınmayan və sirri açılmayan bir qəhrəman...” (s. 67-68).
Artıq qabartdığımız kimi, elə Hakimiyyət məsələsini də: “Əslində, hakimiyyətlər həmişə satılmış olurlar. İnqilablar nə qədər təmiz ürək və təmiz ideyayla başlasalar da, yarıyolda hakimiyyətçiliyə satılırlar... (s. 66)
Seyidin “fikir İnqilabı” İnqilabların qurtardığı yerə gəlib dirənir və elə burda da dolaşıb qalır:
“Mən kütlənin inqilabına inanmıram. Kütlə ehtiyaclarını ödəyə bilməyən zaman etiraz etməyə başlayır, amma nəyisə dəyişə bilmir. İnqilabın bətnində dəyişmək yoxdur, qırmaq, qırılmaq və dağıtmaq var. Öldürmək və itirmək var. Zindan və edam var. Dəyişmək üçün islahat aparmaq lazımdı... Silahlı mübarizə və inqilab mədəni islahatın nəticə vermədiyi yerdə son və tək çarədir...” (s. 76-77)
3) Bununla belə: əməldə Seyid tam başqa İnqilabın istintaqçısıdır...
“...gizli məmur olduğum üçün ürəyimdə sevinirdim. Ölməkdən qorxmuram, ən qorxduğum şey özümü onlardan ayırdığım xalqımın üzünə baxmaq idi. Necə üzlərinə baxa bilərdim... Səhər burda oğluna işgəncə verib, axşam atasının mağazasında oğlundan danışıb çay içdiyim insanlar! Qızına burda təcavüz edib, atasıyla birlikdə onu axtardığım insanlar!” (s. 67)...
Idealdan tam uzaq mənzərədir; bir zamanlar 16 yaşlı Rzayla birgə “qeyrət göstərmək”, kürdlər tərəfindən qaçırılmış qızları qurtaran dəstəyə qoşulmaq üçün vur-tut iki yaşı çatmamışdı, indi bütöv ömrünü “şərəfsiz” yaşamağa məhkum olmuşdur Seyid: “Dilimin altında söyə-söyə kəlbətini Raziyənin baş barmağına tərəf apardım. Özümü söyürdüm – ay şərəfsiz, ay satqın, çək, çək!” (s. 41) Seyid Raziyə üçün nəinki Cabbar ola bilmir, əvəzində: özgə uşaqlarına qənim kəsilib, öz uşağının namusunu qoruya bilməyən “eşşək Yadulla” olur; gücü söyüş söyüb qaçmağa çatan “sırtığ Tatan”olur: “Zəif adamın gücü dilində olar. Dilini də, Raziyə demişkən, kəssələr...!” (s. 62); daim tapdığı cırıq kürkləri üst-üstə geyən Eynulla Qırxkot olmaq xofuyla yaşayır: “Bəzən başına gələn hadisələr və elədiklərin bu paltarlar kimi səni geyinir. Yəni sən paltarı yox, paltar səni geyinir. İnsan istəsə belə özünə çata bilmir...” (s. 75)
Seyid bütün günahları, səbəbləri Siyasətin, təsadüflərin ayağına yazmağa çalışsa da, “tatanlıq” hardasa onun öz canında, ekzistensiyasında da var: “...Dəfələrlə mənim üstümdə kötək yemişdi. Mənim əclaflıqlarımın cavabını vermişdi. Uşaqlıqdan qorxaq idim. Həmişə nəsə bir qələt eləyəndə tez Raziyənin boynuna atıb, aradan çıxardım. O yazıq da sakit dayanardı. Heç vaxt özünü müdafiə eləmədi. Heç vaxt elədiyimi üzümə gətirmədi...” (s. 14) Uşaq vaxtı Seyidin tanıdığı ilk inqilabçı Həjir olur; edam zamanı camaata qoşulub ona atdığı iki tümən pul mistik bir təsadüflə “gedib düz Həjirin üzünə dəyir”; uzun zaman unutmadığı bu ağrı Seyidin İnqilaba atdığı ilk daş olur: “Həjirin hörmətini edam günü saxlaya bilməsəm də, kitablarını bağçada, sözlərinisə beynimdə saxlamışam!” (s. 36)
Həqiqət də elə bundan ibarətdir: Əməldə (edam ağacı), Fikirdə (“kitabların quylandığı yerdə”) və Sözdə (İdealda) olan İnqilab – “yüz ilin inqilabı”...
***
Doğrusu, romanın sonuna çatdıqca, sevincim tədricən azalır, romançının qoyduğu mətləblərin öhdəsindən axıracan gələ bilmədiyini hiss edirdim; hər bir ilk roman üçün səciyyəvi cəhətdir...
-S.Aruz “yüz ilin inqilabı”nın gərəyincə mürəkkəb məzmununa vardıqdan sonra nədənsə onu milli ideologiyanın üstünlüyü ilə bitirməyə çalışır. “Hardasa oxumuşdum ki, eyni dildə danışan iki adam fərqli ideologiyalara qulluq edə bilməzlər. Dil birliyi onlara bu icazəni verməz. Bəs necə olub ki, mənim kimilər və Raziyə kimilər yaranıb?” (s. 78) Romançı sevgililəri qovuşdurmaqla, hakəza şərti planda (simvolistik qatda) Seyidin dayısının şəhid üzüyünü (estafeti) birindən digərinə ötürməklə real və ideal başlanğıcları barışdırır. Ideoloji baxımdan roman tamamlanır, bədii qatda – yox...
-Bu halda qəfil İdeala qovuşmuş qəhrəmanın sonrakı taleyini təsəvvür edə bilməyib romançı süjeti tələsik, amerikan filmlərinə xas sonluqla bitirir: “Raziyənin əri” (Seyid) ətrafında kim varsa gülləyə tutub, tapançanı gicgahına aparır... Bu cür affektiv sonluq mümkünsə də (hərçənd bu halda Etirafların birinci şəxsin dilindən hansı instansiyadan söyləndiyi bəlli olmur), heç də qəhrəmanın “Yüz il inqilab” romanındakı missiyasından xəbər vermir...
-Mövzuya açar: “yüz il inqilab”ın müşküllərinə girə bilən təhkiyə nöqtəsi uğurla seçilmişdir – təhkiyəçi-qəhrəmanın Etiraf dəmi! Amma məncə, təhkiyənin tonu-ahəngi-çaları tam dürüst tapılmamış, çün fəlsəfəsi axıracan fəhm olunmamışdır. Romançı sanki təhkiyəçi-qəhrəmanı (Seyidi) sosial motivlənmiş İnqilab qurbanı kimi təqdimləməyə meyl edir və onu İdeal (Raziyə) qarşısında tövbəyə sürükləyir. Sosial motiv isə özlüyündə çox zəif (hətta gülüncdür): qəhrəmanı fahişəyə evlənməyə məcbur edirlər!; əvəzində əməlli-başlı rifah və Cəllad karyerası qazanır...
-Məncə, roman məhz Cəlladın etirafları üzərində gəlişsəydi, daha çox udardı; çün mətndə obrazın (Seyidin) mündəricəsi daha çox bura çəkir. Cəlladın ilk sevgisinə ürcah olması, “yüz il inqilab”dan gördüyü-çəkdikləri fonunda düşüncələri, yaşamları heç də az önəmli deyil!; və daha çox sosial motivlənmişdir. Bu həm də təhkiyə fəlsəfəsini (ahəngini) dürüstləşdirər, birbaşa oxucuya Etirafa təhrik edərdi. Zira dedik: İdealın “dəvə göz yaşları”na hacəti yoxdur...
-Müəyyən namüəyyənlik janr dolaşıqlığında da özünü göstərir. İndiki halda S.Aruz ekzistensial roman strukturuna həm də roman-pritça məzmununu yükləməyə çalışır; birincidən süjeti alır və ikincidə olduğu kimi: çoxlu rəmzi-metaforik mənalar kontekstinə salır onu. Yəni biz romanı həm: İnqilab fonunda fərdin, İnsanın (Seyidin), həm də elə: “yüz il inqilab”ın ekzistensial özünüdərki kimi oxuya bilərik. Buna nail olmaq çətindir; təzahürlərini də xüsusən roman sonluğunda görürük...
-İdeal (qadın başlanğıcı) və real (kişi kultu) əlamətlərini götürərək, Raziyənin bəkarətinin pozulması məqamında sanki romançı həm də “zorlanmış İnqilab” metaforasını eyhamlaşdırmaq həvəsindədir. Amma Seyidin məhz “İnqilab qurbanı” kimi özünüdərki və Raziyə qarşısında tövbəyə gəlməsi bu versiyanı istisna edir; əvəzində romançı daha vulqar variantlara əl atır: guya “milli” Seyidin Raziyəni kürd Kak Muradın əlindən alması böyük cəngavərlikmiş... Halbuki Cəllad versiyasında metafora işləyə bilərdi: “Ehtirasımız qana bürünmüşdü. Uşaqlığım yadıma düşdü. İynə-iynə oynaya bilməmişdik! Özümə dedim: Bud a sənin iynə-iynən...” (s. 96). Uşaqlıqda İdeal uzaqlıqda bildiyi və heç cür əli yetmədiyi (altşüuruna yerimiş) Sevgisinə Cəllad yalnız bu yolla qovuşa bilir... Bu həm də “yüz il İnqilab” haqqında pritçanın uğurlu sonluğu ola bilərdi...
-“Yüz il İnqilab” romanında Millət, Azadlıq, Həqiqət, İnqilaba dair sanki siyasi ədəbiyyatdan götürülmüş sitatlar, passajlar, şüarlar, trafaret kəlamlar, nitq və aforizmlər... aşıb-daşır; təhlil zamanı qəsdən bolluca isnadlara yer verdim ki, bu barədə roman özü danışsın. Amma burda mən heç də postmodern axtarmaq fikrinə düşmədim, çün “yüz ilin İnqilabı”na azca da olsa ironik yanaşma duymadım. Sezən olarsa, lütfən xəbər versin...
-Roman sadə sintaksislə, Güney danışıq dili və Quzey ədəbi dilimizin qarışığında yazılmışdır; ümumən uğurludur. Amma təzə yanaşma olduğundan xeyli redaktələrə ehtiyacı var...
***
Yazıda çalışdım ki, İran inqilabı ifadəsinə yer verməyim; ona görə yox ki, romanda da az işlənir. Sadəcə bəzi həmkarlarımdan fərqli, düşünürəm ki: “Yüz il İnqilab” eləcə dar çərçivədə, İran inqilabı barəsində yazılmış roman deyildir; yaxud da burda kürd və ya türk məsələsi qoyulub-çözülmür. “Yüz il İnqilab” bütövlükdə Azərbaycan varlığı, Azərbaycan insanının iç həqiqətləri barəsində romandır.
Bu baxımdan Elnarə Akimovanın onu 1930-cu illərin repressiya həqiqətləri ilə yanaşdırması yerindədir. Habelə Qarabağ müharibəsi, 1990-cı illərin müstəqillik idealları və İnqilab, ümumən hakimiyyət və inqilabi düşüncə kontekstində də roman asanlıqla həzm olunur...
Belə ki: “yüz ilin İnqilabı” bugün də aktualdır; oxucu romandan çox şey əxz edə bilər. Necə ki, mən bacardığım qədər götürməyə çalışdım.
18, 23-25 noyabr 2012-ci il