«Əsəd bəyin əzabları» filmi Berlində tanıdıldı

«Əsəd bəyin əzabları» filminin premyerası - 2 may 2013

-
Təqdimat mərasimi mayın 2-də Berlinin «Babylon» kinoteatrında keçirilib.

Xəbəri AzadlıqRadiosuna Almaniyadakı N.Gəncəvi adına Mədəniyyət İnstitutunun
mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, filmin premyerasına İtaliyadan, Avstriyadan, Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov qatılıb.

İlk tamaşanın uğurlu keçdiyi və özəlliklə kino tənqidçilərinin filmi yüksək qiymətləndirdikləri bildirilir.

Berlin Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd Bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsünün qurucusu adlandırıb.

Müəlliflər adından söz alan Nuridə Atəşi təşəkkür nitqində bugünkü Almaniyanın tolerant bir ölkə olduğuna, bu ölkədə təqiblərə məruz qalmadan, Əsəd bəyin əzablarını çəkmədən dünyanın bütün mühacir yazarlarının rahat və azad yaşadığını diqqətə yetirib.

«Um Welt Film» Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallek-dir.

Çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb.

Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Şirkəti, N.Gəncəvi adına Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirərək dəstəkləyib.

Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı «Əli və Nino» romanı, Vyana haqqında xatirələri və nəhayət, İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarda əksini tapıb.