“Teatrda eşq yaşamayan aktyor, əsl aktyor ola bilməz”

İlqar Cahangirov Azadlıq Radiosunda

-

"Bizim yaşadığımız ölkədə əsl sənət, müstəqil sənət heç kimə lazım deyil".

"Məlik Dadaşovun mənimlə münasibətləri yaxşı idi. Mövlud, inan, mənə həmişə deyirdi ki, heç kim dərsə gəlməsə də mən sənə görə dərs deməyə gələcəm."


Bir neçə il öncə Bakı Kamera Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirildi. O dövrdə Kamera Teatrının gənc pərəstişkarları bir narahatçılıq içindəydi: “Sevimli teatrımızın özünəməxsus üslubuna xələl gələcəkmi?”

Məsələnin sənət tərəfini teatrşünaslar qiymətləndirə bilər. Biz bircə onu qeyd edirik ki, Kamera Teatrının sevimli aktyoru birləşmiş kollektivdə çox duruş gətirə bilməyib səhnəni tərk etdi. Söhbət əməkdar artist İlqar Cahangirovdan gedir.

O, Qaynar.info-nun əməkdaşı Mövlud Mövludun müsahibidir.



- İlqar bəy, siz necə bir mühitdə böyümüsünüz, o hansı mühit idi ki, sizi heç bir gəliri olmayan incəsənət sahəsinə gətirdi?

- İndi qayıdıb desəm ki, mən əsl sənətlə nəfəs alan bir ailədə böyümüşəm, yalan olar. Ancaq ziyalı ailəsində böyümüşəm. Babalarım Yardımlıda yaşayırmış. İkinci dünya müharibəsində bizimkilər Cəlilabada köçüblər. Sonra da Bakıya. Mən Bakıda doğulub böyümüşəm. Hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəsim var idi və elə məktəbi bitirən kimi də sənədlərimi İncəsənət universitetinə təqdim elədim. Ondan sonra da əməlli-başlı işə düşdüm (gülür).

- Sizin oxuduğunuz dövrdə böyük sovet aktyorları hələ sağ idi. Diplom işinizi kim qəbul elədi?

- Mənim diplom işimi Məlik Dadaşov qəbul edib. Böyük aktyor idi, mənimlə münasibəti də yaxşı idi. Mövlud, inan, mənə həmişə deyirdi ki, heç kim dərsə gəlməsə də mən sənə görə dərs deməyə gələcəm.

- Eşitdiyimə görə, Məlik Dadaşov sərt təbiətli, hər adamla yola getməyən imiş...

- Mən onun dilini tapa bilmişdim. Bilirsən, o istedadlı adam idi və hiss edirdi ki, mən ürəyimlə bu sənətə bağlıyam. Ona görə də mənə quşu qonmuşdu. Allah ona rəhmət eləsin.

İlqar Cahangirov tamaşa zamanı (sağda)


- Sonra isə Cənnət Səlimovayla əməkdaşlıq başladı...

- Mən Kamera Teatrında işlədiyim dövrdə sevimli Cənnət xanımdan çox şey öyrəndim. Cənnət xanım böyük adamdır. Bilirsən, əziz dost, o, əsl sənətin havasını duyur. Sənətkar üçün bu çox vacibdir.

- Bəs onda niyə sənin təqdir etdiyin Cənnət xanım özünəməxsus Kamera Teatrını sovet klassik teatrına - Gənc Tamaşaçılara birləşdirməyə razı oldu?

- Ay Mövlud, qəribə adamsan vallah, sənə asan gəlir. Biz Gürcüstanda səfərdə olanda eşitdilər ki, teatrımızın binası yoxdur, bizə güldülər. Axı nə vaxta kimi binasız-filansız, cüzi maaşa işləmək olar? Cənnət xanım fikirləşdi ki, bunlar da yazıqdır, qoy, düz-əməlli maaş alsınlar. Dövlətin sənət adamlarına qayğısından istifadə edə bilsinlər. Rəhmətliyin nəvəsi, biz də heç köklü-köməcli teatrların maddi vəziyyəti yaxşı deyil. O da ki, bizim tipli teatr ola. Bizim yaşadığımız ölkədə əsl sənət, müstəqil sənət heç kimə lazım deyil. Son illərdə, Azərbaycanda beş teatr bağlanıb, amma biri də açılmayıb. Yalandan, cüzi təmirlə baş aldadırlar. Bizim millət kitabxananı, teatr binasını bağlayıb əvəzində market açır, paltar dükanı açır. Tiflisə gedirsən, görürsən binaların birinci mərtəbəsində müstəqil teatrlar fəaliyyət göstərir. Bizdə isə birinci mərtəbələr ya gözəllik salonudur, ya da mağaza.

- İlqar Cahangirov niyə Gənc Tamaşaçılar Teatrından ayrıldı?

- Bu barədə mətbuatda çox danışmışam, çox şeylər demişəm, indi köhnə palan içi tökmək istəmirəm. Bircə onu deyə bilərəm ki, Gənc Tamaşaçılar Teatrı zavod-fabrik qaydaları ilə idarə olunur. Azərbaycanda müstəqil ruhlu teatr yoxdur. Sənətkarın dini sənət olmalıdır. Yazçı qəlbində ədəbiyyat üçün olan yeri, rəssam rənglər üçün olan yeri, aktyor, rejissor səhnə üçün olan yeri heç kimə və heç nəyə güzəşt etməməlidir. Bizim sənət adamları isə bir də görürsən mentalitetdən, dindən, cəmiyyətin basqısından qorxur.

- Bir də görürsən, erotik səhnəyə görə aktrisanı tənqid edir...

- Əşi, o məsələ biabırçılıq idi. Nə yazıq ki, Vəfa Zeynalovaya təzyiq edənlərin içində, təzyiqlərin qarşısında susqunluğa qərq olanların içində sənət adamları da var idi. Ay müsəlman, axı, sənin Vəfa kimi neçə istedadlı aktrisan var? Niyə filmdə yaratdığı gözəl bir erotik səhnəyə görə ona belə təzyiq göstərirsən? Məndən soruşanda dedim, Vəfa yaxşı eləyib çəkilib. Azərbaycanda onun kimi talantlı aktrisa beş-altı nəfərdir.

- Bu yaxınlarda bir neçə “NİDA”çı gənclə birlikdə “ODA” teatrını qurdunuz. Bu ideya necə yarandı, cəmiyyətin gördüyünüz işə reaksiyasından razısınızmı?

- Hə, çox maraqlı layihə oldu. Bir gün gənc dostlar mənə dedi ki, biz müstəqil bir teatr qurmaq, cəmiyyətdəki naqislikləri tənqid etmək istəyirik. Mənim də xoşuma gəldi bu fikir. Əvvəl-əvvəl onlara bir neçə ideya təklif etsəm də, bir neçə müəllif məsləhət görsəm də gördüm, bu müəlliflər gənclərin ruhuna uyğun deyil. Dedim yaxşı, gedin, özünüz seçin. Onlar da Qoqolun “Evlənmə”sini seçdilər. Açığı, mənim bu əsərlə bağlı bir yozumum yox idi, ona görə də, hər şeyi cavanların öhdəsinə buraxdım. Onlar da sağ olsun, çox kreativ ruhlu bir tamaşa hazırladılar. İndi də məşqlərimiz davam edir. Yaxınlarda tamaşaçılara maraqlı sürprizlərimiz olacaq.

Mövlud Mövlud


- “ODA”nın kollektivində elə həvəskar varmı ki, gələcəyin peşəkarı olmağa namizəd olsun?

- Var. İnan ki, bir də görürsən cavanlar elə talantlı jestlər, mimikalar edir deyirsən bu adam azacıq teatr təhsili görsə, hazır aktyor, hazır aktrisadır.

- Ad çəkə bilərsiniz?

- Niyə çəkmirəm? Orda bir qız var idi, Aynur Zərrintac. Vallah, o qız bir az sənət təhsilini inkişaf elətdirsə, hazır aktrisadır. Çox istedadlı qızdır. Sonra bir Həsən adlı oğlan var, bilirsən, sevgi filmlərində nə rol yaradar? Bütün ölkə ondan danışar.

- Seks simvol olar yəni?

- Yox (gülür), əksinə, saf məhəbbət tipi ona daha çox yaraşır.

- Bəs peşəkarlarla necə, hansısa layihəniz var? Teatrdan getsəniz də, hansısa müstəqil layihələr işləyə bilərsiniz yəqin ki.

- Hə, hazırda bir neçə sənət dostumla birlikdə Pərviz Bəşərdustun “Arzular bağı” pyesini hazırlayırıq. Yeni tamaşada Qurban İsmayılov, Abbas Qəhrəmanov kimi sənətkarlarla bir işləyəcəyik. Demək olar ki, hər şey hazırdır, bircə qalıb rəssam işi. Hələ ki, bu barədə çox danışıb, dilə-dişə salmaq istəmirəm.

- Səhnəni tərk edəndən sonra seriallara çəkilməyə başladınız, teatrın romantikasına inanan tamaşaçılar bu işə görə sizdən bir az incik düşüb deyəsən...

İlqar Cahangirov tamaşa zamanı (solda)


- Çox nahaq yerə incik düşüb tamaşaçı. Həmin tamaşaçı gətirsin, ayda min manat versin, mən də seriala çəkilməyim. Mən ailə saxlayıram, necə oturub gözləyim ki, hansısa teatr çağıracaq deyəcək, İlqar bəy, gəlin bizlə işləyin, sizə istədiyiniz qonorarı, istədiyiniz maaşı verəcəyik. Yoxdur axı, bizdə belə mühit. Bir də axı çəkildiyim serial “Pərvanələrin rəqsi” Rövşən İsax kimi peşəkar birinin layihəsidir. “Aramızda qalsın”da, “Qayınana”da çəkilməmişəm ki? Mən müəyyən səviyyəsi olan bir teleserialda çəkilmişəm və bundan sonra da Rövşən müəllim kimi ustalarla işləməyə razıyam.

- Son dövrlər, dövlət sifarişi hesabına çəkilən filmlərimiz barədə nə düşünürsünüz?

- Mən Aqil Abbasın “Dolu” romanını oxuyanda oturub zülüm-zülüm ağlamışdım. Amma filmdən razı qalmadım. Adamdan soruşarlar: “Ay qardaş, sənin filmində söhbət Ağdamın işğalı ərəfəsindən, Ağdamın işğalından gedirsə, icra başçısının otağında Leninin şəkli nə gəzir?” Bax belə qeyri peşəkarlıqlar adama gülməli görünür. “Dolu” ağrılı bir əsərdir, bizimkilər, onu döyüş filmi kimi çəkiblər. Əsərin ideyası qalıb başqa bir yerdə, bunlar başqa şey çəkiblər.

- Bəs digər filmlər? Məsələn: “Hökmdarın taleyi”, “Cavad Xan”...

- Heç nə! O filmlərin hamısı, sıfırdan aşağı səviyyədədir. O qədər pula ondan yüz dəfə maraqlı, mübariz, bu günkü gənclikdə ruh oyada biləcək filmlər çəkmək olar. Amma bizimkilər pulları göyə sovurur. Bilirsən, dostum, Azərbaycanda incəsənətə rəhbərlik edən adamlar mübariz ruhlu filmlərin çəkilməyini istəmir. Onlar xalqda savaş ruhunu, mübarizə ruhunu öldürmək istəyirlər. Ssenariləri də, rejissor işini də, aktyor işini də bizim gənclərə, müstəqil düşüncəli sənət adamlarına tapşırmaq lazımdır.

- Gənc yazarlarla dostluq edirsiniz, onlardan hansını sevə-sevə oxyursunuz, hansının əsərinin ekran, yaxud səhnə versiyasının xəyalını qurmusunuz?

- İlqar Fəhminin çox usta bir qələmi var. Ondan sonra Seymur Baycan, Əli Əkbər, Elnur Astanbəyli, Rasim Qaraca çox sevdiyim imzalardır. Mən “ODA” teatrıyla gələcək planlarımda bu dostların əsərlərinə müraciət edəcəyəm. Onlar bizə əsərlər yazsalar birlikdə gözəl işlər görə bilərik.

- Teatrdan ötrü darıxırsınızmı?

- Əlbəttə, şablon kimi çıxmasın, teatr mənim üçün nəfəsdir. Mən indi özümü quruda balıq kimi hiss edirəm. Ən xoş xatirələrim teatrla bağlıdır. Teatrda sevgilərim olub.

- Aha, sevgilər...

- Hə, bəs nə bilmişdin? O aktyor aktyor deyil ki, teatrda eşq yaşamasın. Mən orda sevgi də yaşamışam, tamaşadan sonra sevdiyim aktrisa ilə səhnədə qalıb ad günü də keçirmişəm, əməlli-başlı romantik, şərablı, şamlı bir masa da qurmuşam. Hə, olub mənim belə işlərim (gülür).

- Heç qrim otağında sekslə məşğul olmusunuz?

- Bax, görürsən, gəncsən, hər şeyi seksə bağlayırsan. Mən məhəbbətdən danışıram, sənət adamına stimul verən sevgidən danışıram. Qrim otağında sekslə məşğul olmamışam, amma pərdənin arxasında öpüşmüşəm. İndi bunların hamısını yazacaqsan? (gülür)

Qaynar.info