-
"Mən düşünürəm ki, bizim tanıdığımız, tanımadığımız adamların böyük əksəriyyəti imkan yaranan kimi satqınlıq edəcəklər".
Şair Səlim Babullaoğlu ilə müsahibə
- Səlim bəy, bilirsiniz ki, günümüzdə şeir kitabları əvvəlki qədər satılmır. Şeir öz mövqelərini itirib, dünyada şeirin gücdən düşməsini nəyə bağlayırsınız?
- Mənim iki şeir kitabım “İlyas Göçmənin şəkil dəftəri” və “Polkovnikə heç kim yazmır” yaxşı satılıb. Mən imza və təqdimatlardakı satışı nəzərdə tuturam. Ümumiyyətlə, kitabın satılması, piardan, təqdimatdan və müəllifin kimliyindən asılıdır.
Amma bütövlükdə şeir kitabları ilə vəziyyət başqadır. Dünyanın hər yerində, bütün dövrlərdə şeir kitabları az satılıb. Quttenberqdən sonra kitablar kütləvi tirajlanmağa başladı və bundan sonra şeir kitabları digər kitablardan geridə qaldı. Məsələyə bir az da başqa cür baxmaq lazımdır. Götürək Nizami kimi böyük şairi, o öz şeirlərini yazanda nə tiraj, nə də satılmaq haqda düşünüb. Görünür tiraj və ədəbiyyat iki fərqli şeydir.
Doğrudur, zamanın tələbi və müəyyən reallıqlar kitabın satılmasını aktual edir, bəzən hədəfə çevirir, amma ədəbiyyatın hədəfi başqadır. Hərçənd düşünmürəm ki, bu gün dünyada şeir kitabları çox satılır. İngiltərə kimi böyük ölkədə klassik şairlərin kitabları on min tirajdan azdır, şeir kitabları iki-üç min civarındadır, romanların tirajı isə yüz minlərlə nüsxə olur.
Mən İngiltərəyə gedəndə Riçard Mak Keynlə görüşdüm, o, İngiltərənin 70-ci illər ədəbi nəslini təmsil edən yaxşı bir şairdir, Nazim Hikməti, rus gümüş dövrü ədəbiyyatını ingiliscəyə çevirib. Məlum oldu ki, kitabları satılmır deyə kasıb yaşayıb həmişə, indi isə kimsəsizlər evində yaşayır, tərcüməçilik hesabına dolanır.
- Tez-tez danışılır ki, şeir əvvəlki kimi ictimai fikrə təsir edə bilmir. Şeir ölübmü? Ümumiyyətlə, sizcə şeirin belə bir vəzifəsi varmı?
- Şeirə ictimai fikrə təsir etmək kimi bir vəzifə yükləməyi bir qədər ziyanlı hesab edirəm. Şairin millət atası, öndər, missioner olmasının tərəfində deyiləm. Şair şeir yazmalıdır. O, ictimai fikrə təsir də edə bilər, etməyə də. Məsəlçün, Elliotun şeiri bir leyboristə təsir edə bilər, onun həyata-dünyaya baxışı dəyişər, eyni zamanda onun siyasətində də nə isə dəyişər.
Yaxşı şeirlə bir nəfərin baxışı dəyişə bilər və onun mövqeyi kütlələrə təsir edə bilər. Amma çıxıb Yevtuşenko kimi stadionlarda şeir oxuya bilərsən, sonda məlum olar ki sənin şeirin o qədər də yaxşı deyilmiş. Şeir ölməyib, nə qədər dillər var, söz var, şeir yazılacaq. Çünki poeziya dilin üst hadisəsidir. Mən şeiri iki hissəyə bölürəm: yaxşı şeir və pis şeir, amma bunu xırdalamaq istəmirəm, gərək onda dini dünyagörüşümü ortaya qoyum.
- Yeri gəlmişkən Borxesin yaxşı şeirlə bağlı öz fikri var. O deyir ki, həqiqətə əsaslanan istənilən şeiri yaxşı şeir hesab etmək olar. Şair gərək təsəvvür etdiyinə özü də inansın, fərqi yoxdur bu gerçəklikdir ya fantaziya. Bundan başqa o bənzətmələr, şişirtmələr, söz oyunlarının şeiri hörmətdən saldığına inanır. Siz onun bu fikirlərini bölüşürsünüz?
- Yox, mən fantaziya məsələsində Borxeslə razı deyiləm. Həmin fikirdə ziddiyyət görürəm. Həqiqət dediyin nədir, fantaziya nədir. Amma Borxesin şeirlə bağlı başqa bir fikri də var. O deyir ki, yaxşı şeir ucadan və gözəl oxunmağı tələb edir, çünki şeirin yadındadır, onun əvvəli musiqi olub. Mənə elə gəlir əsas şərtlərdən biri, şeirin bətnindəki musiqini hiss etdirə bilməkdir. Rusların “zərif söz” dedikləri poeziya birinci növbədə öz musiqililik xassəsini saxlamalıdır. İkincisi, mənə görə poeziyada küfr olmamalıdır. Bu mənada özüm üçün “Şairlər” surəsini konstitusiya götürmüşəm.... Necə deyərlər, “yalnız o kəslərdən başqa ki, iman etdilər, zülmə uğradıqdan sonra, haqları uğrunda mücadilə apardılar”.
Mənim üçün şeirin ikinci xassəsi, hətta bəlkə birinci xassəsi şeirdə küfrün olmamasıdır. Əlbəttə ki, küfr anlayışını hərə öz məqamına, ağlına və s. görə qəbul edir.
- Amma dinin, “küfr anlayışının” olmadığı dövrlərdə də şeir olub axı, indi də ateist şairlər var. Küfr, İslama xas bir anlayış deyilmi?
- Xeyr, razı deyiləm, dinin olmadığı dövr olmayıb. Mən din deyəndə yalnız İslamı nəzərdə tutmuram. Bütün dinləri nəzərdə tuturam. Adəm vardı, din vardı. Məsəlçün Məhəmməd (S.A.S.) peyğəmbər yaxşı şeirləri sevirdi. Yəyha peyğəmbər deyirdi ki, yaxşı şeir zamanı gələndə bar verən ağaca bənzəyir. İncildəndir bu. Adəm xəlq olandan bəri din olub. Sadəcə inananların çox və az olduğu dövrlər var görünür.
- Amma buddizmin parladığı dövr var. O nə İslama, nə Xristianlığa oxşamır. Orda klassik anlayışlar, cənnət, cəhənnəm, küfr yoxdur.
- Bəlkə inkar edirlər yox, başqa cür şərh edirlər. Bir də bu o demək deyil ki, onlar Yaradanı inkar edirlər. Onlar inkar etmirlər.
- Mən Buddanın özünün söhbətlərini oxumuşam. O deyir ki, mənim üçün cənnət, cəhənnəm, yaradan, hər şeyi xəlq edən bir varlıq maraqlı deyil. Bəlkə də var, amma mən onun haqda düşünmürəm.
- Mənim fikrimə görə, sintoizmdə, buddizmdə də Yaradan ideyası var. Sadəcə onun şərhi müxtəlif ola bilər. Hərçənd biz teoloji söhbət etmirik.
- Onda belə çıxır ki, bir din üçün küfr olan şey, başqa din üçün küfr olmaya bilər. Bu universal bir anlayış deyil.
- Mən elə düşünmürəm, başlıca məsələdə onlar hamısı gedib Yaradana çıxırlar. Budda Allahı qəlbində tapırdı və ola bilsin buna görə onu başqa yerdə axtarmağa ehtiyac duymurdu.Və ya onun təlimi bu gün belə şərh olunur. Ona görə belə ifadə işlətdim ki, hər kəs küfrü öz ruhi və intellektual hazırlığına görə qəbul edir. Məsəlçün, bəziləri Nəsiminin şeirlərini küfr hesab edir, amma mən belə hesab etmirəm.
Yaxşı şeirin ərsəyə gəlməsi ilə bağlı musiqililik, imanlılıq şərti ilə bərabər üçüncü keyfiyyəti yazan adamın çağdaş adam olması şərti də var. O mövzuda da, lüğət tərkibində də, çağdaş olmalıdır, eyni zamanda bu günün ədəbi problemlərindən də yazmalıdır. Dövrlə həmahəng olmalıdır. Əks təqdirdə ümumiyyətlə ədəbiyyatın mənası olmaz. Nəinki şeirdə, ümumiyyətlə bütün ədəbiyyatda başlıca məsələdir bu. Ədəbiyyat tarixi əslində formalar, növlər, estetika tarixidr. Nəzərə alsaq ki, dünya ədəbiyyatında mövzu sayı 36 deyə təsnifləşdirilib, deməli qalanı spiralvari təkrardır. Amma bununla Azərbaycan ədəbiyyatında çox az adam məşğul olur.
- Bəs şişirtmələr, bənzətmələr, söz oyunları şeirə necə təsir edir?
- Əslində bu çox maraqlı sualdır. Çox dərin sualdır. Hər bir normal ədəbiyyatçı, şair gərək bu sual ətrafında özü üçün bir mühazirə hazırlasın. Mən metaforalar, təşbehlər, şişirtmələr, bənzətmələr haqda düşünərkən bir gün qərara gəldim ki, ordakı “yalan”dan özümü sığortalamalıyam. Ümumiyyətlə, şair sözünün bətnində yalan var. Klassik dövrdən bəri, həm şərq şairləri, həm qərb şairləri yalandan görüb və ondan istifadə edib, bəs, necə olsun ki, bu yalan minimuma ensin. Mən bəzi şeirlərimdə şüurlu şəkildə “yəni ki”, “sanki”, “ola bilər ki” kimi sığortalayıcı hissəcikləri tətbiq etməyə başladım. Hər şey dozasında həddində, hər şey miqdarınca gözəldir.
- Brodski müsahibələrinin birində deyir ki, nə vaxtsa Yevgeni Reyn mənə məsləhət görmüşdü ki, sifətlərin istifadəsini minimuma endirin, isimlərə isə çox yer verin. Çünki sifətlər şeir yazmağı asanlaşdırır. Sifət də bir növ bəznətmədir əslində.
- Xeyr, əslində Reyn ona məsələhət görmüşdü ki, feili qafiyələrdən az istifadə edin. Ona görə ki, feillər “acaq”, “əcək” və sair bu kimi hissəciklərinin hesabına qafiyələnir. Məsəlçün adam yaza bilər:
Bir gün gələcək
Meyvələr yetişəcək
Adamlar onu yeyəcək
Bu şeir yazmaq üçün çox asan yoldur. Reynin Brodskiyə birinci məsləhəti bundan imtina etmək idi. Sifətləri isə o ənənəvi halda işlətməyin əleyhinə çıxırdı. Mən Brodskinin belə düşüncələrini qismən bölüşürəm.
- Poeziyada konseptual şeir adlı bir şeir növü var. Azərbaycanda konseptual şeirin tarixi hardan başlayır? Mənim bildiyimə görə bu şeiri daha çox Azad Yaşar yazıb. Siz bu haqda bir az məlumat verərsinizmi?
- Konseptual şeirə müxtəlif nəzəri baxışlar var. Amma çefayda ki, Azərbaycanda demək olar konseptual şeir olmayıb. Doğrudur ki, rus poeziyasının təsiri altında müəyyən eksperimentlər edilib, müstəqillik illərimizə qədər belə şeir nümunələri görünmür. Müstəqillik illərində ilk dəfə iki şairimizdə konseptual şeirlər görmüşəm, biri Rasim Qaracada, onun “anlamsız şeirlər”ində. Bu şeirlər həm konseptual, həm də eksperimental şeirlərdir. İkincisi isə Azad Yaşardır. Mən onların bu şeirlərini yüksək qiymətləndirirəm, vaxtilə Rasim Qaracanın “anlamsız şeirləri” haqqında yazmışdım da. Amma bu konseptual və eksperimental şeirlərin nümunələri Murad Köhnəqalada da var, mənim özümdə də var. Azad Yaşarın konseptual şeirləri ilə mənimki arasında ciddi fərq var. Azad Yaşar konsepsiyanı daha çox mahiyyətə qoyur, bu özünü formada biruzə vermir. Yəni Azadda bu mahiyyət, məna qatında olur. Mən isə bunu eyni zamanda formal olaraq həll etməyə çalışram. Misalçün, “Ürək döyüntüsünə ithaf” şeirim. Amma Vaqif Səmədoğlunda da bir-iki belə şeir görmüşəm. Məsələn:
Hər gün bir kərpic düşər ömrümün sarayından
Hər gün bir kərpic düşər ömrümün
Hər gün bir kərpic düşər
Hər gün bir kərpic
Hər gün bir
Hər gün
Təxminən belə idi... Burda məna qatında olan formal baxımdan da həll olunmuşdu. Kərpiclər kimi sözlər də düşmüşdü.
Çox az adam bilir ki, forma nöqteyi-nəzərindən konseptual şeirlər Mirzə Ələkbər Sabirdə də olub. İndi onları dəqiq xatırlamıram, amma nə vaxtsa oxuyanda seçib qeyd etmişdim. Çox güman ki, Sabir onu yazanda intiutiv başlanğıcdan çıxış edərək yazmışdı. Nəsiminin də kəkəc şeirləri var, bunlar həm konseptual, həm də eksperimental şeirlərdir.
- Aşıq şeirində dodaqdəyməz, dildönməz şeir tipləri var.
- Əlbəttə, onlar da konseptual şeirdir. Belə şeirlərdə həm də eksperimentallıq var. Adətən bunlar çox yayılmır. Ədəbiyyatda çərəz kimi olurlar. Bizdə bunu sistemli şəkildə Azad Yaşar yazıb, silsilə şəklində isə Rasim Qaraca. Mənim “İlyas Göçmənin şəkil dəftəri” kitabım elə konseptual silsilədir. Bir fotoqrafın qırx fotosuna yazılmış şeirlərdən ibarətdir. Ümumiyyətlə, ədəbiyyatın mətbəxi ilə məşğul olan şairlərimiz yox dərəcəsindədir.
- Bir müddət əvvəl Müşfiqin kitabını çapa hazırlamısınız və həmişə ona münasibətdə yüksək fikirlər söyləyirsiniz, hətta dahi, çağdaş şair də hesab edirsiniz. Amma o da var ki, Müşfiq romantizm üslubunda köhnə tipli şeirlər yazıb və ondan qırx-əlli il əvvəl artıq Avropada simvolizm, sürrealizm üslubunda yazan böyük şairlər var idi. Sizcə də o köhnəlmiş şair deyilmi?
- Xeyr elə deyil, bəs ispan ədəbiyyatında Lorka kim idi? Romantik idi. Müşfiqin də bəzi şeirlərində simvolizm var. Baxır sən simvolizmə, rəmziliyə necə yanaşırsan? Müşfiq təkcə simvolist deyildi, həm də modernist idi. O əruzu gözəl bilirdi, fars dilini bilirdi.
- Əruzu bilmək, fars dilini bilmək hələ modernist olmaq deyil ki.
- İcazə ver izah edim. Məsəlçün, Sabir modernist idi, amma əruzda yazırdı. Poeziyada modernizm hansı növdə, hansı ülgüdə yazmaqla təyin olumur. O, ülgüdən necə istifadə etməklə, improvizə qabiliyyəti ilə daha çox müəyyənləşir. Müşfiq, əruzu gözəl bilirdi, o əruzla heca janrını improvizə edib onun kəsişməsində formaca unikal, mahiyyətcə romantik, lirik şeirlər yazırdı. Bu mənada o, Azərbaycan dili və Azərbaycan poeziyası kontekstində unikal bir hadisədir.
- Amma hardan baxanda? Azərbaycandan baxanda elə görünə bilər, Azərbaycandan kənara çıxanda elə də unikal görünmür.
- Siz Lorkanı diqqətlə oxuyun. Mənə görə o, Muşfiqdən qat-qat zəif şairdir. Muşfiq modernist rübailər yazıb. Modernist şair Azad Yaşar da belə rübailər yazıb. Müşfiqin şeirlərinin mahiyyət və səs qatını analiz edəndə hədsiz unikal şair olduğu görünür.
Bir də Müşfiqin yazdığı “Telefon” kimi, dövrün texnoloji yeniliklərinə, problemləriylə bağlı yazdığı şeirləri vardı. Bəs, bunları nə edək?
Götürək Nobel mükafatı laureatı şair Xuan Ramon Ximenesi. Onun kateqoriyası modernizm idi, amma poeziyasının ovqatı melanxolik-romantik idi. İspan ədəbiyyatında Ruben Dario kim idi? Romantik idi. Brodski kim idi? Formal novatorluğu ilə yanaşı həm də böyük romantik idi. Fransızlardan sürrealistləri qoyaq bir kənara, orda onlarca romantik, melanxolik, lirik şair var idi o dövrdə. Onlardan biri Pol Eluar idi:
Я родился я умер открылись захлопнулись двери
Я заблудился в аллеях смертельно цветущего сада
Я не помню дороги назад я в спасение больше не верю
Мне неведомы судьбы мои я бреду как в бреду наудачу
Я гримасу отчаянья в серые простыни прячу.
Musiqisinə diqqət yeririn. Sanki eyni poeziyadır.
Küləklər, küləklər, ey sərin küləklər...
Biz XX əsrin əvvəllərində elə dünya poeziyasına Müşfiqlə həmahəng qoşulmuşuq. Bir də romantika niyə köhnəlməlidir ki? Ümumiyyətlə, poeziya romantikasız ola bilməz.
- Brodski deyir ki, mənim üçün zamanın axını və onun insan üzərində təsiri çox maraqlıdır. Onun fikrinə görə, zaman və siyasi vəziyyət şairi dəyişdirir, yontalayır, fikirlərini tamam fərqli qurmağına səbəb ola bilər.
- Ümumiyyətlə, zaman elə bir kateqoriyadır ki, hər şeyi özündə ehtiva edir, məkanı da. Zaman məkandan daha böyük kateqoriyadır. İslamda belə bir deyim var: “Zamandan şikayətlənməyin, onu söyməyin çünki zaman mən özüməm”... Nazim Hikmət hardan qaçdı? Türkiyədən. Hara gəldi? SSRİ-yə. O, SSRİ-yə gələn dövrdə orda Pasternakın başına nə oyunlar gətirirdilər? Bəs, Brodski hara getdi? Amerikaya. Ezra Paund isə Amerikada həbs olundu. Tomas Elliot Amerikaya qayıtmaq istəmədi. Fransada Lui Ferdinand Selin kalloborasionist (ölkənin maraqlarına zidd olaraq düşmənlə əməkdaşlıq edən şəxs – N. H) elan olundu. Çeslav Miloş əvvəl Fransaya, ordan da Amerikaya getdi. Bir sistemdə bir insan özünü çox rahat hiss edə bilər, başqa birisi isə çox sıxıla bilər. Birinin qaçdığı yerdə başqa biri sığınacaq tapırdı. Bu insanın öz çevrəsi və şəxsi müdrikliyi ilə bağlıdır. Hər kəsin öz müdriklik dərəcəsi var. Adam var, konslagerdə duruş gətirə bilir, adam var gətirə bilmir. Elə dövr olub ki, ölənə haqq qazandırıblar, elə də dövr olub satqına. Bunlar olduqca individual məsələlərdir, hər kəs öz əməlinə görə cavab verir. Ona görə də burda zaman-məkan kateqoriyaları içində, amma daha çox, insanın özünün hadisələrə münasibətini əsas götürmək lazımdır. Elə adam var çoxunun duruş gətirmədiyi yerdə böyük ləyaqətlə duruş gətirir. Elə adam da var ki, kiçik bir təklif gələn kimi satqınlıq edir. Mən hələ şahdan, məmurdan danışmıram, İsa peyğəmbərin yanındakı həvarilərdən ikisi İsanı satdı...
Mən düşünmürəm ki, bir dövr o birisindən yaxşı olub.
- Düşünürsünüz ki, indiki dövrümüz 37-ci illərə oxşar bir dövrdür? Bu iki dövrü eyniləşdirmək olarmı?
- Mən düşünürəm ki, insan xisləti həmişə eynidir. Fərqi yoxdur 37-ci il, 97-ci il yaxud da 2037-ci il. Əlbəttə eyniləşdirmək olmaz. Amma gəlin belə düşünək, o pislikləri edənlər kimlər idi? İnsanlarıydı. Tadeuş Rujeviçin məşhur bir sualı var. O deyir: şər hardan peyda olur? İnsandan, insandan, əlbəttə ki, insandan. Mən düşünürəm ki, bizim tanıdığımız, tanımadığımız adamların böyük əksəriyyəti imkan yaranan kimi satqınlıq edəcəklər. Hətta, bəlkə təklif gözləmədən də satacaqlar. Bu insanın xisləti ilə bağlı şeydir.
- Şair Nicat Məmmədov bir müsahibəsində demişdi ki, vaxtilə bizdə qoşma qeyri-peşəkar şeir növü kimi çox yayılıb. Bir az zaman keçdikcə o özü-özünü yazır. Eyni qafiyələr, eyni rədiflər minlərcə dəfə təkrarlanır. Belə şeiri artıq balaca uşaqlar da yaza bilirlər. Bütün bunların səbəbi isə yeni şeir texnoloqlarının ortaya çıxmaması ilə bağlıdır. Siz bu haqda nə düşünürsünüz?
- Məncə bu bir qədər şeirə pərgar və xətkeşlə yanaşmağa bənzəyir. Şeirşünaslıq deyə bir elm var ki, Azərbaycanda bu sahə kifayət qədər inkişaf etməyib. Şeirdə yenilik hökmən intuitiv yolla olur, intellekt onu püxtələşdirir, bayaq danışdığımız Brodski nümunəsi. Amma bunu yalnız ağılla, başla etmək istəsən, bu qurama bir iş olur. Məsəlçün, rus şeirində Dmitri Priqov buna nümunədir, o qırx mindən çox şeir yazıb. Arkadiy Draqomuşenko, Qennadi Ayqi, Şamşad Abdullayev kimi şairlər var ki, bunlar məncə qapalı, bəlkə bir qədər hermenevtik şeir yazırlar. Onların mətni qapalı olur. Amma mən onların mövqeyini bölüşmürəm. Hesab edirəm ki, şair ağıllı olsa çox yaxşı olar. Amma başqa nümunələr var. Məsəlçün:
Laylay dedim yatasan.
Qızıl gülə batasan.
Qızıl gülün içində.
Şirin yuxu tapasan
Bilirsiniz, bu şeirlər niyə çox yaşayacaq? Çünki onu deyən, baba, nənə, ana populyarlıq və tiraj haqqında düşünmürdü. Sadəcə, oturub hövllənirdi, dərd, tənhalıq, nisgil, sevgi ona güc gəlirdi və oturub şeir yazırdı. Daha doğrusu yazmırdı, deyirdi. İçindəki enerji sublimasiya olunurdu. Onun ədəbi iddiası yox idi. Şeir əslində romandan fərqli olaraq şifahi hadisədir. Bu məqamda isə “sözlər yazılanda ruhunu itirir” kimi məşhur deyim təsdiqini qismən tapırdı. Bax, Borxesin səmimiyyət dediyi şey budur. Səmimiyyət ədəbi iddianın minimum olduğu məqamda daha çox olur. Ona görə də bu ilk baxışdan bəsit şeirlər min ildir ötürülür.
- Ona qalsa aşıqlar heç vaxt tiraj haqda düşünməyib, səmimi də olublar.
- Onların yazdıqlarının çoxu mənasızdır. Bilirsiz tirajın nəticəsi pul-paradırsa, aşıq da pul-paranı başqa cür qazandığından heç bu haqda düşünməyə lüzum qalmayıb. Amma unutmayın haqq aşıqları adlanan bir kateqoriya da var. Hərçənd, insan çox səmimi halda söyüş də söyə bilər. Amma söyüş Söz olmağa iddia etsə də, böyük mənada heç vaxt söz olmayacaq.
- Deməli səmimiyyət yeganə şərt deyil?
- Əlbəttə ki, səmimiyyətdən başqa sevgi olmalıdır, həmdərdlilik olmalıdır. Şair bir mövzunu yazanda o situasiyada yalnız özünü görməməlidir. Elə bir təbir və təkidlə yazmalıdır ki, bu, başqlarının həyatına daha çox aid olsun.
- Qaçqınlıqdan, Qarabağ dərdindən, vətən həsrətindən şeirlər yazan və bunu ifa edən xeyli sayda aşıq var. Siz dediyiniz şərtlər hamısı onlarda var, həmdərdlilik, səmimilik.
- Bunlar ədəbiyyat deyil, şablondur, karikaturadır. Səmimiyyət- sözdən daha çox intonasiyadır, mən bunu əksər aşıqlarda hiss etmirəm, görmürəm. Minor haqqında major tonda danışmaq olmaz. Bir də aşıqlarımızın bir çoxu kompozisiya hissindən məhrumdur. Eynən şairlərimiz kimi. O, ancaq qafiyələnən sözləri bilir və olduqca məzmunsuz şeirlər yazırlar. Bəlkə doğurdan da Qarabağ dərdi haqqında gözəl şeir yazmaq olar, amma gərək o ağrını içindən keçirib yazasan. Mən öz gündəliyimdə bir fikir qeyd etmişəm: “Ədəbiyyat “nə” sualına cavab tapmış adamın, “necə eləməsi” məsələsidir”. Görünür aşıqlar hələ “nə” sualına cavab tapmayıb, ona görə də “necə etmək” məsələsi onlar üçün aktual deyil. Eynilə muğam ifaçıları kimi, biri o birisini doğurur.
- Belə fikir var ki, şeirdə yenilik etirazdan yaranır. Yenilik gətirən adamların əksəriyyəti həm də köhnə şüura, köhnə zövqə etiraz edən adamlar olub.
- Bu fikir bir qədər doğrudur, bir qədər də doğru deyil. Milan Kundera yazır ki, ədəbiyyat tarixi yalnız ona görə maraqlıdır ki, orda estetika var. Qalan heç nəyə görə maraqlı deyil. Çünki bütün həqiqətlər deyilib. Estetika həmin həqiqətləri başqa donda təqdim etməyə kömək edir. Məgər etirazçı adam günəşin şərqdən deyil, qərbdən çıxmasınımı deyir? Xeyr. O həmin həqiqətləri başqa cür yazır. Ədəbiyyat tarixinə maraq qazandıran şey, yalnız və yalnız estetik görünümdür. Bu, yeniliyə impuls verən şeylərdən biridir. Çeslav Miloş bu haqda bir az başqa cür deyirdi. O deyirdi ki, poeziyə sənəti bir az da şübhə və tərəddüd sənətidir. Mən bir şeyə etiraz edirəmsə, deməli ortaya alternativ qoyuram, amma onda bir az tərəddüd etməliyəm. Çünki nə vaxtsa onu da təkzib edəcəklər. Bəlkə də intuitiv olaraq 1997-ci ildə belə bir şey yazmışam, onun kiçik bir parçasını deyim:
Təzə söz yazsan,
Elə evdə oturub dinləsən içini
Heç hara çıxmasan
Kədəri-qədəri vecinə almasan
İçin-için, içim üçün ağlasan
Görəcəksən ki, sən daha maraqlısan.
Təzə söz yazsan,
Onun təzəliyinə inansan,
Sonra da təzə sözlər olmur deyib
Gülsən-ağlasan,
Görəcəksən ki, sən daha maraqlısan.
Söhbətləşdi: Namiq Hüseynli

"Lorkanı diqqətlə oxuyun. Mənə görə o, Muşfiqdən qat-qat zəif şairdir".
"Mənim üçün şeirin ikinci xassəsi, hətta bəlkə birinci xassəsi şeirdə küfrün olmamasıdır".