-
Jorge Luis Borges:
"Yəqin Coys düşünürmüş ki, onun kitablarından sonra daha heç kim heç nə yazmayacaq, çünki yazılacaq hər şey onun kitablarının proyeksiyası ya da anlamsız təkrarına çevriləcəkdi.
Başqa sözlə desək, Coys əsərlərini sonuncu kitablar olması üçün yazırdı. Amma yazı adamları bunu tamam başqa cür anladı. "
Osvaldo Ferrarinin argentinalı yazar Xorxe Luis Borxeslə söhbəti. Söhbətin bircə mövzusu var: İrlandiya yazıçısı Ceyms Coys!.
- Borxes, elə kitablar və müəlliflər var ki, onların sirri oxucuların üzünə həmişəlik bağlı qalır. Siz onlar haqda dəfələrlə, özü də xırdalıqlarına qədər danışıbsınız. Mən Ceyms Coys və onun “Uliss”ini nəzərdə tuturam.
- Bəlkə də o kitab elə sirr kimi qalmaq üçün yazılıb. Müəllif onun şərh olunmasını, aydınlaşdırılmasını istəyib. Fikrimcə, Coys kitablarını eksperiment məqsədiylə yazmışdı, ya orda izahedilməz bir sirr gizlənməliydi, ya da əsərin quruluş prinsipi özlüyündə onun üçün xüsusi önəm daşıyırdı.
Mən Stüart Gilbertin bir kitabını oxumuşdum, bu kitab “Uliss”in planı şəklində yazılıb, onu oxumaq “Uliss”in özünü oxumaqdan daha zövqlüdür və belə görünür onsuz “Uliss”i anlamaq mümkünsüzdür.
Məsəlçün, Gilbertin kitabında “Uliss”in hər fəslinin başlanğıcındakı ritorik fiqurların izahı verilib. Hər fəslin özünün aparıcı rəngi var. Tutaq ki, qırmızı. Bundan başqa, hər fəsildə orqanizmin həyat fəaliyyətindən bəhs edilir; qırmızı rəngin bol-bol verildiyi fəsildə biz qandan söhbət getdiyini anlamalıyıq. Bu minvalla ritorik fiqurlar müəyyən saatlarla, müəyyən epizodlarla da səsləşir. Həmçinin, fəsilləri Stiven Dedalus və Leopold Blumun mühakimələrinə daha çox yer verilməsinə görə də bölmək olar. Sonda isə onların hər ikisinin fikirlərinin dumanlandığı bir məqam yetişir. Bax o məqamda paralelizmin nə qədər dəyərli olduğu ortaya çıxır. Bundan əlavə romanın hər epizodu “Odissey”in bir epizodu ilə səsləşir, beləcə qəhrəmanların həyatından edilmiş paralelizmlər də ortaya çıxır. Bir yandan da bütün bunlar möhtəşəm yazı texnikasıyla müşayət olunur…
Yanılmıramsa, Gilbertin kitabında bir fəsildə Coysun istifadə etdiyi bənzətmələrin tam siyahısı verilib, orda həm də əsərdəki sinekdoxalardan, metonimlərdən və sairdən nümunələr gətirilir. Başqa bir fəsil isə, deyək ki, başdan-başa, sual və cavablar sistemindən, özünəməxsuz katexizisdən bəhs edir.
Romanın sonunda Mollinin məşhur daxili monoloqu – otuz, ya da qırx səhifəlik, durğu işarəsiz şüur axını verilib. Amma Gilbertin fikrincə, şüur axını özlüyündə sözsüz olmalıdır, çünki insan nə haqdasa düşünərkən hələ fikirlərini sözlərə çevirmir. Başqa sözlə desək, şüur axını dilə yatmır, yaxud ən azından ancaq fellərə çevrilə bilir, bundan artıq yox. Di gəl ki, Coys orda sifətlərdən də, isimlərdən də, sözönülərdən də, bağlayıcılardandan da istifadə edir və hətta mürəkkəb ifadələr də qurur.
______
“Stuart Gilbert (1883 – 1969) İngilis ədəbiyyatşünası, coysşünas
- Bütün bunlar romanı anlamaqda çətinlik yaradır.
- Axı bu kitab... Coys özü bu romanı yazmayıb ki...
- Anlaşılsın.
- Hə, ya da oxunub zövq alınsın. Məncə, bu roman realist romançılıq da daxil olmaqla, bütövlükdə ədəbiyyatın “reductio ad absurdum”udur (absurd həddinə çatdırma).
- Bəli, siz tam hədəfə vurdunuz...
- Mənə elə gəlir, Coys ənənəvi romandan kənara çıxmaq istəyib... Mümkün qədər kənara çıxıb, axırda onu darmadağın etmək istəyib. O “Uliss”dən sonra “Finnegan's wake”i (Finneqanın yası) yazır, bunlarla ədəbiyyatın sonuna çıxmaq istəyirdi, elə bilirdi bunlar ədəbiyyata yekun vuracaq. Yəqin düşünürmüş ki, onun kitablarından sonra daha heç kim heç nə yazmayacaq, çünki yazılacaq hər şey onun kitablarının proyeksiyası, ya da anlamsız təkrarına çevriləcəkdi. Başqa sözlə desək, Coys əsərlərini sonuncu kitablar olması üçün yazırdı. Amma yazı adamları bunu tamam başqa cür anladı. Coysu özünə ustad sayan çoxlu davamçıları ortaya çıxdı, o, kitabları ilə ədəbiyyatın sonuna çıxmağa çalışsa da, ədəbiyyat yaşamağa davam etdi. İndi onun haqqında bircə şey deyə bilərik: Coysun sözlə işləməkdə hüdudsuz istedadı vardı, başqa dillərlə yanaşı, əsas da ingilis dilində. Baxmayaraq ki, bu dil mürəkkəb söz yaratma imkanlarına görə alman dilindən xeyli geridə qalır. İndi Coysun Valeri Larbo**, Stüart Gilbert və başqaları ilə birlikdə “Ulissin” tərcüməsində nə dərəcədə yaxından iştirak etdiyini xatırlamıram, amma o, kitabının daha çox özünün yaratdığı mürəkkəb sözlərdən ibarət olduğunu və bu üzdən tərcüməyə yatmayacağını gözəl bilirdi...
___________
**Valeri Larbo (1881-1957) fransız yazıçısı və tərcüməçisi.
- O çoxlu neologizmlər yaradıb.
- Bəli. Onun romanının alman dilinə çevriləcəyinə şübhəm yoxdur, çünki alman dili üçün mürəkkəb söz yaradıcılığı adi haldır. Almanlar danışıqda mürəkkəb sözləri tez-tez istifadə edirlər və bu, çətinlik yaratmır, çünki məna aydınlaşır. İngiliscədə isə o sözlər bir qədər saxta görünür, ispancada belə sözlərin qarşılığını tapmaq demək olar mümkünsüzdür.
- Bu minvalla Ceyms Coys “Finnegan's wake” və “Uliss”lə ədəbiyyat üzərində qorxunc məhkəmə qurmaq istəyirdi.
- Xüsusilə də “Finnegan's wake”lə. Bu roman “Uliss”in davamı və sonu idi. O elə bilirmiş, bu romandan sonra daha ədəbiyyat olmayacaq. Lakin, ədəbiyyat yeni şərtlər altından yaşamağa davam edir. Ondan sonra daxili monoloqlar olduqca geniş istifadə edilməyə başladı. Deyəsən, ispancada “Uliss”in iki hərfi tərcüməsi var, amma onlar yaman gündədir, çünki quruca mənanı ifadə edirlər. Həm də ispan dilində sözlər daha uzundur, Coysun əsas təsiri ritmlə, kadensiyayla duyulur, bizim dilimizə çevirdikdə isə bu effektlər yoxa çıxır. Hərfi tərcümə ən yaxşı halda mətnin məzmununu ifadə edir. Coys ingiliscə cümlələrini, nəzm formasında, ya da heç olmasa ritmik formada qurub və səslənərkən daha aydın duyulur. Hərfi tərcümədə isə ortaya yöndəmsiz, ağır cümlələr çıxır, Coysun titizliklə tapıb yan-yana düzdüyü mürəkkəb sözlər saxta və qəliz hala düşür...
- Müasir roman Coysla birlikdə bitmək əvəzinə, onun təcrübəsindən ilhamlanaraq, Coysdan fayda götürdü.
- Bəli...
- Onu özünə hopdurdu.
- Bəli, mənə elə gəlir Coysun özü də bunu gözləmirdi.
- Ya da arzulamırdı.
- Məncə, o sonuncu olmağı arzulamışdı, o romanın ölümünü gözləyirdi.
- Şübhəsiz ki.
- Onu buna axtarışları vadar etmişdi. İlk dövrlər o gözəl şeirlər yazırdı, çox kiçik şeirlər idi bunlar, ritmik cəhətdən də qüsursuz idi və onlar poeziyanın varlığına heç bir təhdid yaratmırdılar. Onun iki romanına baxırsan... onlar, müəyyən mənada, - realizmin reductio ad absurdum –u idilər, çünki onar iki qəhrəmanın iyirmi dörd saatlıq həyatındakı heç bir saniyəni belə nəzərdə qaçırmırdı. Hər bir saniyə qeydə alınıb, bir yandan da biz artıq o saniylərini yadda saxlamırıq, elə deyilmi?
- Yeganə bir günün anları.
- Sonradan aydın olur ki, söhbət hansısa bir günün konkret xronikasından getmirmiş, bütün bu xronika bəlli şəkildə “Odissey”lə bağlıymış. Başqa sözlə, “Odissey”də uzun illər içərisində baş verənlər iki qəhramanın yaddaşında canlanır və Coys hansısa bir günü seçir və qəhramanları Dublində məskunlaşdırır. Əlbəttə, Coys o zamanlar Dublinin nostalgiyası ilə yanıb-tutuşurdu. Amma ora qayıtmaq istəmirdi...
- Bəli...
- Görünür, həmin nostalgiya vətənə sahib olmaq yolu idi.
- Beləliklə “Dublinlilər” ortaya çıxdı.
- Hə, qismən belə demək olar. Ola bilsin, o bu kitabı yazıb Dublinə düşməyi xəyal edirmiş, o fiziki mənada Dublində yaşamağın xiffətini çəkirdi.
- Doğrudur.
- Axı, həmin kitablar olmadan da Coys Dublində yaşamışdı.
- Görünür, ədəbiyyata köçürülmüş xatirələr onun üçün daha həqiqi idi.
- Nostalgiyanı hiss etmək üçün, vətəndən uzaqda olmalısan. Yəhudilər Yerusəlimdən uzaqda olmasaydılar onun xəyalını qurmazdılar, ora çatmaq üçün çıxış yolları axtarmazdılar, həm də... o sözün adı yadımdan çıxdı.
- Diaspor
- Hə, diaspor. Əgər vətəni tərk etmə, kütləvi mühacirət və diasporlar yaranmasaydı, Yerusəlimin obrazı da yaranmazdı, Yerusəlim həsrəti olmazdı. Hə, tərk etmə və diaspor, indi isə İsrail ayrıca bir dövlətdir və şübhəsiz ki, Yerusəlim cazibəli təsirini itirir, artıq bu mümkün deyil. Axı bu poeziya üçün də itkidir, elə deyilmi? Bir halda ki, paraxoda, ya da qatara minib Yerusəlimə getmək mümkündür, onda onun haqqında danışmağın nə mənası var? Amma insafən o nə zamansa cəzbedici bir şəhər olub, elə deyilmi?
- Gəlin Coysa qayıdaq. Onun yaradıcılığında dinə bir aydın baxış var. Xüsusilə buna “Sənəkarın gənclik portreti”ndə rast gəlirik. Elə başqa bütün əsərlərində də.
- Əlbəttə o, katolisizmdən qopmuşdu, amma məncə hər dinin “ateist”i fərqlidir. Protestantlıqdakı ateist, heç də katolisizmdəki, ya da iudaizmdəki ateistə bənzəməz. Fikrimcə, burda fərq çoxdur. Axı insan öz tanrısından qopur, tanrısını inkar edir.
- Amma Coysun dindarlığı onun bütün yaradıcılığı boyu nəzərə çarpır, siz ki, özünüz bir dəfə demişdiniz ki, bilinmir necə, amma hər gün onun üçün Mühakimə günüdür, bütün yer üzü onum üçün cəhənnəm, yaxud məhşərdir.
- ...Belə olmasaydı, “Uliss” mənasını itirərdi.
- Əlbəttə.
- Deyək ki, kitabda əks olunmuş həmin yeganə gündən bircə kiçik detal belə çıxarılsaydı, yəqin “Uliss”i yazmağın bir mənası qalmayacaqdı. Bu kitab bir növ mikrokosmosdur, o bütün aləmi özündə birləşdirir... həm də o çox böyükdür, mən onu oxuyub qurtara biləcək birisini təsəvvür edə bilmirəm. (Hər ikisi gülür.) Onu çoxu analiz edib. Amma inanmıram kimsə onu ilk səhifəsindən sonuncu səhifəsinə qədər oxusun.
- Həm də onun oxucunun yaddaşında əvvəldən-axıra kimi qalması da ağlabatan şey deyil.
- Əgər hüdudsuz yaddaşa sahib birinin varlığını istisna etsək belədir. Ancaq görünür kitabların çoxu, hər səhifəsi yadda qalmaq üçün yox, kitabın özünün yadda qalması üçün yazılır, elə deyilmi?
- Elədir.
- Bunu “Don Kixot”a da aid edə bilərik. Biz ordakı hər fəsili yadda saxlamırıq, xüsusilə də hər səhifəsini, amma kitabı örtəndə, məzmunu yadımızda qalır. Kitabdan yadımızda nə qalırsa bu bir növ obrazdır, bu obrazsa ömürlük yaddaşımıza yazılır.
- Həmin yadımızda qalan şey kitabdan bir parça kimi də qəbul oluna bilər.
- Hə hətta kitabdan bir parça kimi də.
Çevirdi: Namiq Hüseynli