Rusiya Yazıçılar Birliyi Putini dəstəklədi

Putin Rasputini "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edir, 2002

-

Prezident Vladimir Putinin Ukraynaya qarşı addımlarına Rusiya Yazıçılar Birliyindən də dəstək gəldi:

“Biz anlayırıq ki, sizin çiyinlərinizə necə bir tarixi məsuliyyətin yükü düşüb.

Biz dinc və yaradıcı həyata can atan Ukrayna xalqına, Krım xalqlarına hərtərəfli yardım göstərmək qərarınızı tam dəstəkləyirik”

Bəyanatı dövlət mükafatı laureatı, yazıçı Valentin Rasputin, teleaparıcı Nikolay Drozdov və onlarla başqa yazar imzalayıb.

Birlik bildirir ki, Ukraynada hakimiyyətə gələn qüvvələr qayda-qanunu bərpa etmək əvəzinə “rus dilinin qadağan edilməsi və faşizm üzərində qələbənin rəmzlərinin məhv edilməsi, Ukraynanı azad edən sovet əsgərlərinin abidələri yerində nasistlərlə əməkdaşlıq etmiş millətçilərin heykəllərinin qoyulması ilə məşğuldur”.

Rusiya Yazıçılar Birliyi (Союз писателей России) 1991-ci ildə SSRİ Yazıçılar Birliyi dağılan zaman yaranan iki təşkilatdan biridir. Millətçi mövqeyi ilə seçilir.

Digər təşkilat - Rusiya Yazıçılarının İttifaqı (Союз российских писателей) demokratik yönümlüdür.

Bundan əvvəl tanınmış yazıçı, müxalif siyasətçi Eduard Limonov da Kremlin Ukrayna siyasətini dəstəklədiyini bəyan etmişdi.