-
Arazın o tayından
Ferzad Leysi
Mesaj
Ürəyimdən beynimə mesaj gəldi
Yaz
Yaya bir şey qalmayıb
Ölüm qoltuğunu qıdıqlayır .
Yaşam
Şəhər dalğalar döşündə
Küçələr üzü üstə
Sürünür
Yaşam
Günəşin ölən anları
Xoruzun son banları
Zülm dalğası
Günəşlə gol - boyun
Alnımız dağlanır.
Ölümlə hayat
Əzrayil
Dodağımdan
Öpmək istəyir
İznsiz
Qolların
Boynuma salır ...
Mirdəşir
Boyumu
Axşam oxşayır
Üçümüz
Bir yerdə şuxluqlaşırıq!!!
Durum
Batıq qabırqa, kəsik əl
Uçuq dam
Sönük çıraq , yıxıq duvar …
Çürük meyvə
Ütük toyuq
Aldığım kitab da
Necəlik durumun göstərir .
Qaş-qabaq
Şəhərin qaş - qabağı yer süpürür
Könlündə sevgisi dəlilənir
Ayaqlarında başmaqlar qabarır
Şənlik cin olub
Şəhər bismillah yarımcandır
Eşşəkdən düşmüşə bənzəyir .
Milçək
Özüm Təbrizdə, gözüm Tehranda
İki milçək sevişir
Yalnız seçə bilmirəm
Hansı erkək
Hansı dişi.
Pişik
Küçəyə sırıq çəkib qarışqalar
Xıyavanda milçəklər bizi güdür
Bir pişik
Tay-teşik başmaqda yaşayır
Sıçanlar daraşıb
Döşünü əmir.
Manifest
Mən nə sağam
Soğan soyam
Nə sol
Susub duram
Şeytan
Ölüsüz yas pilləsiz dam
Bu gündən dünnə iyirmi dörd saat
Şeiri şeytan toxuyur
İki insan
Biri sən
Biri mən
Yola gedmirik
İki it
Yola gedir .
Seksəlitəm
Bu gecə oynaşım ayrılıq
Arxamca sürünür
Dizin - dizin
Arxasıca süründüyüm.
Qənd
Sən nəlbəkimdə bir istikan
Bir qəddan qənd -
Çayına yerikləyirəm .
(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur).