-
Arazın o tayından
MƏLİHƏ ƏZİZPUR
...
Süzdür gönlünün pətəklərini
Və mənə
Bal kimi bir ölüm ərmağan et
Ey yaşam! . . .
...
Ay;
Günəşin soyuq üzü . . .
...
Ah . . . Urmu Gölü!
Heç olmasa,
Sənə ölən quşlara xatir
Quruma . . .
...
Mən,
Qadının olacağam,
Sənsə, uşağım . . .
...
Ölüdən qorxduğum qədər,
Ölümdən qorxmuram . . .
...
Adamlar ölür,
SMS-ləri qalır . . .
...
Martılar;
Dəniz kəpənəkləri . . .
...
Özümdən qaçdım,
Sənə çatdım . . .
...
Deyirsən azadlıq yoxdur?!
Bəs, o eşşək necə anqırır?
...
Bahar;
Tanrıdan gələn
Bir sevgi mesajıdır yalnız ,
Daha heç nə . . .
...
Kəpənəyi,
Maşın basmışdı xiyavanda.
Bunu,
Nə ağıl çərçivəsinə sığdıra bilirəm
Nə şair . . .
...
Səni sevsəm,
Bütün işlərim qalacaq . . .
...
.
Nə şaqqaşaq səsidir?
Sümükmü sınır , ürəkmi?! . . .
...
Özümü aşmaq istəyirəm
Özümdən keçmək yox . . .
...
Sizi,
Yerə bağlayan dəndir.
Yoxsa, göylərə aidsiz
Quşlar ! . . .
...
Ölüm ötəridir.
Yaşamı düşün . . .
...
Bütün insanlar çılğındır.
Sadəcə
Bəziləri çılğınlığını gizlədir,
Bəziləri yox ! . . .
...
Yaşaya bilmədim səndə;
Vətən!
Gözlə məni ,
Ölməyə gələcəyəm sənə . . .
...
Qəlbimin içinə baxıram:
İlahi bir "heç" var.
...
Dünyanın ipi qırıqdır
Düyünlən mənə . . .
...
Ulduzlar
Dəlik-deşik xəyallardır
Gecənin qaramsar bağrında . . .
...
Yubanmış sevdaya bənzəyir
Uzaqdan gələn qatar . . .
(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)