«Azadlıq» blokunun boykotu nəyə hesablanıb?

«Azadlıq» bloku 2008-ci prezident seçkisini boykot edəcəyini deyir

«Azadlıq» bloku bəyan edir ki, seçki komissiyalarının tərkibi dəyişməsə, 2008-ci prezident seçkisini boykot edəcək. İstər ekspertlər, istərsə də beynəlxalq qurumlar boykotun təsirli vasitə olduğunu düşünmürlər. Nəticələri ləğv olunmuş dairələrdən parlamentə bu il mayın 13-də keçirilən təkrar seçkilərdən sonra da beynəlxalq qurumlar müxalifətin minimum şanslardan belə yararlanmalı olduğunu bildirirdilər.


Yerli ekspertlərsə, prezident seçkisinə təxminən iki il qaldığını və indidən «Azadlıq» blokunun tərəfdarlarının azlığı və ya çoxluğu haqda danışmağın çətin olduğunu deyirlər. Onlar hesab edirlər ki, boykot o zaman uğurlu taktika sayıla bilər ki, müxalifətin tərəfdarları yetərincə böyük olsun və seçkini pozsun. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirova görə, əks təqdirdə, boykot müxalifətin öz ziyanına işləyə bilər. Çünki boykot yolu ilə ölkədəki situasiyanı köklü şəkildə dəyişmək imkanı yoxdur. Müxalifət bu taktikaya üstünlük verərsə, kənardan müşahidəçiyə çevriləcək. Nəticədə bu da hakimiyyətin xeyrinə işləyəcək.


«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə hesab edir ki, indiki məqamda müxalifət siyasi səhnənin kənarına sıxışdırılıb: «O çalışmalıdır ki, siyasi proseslərə qayıtsın». Cənab Quliyev əlavə edir ki, müxalifət boykotun tutarlı olması üçün inamını itirmiş seçiciləri öz tərəfinə cəlb etməlidir. O zaman hakimiyyət də bu qüvvə ilə hesablaşmağa məcbur olacaq. Elə boykot taktikasını qəbul etməyən beynəlxalq qurumlar da yalnız bu halda həmin ideyanı ciddi qəbul edə bilərlər: «Blokun bəyanatında deyilir ki, minimal demokratik şərait yaradılmalı və seçki komissiyaları paritet əsasda formalaşdırılmalıdır. Birdən hökumət bu addımları atmadı, bəs, onda nə olacaq? Bu halda boykot məğlubiyyətə bərabər addım olardı».


Ekspertlərə görə, seçkiyə qatılmaq üçün minimal şərtlər indi də var. Ona görə də «Azadlıq» blokunun verdiyi bəyanat qeyri-müəyyəndir. Blok minimal şəraitin nə olduğunu dəqiqləşdirməldir. Müxalifət söhbətin yalnız seçki komissiyalarının yeni tərkibdə formalaşdırlmasından, yoxsa başqa şərtlərdən getdiyini aydın deməlidir.


«Azadlıq» blokunun təmsilçisi, AXCP sədri Əli Kərimliyə görəsə, bu şərtlər zamanı gələndə dəqiqləşdiriləcək.


Zəfər Quliyev isə bildirir ki, «Azadlıq» blokunun bəyanatı əslində, cəmiyyətə ünvanlanmayıb. Bu bəyanat hökumətə və beynəlxalq qurumlara hesablanıb və blokun qabaqcadan seçki imitasiyası ilə məşğul olmayacağını göstərmək istəyir.


Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənova görə, bir blokun və ya partiyanın boykot yolunu tutması seçkinin baş tutmaması demək deyil. Müxalifətin dediyi minimal şərtlərə gəlincə, cənab Həsənov belə deyir: «Seçki komissiyalarının dəyişdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsinə hakimiyyət kompleks yanaşır. O məsələlər ki, seçki praktikasını təkmilləşdirir, biz bu dəyişikliklərə gedəcəyik».