«Yeni Müsavat»: «7 rayon qayıdır, Naxçıvana koridor verilir...»

Şuşa

-

İNSAN HÜQUQLARI ÜZRƏ BİRGƏ QRUP NAĞILI

«Azadlıq» qəzeti Rövşən Hacıbəylinin məqaləsini dərc edib. Müəllif ötən həftə işini bərpa etmiş İnsan Hüquqları üzrə Birgə İşçi Qrupdan bəhs edir və üzvləri barədə yazır ki, «adları sadalananların içərisində sizə və bizə tanış olmayan bir neçə nəfər hakimiyyət təmsilçiləridir. Konkret vəzifə tuturlar və onlar da başqa məmurlar kimi hakimiyyətin diqtəsiylə işləməyə məhkumdur. Qalanları isə hamıya tanışdır. Ancaq tanınmış tanışları yenidən tanıtmağa ehtiyac var. Deməli, Azərbaycanda siyasi məhbus olmadığını iddia edən hakimiyyət Avropa Şurası qarşısında yenidən geri çəkilməyə məcbur oldu. Başqa yolu qalmadığını anlayandan sonra. Ancaq yenə də bu işi köhnələrə - öz adamlarına tapşırmaqla fayda güddüyünü ortaya qoydu. Bəlli olur ki, hakimiyyətlə danışıqlarda Xədicə İsmayılın da o qrupda iştirakı məsələsi şərt kimi qoyulub. Hakimiyyət heç istəməsə belə onu qəbul etmək zorunda qalsa da, ancaq sonda yenə həmin köhnələrin əliylə Xədicə İsmayılın qrupda iştirakının qarşısını aldı. Qrupdakılar dəqiq bilirdilər ki, Xədicə xanım onların işinin «xod» getməsinə, məqsəddən yayınmağa mane olacaq. Əslində, onsuz da bu tərkiblə işləmək X. İsmayıl üçün çətin olacaqdı və o, çox güman ki, elə ilk iclasda sözünü deyib çıxacaqdı. Ancaq bu, hələ də pərdələndiyini düşünən maskaların bir daha cırılmasıyla sonuclanacaqdı. Haray bu başdan...»

BAĞLANMAQ TƏHLÜKƏSİ OLAN BANKLARIN ADLARI

«Bizim Yol» qəzeti yazır ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bankların kapitallaşması üçün qoyduğu tələbin müddətinə 2 ay qalıb. Yanvarın 1-dən sonra ölkədə fəaliyyət göstərəcək bankların sayı 40-dan az ola bilər. Belə ki, məcmu kapitalı 50 milyon manatdan az olan maliyyə təşkilatlarının lisenziyası ləğv ediləcək. Mərkəzi Bank tərəfindən bağlana biləcək bankların adları açıqlanmasa da, müxbir məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankların hansılar olduğunu araşdırıb. Bunlar «Bank Milli İran», «United Kredit Bankı», «Azəri-Türk Bank», «Dekabank», «Atrabank», - «Bank Avrasiya», «Parabank», «Günay bank», «AzəriKreditBank»dır.

AZƏRBAYCANIN DİPLOMATİK MÜSTƏVİDƏ MÖVQEYİ DAHA DA GÜCLƏNIR

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı yap.org.az saytına müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin 27 oktyabr görüşündən danışır:

«Bütün cəmiyyətimizi düşündürən budur ki, keçirilən bu görüş işğala son qoymaq üçün irəliyə doğru addım ola bilərmi? Bəzi şəxslər deyirlər ki, danışıqlar aparılmasın, başqa format müəyyənləşsin, müharibə başlasın və s. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Tarixən bütün müharibələr sülh ilə nəticələnib. Təbii ki, torpaqlarımızı işğal edən, insanlarımıza qarşı qətliamlar törədən bir ölkənin rəhbəri ilə üzbəüz oturmaq xoş deyil. Amma sülh naminə belə görüşlər lazımdır. Prezident İlham Əliyev dəfələrlə yüksək tribunalardan indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan edib. Bu, çox cəsarətli mövqedir.

Hesab edirəm ki, son vaxtlar keçirilən görüşlər, danışıqlar prosesinin intensivləşməsi gələcək qələbənin açarının əldə olunmasına aparan yoldur. Doğrudur, Paris görüşünün detalları açıqlanmasa da, mesajlardan hiss olunur ki, danışıqlarda üstünlük Azərbaycanın tərəfində olub. Onsuz da bu məsələdə haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da ölkəmizin mövqeyini müdafiə edir».

«7 RAYON QAYIDIR, NAXÇIVANA KORİDOR VERİLİR...»

«Yeni Müsavat» qəzeti də Paris görüşünün pərdəarxasından bəhs edir.

«Diqqət çəkən detallardan biri prezidentlərin növbəti görüşünü gələn ilin sentyabrında, BMT Baş Məclisi sessiyası çərçivəsində keçirmək haqda razılıq əldə olunmasıdır. Bu, əlbəttə ki, kifayət qədər böyük zaman kəsiyidir və belə bir zaman kəsiyi Azərbaycan tərəfinin qəfildən (qəfildənmi? - S.Ş.) yada salıb ortaya atdığı Böyük Sülh Sazişi (BSS) üçün münaqişə tərəflərinə ayrılan vaxt mahiyyəti də daşıya bilər, eyni zamanda boşuna da xərclənə bilər.

...Lakin iddia edilir ki, Qərb özünün müvafiq «beyin mərkəzləri» və sahə mütəxəssisləri ilə ciddi şəkildə işin içindədir. Onların bir qismi hətta Paris müzakirələrinə qatılıb. Prosesə, daha dəqiqi, BSS-nin qarşıdakı 8-9 ay ərzində nail olunması üçün yeni «Yol xəritəsi»nə start verildiyi söylənilir.

Kremli prosesə qoşulmaqda maraqlı edən isə üç ciddi faktor görünür:

1. Cəbhə xəttindəki avqust olayları göstərdi ki, münaqişə zonasında müharibə hər an qızışa bilər. Bu isə bir çox səbəblərdən Rusiyaya sərfəli deyil (Səbəblər barədə, o sırada iqtisadi tərəfdaş Türkiyə ilə münasibətlərin korlanacağı haqda vaxtaşırı yazmışıq).

2. Rusiya sanksiyaların təzyiqi altında ağır bir dönəm yaşamaqdadır və getdikcə zəifləyir. O üzdən tələsir ki, Qərblə Qarabağ bazarlığına gedib vəziyyətdən müəyyən uduşla çıxsın, zira bilir ki, problemin həllinə kömək eləməsə, bir gün konflikt onsuz da yoluna qoyula bilər.

3. İstənilən sülh anlaşması ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 3-5-7 rayonun boşaldılmasını nəzərdə tutduğundan (bu yerdə Uorlikin 6 bəndlik təklifini də yada salın), Kreml Avrasiya layihələri ilə bağlı, nəhayət, Bakının razılığını alacağına ümid edir.

Sadalanan üç istiqamət üzrə Qərbin də maraqları xeyli üst-üstə düşür. Ən önəmlisi, onlar Rusiya ilə uzlaşdırıla bilər: iş ondadır ki, Qərb də yaydakı «mini-müharibə»dən özü üçün ciddi nəticə çıxarıb, çünki regionda vazkeçilməz maraqları var. Deməli, rusiyalı politoloqun vurğuladığı kimi, iki güc mərkəzi sinxron şəkildə münaqişənin həllinə girişə bilər. İndi bundan ötrü zəmin heç vaxt olmadığı qədər əlverişli təsiri bağışlayır...

«NİDA»ÇILAR AZADLIĞA ÜMİD EDİR

«Nida»çı məhbuslar Zaur Qurbanlı Məmməd Əzizovun valideynləri oktyabrın 29-da «Media forum» saytına danışıblar. Ötən ilin martında tutulan, Bakı İstintaq Təcridxanasında saxlanan gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər.

Zaur Qurbanlının anası Səkinə Qurbanlı bildirib ki, oktyabrın 25-də oğlu ilə görüşüb: «Zaur özünü yaxşı hiss edir. Səhhətində heç bir problem yoxdur. Ümid edirəm ki, növbəti əfv sərəncamında Zaur azadlığa çıxacaq. Oğlum azadlığa çıxacağı günü səbirsizliklə gözləyir».

Məmməd Əzizovun atası Rasim Əzizov da deyib ki, oğlunun vəziyyəti yaxşıdır: «Hər şey yaxşıdır, amma yenə də dörd divar arasıdır. Ümid edirəm ki, Məmməd və həbsdə olan digər «Nida»çılar azadlığa çıxacaq. Məmməd də buna inanır. Həmişə ümid var. «Nida»çı gənclər əsgər ölümlərinə son deyiblər, buna görə onlara ləkə atmaq, cani, quldur demək düzgün deyil».

SƏHVƏN ELEKTROŞOKA MƏRUZ QALANLAR KOMPENSASİYA ALA BİLƏCƏK

ANS TV Milli Məclisin iclasında «Polis haqqında» qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. «Diqqət çəkən məqamlardan biri gələcəkdə polis işçilərinə elektroşokdan istifadə etməsinə imkan verən bəndin olması idi.

Milli Məclisdə irəli sürülən qanuna dəyişiklikdə elektroşok vasitələrini gəzdirmək, saxlamaq və istifadə etmək məsələləri ilə DİN-nin məşğul olacağı və nazirliyin nəzdində xüsusi bir qurumun yaradılacağı bildirilir. Qanun layihəsində bu vasitələrin kimlərə tətbiq olunacağı da göstərilir. İnsanın həyat və sağlamlığı üçün təhlükə yarandıqda, şübhəli şəxsin saxlanılması və tutulmasında, kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə polis əməkdaşlarının elektroşokdan istifadə etməsinə icazə veriləcəyi qeyd olunur».