.
Adətən donorlar ayrı-ayrı ölkələrə yardımlar verəndə həmin ölkələrdə korrupsiyanın səviyyəsinə baxırlar. Yüksək korrupsiyalaşmış ölkələr yardımları da çətinliklə əldə edə bilirlər.
Məsələn, Avropa Birliyi, ABŞ, Beynəlxalq Valyuta Fondu Ukraynaya milyardlarla dollar maliyyə yardımı planlaşdırırlar. Amma bunun üçün Kiyev əvvəlcə ölkədə korrupsiyanı cilovlamalıdırlar.
Gələcəkdə Avropa Birliyinə mümkün üzvülkü yolunun açılması üçün də xüsusi anti-korrupsiya islahalatları aparılmalıdır.
Beynəlxalq maliyyə qurumları, o cümlədən Transparency İnternational kimi tanınmış qeyri-hökumət təşkilatları dövlətlərə öz imiclərini yaxşılaşdırmaq üçün 5 əsas məsləhət verirlər:
1. İctimai sektorda məsuliyyətin artırılması
Avropa Birliyinə üzvlüyüə can atan dövlətlər üçün təklif edilən Assosiasiya Razılaşmalarında hökumət və dövlət rəsmilərinin öz əmlaklarını bəyan etmələrini tələb edir ki, maraqlar toqquşması yaranmasın.
Transparency İnternational təşkilatının Avropa Birliyi məsələləri üzrə direktoru Carl Dolan bu tələbi belə izah edir ki, maraq toqquşması məmurların səhmlərinə sahib olduqları şirkətlərin xeyrinə qərar qəbuluna nail olub gəlir əldə etməsi zamanı meydana gəlir:
“Ən birincisi odur ki, yerlərdə baza islahatlar həyata keçirilsin. İctimai sektorda islahatlar üçün ən azı təməl şərtlər yaradılmalıdır. Rəsmilərin gəlri bəyannamələrini vermələri və o bəyannamələrin doğru olub-olmadığını yoxlamaq üçün bir system olmalıdır.”
2. Dövlət satınalmalarında şəffaflıq və rəqabət olunması
CarlDolan bildirir ki, korrupsiya şəraiti daha çox məmurların tenderləri kimə vermək qərarı qəbul etdikləri zaman yaranır: “Siyasətçilər və rəsmilərin tenderlər zamanı qəbul etdikləri qərarlara daha çox diqqət yetirmək lazımdır. Əmin olmaq lazımdır ki, bu proses şirkətlərin rəqabəti, şəffaflıq şəraitində baş verib.”
Tenderlər sahəsində ən əsas beynəlxalq sənəd Dünya Ticarət Təşkilatının “Dövlət satınalmaları razılaşması”dır.
Hazırda Moldova, Montoneqro və Ukrayna bu razılaşmaya daxil olmaq üçün danışıqlar aparır. Çünki dövlətə “ticarət üçün yardım” layihələrinin verilməsində bu, DTT-nin əsas prioriteti hesab edilir.
3. Korrupsiya hallarının araşdırılması və istintaqı
10 illərdir ki, beynəlxalq donorlar korrupsiya hallarının istintaqı və mühakimə olunması üçün müstəqil ədalət sisteminin yaradılmasına çalışırlar. Carl Dolan hesab edir ki, korrupsiyanın cilovlanması üçün “həqiqi müstəqil dövlət qurumu”nun yaradılması və ona tapşırılan işi görə bilməsi üçün adekvat imkanların verilməsi də faydalı ola bilər.
4. Siyasi partiyaların maliyyələşməsində şəffaflığın təmin edilməsi
Anti-korrupsiya fəalları xəbərdarlıq edirlər ki, seçki kampaniyalarına gizli ödənişlər yolu ilə imkanlı şəxslər və şirkətlər seçkilərin nəticələrinə təsir edə bilərlər, yəni bu sahədə ciddi siyasi korrupsiya riskləri var.
Transparency İnternational-dan Carl Dolan hesab edir ki, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı şəffaf qanunlar qəbul edilməlidir:
“Ukraynada vəziyyətə nəzər salaq. Dünyanın başqa yerlərində, hətta Avropa Birliyinin özündə də əsas problemlərdən biri partiyaların maliyyələşməsində şəffaflıqdır.”
5. İnformasiya əldə edilməsinin təmin olunması
Fəallar bildirir ki, araşdırmaçı jurnalistlər, vətəndaş cəmiyyəti qurumları ayıq-sayıq olmayanda korrupsiya riskləri artır.
Məlumat azadlığı vətəndaşların hüquqazidd əməlləri müəyyən edib ona qarşı mübarizə tələb etməsində güclü vasitədir.