Fransanın ilk müsəlman prezidenti…

Michel Houellebecq

-

Tanınmış Fransa yazıçısı Michel Houellebecq deyib ki, yeni romanı Fransanın müsəlman prezident tərəfindən idarə edilməsindən bəhs edir.

Onun bu sözləri qalmaqal yaradıb.

Romanda hadisələr 2022-ci ildə baş verir. Xəyali “Fransa Müsəlman Qardaşlığı Partiyası”nın sədri Mohammed Ben Abbes prezident seçilir.

Bundan sonra ölkə qarışır. “Soumission” (İtaət) gələn il yanvarın 7-də çap ediləcək.

Hətta əsərin adı da birmənalı qəbul edilmir. “İslam” ərəbcə həm də Allahın iradəsinə itaət etmək deməkdir.

Təhkiyəçi 44 yaşlı anti-qəhrəmandır. Ədəbiyyat professorudur. Onu fahişələr və övladı yaşda qızlar cəlb edir.

Romanda indiki sosialist prezident François Hollande reytinqinin yerlərdə sürünməsinə baxmayaraq 2022-ci ilə qədər hakimiyyətdə qalır.

"Xəritə və ərazi" gürcü dilində

Prezidentlik uğrunda yarışda Ben Abbas solçu və mərkəzçi qüvvələrin dəstəyilə ifrat millətçi namizədi məğlub edir. O cümlədən keçmiş prezident Nicolas Sarkozy-nin dəstəyilə.

Yazıçı bundan əvvəl “Elementar hissəciklər” romanı ilə də qalmaqal yaratmışdı. Orda deyilirdi ki, “1968-ci ilin tələbə hərəkatındakı hippilər 1990-cı illərin serial qatillərinə çevrildilər”.

2001-ci ildəki bir müsahibəsində Houellebecq İslamı dinlərin ən pisi adlandırmışdı.

Bundan sonra Fransanın müsəlman birlikləri yazıçını dini ayrı-seçkilikdə ittiham edib hüquq-mühafizə orqanlarına müraciət etmişdilər. Məhkəmə iddianı rədd etmişdi.

Houellebecq-in son romanı olan “Xəritə və ərazi” Fransanın ən yüksək ədəbiyyat mükafatı olan “Goncourt”a layiq görülüb.

Houllebecq əsərləri xarici dillərə ən çox tərcümə edilən çağdaş fransız yazarıdır.

“İtaət” 56 yaşlı yazıçının 6-cı romanı olacaq.

Çərşənbə axşamı isə Fransanın mədəniyyət naziri Fleur Pellerin yerli radioya deyib ki, romanı mütləq oxuyacaq. Onun sözlərinə görə, Houellebecq həmişə “provokativ romançı” olub və onun “qəribə yumor hissi var”.

"Guardian"a istinadla OxuZalı