Hicab inteqrasiyaya mane olur?

Üzü örtülü gəzmək niyə belə mübahisə doğurur?

«Üzünü bağlamaq fiziki xatırlatmadır ki, mən müsəlmanam. Özümü müsəlman qadına xas olan tərzdə aparmalıyam» - bu sözləri deyən britaniyalı müsəlman Rahmanar Çoudhuri bildirir ki, üzünü niqabla universitetin axırıncı kursunda oxuyanda bağlamağa başlayıb, nə orda, nə də sonra İngiltərədəki Lafburra Universitetində dərs deyəndə üzünü bağlamağa görə problemi olmayıb.

Bəs mübahisə nədən yarandı?


«Mənim qəbuluma gələn qadınlar niqabı, hicabı çıxartmalıdırlar». Britaniyada son hicab mübahisəsi bu sözlərdən başlanıb. Bunu deyən isə keçmiş Xarici İşlər naziri, indi isə İcmalar Palatasının sədri Cek Stroudur.


«Onlar deyirlər, poçta, ya banka gəlirik, qara paltarlı qadınları görüb qorxuruq. Mən hicab geyinənləri başa salıram ki, şəhərin qaydaları var, biz danışdığımız adamın üzünü görməliyik»
Hərçənd Strounun özü «Gardian» qəzetinə izah edirdi ki, onun üzü bağlayan niqaba və ya üz də daxil bütün bədəni örtən hicaba qarşı heç bir fikri yoxdur, sadəcə olaraq «üzbəüz danışdığı adamın üzünü görməyəndə özünü narahat hiss edir». Artıq buna fikir verən yox idi, nazirlərin, müxalifət liderlərinin də qoşulduğu mübahisə qızışmışdı.


Britaniyanın Dini İşlər naziri Fil Vuləs üç gün bundan qabaq «Sunday Mirror» qəzetinə dedi ki, işdə hicabı çıxartmayan Aişə Əzmi adlı müəllimə işdən çıxarılmalıdır. Qarşı tərəfdən isə Lordlar Palatasının üzvü Nazir Əhməd Britaniya siyasətçilərini və mediasını ittiham edir ki, bütöv bir müsəlman icmasını əcaib şəkildə qələmə vermək olmaz. Bir britaniyalı şərhçi isə deyib ki, bir tərəfdən, qadın müstəqilliyindən danışırıq, o biri tərəfdən isə qadına deyirik ki, belə geyinmə.


«Üzü örtülü gəzmək niyə belə mübahisə doğurur?». Bu suala Britaniya mətbuatında gedən yazıların bir ümumi cavabı var - Strou Britaniyada milyonlarla seçicinin ürəyindən keçənləri söyləyib.


Müxalifətdə olan Mühafizəkarlar Partiyasının liderlərindən olan David Davis isə sıravi britaniyalının narahatlığını belə izah edir ki, Strou əslində, ölkənin ən fundamental problemlərindən birinə toxunub - Britaniya cəmiyyəti inkişaf etsə də, bölünmüş cəmiyyətdir, yoxsa yox?


Davis müxalifətdən olsa da, Strounu müdafiə edir, onun fikrincə, hicab kimi məsələlər özünə qarşı könüllü irqçilikdir.


Baş nazir Toni Bler də deyib ki, hicab - özünü təcriddir. Ancaq hamını isteriyaya qapılmadan təmkinli mübahisə aparmağa çağırıb. Özü müsəlman ailəsində anadan olan və «Şeytan Ayələri» kitabı ilə böyük hay-küy yaradan Salman Rüşdü də deyib ki, hicab - qadını asılı etmək, nüfuzdan salmaqdır.


Yenə Strouya qayıdaq. O, deyir ki, hicab geyinmək hər bir qadının haqqıdır, Britaniyada mübahisə bunun üstündə getmir. Onu narahat edən başqa şeydir. Cek Strou bildirir ki, hicabı, niqabı, hər yerdə geyinmək - fərqli və ayrı olmaq bəyanatı mənasına gəlir. Bu da inteqrasiya, cəmiyyətə qaynayıb-qarışmaq yolu deyil.


Bu örtülü gəzə bilmək mübahisəsi təkcə Britaniya ilə məhdudlaşmır. Oktyabrın 17-də İtaliyanın Baş naziri Roman Prodi deyib ki, qadınlar bütün üzü bağlayan niqabda gizlənməli deyillər.


Belçikanın Maaseik şəhərinin meri Jan Kraymers isə bildirib ki, çoxlu şikayətlərdən sonra o, niqabı, hicabı qadağan edib: «Onlar deyirlər, poçta, ya banka gəlirik, qara paltarlı qadınları görüb qorxuruq. Mən hicab geyinənləri başa salıram ki, şəhərin qaydaları var, biz danışdığımız adamın üzünü görməliyik».


Britaniyadakı bu mübahisəni anlamaq Azərbaycan oxucusu üçün çətin deyil. Azərbaycan müsəlman ölkəsi ola-ola artıq neçə ildir ki, baş örtüyü ilə pasport şəkli çəkdirmək üstündə mübahisə gedir. Qadınlar deyirlər «olar», çünki bu, onların haqqıdır, rəsmi qurumlar isə bildirirlər ki, «olmaz», çünki qanun var, qayda var.