-
Paytaxtda Avropa Oyunları ilə bağlı sarı zolaqların yaradılması, Abşeron da daxil, rayon və Sumqayıt nömrəli maşınların Bakıya buraxılmaması sərnişin və sürücülərin ən çox danışıb-gileyləndiyi mövzulardır.
O giley-güzara aydınlıq gətirmək məqsədiylə AzadlıqRadiosu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədovdan müsahibə alıb.
– Cənab Əsədov, yəqin siz də eşidirsiniz, bu sarı zolaq məsələsi sürücülər arasında əməlli-başlı narazılıq yaradıb. Şikayətlənirlər ki, yolun bir hissəsi ilə getdiyin yerdə qəfildən qarşına sarı zolaq çıxır...
- Mən sürücülərin bu fikri ilə razı deyiləm. Sarı zolaqlar Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulan inzibati əraziləri bir-biri ilə birləşdirir. Bu zolaq sarı rəngdədir və qırılmayan düz xətlə çəkilib. Eyni zamanda marşrut boyu Avropa emblemi ilə rənglənib. Həmin zolaqların rəsmi adı «Avropa Oyunları zolağı»dır. Burada yalnız Təşkilat Komitəsinin təyin etdiyi, seçilən rəng qrafikası olan və üzərində Avropa Oyunları loqosunu gəzdirən avtomobillər hərəkət edə bilər. Ön şüşəsində üçbucaq şəkilli qırmızı, göy və ağ rəngli emblem gəzdirən maşınlar da həmin zolaqdan yararlanacaq. Digər sürücülərin ora daxil olması inzibati məsuliyyət yaradır. Sevindirici haldır ki, artıq sürücülər sözügedən zolaqdan könüllü şəkildə istifadə etmirlər. Açığı, bugünkü mənzərəyə baxdıqca, düşünürəm ki, Avropa Oyunları ilə bağlı indidən müsbət göstəricilər əldə etmişik.
- Bəzi sürücülər oyunlardan sonra da zolaqların ləğv olunmayacağından narahatdırlar...
- İndi, hələlik, bu zolaqlar Avropa Oyunlarının keçirildiyi ərəfədə təhlükəsizliyin təmin edilməsinə, idmançıların daşınmasına xidmət edir. Oyunlar qurtarandan sonra, müsbət nəticələr diqqətə alına və rəhbərlik qərar verərsə, bu zolaqlar qala bilər.
– Sarı zolağın cərimələrinə görə sürücülər bir neçə gündə əməlli-başlı pulsuzlaşdıqlarını da deyirlər. Cərimələr haqqında nə deyə bilərsiniz?
- Sürücülər normativə uyğun - 40 manat cərimə edilirlər. Mayın 29-dan bəri 1600-dən çox sürücü məsuliyyətə cəlb olunub. Operatorlarımız cərimələrin günbəgün azaldığını müşahidə edirlər. İyunun 3-də günboyu 34 belə sürücü cərimələnib. Amma mayın 29-da 626 sürücü pozuntuya yol vermişdi. Azalma göz önündədir və bu, sevindirici haldır. Deməli, istəsək, çox şeyə nail ola bilərik. Diqqət yetirin, görün, həmin zolaq üzrə hərəkət olmayanda necə gözəl mənzərə var. Sanki xarici və inkişaf etmiş bir ölkədəsən... Həmin zolaqla yalnız təyinatlı nəqliyyat vasitələri hərəkət edir. Yaxşı olardı ki, Avropa Oyunlarının keçirildiyi ərəfədəhər bir maşın sahibi bunu «avtomobilsiz bir ay» şüarı ilə yerinə yetirəydi. Artıq təklifimizi vermişik...
– Sürücü sarı zolağa gün ərzində bir neçə dəfə düşsə, cəriməsi azaldılacaq?
- Gün ərzində müxtəlif yerlərdə, müxtəlif vaxtlarda sarı zolaqlara düşən sürücü mərkəzi məlumat xidmətinin elektron qaydada tərtib edilmiş protokoluna əsasən pozuntu sayı qədər cərimə ödəməli olacaq. Sürücünün «bilmədim», «görmədim» sözləri onu məsuliyyətdən azad edə bilməz. Axı yetərincə təbliğat aparılıb. Hər xətanın özünəməxsus cəzası var. Məsələn, sarı zolağa girib hərəkət etməyin cəzası 40 manatdır. Amma sarı zolaqda hərəkət edənin hərəkətini əngəlləmək bir başqa xətadır. Bu, 3 cərimə balı deməkdir və 60 manat cərimə ödəməlisən. Yaxud sarı zolaqla kəsişən digər zolaqlarda yol hərəkət qaydasının kobud şəkildə pozulması 4 bal və 100 manat cərimə deməkdir. Qəza şəraiti yaratmısan, axı.
– Son günlər, Abşeron da daxil,rayon və Sumqayıt nömrə nişanlı maşınların şəhərə girməsinə qadağalar da narazılıq yaradıb...
- Mən bunlara qadağa deməzdim. Bu bir neçə gündə bir neçə sual ortaya çıxıb. Tutalım, Bakı şəhərində qeydiyyatdayam, mənə məxsus nəqliyyat vasitəsi isə bölgələrə məxsus dövlət nömrə nişanlı avtomobildir. Yaxud da əksinə. Bunlar biri birinə ziddiyyət yaratmır? Ümumiyyətlə, bu sualınızın bir cavabı var – şəxsi avtomobildən istifadə etmə. İndiyədək maşınımız vardı, bəyəm? İctimai nəqliyyatla rahat gedib gəlirdik. Nə olar, 20 gün də maşınsız olaq. Sanki hər kəs Dövlət Yol Polisi ilə müqavilə bağlayıb ki, «yox, mən maşınımla getməliyəm». Mən anlayıram, avtonəqliyyat vasitəsi hər kəsin şəxsi istifadəsində olub və olacaq. Bu, yaxşı haldır. Ancaq avtomobili olan şəxs müəyyən öhdəlik də götürür, axı. O öhdəliklərdən biri də tələbləri yerinə yetirməkdir. Bu tələblərdən biri də ölkə üzrə əhəmiyyətli tədbirlərlə bağlı deyilənlərin yerinə yetirilməsidir.
– Rayondan gələn maşınların çoxunun sürücüləri deyir ki, «biz bu maşınla çörəkpulu qazanırıq». Sumqayıt və Abşerondan Bakıya gələnlərsə işə gecikmələrindən, vaxt itkisindən şikayətlən, adi insan haqlarının pozulduğunu bildirirlər...
- Mən sürücülərin dediklərinə də hörmətlə yanaşıram. Onların dediklərinin əleyhinə çıxmaq fikrim yoxdur. İndi keçirilən bu tədbir təkcə dövlətin tədbiri deyil, elə narazılıq edənlərin də tədbiridir. Ona görə də bu tələblər, heç bir müzakirəsiz, yerinə yetirilməlidir.
– Sonda yenə məşhur sarı zolaqlara qayıdaq. Tıxacları aradan qaldırmalı olan bu zolaqlar bir başqa yolda tıxac törədir...
- Mən deməzdim bu, tıxac törədir. Hər halda bəzi yerlərdə, məsələn, körpülərin üzərində ikinci hərəkət zolağından keçən maşınların sürət həddini nəzərə alsaq, sarı zolağın ucbatından bir qədər sıxlıq yarandığını görürük. Bu o demək deyil ki, tıxac yaranmalıdır. Burda artıq sürücü təcrübəsi, səriştəsi və nəqliyyat vasitəsinin növü nəzərə alınmalıdır. Qanunvericilikdə nəzərdə tutulan tələbləri hər bir sürücü düzgün mənimsəsə, bu və ya digər nöqsanlar gözə görünməz. Bu qayda-qanunlar yol hərəkətində mədəni davranış səviyyəsini yüksəltmək, yol qəzalarını minimuma endirməklə bağlıdır.