4,5 milyon mənimsəməkdə suçlanan işadamı evində asılı tapılıb

-

İyunun 20-də Bakı şəhəri Həsən Əliyev ünvanındakı mənzilində işadamı Məzahir Cəfərov aslımış vəziyyətdə tapılıb. Bu haqda aznews.az saytı yazır. Onun intihar etdiyi bildirilir. Hüquq mühafizə orqanları hələki bu haqda hər hansı məlumat yaymayıb.

MƏZAHİR CƏFƏROV KİM İDİ?

Məzahir Cəfərovun adı ötən bir ildə tez-tez mediada hallanıb. «STS» və «Sahil D Compani» MMC-nin direktoru olan Məzahir Cəfərovu 12 mart 2015-ci ildə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığında ittiham etmişdi. M.Cəfərov Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməsində təqsirləndirilirdi.

Bu barədə Baş Prokrorluğun yaydığı məlumatda qeyd olunurdu ki, istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatı ödənib.

Açılmış cinayət işi martda baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

CİNAYƏT İŞİNİN ARXASINDA GİZLİNLƏR...

Cinayət işinin arxasında müxtəlif şəxslərin adı hallanırdı. Onlar arasında Bakıda «Xəzər adaları» layihəsi ilə tanınan «Avesta» Şirkətlər Qrupunun rəhbəri İbrahim Nehrəmli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun və onun qardaşı Sahib İbrahimvov, İlham Qasımov və Taleh Abdullayev adlı iş adamları vardı.
«BizimYol» qəzeti baş verənlərlə bağlı Sahib İbrahimov və İlham Qasımovdan müsahibə almışdı.

Həmin müsahibədən məlum olur ki, əslində bu şirkətlərin sahibləri Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev olublar. Məzahir Cəfərovun adı isə yalnız icra direktor kimi keçib. Sahib İbrahimov həmin müsahibə deyir:
«Məzahir icraçı direktor idi. Taleh səlahiyyətlərinin bir qismini yerinə yetirə biləcək adamları təyin etmək iqtidarında olub. Məzahir müəyyən sahələr üzrə sənədləşmələr aparır, Talehin tapşırıqlarını yerinə yetirirdi. Düşünürəm ki, İlham Qasımov Məzahiri aldadıb, çox sənədə qol çəkdirib, "hər şey yaxşı olacaq", deyərək arxayın salıb. O da sənədlərə imza atıb, satdığı evlərin pulunu İlhama təhvil verib».

İlham Qasımov isə əksinə Məzahir Cəfərovu Sahib İbrahimovun «qurbanı» adlandırıb.

Hər halda bu işdə kimin doğru, kimin yalnış dediyini müəyyənləşdirmək hüquq mühafizə orqanlarının işdir.

KİMDİR MÜQƏSSİR?

Amma həmin işdə həm də 48 mənzilin 96 nəfərə satılması ilə adi vətəndaşlara dəyən ziyandan söz gedirdi. Nə mənzilini, nə də verdiyi pulu geri ala bilənlərdən biri – Yeganə Ağayeva virtual.az saytında müsahibəsində deyib ki, pulunu geri istəyəndə Sahib onu İlqarın yanına, İlqar da Sahibin yanında göndərib.

Belə sakinlərdən biri də Eldaş Məmmədovdur. O, «Avesta» şirkətindən 355 min manata 2 mənzil alıb. Amma ona nə mənzil verirlər, nə də pulunu geri qaytarırlar. Dəfərlərlə etiraz aksiyası keçirən, hətta intihar edəcəyini bildirən E.Məmmədov hüquq mühafizə orqanlarının onun işinin araşdırılmamasından gileylidir.

M.CƏFƏROVUN İNTİHAR FAKTI OBYEKTİV ARAŞDIRILACAQMI?

İndi bir sualın cavabı açıq qalır. Məzahir Cəfərov niyə intihar edib? Onu intihar həddinə kim və ya kimlər çatdırıb?
Bəlkə də bu sualların cavabını elə onunla bağlı başlanan cinayət işində və məhkəmənin gedişini yaxından izləməklə tapmaq elə də çətin olmaz.
Yada salaq ki, AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl intihar həddinə çatdırma maddəsi üzrə ittiham edilir. Hərçənd, ondan şikayət edən Tural Mustafayev sonra ərizəsini geri götürüb və buna məcbur edildiyini bildirib.
AzadlıqRadiosu 2014-cü ildə qeydə alınan intiharlarla bağlı kiçik araşdırma etmişdi.
Məlum olmuşdu ki, hətta ictimai önəmi olan intihar və ya intihara cəhd halları ilə bağlı məsuliyyətə cəlb edilən olmayıb. Və ya bu haqda rəsmi məlumat yoxdur.

Bir şirkətdə icraçı direktor kimi adı keçən və sənədlərə imza atdığına görə (mənzillərin satılmasından əldə olunan pulların kimə çatması haqda rəsmi məlumat yoxdur) barəsində cinayət işi başlanan Məzahir Cəfərovun intihar etməsi faktı necə araşdırılacaq? AzadlıqRadiosu bu mövzunu davam etdirəcək.