İrlandlar Avropa Oyunlarına məşq kimi baxırlar

Avropa Oyunlarında kiçilərin 3000 metrə maneələrlə qaçışı.

-

«12 gün keçib və Avropa Oyunları daha çox Olimpiadaya bənzəyir. Bakıda dərin təsir bağışlayan işlər Rio və ya 2024-cü il üçün yaxşı təlim ola bilər».

Ian O'Riordan «The Irish Times»da Bakıda gördüklərindən, idmançıların gərgin iş qrafikindən bəhs edir.

«Məkanın özü də Olimpiadanı xatırladır. Yollarda xətlər çəkilib, beş halqalı simvolla fərqləndirilir. Avtobuslar hətta boş olsalar belə, vaxtlı-vaxtında gəlirlər».

Müəllif yazır ki, Bakının 4 milyonluq əhalisinin də özünü böyük tədbirin bir hissəsi saymaqdan başqa yolu qalmır. «Özəlliklə də, adama elə gəlir ki, onların yarısı könüllü kimi çalışır. Ancaq istəsələr belə, Oyunların əleyhinə ucadan nəsə deyə bilməzlər: Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı dünyada senzuranın güclü olduğu ölkələr siyahısında 5-ci yerdə görür; Ümumdünya Mətbuat İndeksinə görə, Azərbaycan 180 ölkə içində 162-cidir».

«Burada köhnə təbliğat maşını da öz işindədir, əlimdə sübut da var: ötən həftə bir məqalə yazmışdım – «Ambisiyalı Bakıda hər parıldayan qızıl deyil». Yerli news.az agentliyi bu məqaləyə istinad edir, ancaq ortaya fərqli bir şey çıxıb. Agentlik «The Irish Times»ı Bakıdan yazdığına görə tərifləyir və məndən sitat gətirir ki, «Azərbaycan yüksək sürətlə dəyişməkdədir..., Azərbaycan paytaxtında gözəl işlər görülüb». Ancaq elə həmin məqalədə bu Oyunlarla yanaşı, ölkədə hökumət əleyhinə danışanların repressiyaya məruz qalmasını qeyd etmişdim. news.az həmin fikirlərə yer ayırmağı vacib bilməyib».

Müəllif şəhərin hər bir küçəsinin, lampa dirəyinin, nəqliyyatda reklam yerlərinin Avropa Oyunlarının simvolları ilə işıqlandırıldığını qeyd edir. «Küçədə söhbətləşdiyim insanlar Bakının heç vaxt belə çiçəklənmədiyini deyirlər. 2002-ci ildə çörək üçün 12 saatlıq növbə olurmuş... Əlbəttə, bu Oyunlarla Olimpiya arasında böyük fərq var: Azərbaycanda heç kəs onları vecinə almır. Ya da mənim qulağıma belə çatır. Özünü Bakı Krallığı içində nəsə böyük bir hadisənin bir hissəsi hiss etmək çox asandır, ancaq elə bir az kənara çıxan kimi onun elə də böyük olmadığını görüb unudursan. Bu ilk oyunlarla bağlı da eyni şey baş verir, baxmayaraq ki, bu tezliklə bu tədbirin haraya kimi, hansı sürətlə gedə biləcəyini bilmək mümkün deyil».

«Bir şey dəqiqdir ki, bu Oyunların ideyasını reallığa çevirən şəxs, Avropa Olimpiya Komitəsinin prezidenti Pat Hickey ideya və ya ev sahibliyi etməyə ölkə tapacaq. Rusiya, Türkiyə, Belarus və Polşa ilkin olaraq 2019-cu il oyunlarına maraq göstəriblər».

Yazıda daha sonra qeyd olunur ki, İrlandiya atletləri üçün Bakıdakı oyunlar Avropadan çox Olimpiya oyunlarını xatırladır. Boksçuları çıxmaqla, onlardan çoxu bu miqyasda yarışmaya qatılmayıb və bu, Rio Olimpiadası üçün də yaxşı təlimdir. Elə İrlandiyanın Olimpiya Şurası da Bakıya Rioya gedən yola məşq kimi baxıb. Şuranın icraiyyə komitəsinin bütün üzvləri təcrübə üçün buraya dəvət olunub:

Çimərlik futbolu

«Qəti bir hiss var ki, bazar günü Avropa Oyunları bitəndən sonra da Bakı sürətli inkişafını hələ uzun müddət davam etdirəcək. Bununla belə bir sual meydana çıxır ki, bəs bu şəhər Olimpiya Oyunları uğrunda nə vaxt mübarizə apara biləcək? Ola bilsin, bütün bunlar təkcə Rio deyil, 2024-cü il üçün də yaxşı təlim olacaq».

ÇİMƏRLİK FUTBOLU AZƏRBAYCAN ÜÇÜN NİYƏ CİDDİ MƏSƏLƏDİR?

«Dünya və ya Avropa futbol çempionatına yaxın düşə bilməyən Azərbaycan Avro-2020-yə birgə ev sahibliyi edəcək».

«The Associated Press» agentliyinin müxbiri James Ellingworth yazır ki, Azərbaycanın əksər futbol azarkeşlərinin marağında olmadığını asanlıqla demək olar. Keçmiş sovet respublikası bunu bilir və özünü tanıtmağa çalışır.

Bakıda 68 minlik Olimpiya Stadionu elə bir vaxtda açılıb ki, Avropa ölkələrinin çoxu yeni stadion tikməyə pul tapmır.

«Avro-2020-yə hazırlaşan Azərbaycan hər cür mümkün yolla futbolu inkişaf etdirməyə çalışır. Neft pullarını yığmaya səpələyir və bir az uğur da qazanıb. SOCAR-ın sponsorluq etdiyi «Neftçi» 2012-13-cü ildə Avropa Liqasının qrup mərhələsinədək getdi, «Inter Milan»la heç-heçə (2-2) oynadı.

SOCAR Avro-2016-da UEFA-nın əsas sponsorlarındandır. Ölkə təkcə otüstü deyil, çimərlik futbolunu da inkişaf etdirməyə çalışır.

«Bəziləri deyirlər ki, Azərbaycanda futbol pis gündədir. Əlbəttə, belə deyil», - Azərbaycan çimərlik futbol komandasının qapıçısı və kapitanı Emin Kürdov deyib. «Futbol inkişaf edir. Bu inkişaf tədricən gedir. Çimərlik futbolunda da biz bunu oyunumuzla göstərəcəyik».

Müəllif yazır ki, Azərbaycanın futbol sahəsində tanınması yolunda iki böyük əngəl var. Birincisi, Avro-2020-yə 13 ölkə ev sahibliyi edəcək və heç biri də bu yarışmaya avtomatik düşməyəcək. Yəni ev sahibinin 2020-ci ildə Olimpiya Stadionunda oynayacağına zəmanət yoxdur. İkinci əngəl də populyarlıqdır. Çimərlik futbolu məhdud yarışmadır və Avropa Oyunları da dünyada elə də geniş işıqlandırılmadı.

«Çimərlik futbolunun Avropa Oyunlarına salınması bizim üçün daha bir uğurdur. Milli komandamızın səylərini qeyd etməliyik. Deyərdim ki, tarixi rekord vurduq», - Kürdov AP-yə deyib.