-
Avqustun 14-də Bakı Apelyasiya məhkəməsində futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb. Məhkəmə Cavid Hüseynov barəsində həbs qərarını qüvvədə saxlayıb.
Bu haqda AzadlıqRadiosuna vəkil Adəm Məmmədov məlumat verib.
Məhkəmədə Cavid Hüseynovun özü də iştirak edib. Adəm Məmmədov həbs qətimakan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət hazırlayır.
Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır.
ann.tv saytının əməkdaşı Rasim Əliyev öz facebook hesabında Cavid Hüseynovu tənqid edən status paylaşıb. Bundan sonra Cavid Hüseynov Rasim Əliyevə zəng edib. Caviddən sonra isə onun bibisi oğlu, 21 yaşlı Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.
Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, avqustun 8-də Elşən İsmayılov 4 nəfər yaxını ilə Rasim Əliyevi döyüb, ona çoxsaylı bədən xəsarətləri yetiriblər. R.Əliyev avqustun 9-da Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə üzrə 5 nəfər ittiham olunur.
Cavid Hüseynov isə hadisəni bilib, xəbər verməməkdə təqsirləndirilir.