- "Qəribədir ki, indiyə qədər Brodski dilimizə sistemli çevrilməyib. Oxucu heç məşhur 150 cildlik kitabxanada şairin adına belə, rast gələ bilməz. Amma o, çox rahat şəkildə həmin seriyadan mənasız Koelyonu alıb oxuya və vaxt itirə bilər."
Elçin İmanov
Birdən də az, yaxud poeziya varlıqla heçlik arasında
Hər insanın ölümü də eləcə, mənim ömrümü qısaldır, çünki mən Bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən. John Donne
A
Mən bir əvvəlki yazımda (“Tutuquşunun kitabı işığında didaktik esse”) konkret nümunə üzərində Şərq ədəbiyyatına ümumilikdə ironik münasibət sərgiləmişdim.
Mütləqləşdirməkdən qaçmaq üçün, bir növ estetik balansı qorumaq xatirinə bu dəfə tamam başqa bir əsərə müraciət etməyi qərara aldım.
Onu deyim ki, Şərq ədəbiyyatını Qərb ədəbiyyatından fərqli olaraq, ümumi, vəhdət şəklində analiz eləmək çətin işdir. Məsələn, Qərb ədəbiyyatında Dante, Şekspir, Molyer, Göte bir cərgəyə qoyula bildiyi halda Şərqdə sufi mətnlərini, Hind ədəbiyyatı və Çin ədəbiyyatını vahid çətir altına salmaq müşkül məsələdir.
Üstəlik, buna heç ehtiyac da yoxdur. Qərbin kültürəl vahidliyi (günümüzdə müəyyən mənada Avropa İttifaqı şəklində çıxış edir) ilə Şərqin inkişaf müxtəlifliyi (həm kulturada, həm də coğrafi olaraq) antoqonist mövqedə dayanmaqdadır.
Amma deyəsən, mən mətləbdən uzaqlaşıram. Mənim seçimim Taqorun “Sonuncu poema” romanı üzərində dayandı.
Taqorla tanışlığımın üzərində dayanmaq istəmirəm. Bu barədə “Təbiətin intiqamı” adlı yazı yazmışam. Mənim aləmimdə onun “Xatirələri”i memuar ədəbiyyatının incilərindən biridir.
B
Mən sözün həqiqi mənasında şeirin nə olduğunu Brodskidə görmüşəm. Hətta irəli gedib deyə bilərəm ki, mənim şeir düşüncəmi koordinat oxu kimi iki yerə bölmək olar.
Brodski bu koordinat sistemində abssisslə ordinatın kəsişdiyi yer, sıfır nöqtəsidir mənim üçün. Bu hissin, yaxud substansiyanın şəklini çəkmək – əlbəttə, məcazi mənada, haradasa çətindir.
Çətindir ona görə ki, bu insanın daxili səsilə (sokratik demon), mənəvi dünyası, naturası ilə və həm də bir növ intuisiya bağlı bir məsələdir.
Kim indiyə qədər içindəkiləri axıra qədər olduğu kimi yaza bilib? Bir yazı ilə bunu çatdırmaq olmur. Bir hissi çatdırmaq üçün qalın romanlar yazanlar olur.
Bəri başdan deyim ki, mən bu yazıda Brodksini şərh, ya tənqid eləmək, onu hansısa qəlibə salmaq, düstur çıxarmaq kimi fikirlərdən qaçmağa çalışacam.
Onsuz da bu günün özündə belə, onun poetik dilinin mürəkkəb sintaksisini darıxdırıcı, soyuq, quru, monoton sayanlar da var. Ola bilsin bunun səbəbi onun şeirlərindəki zamansızlıqdır, ontologiyanın (yaxud Dasein-nın) özüdür.
Digər tərəfdən, kiminçünsə də – o cümlədən, bu sətirlərin müəllifi üçün – o, sadəcə böyük şairdir.
Brodskinin Azərbaycan dilində çıxmış yeganə kitabçası masamın üzərindədir. Qəribədir ki, indiyə qədər Brodski dilimizə sistemli çevrilməyib.
Oxucu heç məşhur 150 cildlik kitabxanada şairin adına belə, rast gələ bilməz. Amma o, çox rahat şəkildə həmin seriyadan mənasız Koelyonu alıb oxuya və vaxt itirə bilər.
Onu da yaxşı başa düşürəm ki, bizi əhatə edən, bizim dəyişdirdiyimiz və bizi dəyişən dünyanın getdikcə rasionallaşdığı və sinikləşdiyi bir vaxtında; çağdaş filosof Floridinin təbirincə desəm adamların infosferanın bir zərrəsinə çevrildiyi bir zamanda; bayağı və boş şeirlərin tüğyan elədiyi üçüncü növ dünya ölkəsində şeirdən danışmaq bir az, yaba ilə suda söz yazmağa oxşayır. Yəni faydasız işdir.
Ona görə ki, Azərbaycanda şairlər şeir yazmırlar, mətndə kəmfilosofluq edirlər. Bununla yalnız hazırlıqsız, poetik düşüncəsi folklor səviyyəsində olan oxucunu heyrətləndirmək olar. Və ümumiyyətlə, şeir yazılmır, doğulur.
Bu, haradasa “şair doğulurlar” sentensiyasına oxşardır, amma buradakı doğulmaq Berdyayevin dediyi mistik doğuluşdur – mən şair olacam dediyin anın doğuluşudur.
Elektrondan oxumaq kağızdan oxumağın effektini verə bilməz. Təxminən bir-iki ay əvvəl Brodskinin kitabını almaq üçün şəhərin bütün kitab dükanlarını, bukinistlərini gəzdim. Yox idi.
Son ümidim olan Rus kitab evində də Brodskini tapa bilmədim. Bu yaxında Brodksinin esselər kitabı əlimə keçdi.
A
“Sonuncu Poema” haqda çoxdan yazmaq istəyirdim. Kitabı evdə tapa bilmirdim ki, bir də nəzərdən keçirim. Şəhərin mərkəzində intellektual avaraların toplaşdığı bir kafe var.
“Sonuncu Poema” orada qarşıma çıxdı. Kimsə kitabı oxuyub, bəyəndiyi cümlələrin altında xətt çəkmişdi. Bu mənim işimi bir az asanlaşdırdı. Bəzi cümlələri isə özüm fikrimdə xətlədim.
Altını cızdığım cümlələrdən bəzilərini əsərdən xəbəri olmayanlar üçün yazıram:
Evlənəndə adamı olduğu kimi qəbul etmək lazımdır, onda daha onu dəyişdirmək lazım gəlməz; Ən yaxşı qafiyə iki əlin bir-birinə toxunmasıdır; O şeyə ki sevgi deyilir, o evlənməkdən daha artıq həyatla bağlıdır; Saat vaxtı hesablaya bilər, lakin ayrı-ayrı vaxtın başqa-başqa qiyməti olduğunu bilirmi?
Dahini heç vaxt birmənalı qəbul etməyiblər. Pafoslu görünə bilərəm, hətta yanıla da bilərəm, məncə dahi fenomenoloji olaraq zamana qalib gəlmiş şəxsdir.
Hər bir əsər müəyyən tarixi şəraitdə yetişir. Bu elə bir dövr idi ki, Hindistan ədəbiyyatına yenilikçi gənclər gəlmişdi. Onlar realist idilər və Taqor kimi romantik şairlərə, qocalara qarşı çıxırdılar.
Məsələn, onlar deyirdilər, şair 30 yaşına qədər yazar. Yeni nəsil-köhnə nəsil davası başlamışdı. Taqor bu əsəri bir növ cavab olaraq yazmışdı. Bu vaxt onun 67 yaşı var idi.
“Sonuncu Poema” romantik, lirik həm də sentimental əsərdir. Başdan ayağa hiss üzərində qurulmuş kədərli bir romandır. Dostoyevskinin Puşkin haqda danışarkən dediyi “ümumbəşəri həssalıq” ifadəsini tərəddüdsüz Taqora aid edə bilərik. 67 yaşda belə əsər yazmaq özü bir möcüzədir.
Taqor burada onu tənqid edənləri danışdırır, eyni zamanda öz şeirlərini əsərə daxil edir.
B
Girişdə epiqraf kimi orta əsrlərin (Renatio dövrü) məşhur ingilis metafizik şairi Donnun sözlərini (17-ci Meditasiya) vermişəm. Mütaliəli oxucunun yadında olar.
Bu sözlərlə eyni zamanda Heminqueyin məşhur romanı (Kilsə zəngləri kimin üçün çalınır) başlayır. Amerikan yazıçısı öz əsərinin başına və adına Donnu qoymaqla həm də özünü əbədiləşdirmişdi.
Brodski ədəbi karyerasına Donnun şeirlərini ruscaya tərcümə etməklə başlamışdı. Yazılanlara inansaq Brodski SSRİ-ni əbədi tərk edərkən – “Misir əsirliyi”ndən xilas olarkən – çamadanında yazı maşınından başqa iki nəfərin – Donnun və Odenin şeirlər kitablarını götürmüşdü.
Bu iki imza şairin sözün hər mənasında baqajı olmuşdu. Donn onun sevimli şairi idi, yaradıcılığına da əsaslı, deyərdim metafizik təsir göstərmişdi. “Con Donn üçün böyük elegiya”nı (əziz oxucu, şedevrdir!) yazanda 23 yaşı var idi.
Çox sonralar Nobel aldıqdan sonra belə İsveç Akademiyasının yubiley simpouziumunda, ədəbiyyatın keçmişi və gələcəyi barəsindəki məruzəsi belə adlanacaqdı: “Uçuq qüllənin son zəngi kimin üçündür?”.
Məncə, ədəbiyyatın gələcəyi, əslində onun başlanğıcında, yəni poeziyadadır. – Bəli, bu cümlə həmin çıxışdandır. O ki qaldı Donna. Donn poeziyasının möhtəşəmliyini, ilahiliyini, fövqəladiliyini konstatasiya etməyə ehtiyac varmı?!
A
Bədii ədəbiyyatın qopliti Borxesin "non-fiction" “Yeni tədqiqatlar” seriyasından yazdığı “Biatanatos” adlı essesi var.
Yazı Donnun ölümündən sonra onun oğlu və varisinin çapdan çıxardığı eyni adlı kitabı (traktatı) haqdadır. Biz həmin əsər haqda Borxesin yazısından məlumat alırıq, öyrənirik ki, Donn orada intihar problemindən danışır və deyir ki, İsa peyğəmbər əslində xaç iztirabları ilə ölməyib, əslində şüurlu seçim edib, öz iradəsi ilə intihar edib.
Bu sətirləri yazarkən Donnun şairdən başqa həm də keşiş olduğunu unutmamalıyıq. Əlbəttə ki, dövrü də. Hələ ki, ədəbiyyatda marksistlər demişkən, burjua ideyaları və zövqləri qalib gəlməmişdi.
Borxesin essesi 1952-ci ildə yazılıb. Buradaca yadıma Kamyunun “Sizif mifi” əsəri düşür, onun tarixinə baxıram – 1940-1943.
Donnla onu üç əsr və qərinədən bir az çox xronoloji tarix ayırır. Sizif Mifinin ilk cümləsi yadınızdadırmı?: “Cəmisi bir ciddi fəlsəfi problem var – intihar”.
Bu mənada Kamyu Borxesi azı 9 il qabaqlayıb. Borxesi bir məsələ düşündürürdü: Donn intihara bəraət qazandırırdımı, biz bunu heç vaxt bilməyəcəyik. Amma deyəsən yenə mövzudan uzaq düşürəm.
Donn həm də “Sonuncu poema”da qarşımıza çıxır. Taqor iki obrazın (Mita və Bonne) fikrini bir şairin (daha dəqiq onun kitabının) üzərində birləşdirir. Təsadüfi seçim deyil bu. Bununla da iki dünyanı bir bütün hala salır. Bu, həm də şairin Donna olan sevgisinin təzahürü idi.
Taqorun “Sonuncu poema” əsəri başqa dillərə “Vida mahnısı” kimi də tərcümə olunur.
B
Dekartın cahanşümul frazasını istədiyimiz kimi dəyişə bilərik. Şeir oxuyuramsa, deməli, (ergo) varam. Beləliklə, inanıram ki, poeziya Uraniyadır. Poeziya ola bilsin, başqa dünyalara metafizik səyahətdir. Bu səyahət bizi ta Leta çayının sahilinə qədər apara bilər.
Poeziya həm də refleksiyadır. O varlıqla heçlik arasındadır. Hisslər dünyasında məsafə olmur. Ona görə də şair həmişə öz zamanını qabaqlayan şəxsdir. Banal məsələləri kənara qoyub deyə bilərik: bəlkə də bu səbəbdəndir ki, Rusiyada ağızlarda belə bir deyim dolaşır:
Rusiyada şair şairlikdən artıqdır ("V Rossii poet bolşe çem poet"). Səhv eləmirəmsə, Yevtuşenkonun aforizmidir. Hər halda mənə elə gəlir bu, həmişə və hər yerdə belə olub.
Elə Donnun zamanında da, ondan əvvəl də, sonra da. Taqor “Sonuncu poema” əsərində bu hadisəyə belə bir sərrast tərif verir: “Gələcəyi yaxınlaşdıran adama gələcəyi yaradan adam deyirlər”.
Yazının axırına yaxınlaşırıq, məzəli bir haşiyə çıxaq. Belə bir əhvalat oxumuşdum. Bir dəfə Amerikaya təzə köçmüş Brodskinin evinə gecə vaxtı oğru girir.
Yarıyuxulu şair oğrunu görür, özünü itirmir. Oğru soruşur: "Sən kimsən?" Brodski yerindən durmadan: "Sadə rus şairiyəm" deyir. Oğru sakitcə gəldiyi kimi evi tərk edir.
Şairə qiymət verərkən mütləq onun prozasının keyfiyyətinə baxmaq lazımdır -ndeyə bir definisiya mövcuddur. “Birdən də az” Brodskinin Amerikada yazdığı memuar-essesidir.
Sankt-Peterburq şəhərindəki “Lenizdat” nəşriyyatı eyni adlı bir kitab buraxıb; kitaba Brodskinin ən yaxşı avtobioqrafik esseləri (məs. Bir yarım otaq) yer alıb.
Burada həm də Pamukun Amerikada ikən bir jurnalda oxuyub əsəbiləşdiyi Brodskinin “İstanbula səyahət” essesini də görmək olar.
Oxuyanlar bilir, həmin essedə Brodski yazır ki, İstanbul elə yerdir ki, burada stəkana “bardak”, dayanacağa isə “durak” deyirlər. Bu esseləri oxuyarkən Brodskinin intellektinə heyran olmamaq mümkün deyil. Bunlar öz yerində.
Masamın üzərindəki o biri kitaba baxıram. Düz aşağıda adını çəkdiyimi nəşriyyatın loqosu gözümə sataşır. Qara plaş geyinmiş, bir əlində qara çətir, o birisində qara kitab bir adam addımlayır.
Düz yuxarıda şairin adı yazılıb, kitabın kənarları isə qırmızı rəngli çərçivəyə salınıb. Yadıma şairin “Одиночество есть человек в квадрате” sözləri düşür və fikirləşirəm ki, o qara fiqur elə Brodskinin özüdür.
Başlanğıcda böyük bir dövlət var idi. Bu qırmızı dövlətdə hamı xoşbəxt idi – bir nəfərdən başqa. O bir nəfər həm də şeirlər yazırdı. Vaxt gəlir, doyursa da qarnını o, ölkəni atıb gedir.
Onu unudanlardan şəhər salmaq olardı, bəlkə də. Amma həmin adamlar bilmirdilər ki, şairin coğrafi vətəni olmur. O, qayıdacağına inanırdı, ən azından kağız üzərində.
Əziz oxucu, sən yəqin ki, tez-tez adamların dilindən filan şair mənim şairimdir, filan yazıçı mənim yazıçımdır, yaxud yazıçım deyil - sözlərini eşitmiş olarsan.
Mariya Svetayeva Puşkin haqda “Mənim Puşkinim” deyərdi. Düşünürəm ki, bu ifadəni bir balaca dəyişdirib özümünküləşdirməklə yazıma nəhayət ki, nöqtə qoya biləcəyəm və bununla da oxucuyla vidalaşacağam: Mənim Brodskim.