Günel Mövludun qardaşları saxlanılıb

Günel Mövlud

-

Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər.

Daxili İşlər Nazirliyi yazar Günel Mövludun qardaşlarının həbsini təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, oktyabrın 13-də polis orqanlarına əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar:

«Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır».

«SİYASƏTDƏN UZAQ, SADƏ İNSANLARDIR»

Oktyabrın 13-də Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları- Raci və Vəkil İmanovları polis saxlayıb.

Bu haqda Meydan TV-yə yazarın atası Vəzir İmanov məlumat verib: «Axşam saatlarında oğlum iş yoldaşlarıyla eyni maşında işdən evə gəlirmiş. İş yoldaşlarının mənə dediyinə görə, maşında 4 nəfər olublar. İş yerlərindən bir az uzaqlaşandan sonra polis oğlumun olduğu maşını saxlayıb və İmanov Vəkilin kim olduğunu soruşub. Oğlum özünü təqdim edəndən sonra onu Biləsuvar rayon Polis Şöbəsinə aparıblar. Mən məlumatı alan kimi şöbəyə getdim. Amma oğlumla görüşə bilmədim. Dedilər ki, yalnız sabah gəlib, onu görə bilərəm. Nəyə görə saxlanıldığını da demədilər».

Vəzir İmanovun söylədiyinə görə, digər oğlu Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıb: «Oğlum Raci İmanovun saxlanıldığını da ailəsindən öyrəndim. Onu Sumqayıtda saxlayıblar. Onun da nəyə görə saxlanıldığını bilmirik».

V.İmanov deyir ki, oğlanlarının heç birinin saxlanılması ilə bağlı ona polis bölməsindən xəbərdarlıq edilməyib.

Sumqayıt şəhərində yaşayan Raci İmanovun həyat yoldaşı Gülsu İmanova isə hadisə haqda bunu deyib: «Əvvəl Sumqayıtdakı 3-cü Polis Bölməsindən zəng vurdular. Racinin şəxsiyyət vəsiqəsini istədilər. Atam vəsiqəni apardı. Dedilər ki, onu artıq Sumqayıt şəhər Polis İdarəsinə aparıblar. Atamgil ora gediblər. Amma oradan deyiblər ki, vəsiqəsini sabah gətirsinlər. Nə saxlanılmasının səbəbini deyiblər, nə görüşə icazə veriblər. Deyiblər ki, sabah gəlib, görərsiniz».

İş saatı olmadığından Meydan TV polis şöbələri ilə əlaqə saxlaya bilməyib.

Günel Mövlud həyat yoldaşı ilə birlikdə xaricdə yaşayır. O, bir müddət əvvəl sosial şəbəkələrdə fəaliyyətinə görə ailəsinə təzyiqlər edildiyini və qohumlarından imtina etdiyini yazmışdı. Yazar qardaşlarının saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir: «Onlar siyasətdən uzaq, sadə insanlardır. Elə bir həyat tərzləri yoxdur ki, həbsə səbəb olsun».