-
Britaniyada milli müstəqilliyini qazanmağa meyl edən bir ölkə ilk dəfə öz milli ədəbiyyatının xaricdə təbliği işini ümumi boşqabdan ayırır. Söhbət Şotlandiyadan gedir.
Bu həftə şotlandların Tərcümə Fondu öz yazıçılarının dünya dillərinə tərcüməsi və nəşrinə ilk qrantını verdi.
İlk qrant tranşı Makedoniya, Albaniya, Norveç və İspaniyadan müraciət edən naşirlərə ayrılıb.
Tərcümə olunacaq əsərlərin müəllifləri arasında John Niven (1968), Louise Welsh (1965), Kerry Hudson(1966), Ali Smith(1962) var, bu o deməkdir ki, çağdaş ədəbiyyata, müasir yazıçıların xarici dillərə tərcüməsinə üstünlük verilib.
Buna da bax: Baileys Mükafatını Ali Smith apardı
Xarici nəşriyyatları şotland müəlliflərin əsərlərini çap etməyə şirnikdirmək üçün büdcəyə gəlincə, ildə iki dəfə belə qrant veriləcək, cəmi məbləğ hər il 25 min funt sterlinq (təxminən 35 min ABŞ dolları) olacaq. Budəfəki qrant 13 min funt sterlinqdir.
Şotlandların bu ilk tərcümə proqramına müraciət edənlərin sayı 17 olub, onlardan 11 nəşriyyat bu qrantı qazanmaqda uğurlu olub.
Buna da bax: Norveçin baş kitab təbliğatçısı Azərbaycana nə deyir
"Yaradıcı Şotlandiya" dövlət təşkilatının Ədəbiyyat, Dil və Nəşriyyat sektorunun rəhbəri Aly Barr deyib:
“Mən şadam ki, "Yaradıcı Şotlandiya" təşkilatının hesabatındakı təklifləri nəzərə alaraq, şotland yazıçılarını və nəşriyyatlarını beynəlxalq səhnədə dəstəkləmək üçün yeni fond işə başladı. Bu fond dünyanın bütün ölkələrindən olan nəşriyyatlara Şotladiyanın ən gözəl əsərlərini oxumaq və tərcümə etmək imkanı yaradacaq."
"Yaradıcı Şotlandiya" təşkilatının hesabatı keçən ilin iyulunda çıxmışdı, hesabatda iddia olunurdu ki, şotland ədəbiyyatının beynəlxalq bazarlarda təmsil olunması üçün daha güclü təkana ehtiyac var".
Xatırladaq ki, son illər Azərbaycan kitab bazarında çoxalan Norveç, İsrail, Alman kitabları müvafiq tərcümə fondlarının Azərbaycan nəşriyyatlarına ayırdığı qrantların nəticəsidir. İndi Şotlandiya bu siyahıya qoşulur.
OxuZalı