-
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) nümayəndələri 4 milyard dollar məbləğində mümkün təcili borc paketinin müzakirəsindən ötrü Azərbaycana rəsmi səfərə gələcəklər. Xəbəri «The Financial Times» qəzeti yayıb.
4 MİLYARD DOLLARLIQ PAKET
Xəbərdə vurğulanır ki, bu kredit neft qiymətlərinin düşməsi səbəbindən maliyyə yardımının göstərilməsi proqramı seriyasından birinci olacaq. BVF təmsilçisi bildirib ki, nümayəndə heyəti ölkə hakimiyyətinin xahişi ilə yanvarın 28-dən fevralın 4-nə kimi Bakıda səfərdə olacaq. Səfər zamanı «texniki yardım» və «mümkün maliyyə tələbatlarının qiymətləndirilməsi»nin müzakirə ediləcəyi deyilir. Müzakirəylə tanış mənbənin bildirdiyinə görə, 4 milyard dollarlıq paketdən söhbət gedir.
Dünya Bankı nümayəndəsi isə söyləyib ki, Azərbaycan hökuməti ilə həmçinin milli valyutaya təzyiqlər və neftin qiymətinin aşağı olması ilə bağlı təxirəsalınmaz və uzunmüddətli tədbirlərin müzakirəsi nəzərdə tutulur. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı nümayəndələrinin də növbəti bir neçə gün ərzində Bakıda səfərdə olacaqları vurğulanır.
HÖKUMƏT İMTİNA DA EDƏ BİLƏR
«The Financial Times» qeyd edir ki, Azərbaycanın ixracının 95 faizi neft və qazdan asılıdır və milli valyutanın dəyərsizləşməsi ölkə boyunca etirazlar doğurub. O da vurğulanır ki, Mərkəzi Bank rezervlərinin ötən il kəskin düşməsinə baxmayaraq, ölkənin borcu azdır, suveren sərvət fondu isə oktyabrın əvvəlində 34.7 milyard dollara bərabər idi ki, bu da ÜDM-nin 60 faizindən çoxdur.
Daha bir mənbə isə bildirib ki, Bakıyla danışıqlar ilkin mərhələdədir və Azərbaycan hökuməti BVF-nin dəstəyi olmadan da davam etməyə qərar verə bilər.
Qəzet hökumətdən açıqlama ala bilmədiyini qeyd edir.
2015-ci il dekabrın 21-də baş verən devalvasiyadan sonra Azərbaycan valyuta ehtiyatlarını sürətlə itirməyə başladı. Bu məsələni həll etməyin yollarından biri kimi xarici borclanmaya getmək təklif olunurdu. Dövlət başçısı İlham Əliyev builki Davos forumunda adıçəkilən bankların rəhbərləri ilə görüşmüşdü.