Hökumətin indi istədiyini QHT 5 il əvvəl təklif edibmiş

Şəmkir yerə tökülən meyvə

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində yeni yaradılacaq kənd təsərrüfatı sistemindən söz açıb. Onun sözlərinə görə, dövlət hətta bir il öncədən kənd təsərrüfatı məhsulu istehsalçılarına öz sifarişlərini verəcək:

“Bunun çox böyük üstünlükləri var, çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulun bazarda sata bilmədiyi hissəsini dövlət ondan alacaq. Başqa sözlə, dövlət qurumları - büdcə təşkilatları alıcı qismində çıxış edəcək. İndi bu mexanizm hazırlanır. Proses çox şəffaf, internet üzərindən olacaq”.

5 İL ƏVVƏL...

İqtisadçı ekspert Rövşən Ağayevvaxtilə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin də belə bir təklif irəli sürdüyünü xatırladır:

“Həmin təklif “Hökümətin aqrar siyasətinin effektivliyinin qiymətləndirilməsi” adlı tədqiqatımızda əksini tapıb. 2011-c ilin yanvar-mart aylarında hazırlanmış bu sənədi o zaman Prezident Administrasiyasına və Kənd Təsərrüfatı Nazirliyinə də göndərdik. Həmin qurumlardakı mütəxəssislərlə görüşüb müəyyən fikir mübadiləsi aparmağı xahiş etsək də, müraciətlərimiz cavabsız qaldı”.

HƏM SATIŞA, HƏM DƏ SƏRFƏLİ QİYMƏTƏ TƏMİNAT VERİLƏCƏK?

Ekspertin fikrincə, islahatlar o zaman başlasaydı, indi manatın arxasında təkcə neft deyil, onu bazar sarsıntılarından qoruyacaq bir neçə məhsul vardı. Dövlət ehtiyaclarını ödəmək üçün məhsulun birbaşa fermerlərdən alınmasını faydalı sayan R.Ağayev deyir:

“Bunun 2 əsas üstünlüyü var. Həm dövlət ehtiyacları (xəstəxanalar, ordu, uşaq və qocalar evləri və s.) üçün daxili bazardan kənd təsərrüfatı məhsullarının alışına təminat veriləcək, həm də dövlətin o məhsulları fermerlərdən sərfəli qiymətə alacağına rəsmi zəmanət olacaq. Dünyada ayrı-ayrı ölkələrdə, məsələn, qonşu Rusiyada belə təcrübə uğurla sınaqdan çıxarılıb”.