AŞPA məruzəçisinin Bakı görüşləri [yenilənib]

Xədicə İsmayıl

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alain Destexhe (Alan Desteks) bu gün, fevralın 10-da araşdırmaçı jurnalist Xədicə İsmayıl və bloqqer Mehman Hüseynovla görüşüb.

Bu haqda Mehman Hüseynov məlumat verib.

Onun deməsinə görə, A.Desteks media, internet azadlığı sahəsində vəziyyətlə, onlayn fəalların, jurnalistlərin və bloqqerlərin təqibi faktları ilə maraqlanıb.

Buna da bax:​ AŞPA: 'Mediaya basqılar dayandırılsın'

AŞPA nümayəndəsinə ölkədə siyasi məhbus sayılan şəxslərlə də bağlı məlumat verilib.

A.Desteks 2016-cı il martın 7-də Azərbaycanda hüquqların müdafiəsi ilə bağlı vəziyyəti qiymətləndirməkdən ötrü məruzəçi təyin edilib. O, həmin vaxtdan indiyə kimi cəmi bir dəfə, 2016-cı il iyunun 1-də Formula 1 yarışlarının açılışı zamanı Bakıya gəlib və yalnız rəsmi şəxslərlə görüşüb. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri onun dəyişdirilməsi ilə bağlı AŞPA-ya şikayət məktubu göndərmişdilər.

Bu səfərində isə A. Desteks-in görüşləri bir xeyli geniş olub. A. Desteks araşdırmaçı jurnalist və bloqqerdən əvvəl fevralın 9-u prezident İlham Əliyev və bir sıra rəsmilərlə də görüşüb.

Buna da bax:​ Xədicə İsmayıl: 'Geri çəkiləcəyimdən qorxurdum'

* * *

Zakir Qaralov məruzəçini qəbul edib

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasında əməkdaşlıq dinamik inkişaf edir".

Fevralın 10-da AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alain Destexhe-nin (Alan Desteks) başçılıq etdiyi nümayəndə heyətini qəbul edən baş prokuror Zakir Qaralov belə deyib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Baş prokuror məruzəçiyə Qarabaş münaqişəsi haqda geniş danışıb. O, deyib ki, Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxlayır. 1 milyondan artıq azərbaycanlı öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib.

Görüş zamanı insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Xatırlatma

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X. İsmayıl ötən il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq ölkədən çıxışına icazə verilmir.

Mehman Hüseynov isə bu il yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Buna da bax: Dinləmələr öncəsi Xədicə İsmayılın işığı söndürülüb, amma...

Bloqqer məhkəmədən sonra polisdə işgəncələrə məruz qalması ilə bağlı açıqlama yaymışdı.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Üstəlik, prokurorluq onun şikayətinə əsasən cinayət işi açılmasına lüzum görməyib.

Buna da bax:​ Bloqqerin məhkəməsi təxirə salındı

Daha sonra da Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında şikayət verərək bloqqerin cəzalanmasını istəyib. Onun şikayətinə görə isə bloqqer polisə böhtan atıb.