Azərbaycanda 65 yaşdan yuxarı yaşayanlar...

Rövşən Ağayev

Pensiya yaşının artırılması ilə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər Milli Məclisə daxil olandan sonra cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycanda əhalinin ömrünün uzanmasıdır.

İqtisadçı ekspert Rövşən Ağayev bu sual ətrafında fikirlərini bölüşərkən BMT-nin Azərbaycanda orta ömürlə bağlı statistikasının təhlilini açıqlayıb.

Buna da bax:​ '65 yaşına kimi kim yaşayır axı?' [video]

Ekspert bildirib ki, 1959-cu ildə Azərbaycan əhalisinin hər 1000 nəfərindən 58 nəfəri 65 yaşdan yuxarı əhali qrupuna aid olub.

“2016-cı ildə də bu göstərici çox cüzi dəyişib - 61 nəfər. Ən yüksək göstərici 2010-cu ildə qeydə alınıb - 65 nəfər. BMT-nin ən son statistikasına görə, bu göstəricinin ən yüksək səviyyəsi Yaponiyadadır - 260 nəfər. Yerdə qalan inkişaf etmiş ölkələrdə həmin rəqəm 140-200 nəfər arasında dəyişir”.

R.Ağayev bildirib ki, yaşlı əhalinin ümumi əhalidə yüksək paya malik olmasının 2 səbəbi var.

Buna da bax: Hadı Rəcəbli pensiya yaşının artırılması haqda: 'Əhalinin ömrü uzanıb'

“Doğumun yüksək olması səbəbindən 0-14 yaşlı uşaqların, 15-30 yaşlı yeniyetmə və gənclərin ümumi əhaliyə nisbətinin yüksək olması. İkinci səbəb əhalinin uzun ömürlülüyüdür”, deyə ekspert bildirib.

Xatırlatma

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı sənədi müzakirə edir. Sənəddə qadın və kişilərin pensiya yaşının 65 yaşa qaldırılması təklif edilir. Hazırkı qanunvericiliyə görə, pensiya yaşı kişilərdə 63, qadınlarda isə 60-dır.

Dünyada pensiya yaşı orta yaş həddinə görə müəyyən edilir. Beynəlxalq standartlara görə, pensiyaya çıxdıqdan sonra insanların orta hesabla 12 il pensiya almaq imkanı olmalıdır.

Buna da bax:​ 'Ömür qısalır, pensiya yolu uzanır'

Azərbaycan rəsmiləri BMT-nin apardığı statistikadan fərqli olaraq pensiya yaşının qaldırılmasını ölkədə insanların ömrünün uzanması ilə izah edir.

Müstəqil ekspertlərin fikrincə isə Azərbaycanda əslində, pensiya yaşının artırılması iqtisadi-maliyyə böhranı ilə əlaqədardır.