Jurnalist məhkəməsində şərləndiyini açıqlayıb

Həbsdəki jurnalist Əfqan Sadıqov

Bu gün, aprelin 6-da Şirvan Apellyasiya Məhkəməsində həbsdəki jurnalist Əfqan Sadıqovla bağlı hökmdən verilən şikayət dəyərləndirilib.

Şikayətə hakim Ələsgər Novruzovun sədrlik etdiyi məhkəmə kollegiyası baxır.

Proses qismən məhkəmə istintaqı aparılmaqla keçirilib. Bu səbəbdən bu iclasda ilk olaraq prokuror ittihamı elan edib.

Buna da bax:​ Həbsdəki jurnalistin başında ağrılar var

Ardınca həbsdəki jurnalist Əfqan Sadıqov ifadə verib.

Vəkilinin deməsinə görə, jurnalist, məhkəmənin diqqətinə çatdırıb ki, Cəlilabad rayonunun icra hakimiyyətinin başçısı dəfələrlə onu otağına çağırıb.

“Mənə onun və rayonda baş verənlər barəsində yazmamağa göstəriş verir, hədələyirdi. Onun dediklərinə əməl etməsəm, açıq şəkildə mənə pis olacağını bildirib”. - deyə vəkil jurnalistin çıxışından sitat gətirib.

Vəkilinin bildirməsinə görə, jurnalist qeyd edib ki, icra başçısının təklif və hədələrinə əhəmiyyət vermədən peşə fəaliyyətini davam etdirib. O, həbs edilməsinin motivləri haqda da danışıb.

Buna da bax: Həbsdəki jurnalistə böhtana görə də cəza verilməsi istənilir

“Keçən ilin avqustunda icra hakimiyyətinin binasının qarşısından keçərkən mühafizəçi mənə yaxınlaşdı. Dedi ki, başçının müavini Şərbətov onu təcili görmək istəyir. Mən də getdim, Şərbətov dedi ki, başçı məni görmək istəyir. Məni icra başçısının otağına saldılar, yenidən eyni hədələr, təkliflər... Hamısını rədd etdim. İcra başçısının otağından çıxarkən bir qadın mənə yaxınlaşdı. Mənə məmurlar haqqında yazılar yazmağımı irad tutdu, ardınca söyməyə başladı. Təxribat olduğunu başa düşdüm və binanın ərazisindən qaçıb uzaqlaşdım”, - deyə jurnalist bildirib.

Jurnalist məhz həmin qadınla - Aliyə Rzayeva ilə insidenti əsas gətirərək onu həbs etdiklərini məhkəmənin diqqətinə çatdırıb.

Prosesdə zərərçəkən şəxs qismində tanınmış Aliyə Rzayevanın da ifadəsi dinlənilib.

Müdafiə tərəfinin bildirdiyinə görə, O, yenə jurnalisti yazılarına görə, qınayıb.

Buna da bax: Jurnalistin son sözündən: 'Peşmanam. Ona görə ki...'

Üstəlik, A.Rzayeva bildirib ki, Əfqan Sadıqov onu vurub və o huşunu itirib.

Ə.Sadıqovun vəkili Elçin Sadıqov isə prosesdə zərərçəkənin doğru danışmadığını bildirib. Vəkil qeyd edib ki, zərərçəkənin xəstəxanaya aparılma vaxtı ilə bağlı dedikləri iş materialları üst-üstə düşmür.

Proses aprelin 27-də davam etdiriləcək.

XATIRLATMA

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Buna da bax:​ 'Sərhədsiz Reportyorlar' Əfqan Sadıqova azadlıq istəyir

İttiham elə icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Buna da bax:​ Vəkil: 'Jurnalistə ittihamlar boşa çıxır'

Cəlilabad rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilib.

Cəlilabad rayon icra hakimiyyəti başçısı Əziz Əzizovdan isə, hələlik, jurnalistin məhkəmədə dilə gətirdiyi fikirlərə münasibət almaq mümkün olmayıb.