“Dövlət satınalmaları zamanı qanunlara məhəl qoyulmur. Hesablama Palatasının apardığı yoxlamaların nəticələri belə düşünməyə ciddi əsaslar yaradır”.
İqtisadçı ekspert Qubad İbadoğlu Hesablama Palatasının 2016-cı illə bağlı hesabatını şərh edərkən belə deyib.
Buna da bax: Azərbaycan 'Şərq Tərəfdaşlığı' ölkələri arasında sonuncudur
Ekspert qeyd edib ki, satınalma həyata keçirən qurumlar “Dövlət satınalmaları haqqında” qanunun tələblərini kobud şəkildə pozurlar.
“Bununla yanaşı onların hər birindən korrupsiya iyi gəlir. Təəssüf ki, təqdim edilən faktların əlaqəli olduğu məbləğlərə dair informasiyaya çıxış olmadığından korrupsiyanın miqyaslarını müəyyənləşdirmək mümkün deyil. Amma, bu cür faktların vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqəli olması və sonda da mənimsəmələrlə şərait yaratması şübhə doğurmur”, Q.İbadoğlu bildirib.
Buna da bax: Fonda görə büdcə 550 min itirib - Palata
Ekspert Hesablama Palatasının pozuntularla bağlı bilgiləri təqdim etməsini alqışlayıb.
“Belə faktların açıqlanması ilk növbədə təqdir olunmalıdır. Ancaq bununla yanaşı hər bir faktla bağlı araşdırmalar aparılmalı, məsuliyyət səviyyəsi hüquqi və məhkəmə müstəvisində qiymətləndirməlidir. Üstəlik, dövlət satınalmaları sahəsində aşkara çıxarılan problemləri aradan qaldırmaqdan ötrü tövsiyələr verilməlidir”.
Xatırlatma
Hesablama Palatasının 2016-cı ildə həyata keçirilmiş auditinin nəticələri barədə hesabat hazırlayıb, parlamentə göndərdiyi bildirilir. Orada satınalmalarla bağlı bir sıra məsələlərin də yer aldığı açıqlanıb.
Buna da bax: Referendum bildirişi 100 dollarlıq pul qiymətinə çap olunub - Azərbaycanda
APA-nın xəbərinə görə, hesabatda 1 milyard 421 milyon manat olan 3 459 satınalma müqaviləsindən bəhs edilib.
Hesabata görə, audit zamanı ciddi pozuntular aşkarlanıb. 149 halda satınalmalar zamanı ehtimal olunan qiymətin düzgün hesablanmadığının müəyyənləşdiyi bildirilir. Habelə, 118 halda tenderdə iştirak haqqının alınmaması, 86 halda isə tender komissiyasının fəaliyyətinin qanuni olmadığının üzə çıxdığı vurğulanır.
Bundan başqa, 73 halda tenderlər barədə elanların və nəticələrin qanuna müvafiq açıqlanmadığı bildirilir.
Buna da bax: Ekspert: 'Dövlət büdcəsi sağmal inək deyil'
Hətta 11 halda satınalma müqaviləsinin keçirilən tenderin qalibi ilə deyil, başqası ilə imzalandığı açıqlanıb. 121 halda isə imzalanmış müqavilənin predmeti və qiymətinin dəyişdirildiyi yazılır.
Hələlik, hesabata Satınalmalar üzrə Dövlət Agentliyi hər hansı münasibət bildirməyib.
Hesabatın bu həftə parlamentdə müzakirəsi gözlənilir.