“Əfqan Muxtarlının həbs edilməsindən 3 aya yaxın vaxt keçsə də, onunla bağlı istintaq hərəkətlərinin aparılması ləngidilir”.
Jurnalistin vəkillərindən Nemət Kərimli belə deyib. Vəkil bu gün, avqustun 16-da 1 saylı Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlı ilə görüşüb.
“İstintaq, demək olar ki, getmir. İndiyə qədər bizə məlum olan cəmi bir neçə istintaq hərəkəti aparılıb”, – deyən vəkil jurnalistin cinayət işi ilə bağlı bəzi qərarların onlara təqdim edilməməsindən narazılıq edib.
Buna da bax: S.Əsədli: “Rəsulzadənin əsərlərini Əfqan Muxtarlıya vermədilər”
“Avqustun 6-da götürülmə protokolu və cinayət işlərinin birləşdirilməsi haqda qərarın surətlərinin müdafiə tərəfinə verilməsi ilə bağlı müstəntiqə vəsatət təqdim etmişəm. Amma həmin vəsatətə də, hələ ki, cavab verilməyib”, – vəkil bildirib.
N.Kərimli vurğulayıb ki, jurnalistin səhhətində problemlə olsa da əhvalı yüksək səviyyədədir.
Bundan əvvəl vəkilləri jurnalistdə ürək, maddə ağrılarının olduğunu, onun çəki itirdiyini bildirmişdilər. Jurnalist təcridxanada həkim müayinəsindən də keçirilib.
Vəkilinin istintaqın ləng getməsi ilə bağlı dediklərinə isə, hələlik, işi aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən münasibət almaq mümkün olmayıb.
Buna da bax: Vəkili: 'Əfqan Muxtarlının ürəyində problem var'
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
Buna da bax: Avropa Məhkəməsi 8 jurnalistin şikayətini araşdırmağa başlayıb
Gürcüstanın hüquq mühafizə orqanları da bu işi ayrılıqda araşdırdıqlarını bəyan ediblər. İşi əvvəlcə Gürcüstan Daxili İşlər Nazirliyi aparıb, sonra materiallar prokurorluğa verilib.
Ə.Muxtarlı, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.
Bu yaxınlarda isə Azərbaycandakı cinayət işinin “Meydan TV”-nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.
"Meydan TV" ilə bağlı cinayət işinin açılmasına aid xəbərlər 2016-ci ildə yayılmışdı. Onda hazırda mühacirətdə olan "Meydan TV"nin rəhbəri Emin Milli bu cinayət işi ilə bağlı bunları demişdi:
Buna da bax: Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkətləri həyata keçirilib
«Artıq bəlli olub ki, "Meydan TV"nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».
Emin Milli ittihamları qəbul etmir.