Baş prokuror ’Turan’ın fəaliyyəti və casus şəbəkəsi barədə

Baş prokuror Zakir Qaralov

‘’Turan’ İnformasiya Agentliyinin fəaliyyətinə hər hansı bir məhdudiyyət yoxdur’.

APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, istənilən vergi ödəyicisi vergi qanunvericiliyinin tələbini pozmamalıdır.

Zakir Qaralov casus şəbəkəsi haqda suala da cavab verib.

Buna da bax:​ ‘Turan’ agentliyi: ''Qara sentyabr' geridə qaldı...'

"Casus şəbəkəsini Müdafiə Nazirliyinin rəhbərliyi ifşa edib", – deyərək o vurğulayıb.

Baş prokuror bildirib ki, Hərbi Prokurorluq bu cinayət işinin istintaqını davam etdirir.

"Hesab edirik ki, cinayət işinin istintaqı ilin sonuna qədər yekunlaşacaq", - deyə o qeyd edib.

Baş prokurordan media və partiyalara ittıham

“Müxalifət və QHT-lər xarici havadarlarından ölkə daxilində qanun çərçivəsində pul ala bilmədikləri halda digər ölkələrə gedib həmin pulları əldə edir və qanunsuz yollarla Azərbaycana gətirmək istəyirlər. Lakin biz bunun qarşısını alırıq”.

Baş prokuror deyib ki, müxalifət, qəzetlər, agentliklər və QHT-lər Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalı, gömrük və vergi qanunvericiliyinin tələblərini pozmamalıdrlar.

Xatırlatmalar

Bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistan xüsusi xidmət orqanları Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırıblar:

Buna da bax: Vergilər Nazirliyi 'Turan'ın şikayətini məhkəməyə verib

“Əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və digər mülki şəxs Azərbaycanın zərərinə məxfi əməkdaşlığa cəlb ediliblər”.

Toplanmış materiallar əsasında 2017-ci il mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlandığı bildirilirdi.

Bəyanatda o da vurğulanırdı ki, bir qrup hərbiçi və mülkü şəxs həbs edilib.

«Turan» İA-nın direktoru Mehman Əliyev isə avqustun 24-də saxlanıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Buna da bax:​ J.McCain: “Mehman Əliyev və digərlərinin üzəridnən ittihamları götürün”

Üstəlik, agentliyin bank hesabına da həbs qoyulmuşdu.

«Turan» İnformasiya Agentliyinin kollektivi avqustun sonunda bəyan etmişdi ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər. Sentyabrın 1-dən yalnız bəzi əməkdaşlar könüllülük prinsipi ilə fəaliyyət göstərmişdilər.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və hökuməti onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.

Buna da bax:​ Mehman Əliyev: 'İslahatlara nail olmaq lazımdır'

Bunun ardınca da Vergilər Nazirliyi agentliyin bank hesabından həbsin götürüldüyünü açıqlamışdı.

“Turan” İnformasiya Agentliyi oktyabrın 1-dən fəaliyyətini bərpa etməlidir.