Vitse-spiker: ‘İlqar Məmmədova görə düşüblər Azərbaycanın üstünə...’

Ziyafət Əsgərov

“Mən İlqar Məmmədovu siyasi məhbus hesab etmirəm. O, konkret cinayət əməlinə görə, konkret cəzasını alıb”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov belə deyib.

O, APA-ya açıqlamasında Avropa Şurasının REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarının icrasında israr etməsi məsələsindən danışıb.

Buna da bax:​ Prezident: 'Azərbaycan Avropa Şurasını tərk etsə...'

“Bir İlqar Məmmədovla bağlı düşüblər Azərbaycanın üstünə. Xeyir ola? Mən İlqar Məmmədovu siyasi məhbus hesab etmirəm. O, konkret cinayət əməlinə görə, konkret cəzasını alıb. Avropada kimlərsə xüsusi maraqlıdırlarsa ki, filankəslər buraxılmalıdır, bu, yanlış variantdır. Bizimlə göstərişlə, vaxt qoymaqla danışmaq olmaz. Biz Avropa Məhkəməsinin qərarlarını icra edirik, müəyyən etdikləri miqdarda hətta təzminat da ödəyirik. Avropa Məhkəməsinin digər ölkələrdə 10 min qərarı yerinə yetirilməyib. Niyə buna susurlar, ancaq bizim üstümüzə düşüblər? Azərbaycanla vaxt qoyub, diktə dili ilə danışmaq effektli siyasət deyil. Oturub danışmaq, müzakirə etmək lazımdır”, – Z.Əsgərov deyib.

XATIRLATMA

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Buna da bax: REAL qurultaya yer istəyir

Bu qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Buna da bax:​ İlqar Məmmədov vəkillərindən imtina etdi

Bu günlərdə Avropa Şurasının baş katibi Thorbjørn Jagland AİHM qərarına rəğmən, onun azadlığa buraxılmamasına görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İ.Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar Katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.