Rusiyada müxalifət aksiyalara strateji fasilə verdiyini deyir. Müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq iki həftəsonu ardıcıl aksiyalarda 10 mindən çox etirazçı saxlanandan sonra belə bir qərar verildi. “The Washington Post” qəzetində dərc olunmuş məqalədə bu fasilənin səbəbləri təhlil olunur.
Navalnının qərargah rəisi Leonid Volkov deyib ki, müxalifətçinin tərəfdarları hər həftə təhlükəsizlik qüvvələrinin irimiqyaslı həbslərinə tab gətirə bilməzdi.
“Hər həftə küçəyə çıxsaq, minlərlə saxlanan olacaq, yüzlərlə etirazçı döyüləcək”, – Volkov fevralın 5-də YouTube kanalında canlı yayında deyib.
Buna da bax: Etirazçılardan Navalnıya işıqlı dəstək
Belarus dərsləri
Artıq Navalnını xeyli aparıcı müttəfiqi ev dustağı edilib, onun yaxın ətrafı müvəqqəti zəiflədilib.
Bəzi təhlilçilərin fikrincə, etirazları təxirə salmaq qərarı Navalnı düşərgəsinin Belarusda ötənilki etirazlardan dərc çıxardığını göstərir.
Belarusda çoxdankı lider Alyaksandr Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunan kimi hər gün nümayişlər keçirildi. Sonradan hərəkatın tempi azaldı, Lukaşenka isə hakimiyyətdə qaldı.
Minskdə bəzi həftəsonları etirazlara 200 mindən çox adam çıxırdı. Ancaq Lukaşenka rejimi buna duruş gətirə bildi. Deməli, Rusiya hökuməti də etirazların kiçilərək Moskva və Sankt Peterburqa keçəcəyini gözləyə bilərdi, təhlilçilər belə deyirlər.
Buna da bax: Navalnı hakimə: ‘Özünüzü biabır etməyin’
Kremlin keçmiş nitqyazanı, indi isə siyasi təhlilçi kimi fəaliyyət göstərən Abbas Qallyamov Facebook-da yazıb ki, Volkovun qərarı düzgün strategiya olsa da, verdiyi mesaj yanlış idi.
“Xəbər başlıqlarına çıxmamalıydıq. ‘Volkov gələn həftəsonu yürüş keçirməkdən imtina etdi’, çünki bu, geri çəkilməyə bənzəyir”, – Qalyamov yazıb.
Buna da bax: Rusiya Avropa ilə əlaqələri kəsməyə hazır olduğunu deyir
Navalnı Putini yıxa biləcəkmi?
2011-2012-ci ildə Vladimir Putinin üçüncü müddət prezidentliyinə etiraz aksiyalarından fərqli olaraq, bu günün etiraz hərəkatının xarizmatik və rəğbət oyadan lideri var. Amma Putin son on ildə polis dövlətini gücləndirib, hakimiyyətini saxlamaqdan ötrü hər bir mümkün alətdən istifadə edəcək. Bu fikirləri isə “Project Syndicate” portalında oxuyuruq.
“2014-cü ildə Ukrayna ərazisinə girərək Krımı qanunsuz ilhaq edən və bununla özünün reytinqini qaldıran, ötən il konstitusiyaya dəyişiklik edərək ömürlük prezidentliyinə yol açan lider həftəsonu etirazları ilə hakimiyyətdən gedən deyil”, – məqalədə deyilir
Müəllif Putinin Navalnını, onun müttəfiqləri və tərəfdarlarını aşırı, hətta irrasional şəkildə boğmağa çalışdığımı qeyd edir. Minlərlə etirazçı qəddar taktikadan istifadə etməklə saxlanıb. Hökumət sosial media platformalarını bloklayıb. Kremlin nəzarətində olan televiziya şəbəkələri etiraz hərəkatını hər vəchlə gözdən salmağa çalışırlar.
Buna da bax: Navalnaya Almaniyaya gedib
“Saray çevrilişinin hazırlanma prosesində olması ehtimalı Putinin qorxularını daha da dərinləşdirir. Krımın ilhaqından bəri Qərbin sanksiyaları Rusiyanın iqtisadiyyatını məngənəyə salıb, siyasi elita arasında narazılığı alovlandırır, onlar İsveçrədəki bank hesabları və İtaliyadakı villalarına çıxış istəyirlər. 1964-cü ildə Nikita Xruşşovun devrilməsi kimi, indi də Putin vəzifədən kənarlaşdırıla bilər”, – məqalədə deyilir.
Navalnı yanvarın 17-də Berlindən qayıdarkən saxlanıb. Almaniyada isə ötən avqustda Sibirdə zəhərlənmədən müalicə olunurdu. Navalnı buna görə Putin və təhlükəsizlik agentlərini ittiham edir. Kreml iddiaları rədd edir.
Fevralın 2-də Moskvada məhkəmə Navalnının mənimsəmə işi üzrə daha öncəki şərti cəzasını real həbslə əvəzləyib, ona 2 il 8 ay həbs cəzası kəsib.