Mərkəzi Bank Azərbaycan Respublikasının ötənilki tədiyə balansına dair göstəriciləri açıqlayıb. Ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyutayla ifadə olunmuş dəyərini açıqladığından tədiyə balansı ölkənin makroiqtisadi durumunu bilmək baxımından ən önəmli statistik göstəricidir. Axı bu balans vasitəsilə ölkə iqtisadiyyatına daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasındakı fərq də müəyyənləşdirilir.
Ötən ilin nəticələrinə görə, bu fərq Azərbaycan üçün o qədər də uğurlu olmayıb – ölkənin tədiyə balansında 1 milyard 987 milyon 700 min dollar kəsir yaranıb. Halbuki 2019-cu ildə Azərbaycanın tədiyə balansında nəinki kəsir qeydə alınmamış, hətta 5 milyard 143 milyon dollar həcmində müsbət saldo yaranmışdı.
Buna da bax: Azərbaycanın Türkiyə iqtisadiyyatında rolu artırNeftdən asılı iqtisadiyyatın fəsadları
Ötən il cari əməliyyatlar hesabında 227 milyon 600 min dollarlıq kəsir yaranıb. Bu, əsasən, dünya bazarlarında neftin ucuzlaşmasından və Azərbaycan iqtisadiyyatının təbii resurslardan yüksək asılılığından qaynaqlanıb. Axı neft və qazı çıxmaqla, ölkəyə valyuta gətirən digər sahələr yox kimidir. Azərbaycanın ixrac əməliyyatları vasitəsilə əldə etdiyi gəlirin təxminən 90 faizi neft-qaz sənayesinin hesabına formalaşır. Dövlət büdcəsinin gəlirlərinin də yarısından çoxu məhz bu sektordan əldə edilir.
Mərkəzi Bankın hesabatından görünür ki, ötən il Azərbaycan neftinin bir barelinin orta aylıq qiyməti 41 dollar olub. Halbuki 2019-ci ildə bu rəqəm 64 dollar idi. Deməli, 1 il ərzində neftin hər barelindən Azərbaycanın qazancı 36 faiz azalıb.
Kəsir niyə yaranıb?
Hesabat dövründə əmtəə ixracı əmtəə idxalını 2.5 milyard dollar üstələsə də, xidmətlər balansında 2.8 milyard dollar, ilkin gəlirlər hesabında isə 456 milyon dollar kəsir yaranıb.
Buna da bax: Azərbaycan qazı Türkiyəyə 87, Gürcüstana 141 dollara satılırBu səbəbdən ölkənin ixracdan qazancları xaricdən xidmət göstərilməsinə və əcnəbilərin Azərbaycandakı gəlirlərinin xarici valyutada ödənilməsinə xərclənib.
Tədiyə balansında kəsirin ən önəmli səbəbi maliyyə hesabında yaranan 2.4 milyard dollar həcmindəki xalis kapital çıxışı ilə bağlı olub. Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiya formasında, 1.4 milyard dollarıq hissəsi isə "digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir.
Ötən il azərbaycanlı sahibkarların ən çox investisiya yatırdığı ilk beş ölkə siyahısına Türkiyə başçılıq edir (334 milyon dollar). Növbəti yerləri ABŞ (171 milyon dollar), Lüksemburq (123 milyon dollar), Monteneqro (101 milyon dollar) və Rusiya (95 milyon dollar) tutur.
Tədiyə balansı ilə bağlı daha bir diqqətçəkən məqam var: Mərkəzi Bankın "balanslaşdırıcı maddə" kimi qeyd etdiyi istiqamət üzrə ölkəyə 648 milyon dollar həcmində kapital girişi baş verib. Bu maddə tədiyə balansının heç bir bölməsində ən müxtəlif səbəblərdən uçota alınmayan, ancaq maliyyə sistemində ortaya çıxan xarici valyuta kütləsinin həcminə əsasən təyin edilir. Bu vəsaitin ölkə iqtisadiyyatına daxil olması toplam kəsir həcmini nisbətən azaldıb.
Buna da bax: Azərbaycanda hansı ölkələr şirkət açıb, pul qoyub, işləyir?Kəsir nə vəd edir?
Tədiyə balansındakı kəsir ölkədən çıxan valyuta həcminin ölkəyə gətirilən valyutadan daha çox olduğunu göstərir. Belə olan halda ya milli valyuta xarici valyutaya qarşı dəyər itirir (devalvasiya baş verir), ya da ölkənin valyuta ehtiyatları azalır. Məsələn, 2015-ci ildə tədiyə balansında törənən kəsir həm manatı ilboyu iki dəfə dəyərsizləşdirmiş, həm də Mərkəzi Bankın valyuta ehtiyatlarını 8 milyard dollar əritmişdi.
Bir məqam diqqət çəkir: Ötən il tədiyə balansında kəsir yaransa da, manatın məzənnəsi xarici valyutalara qarşı sabit qalıb, üstəlik, ölkənin valyuta ehtiyatlarında azalma da baş verməyib. Hökumət bunu aktivlərin yenidən qiymətləndirilməsi ilə əsaslandırıb. Aktivlərin yenidən qiymətləndirilməsi dedikdə, onların bahalaşması nəzərdə tutulur. Bu da ehtiyatların saxlandığı valyutaların il ərzində dəyər qazanmasından və ya əvvəlki illərdə alınmış daşınmaz əmlak, qızıl və digər belə aktivlərin dəyərinin artmasından qaynaqlanır.