Qərb vaksinləri ilə bağlı dezinformasiya kampaniyası arxasında Rusiyanın marketinq şirkətləri dayanır. Özü də şübhəli qida əlavələri satan, haker proqramlarını təbliğ edən şirkətlər. Bunu AzadAvropa/AzadlıqRadiosu-nun yeni araşdırması üzə çıxarıb.
Araşdırmanın mərkəzində kremlpərəst siyasi dairələrdə fəallığı ilə seçilən, Moskvada yaşayan biznesledi dayanır. Sözügedən dezinformasiya kampaniyası Fransa və Almaniya daxil bir sıra ölkələrdə sosial-media influenserlərini hədəfə alıb və məlumatlara görə, Fransa kəşfiyyat agentliklərinin diqqətini çəkib.
Yuliya Serebryanskaya hakim Vahid Rusiya partiyasının siyasi kampaniyalarının, tədbirlərinin veteranıdır. 2019-cu ildə Moskva şəhər seçkilərinə də müstəqil namizəd kimi qatılıb. Rəhbərlik etdiyi Rusiya Təşəbbüsü təşkilatı isə özünü “dünyada rusdillilərin birliyi” kimi təqdim edir.
Buna da bax: G7 vaksin pasportlarını 'tanısın'
Pul qarşılığında video hazırlamaq təklifi
Dezinformasiya kampaniyasına marketinq şirkətlərinin cəlbi isə Rusiyanın COVID-19-a qarşı öz vaksinlərinin təbliğindən ötrü çirkin cəhdlərinə yeni çalar qatır.
Rusiya Birbaşa İnvestisiya Fondunun dəstəyilə hazırlanmış Sputnik V vaksini bir sıra ölkələrə satılıb.
Fond bu vaksini canfəşanlıqla təbliğ edir, bəzən faydasını şişirdir və eyni zamanda Qərbdə hazırlanmış Pfizer/BioNTech, AstraZeneca və Moderna vaksinlərini açıq tənqid edir.
Son həftələr meydana çıxmış marketinq kampaniyasına bu fondun bağlılığının əlaməti yoxdur.
Bir sıra media orqanlarının yazmasına görə. Fransalı bloqerlər Fazze marketinq firmasına üçün işlədiyini iddia edən şəxsdən elektron məktub alıblar.
İddialara görə, bloqerlərə pul qarşılığında YouTube, Instagram və digər platformalarda Pfizer/BioNTech vaksinini tənqid edən videolar hazırlamaq təklif olunub.
YouTube hesabında 1.2 milyon abunəçisi olan fransalı elm bloqeri Leo Qrasse də onunla əlaqə saxlandığını açıqlayıb, yazışmalardan skrinşotları Twitter hesabında paylaşıb. Radio ondan əlavə açıqlama ala bilməyib.
Buna da bax: Avropa İttifaqı Rusiya və Çini ‘vaksin dezinformasiyasında’ ittiham edir
Eyni ünvan
Fazze şirkəti vebsaytında ünvanını London kimi göstərsə də Britaniyada reyestrdə qeydiyyatdan keçməyib. Bir işəgötürmə saytı isə onun Britaniya və Rusiyada fəaliyyət göstərən AdNow marketinq agentliyinin tərkib hissəsi kimi göstərir.
Britaniya şirkəti olan Adnow LLP 2014-cü ildə bir britaniyalı və Stanislav Fesenko adlı rusiyalı tərəfindən təsis olunub. Adnow LLP və Fazze-nin Londondakı ünvanı eynidir.
2018-ci ilədək AdNow-nın Rusiya filialının rəhbəri Serebryanskaya olub.
Şirkətin Moskvadakı ofisi isə 2WTrade adlı internet marketinq şirkəti ilə eyni ünvanda yerləşir. Bu şirkətin də başçısı Serebryanskayadır. Şirkət sağlamlıq və gözəllik məhsullarının marketinqi ilə məşğuldur.
2001-ci ildə Novosibirsk Dövlət Texniki Universitetini bitirmiş Serebryanskaya qısa müddətdə dövlət televiziyasının yerli şöbəsində işləyib. Moskvaya köçəndən sonra, özünün dediyi kimi, dövlətin nəzarətində olan NTV və Birinci Kanalda çalışıb.
Onun onlayn tərcümeyi-halında 2007-ci ildə Dmitri Medvedevin seçki qərargahında çalışdığı qeyd olunur. O zaman baş nazirin müavini olan Medvedev bir il sonra prezident seçildi, Prezident Vladimir Putin isə baş nazir postuna keçdi.
Buna da bax: Alimlər Rusiya vaksininin effektivliyinə şübhə bildiriblər
Seçki kampaniyalarında iştirak
Serebryanskaya 2012-ci ildə Putinin seçki kampaniyasında çalışıb. O, hakim Vahid Rusiyanın siyasi departamentində reklam şöbəsinə başçılıq edib.
2013-cü ildə “ailə səbəblərindən” dolayı Birləşmiş Ştatlara köçən Serebryanskaya orada iki il yaşayıb, “Kaliforniyada (özəlliklə Silikon Vadisindəki texnologiya şirkətləri), Arizona və Nevadada Rusiya icması ilə əməkdaşlıq qurub”.
Serebryanskaya Rusiyaya qayıdandan sonra 2WTrade şirkətini, bir il sonra Rusiya Təşəbbüsü təşkilatını təsis edib.
Radio araşdırma zamanı Serebryanskayadan, Fazze şirkətindən əlavə açıqlama ala bilməyib.
Rusiya zaman-zaman qərbin vaksinlərini tənqid edib. Sentyabrda AstraZeneca vaksinindən istifadə qan laxtalanması ilə mümkün əlaqə səbəbindən müvəqqəti dayandırıldı. Sonradan vaksinin tətbiqinə icazə veriləndə Rusiya Birbaşa investisiya Fondunun başçısı Kiril Dmitriyev bunu alqışlasa da vaksinin hazırlanmasının qüsurlu olduğunu deyib.
Kremlin sözçüsü Dmitri Peskov isə iddiaları rədd edərək, Rusiyanın heç kəsə yanlış informasiya vermədiyini vurğulayıb.
“Rusiya öz uğurlarından fəxrlı danışır və dünyada ilk qeydə alının vaksinin uğurlarını paylaşır”, – o bildirib.