Moskva sülh müqaviləsinə tələsməməyə çağırır

Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB departamentinin direktoru Denis Qonçar

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini tələsik imzalamaq cəhdləri sənədin hazırlanmasına və keyfiyyətinə ziyan vura və gələcək münaqişələrə yol aça bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB departamentinin direktoru Denis Qonçar TASS dövlət xəbər agentliyinə müsahibəsində deyib:

“Tələsik hazırlanmış, çiy sülh müqaviləsi regiona dayanıqlı sülh gətirməyəcək. Bu, əksinə gələcəkdə yeni münaqişə və faciələrə yol aça bilər. Bu işdə prioritet sürətə yox, balanslaşdırılmış və qarşılıqlı məqbul həllərin keyfiyyətli hazırlığına verilməlidir”.

“Bakı və Yerevandan səslənən bəyanatlarа baxmayaraq...”

Qonçar əlavə edib ki, Qərb paytaxtlarından tez-tez Bakı və Yerevanın müqaviləni “az qala yaxın həftə və aylarda” imzalaya biləcəyinə dair bəyanatlar səslənir.

Rusiya rəsmisi vurğulayıb ki, müqavilənin imzalanması vaxtını tərəflərin özləri müəyyən etməlidirlər:

“Məsuliyyətli vasitəçilərin vəzifəsi sülh prosesini konyunktur mülahizələrə görə tələsdirmək yox, möhkəm və uzunmüddətli razılaşmalara çıxılmasına kömək etməkdir. Bu razılaşmalar yerdə yaranmış reallıqları və ilk növbədə yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarını və onların əsasında işləyən mexanizmləri nəzərə almalıdır”.

Qonçar iddia edib ki, Azərbaycan və Ermənistan Bakı və Yerevandan səslənən bəyanatlara baxmayaraq sülh müqaviləsini istənilən şərtlər əsasında imzalamağa hazır deyillər və hələ bəzi mürəkkəb məsələlər həll olunmalıdır.

Rusiya rəsmisi vurğulayıb ki, “bəzi mürəkkəb məsələlərdən” ən problemlisi Qarabağın erməni əhalisinin təhlükəsizlik və hüquqlarının Azərbaycanın hüquqi məkanında təmin edilməsidir.

Qonçar əlavə edib ki, bu problemin həlli üçün beynəlxalq mexanizmə ehtiyac var.

Buna da bax: Müsahibə: 'ABŞ sülh razılaşmasına mane olmaq istəyənlərə səbəb vermək istəmir'

Moskvanın verdiyi “ev tapşırığı”

Rusiya XİN-in vəzifəli rəsmisi deyib ki, Rusiya Ermənistana və Azərbaycana regionda vəziyyətin deeskalaiyası üçün “ev tapşırığı” şəklində təkliflərini verib:

“İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində son təmaslar Dağlıq Qarabağda heç də sadə olmayan fonda keçib. Həssas detalları açmadan deməliyəm ki, bizim tərəfimizdən gərginliyin deeskalasiyası üçün kompromis həll yolları “ev tapşırığı” olaraq tərəflərə verilib. Ümid edirik ki, humanitar mülahizələr, adi insanlara qayğı Bakı və Yerevan arasında siyasi ixtilafa üstün gələcək”.

Son zamanlar Moskvadan Azərbaycan-Ermənistan sülh müqaviləsinin tez bir zamanda imzalanmasına şübhə ifadə olunur və gündəmə əsas məsələ kimi yenidən Qarabağ məsələsi gətirilir. Lakin Bakı sülh müqaviləsinin ən tez bir zamanda imzalanmasına can atır.

Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danıqşıalrı üzrə baş müşaviri Luis Bononu qəbul edərkən də eyni fikri səsləndirib.

O deyib ki, “Azərbaycan tərəfi sülh prosesinin davam etdirilməsinə sadiqdir və bu istiqamətdə ən tez bir zamanda nəticələr əldə olunmasını istəyir”.

Buna da bax: Paşinyan Azərbaycanı ərazi bütövlüyünün tanınması razılaşmasını açıq təsdiqləməyə çağırır

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.