Gecə yarıdan keçmişdi. Havada qara bir sükut vardı. Deyəsən, sükutun özü də qara pişik kimi qıvrılıb yatmışdı. Amma Fatmanın yuxusu ərşə çəkilmişdi. Burada ilk gecəsi idi. Yorğan-döşək yumşaq olsa da, yastığın çəmini tapa bilmirdi. Başı, qulağı yastıqla dil tapmırdı. Yastığı o üzə, bu üzə çevirirdi, əlini yastığın altına qoyurdu, yastığın üstündən əlini qulağının altına qoyurdu, olmurdu ki, olmurdu. Rahatlıq tapa bilmirdi. Pəncərənin pərdəsini azacıq qaldırıb həyətə, dirəklərin başında mürgüləyən işıqlara baxdı. Yuxarıda göy yox idi. Elə bil binanın damına kimi enmişdi. Uzaqdan gələn dalğaların səsi sanki daş kimi yatmış qara buludların mışıltısı idi. Dənizlə evin arası azı dörd yüz metr olardı, dalğaların səsini aydın eşidirdi. Gecə səs nə uzağa gedirmiş. Gündüz deyilən bir sözü eşitmək, başa düşmək üçün iki-üç dəfə "haaay" - deyib soruşuram. Amma indi dörd yüz metr o yanda dəniz pıçıldayır, mən eşidirəm. Sakit yerdir, hava təmizdir, bircə Allah rahatlıq versin yata bilim" - düşündü. O biri böyrü üstə döndü, çarpayı cığıldadı. Üzbəüz çarpayıya, otaq yoldaşına baxdı. Süzen xanıma baxdı, yatmışdı. "Qəribə adı var, Süzen. Görəsən, hansı millətdəndir? Eh, nəyimə qalıb. Əsas odur ki, xoruldamır, rahat yatır. Bəxtəvər uzanan kimi küt gedir, quzu kimi yatır. Müdir deyirdi, yaxın vaxtda yer boşalan kimi yerini dəyişəcəm. İndi Amerikada gün-günortadı". - Yadına düşdü ki, mobil telefonunu söndürməyib. Pəncərənin qabağından telefonu götürdü, söndürdü. "Qız Amerikadan zəng eliyər. Qonşumu oyadar, yaxşı düşməz". Fatmanın qızı Gülnar altı ay idi ki, oğlunu da götürüb ərinin yarına getmişdi. Qız elə sevinirdi, elə xoşbəxt idi ki, Fatma heç ağzını açıb deyə bilmədi ki, ay bala, hara gedirsən, dünyanın o başına? Mənim bu yaşımda... Başa düşdü ki, bu sözlər artıqdı. Kürəkəni beş il idi Amerkada idi. İndi dəvət göndərmişdi, indi onlar xoşbəxt idilər, gedirdilər. Fatma baş aça bilmirdi, qızı ərinin yanına getdiyinə sevinirdi, yoxsa Amerikaya getdiyinə görə. Hər halda sevinirdi. Həm də elə sevinirdi, bu yerdə ana məsləhəti, sözü artıq idi. Fatmanın canı-ciyəri, ruhu, canının ovqatı, nəvəsi Aslan Amerikaya getdiyinə görə sevinirdi. "Nənə, sən qorxma, darıxma. Mən sənə çoxlu yaxşı şeylər alacam. Nənə, götür, cib telefonumu da sənə verirəm".
Gülnar oğluna acıqlandı:
- Ədə, nənən telefonu neyləyir, oyun çıxartma!
Aslan nənəsini bir də öpdü.
- Yox, qoy qalsın nənəmdə. Neylirəm bunu, atam mənə amerkanskisin alacaq.
Aslan gedəndən sonra Fatmanın dünyası bomboş olmuşdu. O xaraba dünyanın içində bir cib telefonundan başqa heç nə yox idi. O da susurdu, yatmışdı. Bu otaq kimi susurdu. Çöldə, evin üstündə uzanmış qara buludlar kimi susurdu. "Nənəsi qurban olmuşun səsini eşitsəydim, ölsəm də dərdim olmazdı. Telefonu yerinə qoyub yenidən dənizin səsini eşitməyə çalışdı. Fatma bu yaşında da o dənizin səsində layla eşitmək istəyirdi. Anasını xatırladan uzaq-uzaq bir layla səsi. Birdən qəfil, xırıltılı səs otaqdakı sükutu daş kimi qırdı, sükut şüşə kimi çiliklənib otağa, Fatmanın üstünə, üzünə, yorğana, döşəməyə səpildi. Fatma qorxub dik atıldı. İşığı yandırdı. Süzen titrəyən əllərini qaldırıb boğuq, xırıltılı bir səslə bağırırdı. "Qan! Qaaan! Qaan!". Fatma ona yanaşdı, Süzenin gözləri yumulu idi, bütün bədəni titrəyirdi. Baxdı, əlləri tərtəmiz idi. Fatma onu yuxudan ayıltmağa çalışdı:
- Süzen! Süzen xanım, qorxma, yuxudu. Oyan. Oyan, qorxma, qan-zad yoxdu. Oyan.
Süzen gözlərini açdı, əllərinə baxdı, gözləri heyrətdən bərəldi. Əlləri daha çox titrədi.
- Qan! Qaaan? - deyib qalxdı, qapının yanında su kranını açdı. Əlini yuya-yuya - Qaan, qaan, qan! Əlimdən getmir.
Fatma onu qucaqladı, onun üzünə, alnına su vurdu.
- Qorxma, vallah, əllərin tərtəmizdi. Qan yoxdu. Bax da, bax! Qan nə gəzir?
Süzen tam ayıldı, onun üzünə baxdı, gözləri aydınlaşmışdı. Diqqətlə Fatmanı süzdü. Sonra öz əllərinə baxdı.
- Hə, yuyuldu. Hə, qan yuyuldu, getdi. Səni də qorxuzdum, bağışla. Məndə olur. Ayılıram, görürəm əllərim qana batıb, yuyuram, sonra gedir.
- Sən qışqıranda gözlərin yumulu idi. Yuxuda görmüşdün qanı.
- Hə, düzdü, yuxuda görmüşdüm. Amma gözümü açandan sonra da əllərim qanlı idi, yudum, yudum, sonra getdi. Məndə belə olur...
Fatma mübahisə eləmək istəmədi. Süzeni yavaş-yavaş öz yerinə gətirib otuzdurdu. Amma susa da bilmədi:
- Mən hələ yatmamışdım. Süsən bacı...
- Hə... Təzə yerdə yuxuya getmək olmur.
- Sən qışqıranda işığı yandırdım, gözlərin yumulu idi. Düzdü, qorxmuşdun. Əllərin tir-tir əsirdi. Amma tərtəmiz idi. Qan-zad yox idi əlində.
- Sonra gözümü açdım. Əlimi yuyunca əlllərim qan içində idi. Yudum, təmizləndi. Bu birinci dəfə deyil.
Fatma vahimələndi. Mübahisə etmək istəmədi. Yorğanı Süzenin üstünə çəkib öz çarpayısına uzandı.
- Nə bilim, - dedi, - bəlkə, yaxşı görməmişəm.
- Çox sağ ol ki, məni oyatdın. Yoxsa tək olanda ölüb-dirilirəm. Həmişə də eyni yuxudu. Nə deyim, sənin kimi yanımda olub məni o vəziyyətdə görənlər də deyir əlində qan görməmişik. Az qala inanıram. Amma qan görürəm axı?! Hələ deməyə utanıram. Hərdən görürəm adamların bəzisinin gözündən yaş kimi qan axır. Görürəm heç kəs fikir vermir, bir söz demir, deməli, görmürlər. Sonra o adamlarla danışıram, görürəm dərdlidirlər. Ürəkləri qan ağlayır. Ağlamağa bəhanə axtarırlar. Hər halda, bunlar səbəbsiz deyil.
Fatma gülümsündü:
- Sən məni qorxuzmaq istəyirsən, ay Süzen? Vallah, əməlli-başlı vahimələndim. Mənim bərkdə o qədər də əlim yoxdu. Qorxağın biriyəm - deyib yorğanı başına çəkdi - işığı sən söndür.
Süzen qalxıb işığı söndürdü, dönüb yerində uzandı. Gileyli adam kimi deyindi:
- Axı niyə səni qorxuzmalıyam? Gələnlər hamısı məndən qaçır. Yəqin, sənə də müdir deyib ki, hələlik burda qal, yer boşalan kimi səni başqa otağa köçürərəm.
- Hə, dedi. Hardan bilirsən?
- Belədi da, hamı məndən qaçır.
- Yer boşalan kimi nə deməkdi? Yəni burdan çıxıb gedən çox olur?
- Yox, qoca adamlarıq da, ölən olur, yerləri boşalır. Sən də məni qoyub qaçacaqsan. Bütün ömrüm boyu tək yaşamışam. Səni niyə qorxuzum ki?
- Yox, mən qaçmaram. Amma, yəqin, oğlum gəlib məni aparacaq.
- Oğlun var?
- Hə, oğlum da var, qızım da.
- Bəs nə yaxşı qızın bura gəlməyinə razı olub?
- Amerikadadır, orda yaşayırlar. Ordakı nəvəmdən ötrü burnumun ucu göynəyir.
- Bəs oğlun niyə bura gətirib səni?
- İşi çoxdu, nazir müavinidi. İndi işlərin qızğın vaxtıdı. Həmişə nazirin yanında olur.
- Bəs ondan nəvələrin yoxdu?
- Var, gəlin rusdu, uşaqlar da rusca danışır. Qulluqçu da rus arvadıdı...
- Hə, məlumdu... Oğlun da həmişə nazirin yanındadı. O qədər məşğuldu, nazirin yanından başını çıxardıb anasına baxmağa da vaxtı yoxdu...
- Süzen xanım, xətrimə dəyirsən, vallah... Uşağın günün qara eləməli deyiləm ki, uşaqlar bizim dili bilmir, mən də o dili bilmirəm. Belə fəhminən anlayıram ey, amma danışa bilmirəm. Uşaqlar gülür.
- Ay Fatma xanım, yat bacı... Yat. Sakit yerdi, təmiz havadı, gör yata bilərsənmi. Yuxun şirin olsun.
Fatma yorğanı başına çəkmişdi. Yaxşı ki, gecə idi. Yaxşı ki otaq qaranlıq idi... dinmədi, yatmadı. Elə bil kimsə əlini atıb içəridə Fatmanın ürəyini ovucunda sıxırdı. Elə sıxırdı ki, ürəyinin suyu gözlərindən süzülüb yanağına, boğazına yayılırdı, burnunun ucundan damcılayırdı. Nəvəsi Aslan könlünə düşdü. "Nənən sənə qurban, səndən başqa heç kəsim yox imiş dünyada. Canımın güvənci, ürəyimin istisi balam, hardasan? Nənən sənsiz yetimdi. Bu yazıq qonşumun heç nəvəsi də yoxdu". Süzenin pıçıltılı səsi onu fikirdən ayırdı.
- Fatma, ay Fatma.
Fatma qəsdən cavab vermədi. Qorxdu onun gözündəki yaşı Süzen qan bilər. Yenidən halı pozular.
- Hə, yatmısan? Nə deyirəm, yat - Süzen bilirdi ki, Fatma yatmayıb, yatmaq istəyir, danışmaq istəmir. - Mənim təvdirim çaşıb. Allah sənə rahatlıq versin. -pıçıldadı.
* * *
Sovet dönəmində respublikada cəmi dörd qəzet çap olunurdu. İkisi kommunist partiyasının orqanı idi. Biri rus dilində, o biri də öz dilimizdə. Tək bizdə yox, on beş respublikanın hamısında eyni vəziyyət idi. İki qəzet də gənclərin (komsomolun) qəzeti idi. Kommunistlərin qəzeti həm rusca, həm də yerli dildə birinci səhifədə Moskva kommunist rəhbərliyini tərifləyirdi, onların müdrik və humanist rəhbərliyindən söz açırdı, dünyada sülhün və azadlığın ümid yeri olduğunu hər gün bir daha xatırladırdı. İkinci səhifədə yerli partiya rəhbərlərinin müdrikliyi "tutarlı faktlarla" yazılırdı, təriflənirdi. Onların da ilham mənbəyinin Kremldə, onun ulduzlarında parladığı göstərilirdi. Yerli partiya rəhbərlərinin Kremlə, oradakı şanlı rəhbərlərə məhəbbəti, sədaqəti əsas mövzu olurdu. Üçüncü səhifəni rayonlarda yaşayan partiya rəhbərlərinin sosializm yarışı, onların kənd təsərrüfatı sahəsində göstərdikləri qəhrəmanlıqlar, partiyaya və şanlı partiya rəhbərlərimizə sədaqətləri mövzusu bəzəyirdi. Dördüncü səhifədə qalan bütün xırda-para xəbərlər verilirdi. Məsələn, filan kolxozçu qadın on dörd uşaq anasıdır. Qəhrəman ana adına layiq görülüb. Filan qabaqcıl sağıcının inəyi iki bala doğub. Filan çoban hər yüz qoyundan iki yüz bala alıb. Hərdən bu səhifədə kəskin felyetonlar da işıq üzü görürdü; şübhəsiz, felyeton dövlət əhəmiyyətli mövzuda yazılmış olurdusa. Məsələn, filan rayonda milis mayoru oğluna sünnət toyu eləyib. Əlbət ki, bu biabırçılığa görə rütbəsi alınıb, sistemdən qovulub, partiyadan çıxarılıb. Komsomol (yəni, gənclər) qəzetləri də yuxarıda sadaladığımız məsələləri gənclər səviyyəsində işıqlandırırdı.
Birdən-birə, Fatmanın, Süzenin yuxusu kimi Sovetlər İttifaqı dağıldı. Qəzetlər, jurnallar bəndi-bərəni aşıb sel kimi gəldi. Hətta qəzetlərdən birinin sahibi qəzetinə heç ad da tapmamışdı. Qeydiyyatda soruşanda ki, "qəzetinizin adı nə olacaq?".
- Qeydiyyat nömrəmiz neçədir?
- 525-ci qəzetsiz.
- Elə yazın beş yüz iyirmi beşinci qəzet.
Hələ o qəzetdən sonra qeydiyyat üçün, türk demiş, növbədə uzun bir quyruq vardı. Mətbuat jurnalist sarıdan korluq çəkmirdi. Çünkü yetmiş il sovet dönəmində hamı bir-birindən gizli, aşkar, imzalı, imzasız yazıb, bu gün üçün məşq edirdi. İndi onların zamanı gəlmişdi, yazırdılar. Bir-birini söyürdülər. Bir-birinin yorğanının altına, cibinə, baxçasına, boxçasına baxıb, qeydiyyat aparıb yazır, qeydiyyatı satır, ya da çap etdirirdi. Həyat qazan kimi qaynayırdı. Amma bu qazanda istedadlılar da bişib yaxşı jurnalist kimi yetişirdi. Əşrəf onlardan idi. Qəfər kişinin yerlisi, kəndçisi, dostunun oğlu Əşrəf.
Sovetlər dağılandan sonra hər şey dəyişmişdi. Bir Qəfər kişidən, onun hər il yayda istirahət elədiyi "Günəşli" istirahət evindən, bir də Qəfər kişinin üç istirahət yoldaşından başqa. Qəfər kişiyə görə yoldaşları da Əşrəfin yazılarını oxuyurdular. Xüsusilə, son zamanlar Əşrəfin "ünsiyyət mədəniyyəti", "hörmət və mərhəmət" mövzusunda yazdığı silsilə məqalələr onların ürəyindən olmuşdu. Qəfərə demişdilər, mütləq Əşrəf Sarıqayalını gətir, bizi tanış elə. Onun böyük gələcəyi var. Qoy o bizi, biz də onu tanıyaq. Özümüzlə gorumuza aparmayaq, bizdən də öyrənməli şeylər çoxdur. Gətir görüşək.
Əşrəfin işlədiyi qəzetin ünvanını da, iş telefonunu da tapmışdılar. Amma Qəfər müəllim müdrik bir el misalını çəkdi, "sifarişlə həcc qəbul olunmaz" - dedi, gərək özüm gedib görüşüm. Hal-əhval tutum, dəvət edim.
* * *
- Əşrəf, bala, sən bizim kənddən çıxmış ən böyük adamsan.
Əşrəf düşündü ki, bu sözlərin dalınca xahiş gələcək, kişinin sözünü yarımçıq qoydu.
- Elə demə, Qəfər əmi. Mən hara, böyüklük hara? Æurnalist babayam. Sovet dövrü deyil ha, müxbir görəndə düşələr əl-ayağa. İndi bizi sayan yoxdu. Xahişimizin də pullu adamlar yanında bir qara qəpiklik qiyməti yoxdu.
Qəfər kişi gülüb başını yırğaladı.
- Bilirəm, ay oğul, bilirəm. Xahişə gəlməmişəm.
- Bağışla, sən allah. Gözüm üstə yerin var. Atamın dostusan. Xahiş yox, mənə əmr edə bilərsən.
- Yox, ay bala, heç əmr də eləməyə gəlməmişəm. Mən istəyirəm sənin sözün keçərli olsun. Silsilə məqalələrini oxumuşam. Əxlaq, mədəniyyət, mərhəmət, ünsiyyət mədəniyyəti haqqında qiymətli düşüncələrin var. Sən bu fikirləri səpirsən çölə, verirsən küləyə...
- Neyləyim, Qəfər əmi, əlimdən gələn budur. Çörəyim bundan çıxır.
- Sən ondan bir tikə çörək çıxarırsan, amma başqa biri sənin fikirlərini götürüb salır hekayəsinə, povestinə, romanına, ad-san qazanır.
- Neyləyim, taleyim belə imiş.
- Yox, qardaşoğlu, sənin taleyin öz ovcunun içində, beynində, ürəyindədir. Yazıçı olanlar səndən artıqdı? Bir bax, dünyanın ən məşhur yazıçıları əvvəl jurnalistlik edib. Sonra keçib yazıçılığa. Mən gəlmişəm səndən xahiş eləyim ki, ilhamını, ürəyini, beynini ciddi, ölməz işə sərf elə.
Əşrəf günahkar uşaq kimi Qəfər müəllimi dinləyirdi, sıxılırdı, kiçilirdi.
- Məndə o istedad yoxdu, - Əşrəf bu sözləri yorulmuş, ümidini itirmiş, təslim olmuş adam kimi dedi.
- Var! Var! - Qəfər kişi bu sözləri elə qətiyyətlə dedi ki, Əşrəf belini düzəldib Qəfər kişinin düz gözlərinə baxdı. - Var deyirəm sənə. “Sarıqayalı” ləqəbini sənə götüzdürən, yazdırtdıran ürəyinin içindəki o istedaddır. Zəhmət çək, öz ürəyini pərt eləmə, öz ürəyinin zəndini yanıltma. Kimin Sarıqaya kimi kəndi var? Hansı kənddə, hansı şəhərdə məhəbbət piri var? O pir yadındadı?
- Bəli, bəli, bəs necə?
- Yəqin, sən də o ağaca ip bağlamısan.
Əşrəf gülüb başı ilə təsdiq etdi.
- Kim bağlamayıb ki?!
- Ağasəflə Süsənin əfsanəsini bilirsən?
- Yaxşı yox, belə də...
- Ağasəflə Süsən həqiqətdi. Əfsanə deyil. Ağasəfin həqiqətinin yanında Leyli-Məcnun əfsanəsi heç nədi. O Leylisiz Məcnun idi.
- O ağac durur hələ...
- Durur. Bilirsən ki, o ağacı mən əkmişəm.
- Yox, bilmirdim.
- Əkməmişəm ey... Ağasəfi dəfn eləyəndə daş yox idi üstünə döşəməyə. Heç ağac da kəsib yonmamışdılar. Məndən başqa heç kəsi yox idi. Mən bir ağac budağı kəsib baş daşı yerinə basdırdım. Bir vaxt gördüm ki, ağac elə-helə başı aşağı göyərib. Arada su verdim. Göyərdi qalxdı. Budaqları üstdən aşağı uzanan qəribə bir ağac oldu. Qəbiristanlıq düzləndi. Bir Ağasəfin qəbri qaldı, bir də o pir olmuş ağac. - Əlbət ki, mən qəbrin üstünü götürdüm.
- Qəfər müəllim, harda qalırsan?
- Bilirəm, vaxtın azdı, gedirəm. "Günəşli" istirahət evindəyik. Orda sənin yaxşı oxucuların var. Səni görmək istəyirlər! Mən lovğalandım ki, yerlimdir, deyərəm gələr. Tanış olarsınız.
- Bağışla, Qəfər əmi, qəzetə, nömrəyə təcili material verməliyəm.
- İndi yox, bu həftənin altıncı günü, saat ikidə səni gözləyəcəyik. Gəlsən, şad olarıq. Kafedə hazırlıq da görəcəyik.
- Mütləq gələcəyəm, mütləq, sağ ol, Qəfər əmi.
Əşrəfin ağlı, ürəyi elə bil illərin yuxusundan ayılmışdı. Özü öz içinə sığmırdı. Onun içində özündən, boyundan, bədənindən böyük bir Əşrəf oyanmışdı. Onu özü də tanımadığı bir Əşrəf yeridirdi. Başını dik tutmuşdu, qəti, hökmlü addımlarla irəliləyirdi. Sinəsi özündən qabaqda gedirdi. Əslində, ayaqları kənara çəkilib ona yol verirdi.
Qəfər müəllim bir qədər onun arxasınca baxdı. Gülümsünüb "hə, gələcəksən, qardaşoğlu, mütləq gələcəksən" - düşündü. Qəfər kişi ağ xalatlı çaypaylayan oğlana əli ilə "gəl" işarəsi etdi.
- Bala, çayının pulunu çıx. Çayın bu gözəl bulvara yaraşan çaydı. Sağ ol! Xırdalar qalsın!
* * *
1937-ci ilin yağışlı bir payız axşamı idi. Süsən yuxuya getmişdi. Səlim kişi uşağı oyatmamaq üçün Xanıma yaxınlaşıb pıçıltı ilə dedi:
- Bunlar gəlib çıxmadı. Uşağın üst paltarını, bəlkə, çıxardasan? Tərliyəcək. Çölə çıxanda soyuq olar.
- İndi gələrlər. Oyansa ağlayar. Qoy yatsın. Tamaşa qurtarmış olar. İndi gəlib çıxarlar. Həvəsə bax da... Körpə uşağı qonşuya verib teatra gedirlər.
- Bunlar üçün uşaq elə bil oyuncaqdı. Allah bunlara gül kimi övlad verib. Gündüz qoyub işə gedirlər, axşam da belə; tamaşaya gediblər. Bu oxumuşlar üçün uşağın bir quruşluq qiyməti yoxdu. Qoyasan boş-boş danışalar, bəzənib gəzələr.
- Ay kişi, cavandılar da...
- Biz cavan olmamışıq?!
- Bizə nə olub? Elə indi də cavanıq da... Sən də sənət tapdın özünə.
- Sənətimə nə olub, ən məşhur papaqçıyam. Papaq tikib qoyuram adamların başına, olurlar kişi.
- Bəlkə, özün də o papaqlardan birini başına qoyasan - kişinin yanını çimdikləyir - hıy... öz uşağımıza baxaq, hıy...
- Tövbə, tövbə... Gecənin bu vaxtı məni... qızışmısan? Allah vermiyəndə zornan olmur ki, qismət başqa şeydi. Odu ey... Verib qədrini bilmiyənlər. Uşaq ata-ana üzü görür ki...
Həyətdə ayaq səsləri eşitdilər. Xanım pəncərədən baxdı, Səlim qapıya getdi.
- Gəldilər, axır ki...
Xanım onu əlinin işarəsi ilə saxladı. Barmağını dodağının üstünə qoyub susmasına işarə elədi. Kişi onun yanına qayıdıb:
- Nə olub?
- Açma qapını, meşin şapkalılardı. Orda-burda bir söz danışmamısan ki?
- Haşa heyvər... Allah eləməsin, Xaçik köpəyoğlu çoxdandı dükanıma göz dikib. Bəlkə, məndən yazıb?
- Vaşş... Evimiz yıxıldı. Özümüzü yatmışlığa vuraq. - Elə bu anda qonşunun qapısı döyüldü. Səs çıxmadı. Bir də döyüldü.
- Bəlkə, deyim tamaşaya gediblər? - Səlim pıçıldadı.
- Qurbağa kimi ilanın ağzına özün girirsən?
- Bəlkə, deyim uşaq bizdədi?
- Dilini qarnına qoy! Olar bu top-tüfənglə uşaqdan ötəri gəliblər? Sus!
Elə bu zaman onların qapısı döyüldü. Kişini əsmə tutdu.
- Öyümüz yıxıldı, arvad.
- Sırıxlını çıxar, qoy elə bilsinlər ki, yuxudan oyanmısan. Allah kərimdi. Bibiheybətə nəzir deyirəm. Qorxma. Allaha təvəkkül. Aç qapını. Bissmillahürrəhmanirrəhim.
Qapı bir də döyüldü. Səlim üst paltarını soyunub qapıya yanaşdı.
- Kimdi?
- Aç!
Səlim kişi qapını açdı. Meşin pencəkli, meşin şapkalı bir oğlan dayanmışdı. Şapkasının alın yerində ulduz vardı.
- Xoş gəlmisiz, - dedi, - yatmışdıq.
- Qonşunuz hardadı?
- Tamaşaya gediblər, indilərdə gələrlər.
- Çox yaxşı. İndi qapını ört! Get yat!
- Baş üstə, - dedi. - İstədi desin ki, onların uşağı bizdədi. Oğlan ona danışmağa aman vermədi.
- Get yat! - dedi, qapını çəkib örtdü.
Baş üstə! - Səlim bu sözü örtülmüş qapıya baş əyib dedi. Barmaqlarının ucunda Xanıma yanaşdı. - Arvad, gedək yataq, qoy elə bilsinlər yatmışıq.
- Səlim, səs salma, görək nə məsələdi?
- Bilmirsən, nə məsələdi?
- Bilirəm ey, qoy görək da...
- Gəl uşağı elə bu başdan verək onlara.
- Dəlisən? Deyərlər belə yaxınsan olara, uşağı sizə etibar eliyirlər? Bizi də olara qoşsunlar?
- Hə, düz deyirsən, bəs onda neyləyək?
- Görək da... Allaha təvəkkül. Allah bizi bu bəladan qurtarar, inşallah, nəzir demişəm. Yusifi quyudan çıxardan Allahım bizi də qurtarar.
Bu zaman həyətdə səslər eşidildi.
- Vətəndaş Əbilovdu?
- Bəli.
- Siz də Şahsuvarovasız?
- Bəli.
- Gözəl familiyanız var. Yığışın gedək.
- Hara?
- Gəzməyə. Siz konturalar bizim idarəyə “dəniz qırağı” deyirsiniz. “Dəniz qırağına” gedəcəyik, təmiz havaya.
Əbilovun sakit səsi eşidildi.
- Nə yığışacayıq... dərziyə dedilər yığış, iynəsini sancdı yaxasına.
- Dərzi siz deyilsiniz. Dərzi qonşunuzdur, papaq tikir. Siz konturasız. Siz şeytana papış tikirsiz. Orda-burda hökumətin əleyhinə danışırsınız. Gedək, burjuy qalıqları.
Səslər uzaqlaşdı. Səlim dərin bir nəfəs aldı.
- Bah atonnan. Bunlar mənim papaqçı olduğumu da bilirlərmiş. Gör ey. Gözümüzün qabağında, qulağımızın dibində vraq narod yaşayıb, xəbərimiz olmayıb ey... Bundan sonra kimə inanasan?
- Ay kişi, nə biləsən?
- Kəs səsini! Az qala getmişdik əlli-ayaqlı. Sən Hambal Həsənin qızısan. Gör sənə bir söz deyirlər? Deməzlər, çünkü sən əsil proletarsan. Bunlar konturadı, burjuydu. Uşağı üstümüzə atıb o tyatır sənin, bu kino... - birdən Səlim susdu - Xanım, uşağı neyləyəcəyik?
- Saxlayaq. Körpədi. Hələ gələn Novruzda üç yaşı olacaq. Sakit uşaqdı.
- Tufu... tövbə, tövbə, vraq narodun uşağını saxlayacaqsan? Könlünə Sibir düşüb? Adın da əladı - Xanım. Gördün Şahsuvarova familiyasından necə xoşları gəldi? Xanım ha, xanıma bax. Kasıb itinin adını “gümüş” qoyar. Hambal Həsənin qızı Xanım.
- A kişi, həmişəlik demirəm ki, qoy hay-küy yatsın, sonra görək səssiz bir yana ötürək.
- Bax ha, - Səlim sevincək, - gör heç yadıma düşürmü? Ay qız, mənim dayım qızı Gülzarı tanımırsan?
- Niyə tanımıram!
- Yetimxananın müdiridi. Verək yetimxanaya.
- Amma qəşəng uşaqdı ey, Səlim, hı?..
- Tövbə, tövbə, məni hövsələdən çıxartma.
- Yaxşı, hirslənmə... nə deyib verəcəyik?
- Deyək tapmışıq, sahib çıxan yoxdu. Adını biz qoymuşuq Süsən, familiyasını da özü nə yazır-yazsın.
- Bəlkə, qayıdıb gəldilər, bir-iki gün gözləyək.
Səlim fikrə getdi. Bir az susdu.
- Nə deyirəm, bir-iki gün gözləyək, uşağı çölə-bayıra çıxarma. İndiyəcən gedənlərin qayıtdığını görmüsən?
- Yox. Amma gənə gözləyək.
* * *
Fatma xanım səsə oyandı. Gözünü açdı, başının üstündə Süzen xanımı gördü. Gülümsündü, gecəki əhvalatı xatırladı, sifətindəki təbəssümün yerini donuq, soyuq bir ifadə aldı. Süzen xanım gülümsündü:
- Sabahınız xeyir. Deyəcəksiz ki, bu arvad gecə başıma oyun açır, səhər də yatmağa qoymur.
- Yox, ay qız, yox - Fatma qalxıb yerində oturdu - yox, hər vaxtın xeyir. Yaxşı elədin oyatdın.
- Dedim səhər yeməyinə gecikərsən. Ac qalarsan.
- Heləmi? - Fatma cəld qalxıb geyinməyə başladı.
- Darıxma, vaxta bir az var. Dedim geyin, bir az həyətdə gəzək. Yağış kəsib, külək də yoxdu. Külək olmayanda Abşeronda gözəl hava olur; saf, şirin.
- Bu saat əl-üzümə su vurum, qalxaq.
Az sonra onlar həyətdə idilər. Əvvəl həyətin ortasındakı fəvvarənin başına səssiz-səmirsiz dolandılar. Sonra həyətin küncündəki iki nəhəng ləzgi papağına oxşayan əncir ağaclarına yanaşdılar. Süzen ağacların qarşısında dayandı.
- Salam. Bu Fatma xanımdı, təzə gəlib. Tanış olun.
- Allah səni güldürsün, ay Süzen. Çox qəribə insansan.
- Mən hər səhər bunlara dəyirəm. Bunlarla danışıram, hal-əhval tuturam. Onlar görür, eşidir, razılıqlar bildirirlər. - Bu zaman hardansa əsən meh yarpaqları titrətdi. - Bax, görürsən? Tərpəndilər, gördün?
Sonra bir müddət beləcə üz-üzə dayanıb susdular. Fatma çalışdı ki, fikrini cəmləyib dənizin səsini eşitsin. Axı necə eşidəydi, indi dənizin səsi gəlmirdi.
- Gəlmir...
- Nə gəlmir?
- Dənizin səsi. Gecə eşidirdim, indi səsi gəlmir.
- Dəniz uzaqdı. Gündüzdü. Dənizlə buranın arasında o qədər səslər var ki, keçib gələ bilmir. Fatma, mən heç belə danışqan deyildim. Sən xoşuma gəlmisən. Qu kimi yüngül, nazik ipək Şəki kəlağayısına oxşuyursan. Ağ yelənli, yumşaq, mehriban kəlağayıya. Mən dünyaya gələndən nə ata görmüşəm, nə ana. Nə də dostum, rəfiqəm var. Özüm də it kimi hamıya çəmkirirəm. Neyləyim, hamı məndən qaçır. Kimi qorxur, kimi iyrənir. Yeməkxanada da yanımda oturan olmur. Qalır bu iki əncir ağacı. Bunların da əlacı yoxdur. Qaça bilmir. Sən də qaçacaqsan.
- Boy... niyə?
- Nə bilim. Biri deyəcək ermənidi, biri deyəcək cuhuddu, biri deyəcək adamyeyəndi. Biri deyəcək babayağadı.
- O süpürgəyə minən babayağa?
- Hə...
- Qadan alım ay Süzən, ver süpürgəni minim gedim Amerikaya dəyim, nəvəm Aslanı görüm, o turşumuş canını iynəyim, öpüm, qıdıqlayım, gəlim.
- Fatış, sənin cındır canında nələr varmış?!
- Fatış yox, Fatma.
- Süzən yox, Süzen, - binadan zəng səsi gəldi - yeməyə çağırırlar.
- Mən hələ acmamışam.
- Bir azdan zəng çalınanda Pavlovun itləri kimi acacaqsan, qaçacaqsan. Yeməyə gedək. Mənə bu başdan de, orda pərt olmayım. Mənnən oturmaq istəyirsən?
- Hə... necə bəyəm?
- Mən müdiri tanıyıram. O istəyəcək ki, sənə ayrıca qulluq olunsun. Böyüklərin qohumlarını çox sevir. Sən nazir mavininin anasısan axı.
- Ay Süzen, bəsdi mənə sataşdın.
Yeməkxana geniş, işıqlı bir zal idi. Masalar dördadamlıq idi. Zalın küncündə kiçik bir masa divara söykənmişdi. Süzen o masaya doğru getdi. Masanın arxasında yalnız bir stul vardı. Süzen ağ plasmas stullardan birini götürüb masanın o biri başına qoydu.
- Hə, bu da sənin yerin.
Orta boylu, dolu, daha doğrusu, dəyirmi bir adam görkəminə, boyuna yaraşmayan bir çevikliklə zala girdi. Yeməkxananın tən ortasında dayandı. Əllərini başı üzərinə qaldırıb əl çaldı. Üç yüz altmış dərəcə fırlanıb gur səslə:
- Diqqət! Diqqət! - dedi, - bu gün respublikamızın, ölkəmizin çox məşhur bir ailəsinin ağbirçəyi ocağımıza gəlib, ailəmizin üzvü olub. Özü bu sakit məkanda yaşamağı seçib. Bizi şərəfləndirib. Fatma xanım Məmmədlini alqışlayaq.
Hamı əl çaldı. Fatma xanım qalxıb baş əydi. Dəyirmi adam eyni cəld hərəkətlə Fatma xanıma yanaşdı.
- Mənim adım Zöhrab müəllimdi. Buranın müdiriyəm. O başda sizə yer hazırlamışıq. Otağınızı da bu gün dəyişəcəklər.
- Zəhmət çəkməyin, sağ olun. Lazım deyil.
- Başa düşmədim, Fatma xanım.
- Mən elə burda oturacağam. Süzen xanımla da bir otaqda qalacam.
- Bizdən incimisiz?
- Xeyr, xeyr, Allah eləməsin. Biz Süzen xanımla köhnə rəfiqələrik. Görüşmüşük.
- Yox əşi, alqışlar, - əl çalır, - ağlagəlməz bir dostluq, alqışlar. Sizə nuş olsun!
Yerində burulğan kimi fırlanıb yeməkxanadan çıxdı. Fatma yalan danışdığına qıpqırmızı olmuşdu. Üzü od tutub yanırdı. Yanaqlarını ovuclarının içində tutub yalanının qızartısını gözlərdən gizlədirdi.
Süzen soyuqqanlıqla başını buladı:
- Ay qız, fikir vermə, çörəyini ye.
Yeməkxanada boşqablara ehtiyatla toxunan çəngəl-qaşıq çıqqıltısından başqa heç nə eşidilmirdi.
Sarıqayalılar kəndi "Dəli" çayın üstündə yerləşirdi. Çayın yatağı kəndin səviyyəsindən beş-altı metr aşağıda idi. Çay kəndin içindən dolana-dolana keçsə də, ordan su götürən olmurdu. Çay yayda oğlanların, kişilərin hamamı idi, hay-küysüz yerlərində tənhalıq sevən cavanlar balıq tutmaq bəhanəsi ilə suya qarmaq atır, özləri isə xəyalının qanadlarında arzularının yaşadığı yerə uçurdular. Kəndin əsas suyu çayın dağdan endiyi yerdən ana arxla gəlirdi. Arx Sarıqayalılara kimi iki kənddən keçirdi. Bu çox da böyük olmayan arx üç kəndin əkin-biçinini, həyət, bacasını, baxçasını təmin edirdi. Dağın ətəyinə, arxın başlanğıcına kimi kəndlərin arasında arxın sahəsi bölünmüşdü. Kəndlər də öz sahəsini ailələrin arasında bölmüşdü. Arxın yatağı bir yaz qabağı, bir də payızda çöküntüdən, lildən-palçıqdan qazılıb təmizlənirdi. Bu arxın iməciliklə, çay boğazı deyilən yerə kimi qazılması, üç para kəndin su probleminin həlli Mirzə Hüseyn bəyin rəhbərliyi ilə olmuşdu.
Sovet hökuməti Mirzə Hüseyn bəyi, qardaşlarını, bacılarını sürgün elədi. Bəyin kiçik oğlu Ağasəf yaddan çıxıb xalasıgildə qaldı. O gecə xalası oğlu Saleh onu qonaq aparmışdı. Kəndə bəydən iki yadigar qaldı. Biri hər gün bir arpa boyu böyüyən Ağasəf idi, o biri də üç para kəndi keçib gedən ana arx. Sovetin gündə bir qanunu çıxırdı. Bəziləri yerinə yetirilirdi, bəziləri yox. Amma Mirzə Hüseyn bəyin ana arxla bağlı üç kənddə qoyduğu yazılmamış qanun illərdi hər yaz, hər payız səssiz-səmirsiz yerinə yetirilirdi. Hətta sonra artezian quyusu da qazıldı. Kəndin içməli su məsələsi həll olundu. İçməli suyun yükü arxın boynundan götürüldü. Amma arxa, onun qorunmasına münasibət dəyişmədi. Əslində, bu, arxa yox, elə Mirzə Hüseyn bəyin xalq arasında, yaddaşlarda qalan xatirəsinə hörmət idi, ona münasibət idi qorunub indiyə kimi saxlanmışdı. Ağasəfin üzünə də kənddə bütün qapılar açıq idi, hər evin süfrəsində Ağasəfin qarşısına ürəklə qoyulacaq dolu bir boşqab vardı. Doğrudur, Ağasəfin uca boylu, yaraşıqlı olması bəzi tay-tuşlarını qıcıqlandırırdı. Amma onun açıqürəkliliyi, paklığı, uşaq kimi sadəlövhlüyü, lazım olan hər yerdə canla-başla çalışması, köməyi qığılcımların üstünə su səpirdi.
Kolxozun mədəni mərkəzi idarə idi. Kolxoz idarəsi. Onu da deyim ki, o zaman kəndə kolxoz deyirdilər. Əslində, bu, rusun iki sözünün ixtisarla birləşməsindən əmələ gəlmişdi: "kollektivnoye xozyaystvo". Kollektivdən "kol" götürmüşdülər, "xozyaystvo"dan "xoz". Olmuşdu kolxoz. Çox adam heç bunun mənasını bilmirdi. İdarənin ən yaxşı otağında kolxoz sədri otururdu. Bir böyük otaq da vardı, orda iclaslar olurdu. Birində tibb məntəqəsi idi. Orda da Elim doktor otururdu. Elim doktorun nərdi də vardı, dominosu da, daması da. Özü də bicin biri idi, baxırdı vəziyyətə: cavanlar çox olanda radiosunda bir oyun havası tapırdı, qocalar yığışanda bir muğamat tapıb analarını ağladırdı.
Əşrəf boynunda ağrı hiss elədi. Qələmi kağızın üstünə qoydu. Divar saatına baxdı. Gecə saat üçün yarısı idi. Gərnəşib belini düzəltdi. Başını sola, sağa fırlayıb boynunu ovxaladı. "Qəfər kişi də elə bilir əsər yazmaq dım-dım halvasıdı. Oturdun yazdın, oldun yazıçı, ay hay - axı bu yazdıqlarımın Avropa, Amerika, Türkmənistan, lap elə Azərbaycan oxucusuna nə dəxli var? Onların nəyinə gərəkdi ki, Sarıqayalılar kəndi hardadı? Ana arx belə getdi, artezian belə gəldi. Oturmuşam, gecə üçün yarısıdı, başım çattayır. Hələ heç nə deməmişəm. Əslində, əhvalat Süsənin kəndə gəlməsindən başlayır. Adama deyərlər elə ordan da başla da...".
İndiki kimi gözümün qabağındadı. Köpək qızı elə bil od geymişdi. Yana-yana gəlirdi. İdarənin qabağında qarğa-quzğun kimi qırıldaşan camaatın səsi birdən xırp kəsildi. Elə bil qurbağa gölünə daş atdın. Milisoner Mustafa elə bil lalə ləçəklərindən don geymiş bir gözəli gətirirdi. Qız elə bil neçə illər həsrət olduğu doğma evinə gəlirdi. Gülürdü, bu elə-belə gülüş deyildi. Saçından, gözlərindən, kirpiklərindən, yanağındakı batıqdan, yerişindən sevinc yağırdı. Adam elə bilirdi, gəlib hamını bir-bir qucaqlayıb öpəcək. Milisoner Mustafa hamı ilə salamlaşdı. Elim doktorun yanına getdi. Görüşdülər. Qızın haqqında nə isə danışdılar. Elim qıza otağı göstərdi. Qız ora keçdi, özü isə Mustafanın qoluna girib yola salmaq üçün həyətə endi. Mustafa hamı görə-görə baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb, “pul ver” işarəsi elədi. Milisoner Mustafanın ləqəbi “Manat Mustafa” idi. Birinə salam verəndə də manat alırdı, salamını aldığından da bir manat alırdı, artıq versən götürməzdi. Elim güldü, əlini cibinə saldı.
- Sənə bu dəfə üçlük düşür, bu cür hədiyyə...
Mustafa onun sözünü yarımçıq kəsdi.
- Oha... saxla... boğazında qalar. Mənim manatımı ver. Özün də ehtiyatlı ol.
- Nə olub ki.
- Bu sirdi. Amma deyim. Qulağını gətir, - Elimin qulağına nə isə pıçıldadıqca, Elimin gözləri bərəlirdi. Ağzı açılı qalmışdı.
- Yox əşi!!
Mustafa öz üzünə bir şapalaq vurdu.
- Bu ölsün! Şəxsi işdən özüm oxumuşam. Amma bax ha... bir daş altda, bir daş üstə, manatımı görüm.
- Burda nə qədər qalacaq?
- Hər şey yaxşı olsa, iki il. Özüm də gəlib dəyəcəyəm. Hər həftə mənə məlumat verəcəksən.
- Oldu. Qızın adı nədi?
- Süsən, Süsən xanım. Sənəti dərzilikdi. Orda şəfqət bacısı işləyib.
- Bilir da?..
- Hə, iki il işləyib, yəqin ki, bilir, zirək qızdır, çalış yola ver.
- Bu da sənin manatın, al. Qərib adamdı. Heyvan-zad deyilik ki... yola verərik.
- Dəvə gördün, görmədim. Mən sənə heç nə deməmişəm ha...
- Başa düşürəm ey... nigaran olma, başa düşməyənləri də başa salaram.
- Ay sağ ol, hələlik.
Gecə keçir, səhər yatıb qalaram. Bütün o olanlar kino lenti kimi gözümün qabağından keçir. Amma roman, povest, əsər, gördüklərimi qələmə almaq deyil. Çernışevski deyir ki, "istedad həyatla bədii əsər arasındakı "məsafə"dir”. Yəni, o məsafə ölçünü keçməməlidir. Nə həyata çox yaxın, nə də həyatdan çox uzaq, qədərində olmalıdır. Bu zəhrimarın qədərini necə biləsən axı? Kim bilir axı bunu, necə ölçüm, kim ölçəcək mənim istedadımı? Bizim tənqidçilərin hərəsinin öz metri var. Heç birinin də ölçüsü bir-biri ilə düz gəlmir. Cəhənnəmə gəlsin. Qəfər kişi deyir, bizim kənddən çıxan yeganə böyük adamam. Heç olmasa cəhd eləyim, alınmıyanda alınmasın. Yox, gərək fikrimi cəmləyim, yadıma salım, düşünüm, Qəfər kişi ilə danışım, bildiklərini danışsın. Sonra görüm nə yaza bilirəm. Gecə keçdi, yatım. Gecənin xeyrindən sabahın şəri yaxşıdır - deyiblər, yatım.
davamı