əvvəli
Ağasəf bir ay on gün xəstə yatdı. Dedilər sətəlcəm olub. Elim doktor, Nazlı, bir də gecə-gündüz yastığının baş ucunda olan Süsən. Süsən özünə kiçik qardaş tapmışdı. Ataya-anaya, bacıya-qardaşa, övlada yığılıb qalan məhəbbəti sərf edə bildiyinə görə özünü xoşbəxt hiss edirdi. Ağasəf isə bu ağır xəstəlikdən sağalırdı, amma bu vaxt ərzində sağalmaz, daha ağır bir xəstəliyə tutulmuşdu. Süsənə vurulmuşdu. Süsən mehribanlıqla onun üz-gözünə baxanda, əli əlinə toxunanda Ağasəf ölüb-dirilirdi. Sevirdi, eyni zamanda ona ana-bacı məhəbbəti ilə qayğı göstərən Süsənin bu məhəbbəti duymasından qorxurdu, çox qorxurdu. Qorxurdu çıxar gedər, köçər başqa evdə yaşayar. Ağasəf bunu təsəvvür edəndə alnına, üzünə, boynuna-boğazına soyuq tər gəlirdi. Ağasəf heç sağalmaq istəmirdi. Elim də, Nazlı da Ağasəfin hərəkətlərindən şübhələnmişdilər; Süsəni görəndə uşaq kimi sevinməyindən, gözünün işıqlanmasından, üzünün gülməyindən. Süsən gedən kimi əhvalı pozulurdu, halı dəyişirdi. Elim Nazlıya dedi ki, "Süsəni başa sal, qızın heç ağlına gəlmir. Amma uşaq əməlli-başlı qıza aşiq olub. İndi Ağasəfin o yaşıdı. Deynən qız ona çox voc verməsin. Cilovunu çox boşaltmasın. Əvvəla, qız beş-altı yaş gədədən böyükdü. Sonra da, baş tutan iş deyil. Canım, olmaz! Qəfər kişi Ağasəfi öldürər, Mirzə Söyün bəyin dayısının kişi nəslindən qalan oğlanın türmədən çıxmış bir qızla evlənməsinə icazə verməz, verməz canım. Olan şey deyil. Canım, qızı başa sal! Uşağı özünə dadandırmasın.
Nazlı əlini qarnının üstünə qoyub gözünü döşəmədə xalçaya zilləmişdi. Elim bilmədi Nazlının fikri qarnındakındadı, yoxsa ona qulaq asır.
- Allah bilir sən gedib kimə aşiq olacaqsan.
- Kimə deyirsən, nə deyirsən aaz, sən?!
- Qarnımdakına deyirəm.
- Arxı hoppan, sonra hoop elə. Mən deyirəm həmdən həmə, sən deyirsən dəmdən dəmə.
- Mən xalxın qızına nə deyim. Elə şey onun heç ağlına gəlmir. "Bu oldu qarğa məndə qoz var", nə deyim qıza. Mən dedim, o mənə nə deyər axı? Ondansa qızın yerini dəyişin, başqa kəndə göndərsinlər. Nə bilim, bir şey fikirləşin. Qız da yazıqdı axı.
- Yəni, deyirsən gədənin hərəkətlərindən qız hələ bir şey hiss eləməyib?
- Nə bilim, vallah, qadın ola hiss eləmiyə, yəqin, hiss eləyib. Amma ağıllı adamdı. Özünü heç o yerə qoymur. Ona ana kimi, bacı kimi can yandırır. Allah eləməmiş, qoyuram özümü onun yerinə, hiss eləsə də nə desin axı? Yenə sən bir Qəfər kişi ilə danış. Sonra deyər mən niyə bilməmişəm?
- Düz deyirsən. Ən yaxın qohumu odur. Bunu bilmək də, həll eləmək də ona düşər. Onsuz da pıçhapıç başlayıb. Kəndin simsiz telefonları işə düşüb. Dünən Cənnət arvad gəlmişdi, idarənin qabağında idi. Özü də qəsdən elə bərkdən danışır ki, hamı eşitsin. Yaxşıdı Süsən orda yox idi. Deyirdi:
- Dünən yetimçəyə yemək bişirmişdim, ayağım burxulmuşdu. Qıza dedim apar bunu Ağasəfə, xəstədi, yesin. Qız gedib görüb üzü üzlər görmüş qırmızı köynəklə otaqdadılar. Yeməyi verib çıxıb gəlib. Ay doxdur, görməmiş gədə ola, qırmızı tuman ola, bir də görəsən bu gün-sabah bir dəstə cücə ilə çıxdılar həyətə.
Bunu eşidən Alllahverdi kişini od götürmədi?
- Aaaz, ərə gedəsi nəvən var, yenə dilin heydən düşməyib? Dəyirman çaxçaxı kimi çənəni salmısan işə. Pah atonnan, iki yetim uşaq bu kənddə hamının yerini dar eləmiyib!? Ə, nə istəyirsiz bu bədbaxlardan?
- Bu xalasına lənət olmuşdan hara qaçasan bilmirəm ki. Hara daş atırsan, Allahverdiyə dəyir.
- İlan özünsən, sənin adından elə bezmişəm, Allah kimi elçi göndərsə, cənnətə getmərəm.
Gördüm ara qızışdı, dərman çantamı götürüb aradan çıxdım.
- Hə, yox, bunun axırı pis olacaq, Elim. Sən Qəfər kişi ilə danış.
* * *
Gecə Ay işığı pəncərədən düz evin ortasına düşürdü. Süsənin yuxusu ərşə çəkilmişdi. Yorğanını çiyninə çəkib bir müddət çarpayının içində bardaş qurub oturdu. Çöldə meh də əsmirdi. İstədi çıxıb eyvanda otursun. "Yox, soyuqdu. Sonra Ağasəfin gününə düşərəm. Stulu çəkim, pəncərənin qabağında oturum". Yorğanı çiyninə köndələn salıb pəncərənin qabağında, dəpdəyirmi Ayla üzbəüz oturdu. Elə bil Aydan hər yerə gümüş yonqarı ələnirdi. "Allahım, - dedi, - hardasan sən, Allahım. Mənim günahım nədi? Kimin hayıfını məndən çıxırsan? Kimsə məni doğub yola atıb qaçıb. Soyadımı da Yolçuyeva qoyublar. Dünyaya gələndən hara gedirəm özümə də, ətrafdakılara da bədbəxtlik gətirirəm. Allahım, bunun bir axırı olmayacaq? Deyirsən, özünü öldürmək günahdı. Belə də yaşamaq olmur. Bəs neyləyim axı? Gör nə yerə yetmişəm, türmədən çıxdığıma heyfsilənirəm. Ora üzüm öyrəşmişdi. Hamı göz qabağında idi. Yaxşını, pisi tanıyırdım. Burda hamı him-cimlə, göz-qaşla danışır. Bu kənd camaatı özü boyda da yerin altındadı. Sözü bir şey deyir, əməli başqa. Baş açmaq olmur. Mənə yol göstər, yol aç mənə, nə olar, Allahım. Hardasan, Allahım? Bilirəm, məni eşidirsən. Mütləq eşidirsən. Bəlkə, mən sənin bədənində bir zərrəyəm, bir toxumayam?! Hər halda, mən sənin ruhundan, nəfəsindən, sənin canındanam. Hər halda, mən hiss eləyirəm ki, sən varsan. Niyə bu əzabları mənə verirsən? Məni görmürsən?! Məni görmürsən, çünki milyardlarla hüceyrən var. Amma mənim ağrımı hiss edirsən, eşidirsən. Bəlkə, mən ayağının altındakı hüceyrələrdənəm? Bizi əzə-əzə, özün həzz ala-ala, üstündə yeridiyin hüceyrələrdən biri. İntihar etməyi günah sayırsan, çünki sənə zərərdi. Sən bizi özünə bənzər yaratmısan. Mənim də bədənim milyardlarla hüceyrələrdən ibarətdi. Haqq, ədalət özü də, görünür, nisbidi, tale işidi. Oradan o yanı görməyə, düşünməyə beynimin gücü çatmır axı. Onu bilirəm ki, sənin elədiyini, oxşarını mən eləyirəm. Mənim də ayağımın altında hüceyrələr var, onları düşünmək heç ağlıma gəlməyib. Amma ayağım ağrıyanda beynim eşidir, düşür əl-ayağa. Belə etinasızlıqdan, haqsızlıqdan məni yaşadan örüyüb artdıqca məni böyüdən bu hüceyrələr, toxumalar ölür. Nəhayətdə onlar üçün qiyamət qopur. İnsan ölür. Allahım, bu fikri sən bu Ay işığı ilə saldın mənim beynimə. Allahım, deyirsən bunun əlacı yoxdur? Deyirsən, yəqin, kainat adlı bu nəhəng saatın içində bütün çarxların hərəkətini tənzimləyən qanundu. Yəni, mənim yerim, taleyim dəyişsə bütün bu ucsuz-bucaqsız kainatın nizamına zədə düşər? Ona görə dinimizin şüarı səbr və şükürdü? Yaxşı ki, başa saldın məni, Allahım. Xeyli yüngülləşdim. Bu günümə də şükr eləyim, gedim yatım. Görək zamanın seli məni hara aparıb çıxaracaq".
Süsən yorğun-yorğun öz otağına qayıtdı.
* * *
Günlər göz qırpımına gönmüşdü. Elə tez-tez ötüb keçirdi, adam onların sayını da çaşırdı. Pıçhapıçlar öz işini görmüşdü. Qəfər kişi ilə Elim işi səssiz-küysüz həll eləmişdilər. Yüz cür bəhanə gətirib qızı başqa kəndə göndərməyə milis rəisini razı saldılar. Adamlar yoldan yığışandan sonra Süsənin evini Mustafaya göstərdilər. Elə səssiz çıxın, qıza da başa sal, Ağasəfin xəbəri olmasın. Kənddə heç kəsin xəbəri olmasa daha yaxşıdı. Heç bizim də bildiyimizi bilməsin. Mustafa heç vaxt bir adamdan iki manat almırdı. Ona görə hərəsi öz manatını verdi. Dedilər, Mustafa, sən öz canın orda tapşır, yaxşı baxsınlar qıza, yetim uşaqdı. Elim gülə-gülə soruşdu:
- Ay Mustafa, niyə bircə manat artıq verəndə almırsan?
- Qardaşoğlu, əvvəla, mənim gördüyüm işin dəyəri bir manatdı; salam, əleyküməssalam, bir də əlini sıxıram, vəssalam. Axşam da manatları sayıb bilirəm bir gündə neçə adamla görüşmüşəm.
- Manat verməsə salamını almazsan?
- Yox, mən o qədər də acgöz adam deyiləm. Mən iş başındayam, salamımın da qiyməti var. Vermir, canı sağ olsun. Mən də axşam pulu sayanda onu adam saymıram.
Qəfər kişi gülüb onun kürəyinə vurdu:
- Sağ ol, Mustafa, sənin manatın həmişə olacaq, lap işdən çıxandan sonra da. Qızdan muğayat ol.
- Belə çox istəyirdiz, niyə yerini dəyişdiz?
- Belə lazımdı, Mustafa, - mənalı-mənalı baxıb başı ilə təsdiq elədi, - sən məni tanıyırsan. Elə məsləhət bilirəmsə, belə lazımdı. Sağ ol.
Səhər bu xəbər kənddə bomba kimi partladı. Əvvəl dedilər qız qaçıb, sonra hansı ağıllısa dedi:
- Balam, qız özü gəlmişdi ki, özü də gedəydi? Özbaşınadı?
Ağasəf səhər Elimgilə gəldi. Elim işə getmişdi. Onu Nazlı qarşıladı.
- Xeyir ola, Ağasəf, xoş gəldin. Gəl, qaqaş, gəl çay verim. Çörək yemisən?
- Hə, yemişəm, - o yana boylandı, - yoxdu?
- Kim?
- Süsən doxdur.
- Yox, bəlkə, işə gedib.
- Hə, hə, gedim baxım.
- Ayıbdı, qaqaş, hara getsə axşam evinə gələcək. Hərə bir söz danışır, getmə ora, qız utanar.
- Qız utanar? Hə utanar da! Getmərəm. Axşam gəlməsə...
Yuxumda gördüm getdi... belə qırmızı donu yana-yana uçdu, getdi. Gedim baxım. Baxım idarəyə.
- Qaqaş, dedim axı, qızı utandırarsan. Otur çay içək, söhbət eliyək.
- Yox, yox, mən gedim. Evdə iki qonağım var.
- Onlar kimdi, ay Ağasəf?
- Dostlarımdı. Qarışqaynan, Mirişka.
Nazlı alındı, vahimələndi. Amma marağını gizlədə bilmədi.
- Onlar kimdi helə?
- Mirişka gülməlidi, ayaqları uzundu, başı balaca. Qarışqa elə qarışqaya oxşayır, amma yekədi. Başı da yekədi. Ayaqları, əlləri balacadı. Qarışqa dedi ki, Süsən doxduru Elim doxdurnan Qəfər əmi aparıb. Dedi gəlməyəcək. Gedim. Tez gedim baxım, - öz-özünə danışa-danışa darvazadan çıxdı. Nazlı bərk qorxmuşdu. Qorxusunu götürmək üçün kasaya su tökdü. Evin qapısına yanaşdı. Qapının cəftəsini suya salıb çıxartdı, bismillah deyib suyu içdi.
- Allah, sən özün kömək ol! Gül kimi uşaqdı. Gör nə hala düşüb. Sonrasından Allah saxlasın. Daha sonrası qaldı ki...
Elim nərd oynayanlara azarkeşlik eləyirdi. Uzaqdan Ağasəfin gəldiyini görüb kabinetinə keçdi. Nərd oynayanlar Ağasəfin görkəmindən təəccüblənib oyunu saxladılar. Yaxası açıq, üzünü tük basmış, saçı dağınıq Ağasəfi tanımaq olmurdu. İri qara gözləri hədəqəsindən çıxmışdı. Gözlərinin ağı qan çəkmişdi. Dodağının altında nə isə danışırdı. İdarənin qabağında dayanıb ona heyrətlə baxanlara heç məhəl qoymadı.
- Ay Elim doxdur! - çağırdı. - Elim eyvana çıxdı. Özünü ələ almağa çalışdı, gülümsündü.
- Xoş gəldin, Ağasəf. Maşallah, sağalmısan. Gəl görüm.
- Süsən doxduru hara apardın? Hardadı?
- Ağasəf, Süsəni mən gətirməmişdim ki, kim deyir mən aparmışam? Mən Süsəni görməmişəm. Bəlkə, öydədi.
- Öydə yoxdu. Hər yerə baxmışam. Sənnən Qəfər əmi aparıb.
- Bu nə sözdü, ay Ağasəf. Kim deyib bunu sənə?
- Mirişka.
- O kimdi ə... mən mirişqa-zad tanımıram. İstəyirsən get Qəfər əmidən soruş.
- Soruşaram. Tapacam. Tapacam Süsəni.
Elim Ağasəfin özündə olmadığını görüb yumşaq səslə onu sakitləşdirməyə çalışdı.
- Atam, Süsən doxdur uşaq deyil ki, itə-bata, bilirsən ki, onu bura milis gətirmişdi. Eşitdiyimə görə, rayonun lap uzaq kəndi var, Kürün bəndinin qırağında, pir var ey, Veysəl Qara baba, onun yanında, orda ağır xəstə var. Süsən doxdur yaxşı həkimdi axı...
- Yaxşıdı, qəşəngdi, yaxşı həkimdi.
- Ay sağ ol. Onu aparıblar xəstəni sağaltsın. Sabah-biri gün qayıdıb gələr.
- Hansı kənddi?
- Qaxay.
- Hə, bildim.
- Sabah, ya da o biri gün qayıdar. Sən get evdə gözlə. Özü də təzə sağalmısan, özünü soyuğa verərsən. Belə yaxası, başı açıq gəzmə.
- Hə bildim, bildim, - Ağasəf gəldiyi kimi də salamsız-kəlamsız getdi.
Elim onun arxasınca suçlu adam kimi baxdı:
- Bu mirişka kimdi. Kimi deyir o helə? - oturanlardan səs çıxmadı.
* * *
Axşam evə qayıdanda Ağasəfə dəyib onu bir az da dilə tutub sakitləşdirmək qərarına gəldi. O, uşağın əsəblərinin pozulduğunu, ağlının çaşdığını əvvəldən də hiss edirdi. Amma indi, xəstəlikdən sonrakı zəiflik də öz işini görmüşdü. Yaşının da ən həssas dövrü idi. Ağasəfin bu halına ruhi xəstə deməyə dili gəlmirdi. Lakin bu hala başqa bir ad da tapıb qoya bilmirdi. Ağasəfgilə girdi. Qapılar ikisi də açıq idi. Ağasəf nə evlərdə, nə həyətdə vardı. Öz evlərinə gəldi. Nazlı həyətdə onu gözləyirdi.
- Ağasəfi görməmisən?
- İndi yox, səhər gəlmişdi. Həlləm-qəlləm vururdu. Deyirdi Elim doxdurnan Qəfər əmi qızı aparıb.
- O Miriş köpəkoğlu kimdi salıb gədənin beyninə? Deyir Mirişka deyib ki, mənnən Qəfər kişi qızı aparıb. Kimin uşağıdı bunu deyən?
- Bir dayan görək, nə uşaq? Deyir qarışqaynan, mirişka dostumdu. Belə mıs, mıs, mıs deyincə Mustafa deyək da... bu uşağın başına hava gəlib. Daha gözünə şeylər görünür. Gül kimi uşağı dəli elədiz.
- İndi də yoxdu. Gedər özünü qayadan atar, çayda boğular. Mən gedim Qəfər kişini tapım. İşə düşmədik?!
* * *
Qaxay kəndi bu tərəflərdə çox məşhur olan iki pirin arasında yerləşirdi. Seyid Şah Mərdan qəzəbli pir sayılırdı. Ətrafında qəbiristanlıq salınmışdı. Pirin qəzəbindən qorxduqlarına görə ziyarətçisi az olurdu. Amma Veysəl Qara hər zaman ziyarətçisi bol olan bir pir idi. Veysəlqarada qalın bir meşəlik yaranmışdı. Bura Qaxay, Seyidlər, Pıçaqçı kəndlərinin qəbiristanlığı sayılırdı.
Bu kəndlərin qocaları danışırlar ki, gecələr bu iki pirdən bir-birinə məşəl kimi quyruqlu alov uçduğunu görənlər olub. Payız gələndə rayon mərkəzində Qaxay adlı kəndin olduğu unudulurdu. Ən yaxın rayon mərkəzinə qırx kilometr idi. Bir yolu vardı, o da Kürün bəndinə çatınca uzun bir şoranlıqdan keçirdi. Yağış yağanda şoranın saqqız kimi palçığı adamın ayağında nəyi varsa zorla çəkib çıxartmasa əl çəkməzdi. Qaxayda payız gələndən mürgülü günlər başlayırdı. Evlərin balaca pəncərələrində zəif sarı işıqlar mürgüləyirdi. Buxarılardan qalxan mürgülü boz tüstülər havada uzanıb yatırdı. Tövlədə mürgülü camışlar gündüz yediyinin kövşəyini gətirirdi. Üstündə tək-tük sarı yarpaqları qalmış ağaclar yatmaq üçün soyunmuşdular. Səhər xoruzların səsi kəndin yuxusunu qaçıranda kəndin uşaqları da xoruzlara qoşulub qışqırışırdı. "Kəndə dəli gəlib, kəndə dəli gəlib" - bu, kino-teatr, sirk sözündən də maraqlı səslənirdi. Sən demə, bu yuxulu həyətlərdə mal-qaradan, qoyun-quzudan, yalan olmasın, toyuq-cücədən çox uşaq varmış. Kəndin ortasında uca boylu, enli kürək, ayaqyalın, dizə kimi palçığa batmış saç-saqqal basmış bir oğlan vardı. Uşaqları görüb özü də uşaq kimi sevindi.
- Hanı, hanı? - uşaqlardan soruşdu.
- Kim?
- Süsən doxdur, - heç kəsdən səs çıxmadı, - qırmızı donu var. Bura gəlib.
Uşaqların biri çiynini çəkdi, biri "bilmirəm" dedi, biri "görməmişəm", "bura gəlməyib". Gözləri iki qara muncuq kimi oynayan balaca bir uşaq:
- Mən bilirəm, - dedi.
Ağasəf onun qarşısında diz çökdü, əllərini ona uzatdı:
- De da, de, nə olar, de!
- Oyna, deyim.
- Yaxşı, yaxşı, oynayaram. Amma de.
Kimsə dedi ki:
- Ə, ləyən gətirin çalaq, oynasın.
Bu vaxt kolxozun sədri yanında iki nəfər özünü yetirdi.
- Bu nədi, ay uşaq?!
Uşaqların bəzisi qaçdı, bəzisi dayanıb nələr olacağını gözləyirdi. Yenə o balaca irəli çıxdı.
- Kəndə dəli gəlib, Süsən doxduru soruşur.
- Salam, dayı, dəymə, indi oynayacayam.
- Yaxşı, yaxşı, oynasın! Oynasın. Mən indi gəlirəm, - ordan aralandı. Yanındakılardan biri onun yanınca az qala yüyürə-yüyürə soruşdu:
- Sədr, neyləyək? De, nə lazımsa eləyək.
- Hürkütməyin, bu elə belə şey deyil. Mən sovet sədri Moluşa zəng eliyim. O da lazımı yerlərə məlumat versin. Bu elə-belə işə oxşamır. Ə, bu boyda-buxunda dəli olar. Amerkan şipiyonu-zad olar ey... Siz başını qatın.
Bir azdan sonra ləyən səsi, mahnı səsi, əl çalanların, ay can-ay can deyənlərin səsi kəndi başına götürmüşdü. Ağasəf ömrü boyu oynamağa həsrət qalmış adam kimi ürəkdən oynayırdı. Süsən də yaddan çıxmışdı. Uşaqlardan bir neçəsi də ona qoşulmuşdu. Bir qulağında telefonun dəstəyi olsa da, sədrin o biri qulağı bir tanış zil səsi eşitdi.
Yaşıl çəmən, göy tala
Qu döşəyə oxşayır,
Sədrimizin bığları
Bənövşəyə oxşayır.
- Tfu... köpək qızı, yaxşı görərsən!..
* * *
O illərdə kənddə rayon mərkəzinə bazar deyirdilər. Kənddən zənbilini əlinə alıb qapıdan çıxan "bazara" gedirəm deyirdi. Heç kəs şəhərə, rayon mərkəzinə gedirəm demirdi. Kənddən bazara satmağa meyvə, göy-göyərti, ağartı, yəni süd, qatıq, yağ, qoyun-quzu, mal-qara aparırdılar. Bunlar dörd yandan gələn qan damarı yollarla rayonun ürəyinə - mərkəzinə gəlirdi. Elə həmin ürəkdən, həmin yollarla çay, qənd, lampa, lazım olan hər şeylə yanaşı, xəbərlər, yeniliklər, şayiələr də kəndlərə yayılırdı. Odur ki, rayon mərkəzi rayonun ürəyi olsa da, "bazar" adlanırdı. Kəndçi ona ürək yox, bazar deyirdi. Həmin o bazardan çayın, duzun, qəndin arasında gələn xəbərlər də yeni can kimi kəndə canlanma gətirirdi. Xəbərlər arasında Sarıqayalı Qəfər müəllimin dayısı nəvəsinin havalanıb gecəylə gedib Qaxay kəndinə çıxması birinci yerdə idi. Təkbaşına gecənin qaranlığında qırx kilometr yolu şoran düzəndən, qalın meşədən keçib necə gedib? Kəndin uşaqları oğlanı ləyən çalıb ortada ayı kimi oynadırlarmış. Moruqlu kəndinə Süsən xanımın gəldiyi iki gün idi. Bu söhbəti də qulağı çalmışdı. Amma özünü o yerə qoymurdu. Yəni, bu deyilənlərin buna heç bir aidiyyəti yoxdur. Qolunu tikan cızmış bir gəlin qolunu sarıtdırmaq üçün Süsənin yanına gəldi. Süsən onun yarasına yod çəkib sarığı qoyana kimi bazardan alış-verişdən gəldiyini və orda eşitdiyi əhvalatı Süsənə danışdı. Gəlin görəndə ki, Süsən məhəl qoymur:
- Dəli deyirmiş Süsən doxduru axtarır, - dedi, Süsənə diqqətlə baxdı. Süsən bu söhbətə yenə məhəl qoymadı, işini görüb qurtardı. Oturub mat-məəttəl ona baxan gəlini stulda qoyub çantasını götürdü. Onun üçün kirayəyə tutulmuş evə getdi. Yol boyu ürəyində "Allahım, bu qədər qəddarlıq insanların ürəyində hardandı? Axı, bədbəxtlərin faciəsindən necə həzz alır bunlar?".
Evə gəlib çarpayıya uzandı. Gözünün qabağına o boylu-buxunlu, yaraşıqlı Ağasəf gəldi. Sonra uzaq bir kənddə uşaqların ləyən çalıb onu oynatmasını təsəvvür etdi. Ürəyi ağrıdı.
- Uff Allah, - ağladı, - adam nə günə düşərmiş. Uşaqdı, əməlli-başlı uşaqdı. Nə görüb axı, - birdən tələm-tələsik gözlərini sildi, - mən niyə ağlayıram? Onu sevirdim? Yox, yox, yox, bir əlcə uşaqdı. Qardaşımdı? Yox! Qohumumdu? Yox! O da mənim kimi yetimdi. Yox, onun Qəfər müəllim kimi qohumu var. Onun kəndi var. Mənim nəyim var? Arxamda türməm, yanımda bir manatlıq Mustafa. İnsanların içi nifrətlə doludu. Daşa da, quşa da, ağaca da nifrət eləyirlər. Bir-birini sancmaqdan həzz alırlar. Niyə? Kim daha çox sancar, kim daha bərk ağrıdar yarışı gedir. O mələk sifətli gəlinin içindən canavar dişlərini qıcıdıb mənə baxırdı. Onun ürəyində mənə deyiləsi daha ağır sözləri vardı. Bunun üçün məndən bir kobud cavab gözləyirdi ki, özünü haqlı sayıb açılıb içinin xıltını, zir-zibilini boşaltsın. Gedib evdə üstündən bir çay içsin. Ərini qucaqlayıb ürək rahatlığı ilə yatsın. Mən özüm guya yaxşıyam. Mən neyləyə bilərdim axı? Düşdüyüm vəziyyətdə ən doğru yol bu idi. Bu cəzanı çəkib qurtarandan sonra ailə qurmağa, insan kimi yaşamağa, az da olsa, yenə bir ümidim var. Amma əxlaqsızlığın axırı yoxdu. O, ömrüm boyu mənimlə gedəcəkdi. Yox, mənimki qəddarlıq deyildi, mən canımı, ömrümü xilas edirdim. Nəticə çox qəddar oldu. Bir adam ömürlük şikəst oldu. O niyə adam olur? Nə tez unutdun? Alçaq, vicdansız; o, bir heyvan idi. Helələrinin ayağı altında tapdalanmaqdansa, Allahım, sənin ayağının altında rahatam, əz, tapda, sənin verdiyin əzablar ruhumu yuyur. Mənim özüm-özümlə davam sənin verdiyin cəzadı çəkirəm. Allahım, görünür, səndən hər birimizdə bir zərrə də var ki, adı vicdandı. Biz vicdanı susduranda, öldürəndə, Allahın zərrəsini öldürürük. Vicdansızlar çoxalsa, dünyanı Allahsız qoya bilərik. Eh, başımda min dərd var, gör mənim bu boş başım nə fikirləşir. Axmaq başın zülmünü bədən çəkər. Qarnına qoy cəzanı, çək!
* * *
İştah diş altındadı. Əşrəfin yeni mövzuya, Süsənin axtarışına başı elə qarışmışdı birdən ayıldı ki, neçə gündür redaksiyaya getməyib. Redaktorla zəngləşdi, maraqlı bir hadisəni araşdırdığını, oxunaqlı bir materialın olacağına söz verdi, vaxt istədi. O, öz yaddaşında olan o dövrü tam bərpa etmişdi. Necə olub bu mövzu mənim ağlıma gəlməyib? Əslində, hər yazıçının mövzusu öz içindədi, öz ömrünün hansısa bir parçasıdı. Əşrəfin yadına nə vaxtsa eşitdiyi bir rəvayət düşdü. Qoyun doğmaq vaxtı gələndə örüşü gəzir, quzunun yeyə biləcəyi otun yanında doğur. Quzu isə doğulan kimi anasının köməyi ilə ayağa qalxır. Həmin otu tapmaq üçün ətrafı dolanır. Qoyun isə düşünür, qoy axtarsın, ayağı bərkiyir, yerişi düzəlir, axırda otu gəlib doğulduğu yerdə tapacaq. Biz də mövzunu kənarda axtarırıq. Halbuki mövzu bizim öz içimizdədi, yaddaşımızın bir parçasıdı. Onu yaddaşımızın arxivindən çıxarmasaq, varaqlara köçürməsək, yaddaşımız bizimlə məzara gedəcək. Onu heç kəs heç zaman bilməyəcək. Əşrəf bu günlər ərzində bir daha o illərə qayıtdı. Bəzi hadisələri indi daha aydın, daha hərtərəfli görürdü. Ağasəfi Qaxaydan gətirəndən sonra dəli olduğunu uşaqlı-böyüklü hamı bilirdi. Hamı onu qorumağı öz işi sayırdı. Elə bil Ağasəf də nəzarət altında olduğunu hiss edirdi. Yola çıxmağa, hara isə getməyə heç cəhd də göstərmirdi. Kəndin sakit gecələrində Ağasəfin oxuduğu mənasız sözlərin arasındakı ağrını, iniltini kəndin itləri də duyur, onun səsinə səs verib hürürdülər. Bəziləri isə üzünü göyə tutub ulayırdı. Uşaqlar, yeniyetmələr Ağasəfin dərdini, ağrısını canında hiss eləyirdilər, yuxuları qaçırdı, uzun müddət sonra yenidən yuxuya gedincə mahnını dinləyirdilər. Hələ, deyəsən, yuxuda da bir müddət onun səsini eşidirdilər. O uşaqlardan biri də Əşrəf idi. Məktəbdəki görüşdən sonra xeyli ürəkləndi. Əşrəfin mövzuya marağı birə-beş artdı. Mövzuya dedektiv elementi gətirmək üçün Süsənin valideynlərinin kim olduğunu öyrənməyi qarşısına məqsəd qoydu. Əlbət ki, Süsəni məktəbə verən yetimlər evinə getmək lazım idi. Ünvanı tapdı. Müdir gülər üzlü, mülayim xasiyyətli, əlli-əlli beş yaşında bir kişi idi. Çox səmimi qarşıladı. Mehribanlıqla Əşrəfin qoluna girib kabinetinə apardı.
- Yaxşı igidin, deyiblər, adını eşit, üzünü görmə. Adınızı eşitmişdim, üzünüzü də gördüm, şad oldum. Adım Həsənağadı.
- Bilirəm, danışmışdıq. Mənim də adım...
- Əşrəf müəllimsiz, bilirəm, çox yox, bir-iki sanballı məqalənizi oxumuşam. Xeyirdimi?
Əşrəf söhbəti uzatmaq istəmədi. Gəlişinin səbəbini açıb dedi. Yardım istədi. Həsənağa bir az məyus olsa da, üzə vurmadı. O elə bilmişdi ki, Əşrəf yetimlər evi haqqında məqalə yazacaq, o da öz problemlərindən ürək dolusu danışacaq. Əşrəf hiss elədi, söz verdi.
- Söz verirəm, bura xüsusi gələcəyəm. Bilirəm, problemləriniz çoxdu. Mən başladığım işi yarımçıq qoyan deyiləm, gəlib burda ilişmişəm. Bunu açmasam mümkün deyil.
Həsənağa fikrə getdi, elə bil nədə isə tərəddüd edirdi.
- Vallah, nə deyim. Çox, üstündən çox keçib. Sənədlər verilib arxivə...
- Həsənağa müəllim, siz mənim ürəyimə yatmısız. Arada sizin adınız olmayacaq. Kömək eləyin, borclu qalmaram.
- Əşi, ayıb sözdü. Əslində, mən bilmirəm. Mən bura sonra gəlmişəm. Müdir müavini olmuşam. Mən sizə Gülzar xanımın ünvanını, telefonunu verə bilərəm. Təqaüddədi. Əvvəlki müdirdi. Canlı tarixdi. Lap jurnalları tapsaq da orda başqa söz yazılmış ola bilər. Amma işin əslini Gülzar xanım bilir. Mütləq bilir. "Bilmirəm" desə də, inanma. Yaman arvaddı, bura götürdüyü bütün uşaqların əslini-kökünü təmiz bilir. Yadında da saxlayır. Amma jurnala, anketə nə yazıb o başqa məsələdi. Yaşlı adamdı, amma hələ sağ-salamatdı, bir şey olsa, mən bilərdim. Əşrəf başa düşdü, bu o demək idi, bir az tələs.
Əşrəfə qapını Gülzar xanımın nəvəsi açdı. Qız on beş yaşında olardı. Əşrəf Gülzar xanıma bir şokolad qutusu almışdı, bir dəstə çiçək. Qutunu qıza verdi. Qız həvəslə qutunu aldı.
- Xoş gəlmisiz.
- Sağ ol. Adın nədi?
- Gülzar.
- Deməli, balaca Gülzarsan.
- Balaca niyə oluram? Nənə, yazıçı gəldi.
- Qapıda saxlama, xoş gəlib.
- Gəlin.
- Ayaqqabımı çıxardım.
- Nənəm dedi ki, siz ayaqqabılı gələ bilərsiz.
Əşrəf ayaqqabısını çıxartdı.
- Şapşap verim, geyin.
- Yox, belə yaxşıdı. - İçəri keçdi, Gülzar xanım çarpayıda oturmuşdu, -xəstə olduğunuzu bilmirdim, - gülləri Gülzar xanıma verdi, - sizə zəhmət verdim.
- Yox, yox, xəstə deyiləm. Bu xəstəliyin adı qocalıqdı. Xoş gəlmisən. Adamı qocaltmaq istəyirsən, təqaüdə göndər. Ordan əyləş, stulu çək. Hə, bax belə. Deyirəm durum ayağa, durub neyləyəcəyəm? Qırx ildi bu binada yaşayıram. Səhər gedib axşam yatmağa gəlmişəm. Heç kəsi tanımıram. A bala, çay gətir. Bu nəvəm olmasa, lap bağrım partlayardı. Saldım səni çənəmin altına, aman vermədim sən də bir söz deyəsən. Hansı qəzetdənsən dedin?
- "İrəli" qəzetidi.
- Hə, o iqtidar qəzetidi da...
- Bəli, iqtidar yönlüdü.
- Nə yazmaq istəyirsən? Gözümüz qorxub ey. Şirin dillə danışdırır, sonra gedib ağzına gələni döşüyür.
- Yox, Gülzar xanım, mən, ümumiyyətlə, yetimxana...
Gülzar xanım ciddi görkəm alıb onun sözünü kəsdi.
- Yetimxana yox, uşaq evi. Biz sağıqsa, onlar niyə yetim olur?
- Bağışlayın, haqlısız. Mən məqalə yox, bu mövzuda kitab yazmaq istəyirəm. İstəyirəm deyəndə, yazmışam. Sizin də haqqınızda orda xeyli xoş gözlər var. Bu evdə böyüyənlərdən bəziləri sonradan ad-san sahibi olub.
- Bəli, bəli. Qırx üç il bu vəzifədə çalışdım. Əvvəl deyərdim mənə bir Sosialist əməyi qəhrəmanı verərlər. Gördüm yox, dedim, yəqin, bir orden verərlər, onu da vermədilər. Dedim medal da olsa verərlər. Axırda məni öz evimə istirahətə göndərdilər.
Acı-acı güldü:
- Bu da mənim sağ olum.
- Sizin sağ olunuz o uşaqların sizə Gülzar ana deməsidir.
- Hə, o var. Bir dəfə bir məclisdə təsadüfən mənim böyüklü-balacalı on üç uşağım üstümə qaçdı, qucaqladılar, öpdulər. Yanımda oturan arvad dedi, evin tikilsin arvad, sənin doğmaqdan başqa peşən yox idi? Hə, Azərbaycanın hər yerində mənim uşaqlarım var. Amma mənə qalan bu balaca Gülzardı.
- Vay, çay qaynadı, - Gülzar mətbəxə qaçdı.
- Bu da, hə, qaçan yeri yoxdur, qaçmır.
- Gülzar xanım, mən bir-iki şeyi dəqiqləşdirmək istəyirəm. O şeyləri ki, sizdən başqa mənə onu heç kəs deməyəcək. Çünki heç kəs bilmir.
- Soruş, bala. Bilirəmsə, deyərəm.
- Sizdən peşə məktəbinə gəlmiş qəşəng, qeyrətli bir qız milisi bıçaqlamışdı, yadınızda olar.
- Yadımdadı. Hə, yadıma gəlir. O vaxt mən də məhkəməyə o qız haqqında yaxşı xasiyyətnamə vermişdim.
- Adı Süsən idi.
- Bəli, yoldan tapmışdılar. Familini də Yolçuyeva yazdıq.
- Onları bilirəm. O qızın atasının, anasının adını bilmək istəyirəm.
- Mən də bilmirəm, adını bilmirəm.
- O zaman çətin illər idi. Hər yerdə düşmən axtarırdılar. İndi hər şey keçib gedib. Tutulanlar, ölənlər bəraət qazanıb. Axı mən yoldan tapıblar yaza bilmərəm. Özüm də bilə-bilə, siz bilirsiz - yoldan tapılan uşaq o qeyrətin sahibi ola bilməz. Onun qanında kiminsə sağlam qanı var.
- Nə deyim, yaman yerdə yaxalamısan məni. İndi mən deyənlər dəftər-kitabda yazılmayıb. Bizim bir qohum vardı, papaqçı. Sonsuz idilər. Bir ziyalı ailə ilə qonşu idilər. Onlar kinoya, teatra gedəndə, uşağı Xanım həvəslə saxlayırdı, oynadırdı. İkisi də xaricdə oxuyub gəlmişdilər. Adını bilmirəm, arvadın famili Şahsuvarova olub, kişi də Əbilov imiş.
- Qonşu olasan, adını bilməyəsən, eşitməyəsən.
- Soruşdum, dedilər ər-arvad bir-birinə famili ilə müraciət edirmiş. Əbilov, Şahsuvarova deyirlərmiş.
- Qəribədi.
- Bəlkə, elə bu qəribəliklərinə görə onlardan şübhələniblər. Axı fəhləyə, kəndliyə oxşamayanlar hamısı "kontra" sayılırdı. Tanış olanda hamı adın deyirdi, bunlar familiyasını. Üstəlik də, arvad ağ tor əlcək geyirdi. Şlyapa qoyurdu.
- Onları niyə tutublar?
- Nə biləsən. Ağ qarğaya oxşayırdılar, yəqin, onları da Fransanın şipiyonu kimi tutublar. Teatrdan gələndə qapının ağzında götürüb gediblər. Uşaq qalıb Xanımda. Amma qəşəng, istiqanlı uşaq idi. Necə oldu? Sağdı?
- Nə bilim, görək, araşdırıram. Sizə də zəhmət verdim. Mən gedim.
- Nə tez? Yemək hazırlamışıq. Bilirsən, məndə nə maraqlı materiallar var, hazır romandı.
- Gülzar xanım, mən mütləq sizə gələcəm. Söhbətləşərik.
Bir müddət Əşrəfin axtarışları arzu etdiyindən də uğurlu oldu. Süsənin məcburi əmək işi bitən yerdə isə, qız da yoxa çıxdı. Elə bil belə adam heç olmayıb. Nə ölüsü, nə də dirisi haqqında Əşrəf heç bir məlumat tapa bilmədi. Bakı şəhər milis idarəsində, onun arxivində Süsən haqqında bilən olmadı. Əşrəf arxiv idarəsində qoca bir milis polkovniki ilə görüşdü. Söhbətləri tutdu. Məlum oldu ki, polkovnik Əzim Həsənov da cavanlığında yazı-pozu ilə məşğul olub. Yaxşı vəzifələrdə çalışıb. Yeganə oğluna kiçik toy elədiyinə görə rəhbərlik onu cəzalandırıb. Əvvəl bir müddət sərəncamda saxlayıblar, hay-küy sovuşandan sonra onu arxivə rəis müavini qoyublar. O, Əşrəfin əhvalatını maraqla dinlədi. Sonra məsləhət bildi ki, Bakı şəhər milis rəisi olmuş şair Azad Quliyevi tapsın. O, şair idi, mütləq bu hadisədən xəbərdar olmuş olardı. Əlavə elədi ki, mənim milis sistemində qalmağıma da səbəb o oldu. Çox humanist adam idi. Məni arxivə işə göndərən də o idi. Mənə dedi, get otur arxiv qovluqlarının arasında, səsin də çıxmasın, görən də olmasın səni. İndi təqaüddədi. Çox vaxt bağda olur. Şeirlərindən bir-ikisini əzbərlə, yeri gələndə əzbər de... O, bir çarə qılar.
Əşrəf əvvəl bağ evinə zəng etdi. Dəstəyi Azad müəllim özü qaldırdı.
- Azad müəlllim, sizi "İrəli" qəzetindən Əşrəf Sarıqayalı narahat edir.
- Eşidirəm sizi, - Azad müəllim çox soyuq qarşıladı Əşrəfi, - nə münasibət ilə zəng etmisiz?
- Azad müəllim, milis polkovniki kimi siz təqaüdə çıxa bilərsiniz. Amma şairlikdən təqaüdə çıxmırlar. Bilmək istəyirəm, yaradıcılıq sahəsində nələr var?
- Bu telefon söhbəti deyil axı.
- Yox, əlbət ki, telefon söhbəti deyil. Mən istədim siz mənə vaxt təyin edəsiz, harda görüşə biləcəyimizi deyəsiz. Əlbət ki, münasib bilsəniz.
- Olar, olar! Gəlin elə bağda görüşək.
- Nə vaxt gələ bilərəm?
- Günü sabah. 24 nömrəli avtobusa min. Bazarın yanında düş. Dəniz tərəfə, bazarın arxasına keç! Orda kimdən soruşsan, bağı göstərəcək.
- Sağ olun. Sabaha kimi.
Elə telefonda danışa-danışa Azad haqqında kiçik bir portret - oçerk yazmağı qərara aldı, adını da elə həmin an düşündü "Polkovnik Azad Quliyevin bağında şair Azadla söhbət". Yaşlı insandı, istifadə edib heç nə yazmasam, özünü təhqir olunmuş sayar. O məndən inciməsə də, özüm-özümdən inciyərəm.
* * *
Səhəri gün Azad müəllimin bağ evində oturmuşdular. Haylı-küylü şəhərdən cəmi otuz kilometr kənarda yerləşən bağda elə sakitlik vardı, adam danışıb sükutu oyatmaq, səksəndirmək istəmirdi. Əşrəf bir müddət bağa göz gəzdirdi. Yerə tökülmüş sarı yarpaqların arasından, şehdən, çiskin yağışdan islanmış qumdan, köməc-köməc yamyaşıl cincilim cücərib qalxmışdı. Albalı ağacı yarpağını tökmüşdü, eyni zamanda yeni xırda yarpaqlar da açmışdı. Əşrəf sinə dolusu nəfəs aldı. "İlk baharla son baharın görüşən anında, görüşən yerindəyəm" düşünürdü.
- Payız isti keçir, ağaclar aldanıb yarpaqlayır, biri çiçək də açmışdı. Ağaclar belə aldananda, bəzən, gələn bahar quruyur.
- Bəzən, insanlar da belə olur.
- Olur, amma inanmayıb yaşamaq, adam olmaq çətindi.
- Şair dostlarınızdan gəlib-gedən olurmu?
- Bağda ərik var idi, salamməleyk var idi. Eh, bu bağda, bağ nədi, şəhərdə sərxoş şairləri milis ayıltmaya aparanda deyirdilər Azadın dostuyuq. Gətirirdilər, üst-başını təmizlədib, bəzilərini kabinetimin arxasında yatızdırırdım. Ayılanını maşınımla evinə yollayırdım. Öpüb yalayırdılar məni, atamsan, qardaşımsan, bəzi də dədəmizsən deyirdilər. İndi üz-üzə gələndə özlərini görməməzliyə vururlar.
- Hər halda, hamısı belə olmaz.
- Əlbət ki, yox! İndi mənə hərdən sənin kimi eləsi hörmət eləyir, vəzifədə olanda məndən nə xahiş eləyib, nə də mənim ona hörmətim dəyib.
- Burda darıxmırsız? Belə tək.
- Yox, neçə illərin haylı-küylü iş günlərinin ağrısını canımdan çıxarıram. Yazdıqlarıma bir də baxıram.
Bir Leylisiz Məcnun vardı,
Bu dünya başına dardı.
Yel gətirdi, sel apardı.
Nə gördü dünyada yazıq,
Yazan niyə belə yazıb?!
- Yazan burda, bu sakit yerin qərib axşamlarında sualınıza cavab vermədi ki?
- Lap cavanlıqda yazmışdım bu şeiri - Kövrəldiyini gizlətmək üçün üzünü yana çevirdi. Dərin nəfəs aldı. Gözünü sildi - qocaldıqca adam sentimental olur. Heç nədən tez-tez kövrəlir.
- Siz Allah, yaxşı, Azad müəlllim. Bu kövrək hisslər "heç nə" deyil axı. Siz, yəqin, bunu yazanda da kövrəlmisiz.
- O zaman yox, amma indi bəzi şeirlərimi oxuyanda kövrəlirəm. Kitabımı hazırlayıram. Bir şey yazsan, üzünü mənə ver. Kitabın əvvəlinə ön söz kimi qoyum. Kitab hazırdı. Tez yazsan...
- Bir-iki günə gətirərəm, - düşündü, indi Süsən haqqında soruşa bilmərəm. O saat başa düşəcək ki, elə ona görə gəlmişəm. Qəlbinə toxunar, bu böyük səhv olar. Məqalə yazım. Gətirəndə deyərəm bir dostum bildi ki, sizinlə görüşəcəm, xahiş elədi ki, Süsən haqqında sizdən soruşum. Görək, necə öyrənmək olar. Əşrəf bu kəşfinə görə özü də sevindi.
- Çox yaxşı olar.
- Onda siz yeni kitabdan bir neçə şeir verin, məqalədə misal gətirim. Yaradıcılığınıza yaxşı bələdəm. Yeni nümunələr olsa yaxşıdı.
...Bir neçə gündən sonra yenə Azad müəllimin bağında üz-üzə oturmuşdular. Kitabı nəzərdən keçirdilər. Azad müəllim Əşrəfin yazdığı giriş sözünü oxuyub çox bəyəndi. Əməlli-başlı kefi kökəlmişdi.
- Bu dəfə çörək yeməmiş getmək yoxdu.
- Baş üstə.
- Hələ bir yüz-yüz də kitabın hazır olması şərəfinə vurmalıyıq.
- Qonaq ev sahibinin dəvəsidi, harda "xıx" deyər, orda da durar.
- Çox gözəl, xoşum gəldi səndən.
Əşrəf başa düşdü ki, mətləbə keçməyin vaxtıdı.
- Azad müəllim, mənim bir yerlim var. Elə sizin yaşda olar. Müəllimdi. Sizin şeirlərinizin vurğunudu, Qəfər kişi. (Əlbət ki, Qəfər heç belə bir şairin olduğunu da bilmirdi. Dil sümüksüz bir parça ətdi, hara çevirsən ora dönür.) Biləndə ki, sizinlə görüşə gedirəm, həyəcanlandı.
- Gərək onu da gətirəydin.
- Dedim, dedi yox, o boyda şairlə mən cəsarət edib bir süfrədə otura bilmərəm.
- Nə gözəl insandı? İndi belə adamlar azdı. Gərək gətirəydin.
- Dedi mənim bir xahişimi çatdır. Azad müəllim mütləq bilər. Sənət məktəbində oxuyan bir qız milisi pis yerindən bıçaqlamışdı. Adını, deyəsən, Süsən dedi.
- Hə, hə, biz o polisi sistemdən çıxardıq. Sonra partiyadan da çıxardılar. Orası da şikəst olmuşdu. Cibində butulka gəzdirirdi.
- Deyir ki, o qız cəzasını çəkəndən sonra Bakıya gəldi, yoxa çıxdı.
- Yox, yoxa çıxmadı. Məndə məlumat vardı, ölən milisin qohumları qızı axtarırdılar. Qorxduq uşağa xətər yetirərlər. Qəşəng qız idi. Qərara aldıq ki, adını, familiyasını dəyişək. Özünü də göndərək atelyelərin birində işləsin.
- Dəyişdiz?
- Hə, özünü çağırdıq. Dedik qızım, fikrimiz belədi, özünə ad seç. Dedi istəyirəm adım Süzen olsun.
- Niyə, Süzen?
- Mən də soruşdum niyə, dedi öz adıma yaxındı, həm də fransız adına oxşayır. Qoy elə bilsinlər əcnəbiyəm. Bircə fransız familiyası tapa bilmədi.
- Bəs familiyasını nə yazdınız?
- Bu o zaman məxfi iş idi. İndi iyirmi beş ildən çox keçib. Allah bilir hardadı. Familiyasını mən verdim. Dedim yazsınlar Süzen D’Ark.
- Niyə, D’Ark?
- Onda Æanna D’ark haqqında yeni eşitmişdim. Dedim bizim qızımız ondan əskik deyil. Özünü də göndərdim Nizami küçəsində böyük atelye vardı, ora. Bizim arvad da paltarını orda tikdirirdi. Arvada dedim Fransadakı mühacirlərin birinin qızıdı. O da müdirə mənim adımdan tapşırsın. Az vaxtda oldu çox məşhur bir modelyer. Bir vaxt ona paltar tikdirmək üçün böyüklərin arvadları bizim arvada minnətçi düşürdülər.
- Hə, hə, Süzen D’Ark!
- Tapdın?
- Tanıdım nədi. Hətta bizim redaktorun tapşırığı ilə onun haqqında yazmışam. Heç ağlıma gəlməzdi.
- Niyə?
- Peşə məktəbini tam bitirməmiş dörd il türmədə yatmış bir qızın elə düşüncə tərzinə malik olması ağlagəlməzdi.
- Gənc olmağına baxma, çox ağır bir həyat məktəbi keçmişdi.
- Ağıllı ola bilər. Amma mən onunla söhbət edəndə sənəti haqqında, onun incəlikləri haqqında dedikləri məni yaxşı mənada heyrətləndirmişdi. Hətta qibtə hissi ilə deyirdim Fransa bu deməkdir. Adi bir dərzi qız sənəti haqqında gör nələr deyir. Danışan elə bil özü yox, genləri idi.
- Nə deyirdi ki, səni bu qədər təəccübləndirib?
- Qəsdən zövqdən, geyimdən, dəbdən söhbət saldı. Dedim bizdə geyimin təqdimatı yüksək səviyyədə deyil. Modellərimiz yaxşı məktəb keçməyib. Süzen D’Ark dedi ki, əsas modelyer, usta-dərzi əsasdır. Hər müştəri dərzi üçün model olmalıdır. Hər müştəriyə fərdi yanaşmaq lazımdı. Bədən quruluşundan əlavə, sifarişçinin üzünün özünəməxsus cizgiləri, ifadəsində, paltarın rəngində, tikilişində nəzərə alınmalıdır. Sərt və yaxud ciddi qadına şən, oynaq rəngdə paltar yaraşmayacaq. Gülər, şən bir gözələ bütün rənglərin tündü geyim kimi yox, yük kimi görünəcək. İki müştəri eyni fiqurda, eyni boyda, eyni çəkidə olsalar da, xarakterlərinə, davranışlarına, fərdi cizgilərinə görə onlara fərqli paltarlar, fərqli rənglər seçilməlidir. Müştəri özü geyimini nümayiş etdirən ən yaxşı modeldir. Ona görə də onun daxili aləmi ilə geyimi bir-birini tamamlamalıdı. Vəhdətdə olmalıdı. Mən bunları onun dilindən yazmışdım. Məftunluqla yazmışdım.
- Mən havayı yerə o qıza D’Ark adı verməmişdim ki. Kimsəsiz bir qızın özünü, saflığını qoruması, özü də o vaxt, Æanna D’Arkın üsyanı kimi bir şey idi.
- İndi biləndə ki, bu fikirləri söyləyən, bu çətin yolu keçən adi bir Azərbaycanlı qızı imiş, ikiqat fərəh hissi keçirirəm. Görəsən, hələ də, atelyedə işləyirmi?
- Yox, doxsanıncı il idi. İt yiyəsini tanımırdı. Məni də təqaüdə göndərmişdilər. Arvad sonuncu dəfə ona paltar tikdirməyə getmişdi. Süzen varlanmışdı, özünə ev almışdı. Müştərilərini evdə qəbul edirdi. Yoldaşıma deyib ki, ölkədə xaos başlayıb. Mən ömrüm boyu özüm-özümü qorumuşam. Bu qədər qorumaqda bilmirəm yaxşı eləmişəm, ya pis iş görmüşəm. Düşünürəm, məni bundan sonra qoy dövlət qorusun. Bilgəhdə bir qocalar evi var, gedib baxmışam, danışmışam. Evimi də satıb gedirəm ora. Zaman qarışıqdı, daha döyüşməyə gücüm qalmayıb.
Əgər sağsa, orda olar. Gedib görmək yaxşı olardı.
- Bir az səbr edin, öyrənim, sağdırsa, mən bu görüşü təşkil edə bilərəm.
Əşrəf əsəri yazırdı, eyni zamanda, yazdığına kənardan, kənar gözlə nəsrə fərqli münasibət bəsləyən bir insanın gözü ilə baxırdı. Yazırdı, ədəbiyyatın köhnə oxucusu kimi, yazdığı ilə razılaşmırdı. Köhnə oxucu nəsr əsərlərində görməyə vərdiş etdiyi təbiət təsvirləri, obrazların oturduğu, gəzdiyi yerlərin ətraflı təsviri, yaşadığı evin əşyalarının təsviri kənardan baxan ikinci Əşrəfi qane etmirdi. Əsəri yazan Əşrəf isə, Çexovun sözünü əsas götürmüşdü. Əgər birinci səhnədə divardan silah asılıbsa, sonuncu səhnədə həmin silahdan atəş açılmalıdır. Hadisələrə dəxli olmayan artıq şeylər əsərdə olmamalıdır. Əsərdə təsvir olunan daş da, quş da, ağac da, külək də, göy də, bulud da obrazın açılmasına, konfliktin həllinə kömək edirsə, əsərə xoş gəlib. İştirak etmirsə, əsərdə işləmirsə, artıq sözdür. Əşrəflərin heç biri geri çəkilmək fikrində deyildi. Bu vaxt ərzində Qocalar evinin müdiri ilə zəngləşmişdi. Orada şair Azadla görüş keçirmək istədiyini demişdi. Bu görüşün qəzetdə geniş işıqlandırılacağını biləndə müdir də, işçilər də sevindilər, həm də ciddi hazırlaşmağa başladılar. Müdir dedi ki, radio, televiziya belədir ki, bir dəfə göstərilir, havaya üfürürlər, çıxıb gedir. Qəzet həmişəlik qalır. Sənəddi. Nə vaxt istəsən, çıxart qoy ortaya.
Əşrəf, nəhayət, öz içindəki mübahisəyə son qoydu. Mən artıq söz yazmıram. Oxuyan oxusun, oxumayan oxumasın. Hamı məni oxumalı deyil ki, hər halda, mənim kimilər də olacaq. Deyirlər, ot kökü üstə bitər, amma kökü üstə bitib kök olmur, ot olur. Mən ədəbiyyatımızı bilirəm, bilə-bilə, o ədəbiyyatı sevə-sevə, belə, yəni, bir az başqa cür yazıram. Heç ədəbiyyat kimi oxumasınlar. Mənim oxuculara məktubum kimi qəbul etsinlər. Onsuz da bu ədəbiyyat deyil, həyat həqiqətidir.
* * *
Səhər Qocalar evinin həyətində səliqəli geyinmiş bir oğlan var-gəl edirdi. Müdir onu görən kimi tanıdı. Qaça-qaça onun üstünə gəlib ərkyanə görüşdü.
- Xoş gəlmisən. Necəsən? Xeyirdimi?
- Gəlmişəm Fatma xanımı aparım.
- Nə oldu, balam, pay verib dərdindən öləsiz, yoxsa şikayət eləyib. Hə, düzdü, otaq qonşusu bir az narahat adamdı, amma özünə demişəm, bu günlərdə yerini dəyişəcəm.
- Yox əşi, o məsələ deyil. Bosun bu gün ad günüdü, istəyir anası evdə olsun.
- Hə da, anasız ad günü olar? Biz də bir hədiyyə göndərək da...
- Yox, yox. Tapşırıb ki, bilən olmasın. İndi məcbur oldum deməyə. Lazım deyil. Əslində, bacısı, bacısı oğlu Amerikadadı, axşam zəng edəcəklər. Sonra anası ilə danışmaq istəyəcək.
- Hə da...
- Nə desin bos? Desin anam Qocalar evindədi?
- Hə da...
- Yox, onu demək olar?!
- Hə da... Mən də onu deyirəm da...
Elə bu zaman Fatma xanım gəldi, həyəcanla ona yanaşdı.
- Nə olub, Ələsgər. Xeyirdimi? Salamatlıqdımı?
- Narahat olma, Fatma xala. Hər şey yaxşıdı, bos dedi, anamı gətir.
- Niyə, nə olub?
- Bu gün ad günüdü, yadından çıxıb?
- Gör ey... Başım Süzenə elə qarışıb, bir az soyuqdəyməlidi.
- O kimdi?
Müdir tez cavab verdi:
- Heç, otaq yoldaşıdı. Bir həftəbecər şeydi, bilmək olmur ermənidi, rusdu, fransızdı. Hər halda, adı, famili fransızdı. Dedim sənə axı, Fatma xanımın yerini dəyişəcəyəm. Özü də lap tez. Soruşsa, elə belə də deyərsən.
- Yox, müdir, dəyişmə. Mən elə Süzen xanımla qalmaq istəyirəm. Yazıq insandı .
- Siz bilərsiz, amma Ələsgər, sən bu məsələni bosa demə.
- Oldu, şef. Arada gəlib sizdən qatıq aparacam. Hardan götürürsüz bilmirəm, əla qatıq olur.
- Gəl, qurbandı, - dedi. Ürəyində "gəl-gəl, havayı qatıq baldan şirin olan şeydi", - dedi.
Süzen heç vaxt, heç kəsə qibtə, xüsusilə paxıllıq etməmişdi. İndi eşidəndə Fatma oğlunun ad gününə gedir, elə bil içindən bir sızıltı keçdi. Xoş günündə, bəd günündə hər kəsin bir kəsi var. Hər kəsin bir sığınacaq yeri var. Doğma kimi yada saldığı, yadına düşdüyü bir adam var. Mən bu dünyada, bu cəmiyyətdə gördüyüm, tanıdığım insanlar arasında yad, kənar, uyuşmayan bir qisiməm. Mən heç kəsə, heç yerə bağlanmamışam. Heç kəs, heç bir yer məni özününkü saymır. Hər kəs məni bədxassəli şiş kimi kəsib atmaq istəyir. Mən yoldan doğulmamışam. Yəqin, məni bir ata əkib, bir ana doğub. Onlar kim idi? Boyları-buxunları necə idi? Hansı dildə danışırdılar? Hansı dinə mənsub idilər? Ağasəfin öldüyünü biləndən sonra yuxumda hər gün onu görürdüm. Hər gecə gəlib qarşımda dururdu. Gülə-gülə "mən gəldim" deyirdi. Gülürdü, amma gözündən yaş əvəzinə qan axırdı. Barmağımla qanı silirdim, barmağımın arxasınca yenə qan süzülürdü. Nəhayət, eşidəndə ki, onun baş ağacı pöhrələyib ağac olub, pir olub - məhəbbət piri, gedib budağına niyyət eləyib, arzu tutub ip bağlayırlar, işləri düzəlir. Sevənlər qovuşur. Bir axşam mən də bir dəstəyə qoşulub getdim. İp bağladım. Ağasəfə ürəyimdə yalvardım. Dedim mənə kömək elə, sən əsl mənada safsan, mələksən. İndi dünyada səndən başqa məni sevən, düşünən insan yoxdu. Mənə kömək ol. Duaçım, yardımçım ol, mənim hardan gəldiyim, kimliyim bilinsin. Mənim ölümün, dirimin sahibi olan insanlar cəmiyyət olsun. İnsan meteorit deyil, başqa səyyarədən gələ düşə. Lap hardan olsam da, Allahın cazibəsindən kənar deyiləm. Yəni, Allah da məni qəbul eləmir? Ağasəf, kömək elə mənə, bir yerdən yapışıb dayana bilim. Qarşıdan vahiməli ahıllıq, qocalıq gəlir. Qorxuram Əzrayıl da məni unuda, əzrayılım da özüm olam. İntihar etməyə məcbur olam. Ağasəf, ey başdan-ayağa nur olan insan, mənə kömək ol. - Ağacın budağına örpəyimdən bir parça cırıb bağladım. Sən hər gecə yuxuma gəlirsən. Bax, gəlmişəm. Yerində rahat yat. Rahatlıq tap, sən nur kimi təmizsən, bunu Allah da bilir, sən də, mən də bilirəm. Mənə kömək ol, Ağasəf. Dedim, qayıtdım. Doğrudu, yuxuma daha az-az gəlirsən. İllər keçir, amma yenə insanlar mənə yaddılar. Keçmişimdən bir xəbər yoxdu. Keçmişi, kimliyi məlum olmayan insandan bədbəxt canlı yoxdu. O dünyada da, bu dünyada da inandığım, güvəndiyim bir insan sən idin, sənin də mənə köməyin dəymədi. O gün mən ziyarətçilərin gözündən xəlvət o ağacın bir yarpağını öpəndə hardansa üzümə bir şeh damlası düşdü. Bütün bədənim ürpəşdi. Kənara çəkildim. Elə bildim göz yaşındı. Qorxdum bu da qan olar. Əllərimi üzümə tutub bir xeyli eləcə dayandım.
İndi daha sən də yoxsan, daha sən də yuxuma gəlmirsən. Fatmanın da mənimlə rəfiqəliyi oğlunun, qızının, nəvəsinin çağırdığı ana kimidi. Haqlıdı, nə demək olar. Təbii idi, evi var, ailəsi var, yer üzündə öz yeri var. Doğulduğu kənd, şəhər, ölkə var. Yoxsa mənim kimi? Yoldan tapılıb. Yetim evində böyüyüb. O ev, oxuduğum peşə məktəbi də mənə sahib çıxmayıb. Qəribə olsa da, bir türmədə münasibət görmüşəm. İndi bu yaşımda ora qayıdım? Yox. Əlac intihara qalıb. İndi bunu eləməsəm, sonra intihara da gücüm çatmayacaq. Daha rəzil vəziyyətə düşəcəyəm.
- Süzen, nə fikrə getdin? Qanın qaraldı. Tez qayıdacağam, bəlkə, elə bu gecə, gec olmasa. Amerikada gündüz olanda burda çox gec olur. Aslanımla danışım. Səsini eşidim.
- Yox, yox, get, oğlunun ad günüdü. Təbrik elə. Yaxşı yol.
- Süzen. Mən soruşanlara köhnə rəfiqələrik deyirəm. Sən mənim bacımsan, bacım. Mən səni tək qoymaram, gələcəm. Mənim bacım, qardaşım, heç kəsim yoxdu.
Süzen kövrəlib üzünü yana çevirdi, Fatmanı qucaqladı, əli ilə Fatmanın kürəyinə vurdu.
- Get, get, Fatma, burdan nigaran qalma.
Fatma qapıdan çıxanda dönüb əl elədi:
- Uzaqbaşı sabah səhər gələcəm. Sabah tədbir var axı, şairlə görüş var.
- Yaxşı yol. Bilirəm. Qoca bülbüllər şeirlər əzbərləyib cəh-cəh vuracaqlar.
- Nə olar, biz də qulaq asarıq, hələlik.
Fatma getdi. Süzen onun arxasınca örtülü qapıya bir zaman eləcə dayanıb baxdı. "Yorulmuşam yaşamaqdan. Vaxtı keçmiş ərzaq kimiyəm. Hamı məndən kənar keçir. Sanki mənimlə ünsiyyətdən zəhərlənə bilərlər. Zəhərlənə... zəhər..." - düşündü. “Öləndə də elə ölmək lazımdır ki, səni görənlər meyitindən iyrənməsinlər. Bu həyatda gördüyüm sonuncu iş olacaq, səliqəli olmalıdı. Qadına yaraşan olmalıdı. Qadın ərdən də, dünyadan da boşananda yaddaşlarda gözəl qalmalıdı".
* * *
Əşrəf şair Azadla görüşün sonunda Süzen D’Ark haqqında kitabı da təqdim etməyi fikirləşmişdi. Şair Azad ərki çatan ən yaxın adamları bu görüş üçün səfərbər etmişdi. Bir nəfər ayrıca öz maşını ilə Gülzar xanımın qulluğunda olmalı idi. Azad elə belə də demişdi.
- Müslüm, yetimlər evinin köhnə müdiri var, ünvanı da bu kağızdı. Əşrəf müəlllim onunla danışıb. Bu gün saat onikiyə Gülzar xanımı gətirərsən Qocalar evinə. Sonra da gətirdiyin kimi, hörmətlə ha... apararsan evinə.
- Baş üstə, rəis!
Qəfər kişi bir gün əvvəl gəlmişdi. Gecəni Əşrəf onu özü qaldığı evdə saxladı. O da Əşrəfin kitabını oxudu, sonra səhərə kimi yata bilmədi.
Fatma xanıma darıxmaq gəlmişdi. Lap səhər tezdən oyanmışdı. Pəncərədən həyətə baxırdı. Ələsgər gələn kimi həyətə endi. Gəlib maşina oturdu.
- Hə! Gedək.
Ələsgər az qala pıçıltı ilə ona dedi:
- Fatma xanım, bosu işə qoyaq, ordan naxoy səni aparıram Bilgəyə.
- Mən on ikidə orda olmalıyam.
- Olacaq. Lələşin ölməyib, olacaq.
Fatma xanım əlini atdı ki, qapını açsın, maşının qapısı özü açıldı. Müdirin əli Fatma xanımın əlindən tutdu.
- Xoş gəldiz, Fatma xanım. Ehtiyatdı, yavaş, hə, bax belə. Sizi gözləyirik. Süzen xanım hələ otağından çıxmayıb. Sən demə o elə belə adam deyilmiş. Bugünkü görüş də ona sürprizdi. Amma özünə bir söz demə. Gətir tədbirə. Qoy sürpriz olsun.
- Bəyəm, şair gəlməyib?
- Gəlib, şair də gəlib, başqaları da, hamısı heç demə Süzen xanıma görə gəlib ey...
- Heç nə başa düşmədim.
Vallah mən də əvvəl heç nə başa düşməmişdim. Dünən Əşrəf müəllim mənə Süzen xanım haqqında yazdığı kitabı verdi, bütün gecəni oxudum. Oxudum, başa düşdüm, sən get onu gətir - kitabı oxuyub özümə söymüşəm.
Fatma xanım otağa getdi. Ələsgər müdirə yanaşdı. Müdir ona tələsdiyini əl jesti ilə işarə etdi. Sonra başını yuxarı elədi.
- Qonağım var!
- Başa düşdüm. Qatıq məsələsi qalsın sonraya.
Belələri bir-birini tez başa düşür. Tələm-tələsik maşına əyləşib həyətdən çıxdı.
Fatma xanımın ürəyinə darıxma gəldi. Az qala otağa qaça-qaça getdi. "Səhər yeməyinə gəlməyib, dünən dalımca baxanda gözləri xoşuma gəlmədi. Başqa söz tapa bilmədim, sən mənim bacımsan dedim. Allah təvdirini çaşdırmasın". Otağa girdi. Süsən yorğanı başına çəkmişdi. Əli yorğanın altından çıxıb çarpayının yanından yerə sallanırdı. Yanında stulun üstündə bir xeyli dərman vardı. Sinəsində yığılıb tıxanıb qalmış səs boğazını cırıb partladı.
- Süzen!!! Bacım, vay!!! - qışqırıb iki əllləri ilə dizinə vurdu.
Süzen sakitilklə yorğanı üzündən qaldırdı. Dumduru gözləriylə Fatmaya baxdı. Pıçıltı ilə soruşdu:
- Nə bağırırsan?
- Zəhrimar nə bağırırsan, çor nə bağırırsan. Ödüm ağzıma gəldi. Bu nədi belə, - dərmanları göstərdi.
Süzen durub çarpayıda oturdu.
- Hə, helə bir fikrim vardı. Elə indi də özümü haqlı sayıram. Amma sənin dünən gedəndə dönüb "sən mənim bacımsan" deməyin ixtiyarımı əlimdən aldı. Başa düşdüm, mən təkcə özümün deyiləm, həm də səninəm. İndi gördüm haqlıyammış.
İllərlə ayrılıqdan sonra görüşən doğma bacılar kimi qucaqlaşıb kövrəldilər. Tez özlərini ələ aldılar.
- Yaman qorxuzdun məni. Dur gedək.
- Hara!
- Necə, yəni, hara? Yeməkxanaya səhər də yeməyə getməmisən.
- Fiquramı qoruyuram.
- Eh, sənin fiqurana nə deyim, dur, tədbir var.
- Bircə şairim çatışmır.
- Ay qız, dur, məni sənin dalınca göndəriblər.
- Kim?
- Hamı! Qonaqlar da, müdir də, kişili-arvadlı burdakılar hamsı.
- Allah xeyir eləsin. Bir gecədə dünya dağılıb, təzədən yığılıb, deyəsən. Ağasəf də yuxuma girmişdi. Təzə sağılmış süd kimi buğlanırdı, baxıb gülürdü.
- O kimdi?
- Gedək. Bu uzun əhvalatdı.
Yeməkxana bayram paltarı geymişdi. Hamı öz yerində oturmuşdu. Amma Fatma ilə onun oturduğu balaca stolu çəkib irəli açıqlıqda qoymuşdular. Stolun üstündə bir topa qırmızı qərənfil vardı. Onların stolu ilə üz-üzə dörd nəfər qonaq əyləşmişdi. Onlardan biri nisbətən gənc idi. Süzen xanıma tanış gəlirdi. Qalanlar yaşlı insanlar idi. Onların gəlişini alqışladılar. Süzen gecikdiyinə görə bu alqışlarla onu danlayırlar kimi başa düşdü, pərt olmuş halda Fatmaya baxdı. Fatmanın keyfi yaxşı olduğundan o da ruhlandı, keçib yerlərində oturdular. Nisbətən cavan oğlan ayağa qalxdı.
- Sizi qonaqlar adından salamlayıram, - dedi. Əl çaldılar. - Mən "İrəli" qəzetinin şöbə müdiriyəm. Məqalələr, esselər, hərdən bədii əsərlərlə də çıxış edirəm. Sizin burda tale yoldaşınız Süzen D’Ark xanımla da qəzetimiz üçün neçə il əvvəl söhbət aparmışam. Yadınızda olar. - Süzen başı ilə təsdiq etdi. Hamı əl çaldı. - Görüşümüzün ana xəttini şeirimizin ağsaqqalı Azad müəllimlə görüş təşkil edir. Həştadı keçmiş bu el ağsaqqalı bir zamanlar Bakı şəhərinin milis rəisi, o zaman milis polkovniki Azad Quliyev kimi tanınırdı. Fransanın xalq qəhrəmanı Æanna DArkdan götürdüyü famili Süzen xanıma Azad müəllim verib, demək, Azad müəllimin qızı sayılır Süzen xanım.
Gurultulu alqışlar qopdu. Süzen əllərilə üzünü gizlədib ayağa qalxdı, baş əydi, əyləşdi.
- Qəfər müəllim Ağdaş rayonunun Sarıqayalılar kəndində tarix müəllimi işləyib. Bu görüşün təşkilində, - əlindəki kitabı havaya qaldırıb hamıya göstərdi, - və Süzen xanım haqqında bu kitabı yazmağımda mühüm rol oynayıb. - Yenə gurultulu alqışlar qopdu. - Görüşün sonunda Azad müəllimin yeni şeirlər kitabından da, bu kitabdan da sizə paylanacaq. Nəhayət, sizə təqdim edəcəyim bu xanım Azərbaycanda ən çoxuşaqlı anadır. 48 il bir nömrəli uşaq evinin - müdiri deməyə dilim gəlmir, müdir soyuq sözdü - anası olub Gülzar xanım.
Elə bu sözü demişdi ki, Gülzar xanım qollarını açıb istədi ayağa qalxsın, qalxa bilmədi. Xırıltılı səslə Süzenə:
- Qucu, qucu, qucu, cubpılı balam, qucuma gəl-gəl!
Elə bil Süzenin beyninin içində nə isə partladı. Bütün ötüb keçən illər, hadisələrlə bağlı yaddaşı, hətta o illərdən bəri artan yaşı da yoxa çıxdı. Oldu balaca Süsən. Kim isə ağladanda Gülzar ananın üstünə qaçan Süsən. Bu açılmış qucaqdan əziz dünyada heç nə yox idi. Bu, ana qucağı idi. Süsən yaşına, boyuna yaraşmayan uşaq qaçışı ilə Gülzarın üstünə qaçdı. Onu qucaqlayıb başını onun sinəsinə sıxdı. Nəfəsinə qəribə bir isti, isti yox, mehriban xatirələrlə dolu bir hərarət hopdu, ana hərarəti. Döyüldükcə, qovulduqca, təhqir olunduqca ana qucağına sığınmaq, qızınmaq istəmişdi. Bu qucaq olmadığından kini, nifrəti, qəzəbi daşlaşıb sinəsində qalıb. Bu hərarət Süsənin canındakı o daşı-buzu bahar günəşi kimi əridirdi. Süsən uşaq kimi hıçqıra-hıçqıra ağlayırdı. Gülzar xanım da onun başını tumarlaya-tumarlaya nə isə pıçıldayırdı. Xəyalında isə yüzlərlə, minlərlə ağlayan uşağın başını sığallayırdı. Bu sığal altında indi Gülzar xanımın özünün də gəncliyi, həyatı ağlayırdı. Zala elə bil su səpmişdilər. Sükutu pozmamaq üçün hamı nəfsini də içinə çəkmişdi. Kimsə əl çaldı. Bu, bəndi-bərəni aşmış bir selin ilk damlası idi. Sonra elə bil ildırım çaxdı, divarlar titrədi, ağlayanlar da əl çalır, əl çalanlar da ağlayırdılar. Buradakıların hamısının uzaq illərdə qoyub qaçdığı keçmişi qayıdıb gəlmişdi.
"Azərbaycan" jurnalı