Sirr deyil ki, digər müsəlman dövlətini - Türkiyəni demokratik müstəvidə saxlayan məhz onun NATO-ya üzv olmasıdır. Azərbaycan artıq bir Avropa strukturu ilə əməkdaşlıq edir – söhbət Avropa Şurasından gedir. Amma bu əməkdaşlığın acı təcrübəsi göz qabağındadır. Azərbaycanı tələsik olaraq öz sıralarına qəbul edən Avropa Şurası indi bilmir ki, onunla necə davransın. Azərbaycanda seçkilər saxtalaşdırılır, söz və mətbuat azadlığı boğulur, siyasi hüquqlar tapdanır, siyasi məhbus problemi həll olunmur. Bütün bunlara görə, Avropa Şurası daim Azərbaycanı qınayır. Amma hakimiyyət bu qınaqlardan nəticə çıxarmır. Belə bir vəziyyətdə olan hakimiyyətin NATO ilə inteqrasiyaya ürəkdən can atmasını demək sadəlöhvlük olardı. Hətta onu da qeyd etmək lazımdır ki, yuxarıda səslənən birinci səbəb də bir o qədər də əsas deyil. Məsələ bundadır ki, Rusiyanın və İranın təzyiqlərinə tab gətirmək üçün Azərbaycanın böyük potensialı var. Bu potensial hər halda Gürcüstanınkından çoxdur. Yada salaq ki, bu il Rusiyanın enerji təzyiqləri ilə üzləşən Gürcüstan problemlərini Azərbaycanın hesabına həll etdi. Elə bu səbəbdən Azərbaycan hakimiyyətinin gətirdiyi geosiyasi dəlillər bir o qədər də inandırıcı görünmür. Azərbaycan istəsəydi NATO-ya inteqrasiya məsələsində daha ardıcıl və inamlı olardı.
Ümumiyyətlə isə Azərbaycanın NATO ilə əlaqələrində maraqlı və ibrətamiz detallar var. İlk növbədə qeyd etmək lazımdır ki, dünyanın ən güclü hərbi bloku daim cəmiyyətlə, insanlarla açıq təmaslara can atır. Amma Azərbaycanın müdafiə strukturları haqqında bunu demək çətindir. Hətta büdcə xərcləri zəruri qədər şəffaf deyil. Tez-tez media ilə müdafiə strukturları arasında anlaşılmazlıqlar və qalmaqallar yaşanır. Ordu üzərində parlament nəzarəti lazımi qədər təmin edilməyib, baxmayaraq ki, Azərbaycan həm də NATO-nun Parlament Assambleyasının da üzvüdür. Azərbaycan parlamentinin ordu məsələlərinə müdaxiləsi sırf qanunvericilik fəaliyyəti ilə məhdudlaşır. Belə məhdudiyyət təkcə ordu məsələləri üçün xarakterik deyil – parlamentin hökumətin fəaliyyətinə nəzarəti, demək olar ki, yox dərəcəsindədir.
Bir sözlə, Azərbaycanın NATO ilə təmaslarını ancaq belə ifadə etmək mümkündür – güc mərkəzi ilə könülsüz hesablaşmaq. Hətta Azərbaycanın NATO ilə birlikdə anti-terror əməliyyatlarında iştirakı belə, bunu ört–basdır etmək iqtidarında deyil. Buna ancaq təəssüflənmək olar, çünki Azərbaycan NATO ilə ciddi əməkdaşlıq etsəydi, həm özünün təhlükəsizlik problemlərini, həm də müdafiə məsələlərini həll edə bilərdi.