Azərbaycanla Gürcüstanın NATO perspektivləri

Azərbaycan hərbçiləri İraqda

Keçmiş SSRİ məkanında mütəmadi olaraq gündəliyə gələn problemlərdən biri də təhlükəsizlik məsələləridir. Bu məsələyə münasibətdə keçmiş sovet respublikaları qeyri-bərabər vəziyyətdədirlər-Baltikyanı respublikalar Şimali Atlantika Alyansına üzv olmaqla artıq öz problemlərini həll ediblər, digərləri isə hələ də öz növbələrini gözləməkdədirlər.


Cənubi Qafqazdakı indiki vəziyyət bu problemi yenidən aktuallaşdırır. Gürcüstandan Rusiya qoşunları çıxandan sonra nə baş verəcək? Cənubi Qafqaz respublikaları təhlükəsizlik tərəfdaşı kimi hansı bloku seçəcəklər?


Təbii ki, Cənubi Qafqaz respublikaları dedikdə Azərbaycan və Gürcüstan nəzərdə tutulur. Ermənistan çoxdan öz seçimini edib. Rusların regionda «forpost» adlandırdığı bu respublika MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinin iştirakçısı və Rusiyanın hərbi müttəfiqidir.


Azərbaycan və Gürcüstan üçün isə Rusiya ilə hərbi müttəfiqlik artıq keçmişdir. Bu respublikaların yenidən keçmişə qayıdaraq Rusiya ilə hərbi ittifaqa girəcəyini güman etmək sadəlövhlük olardı.


Hazırda Cənubi Qafqazda tarixi anlar müşahidə edilir. Rusiya daha bir Qafqaz respublikasından - Gürcüstandan çəkilib gedir. Təsadüfi deyil ki, Gürcüstandakı proseslər həm də bu çəkilmə ilə izah edilir. Amma prosesləri diqqətlə izləyərkən belə qənaətə gəlmək olar ki, təhlükə sovuşur, qonşu respublikada vəziyyət sabitləşmək üzrədir. Əsas odur ki, Gürcüstandakı proseslər konstitusion məcradan kənara çıxmadı. Düzdür, müxalifətin siyasi və geosiyasi oriyentasiyası ilə bağlı şübhələr var. Gürcüstan müxalifəti Qərblə inteqrasiya tərəfdarı olduğunu, regional layihələrin hamısının həyata keçəcəyini iddia etsə də bunun həqiqətə nə qədər yaxın olduğunu demək çətindir.


Güman etmək olar ki, 2008-ci ildən başlayaraq Cənubi Qafqaz respublikaları üçün təhlükəsizlik tərəfdaşı axtarışı başlayacaq. Tərəfdaş isə məlumdur-bu, NATO-dur

Amma burada təskinlik verən detal budur ki, bir çox müşahidəçilərin fikrincə indiki prezident Mixail Saakaşvili növbəti dəfə prezident seçiləcək. Gürcüstanda hakimiyyətin varisliyi indi bütün region üçün mühüm əhəmiyyət kəsb edir.


Belə təəssürat yaranır ki, Saakaşvilinin növbəti dəfə seçilməsi üçün bütün şansları var. O, qısa müddət ərzində Acarstanda Gürcüstanın suverenliyini bərpa edib, korrupsiyaya qarşı mübarizədə çox irəli gedib, dövlət büdcəsinin təxminən altı dəfə artmasına nail olub. Üstəlik, müxalifətin Saakaşvili ilə müqayisəyə gələn xarizmatik lideri yoxdur.


Əgər Saakaşvili hakimiyyətdə qalsa, onun NATO ilə bağlı planları da qüvvədə qalacaq.


Yunan filosofu Aristotel deyirdi ki, təbiət boşluğu sevmir. Siyasət də təbiət kimi boşluğu sevmir. Rusiyanın regiondan çəkilməsi nəticəsində yaranacaq geosiyasi boşluq dolmalıdır. Bu boşluq isə ancaq NATO vasitəsilə doldurula bilər. Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə Azərbaycan da çox güman ki, bu yolu seçəcək.


Azərbaycan NATO ilə bağlı planlarını gizlətmir. Ölkənin Şimali Atlantika Alyansına üzv olmaq istəyi hətta milli təhlükəsizlik konsepsiyasında əks olunub. Amma Azərbaycanla Gürcüstan arasında bu məsələ ilə bağlı fərqlər var. Azərbaycan daha ehtiyatla davranır.


Bunun iki səbəbi var. Birincisi, Azərbaycan hakimiyyəti NATO-nun timsalında daha bir siyasi islahatlar müəllimini qazanmaq istəmir. Avropa Şurasının təcrübəsi hakimiyyəti ehtiyatlandırır-Şura daim Azərbaycandan ardıcıl islahatlar tələb edir. İkinci səbəb Rusiyanın mümkün təzyiqləri ilə bağlıdır. Bəs Rusiyanın təzyiq imkanları nə qədər geniş və realdır?


Bu imkanlar əvvəlki dövrlərlə müqayisəyə gəlmir. Azərbaycanın və eləcə də Gürcüstanın Rusiyadan asılılığı, demək olar ki, minimuma enib. Hətta qonşu


Gürcüstanın misalında aydın olur ki, təzyiq imkanları yox dərəcəsindədir.


İndi Rusiyanın təzyiqi ancaq əməkçi miqrantlarla tükənir. Amma burada da bir nüans var. Rusiyanın özünün əməkçi miqrantlara böyük ehtiyacı var. Əhalisinin azalması Rusiyanı əməkçi qüvvə üçün keçmiş sovet respublikalarına müraciət etməyə vadar edir. Elə bu səbəbdən Rusiyanın NATO-nun qapılarını Cənubi Qafqaz respublikalarının üzünə bağlamaq imkanları çox məhduddur.


Güman etmək olar ki, 2008-ci ildən başlayaraq Cənubi Qafqaz respublikaları üçün təhlükəsizlik tərəfdaşı axtarışı başlayacaq. Tərəfdaş isə məlumdur-bu, NATO-dur.