Rusiyada seçki prosesləri davam etməkdədir. Dumaya seçkilərdən sonra növbəti pillə prezident seçkiləridir. Artıq Rusiya prezident seçkilərinə hazırlaşır. Hakim və hakimiyyətə yaxın partiyalar da öz namizədlərini irəli sürüblər. Bu, 42 yaşlı Dimitri Medvedevdir. Namizəd Rusiya prezidenti V.Putin ilə razılaşdırılıb. Dekabrın 17-də Medvedevin namizədliyinin rəsmi olaraq irəli sürüləcəyi bildirilir. Rusiyadakı dini icmalar da Medvedevin namizədliyini müdafiə edəcəklərini bəyan ediblər. Bütün bunlar o deməkdir ki, Medvedev artıq prezidentliyin astanasındadır. Medvedevin namizəd kimi irəli sürülməsi bəzi məsələlərə aydınlıq gətirdi.
Birincisi, Putinin prezidentlik müddətinin uzadılacağı və bunun üçün Konstitusiyaya müvafiq dəyişikliklər ediləcəyi haqqında ara-sıra səslənən mülahizələrə birdəfəlik son qoyuldu. Rusiya keçmişə qayıtmadı və ölkə siyasətini konstitusion məcradan kənara çıxarmadı. İlk baxışda bu addım adi bir siyasət kimi görünsə də, bəzi keçmiş sovet respublikaları üçün örnək ola bilər. Keçmiş sovet respublikalarının bir qismində konstitusiya ilə istədikləri kimi davranmaq adi haldır. Rusiyanın birinci prezidenti B.Yeltsin vaxtından əvvəl istefa verdi, indi də Putin öz yerini başqa bir siyasətçiyə verir. Hətta digər mülahizə də özünü doğrultmadı-bəzi proqnozlara görə Putinin varisi indiki Baş nazir olmalı idi. Amma seçim Baş nazirin birinci müavininə qismət oldu.
Təbii ki, Medvedevin prezident seçilməsi Putin üçün də müəyyən siyasi perspektivlər vəd edir. Amma burada qeyri-konstitusion heç nə yoxdur.
Hər halda Putinin varisi Rusiya elektoratını da qane etmək iqtidarındadır.
İkincisi, Rusiyada siyasi elitanın cavanlaşması prosesi müşahidə edilir. Artıq yetmiş–səksən yaşlı siyasətçilər səhnədə görünmürlər. Əski Sovetlər Birliyinə xas olan «qocalar klubu» yerini cavanlara verir.
Bəs 42 yaşlı hüquqşünas siyasətçi regional siyasət üçün nə vəd edir? O, hökumətdə daha çox ümummilli humanitar proqramlarla məşğul olduğundan xarici siyasətə münasibəti tam bəlli deyil. Amma bir məsələ aydındır ki, Medvedev müəyyən siyasi komandanın üzvü olub və onun xarici siyasətlə bağlı mövqeyi güman ki, həmin komandanın mövqeyi ilə səsləşir. Əsas odur ki, Rusiyada və rus siyasətində sabitlik olacaq. Bu, çox mühüm amildir, çünki siyasətdə bir çox hallarda yaxşı ilə pis arasında deyil, pis ilə ən pis arasında seçim etmək lazım gəlir. Aydın məsələdir ki, kimin prezident olmasından asılı olmayaraq Rusiya siyasətində yaxşılığa doğru prinsipial dəyişiklik baş verməyəcək, çünki siyasətin özü də bir fenomen və institut kimi varisliyini saxlayır. Burada üstünlük və qazanc ancaq ondadır ki, siyasət sabit və proqnozlaşdırıla bilinən olacaq.
İndi MDB regionunun bir hissəsi ciddi siyasi narahatlıq dövrünü yaşayır. Söhbət Kosovanın müstəqilliyinin tanınmasından və bunun mümkün nəticələrindən gedir. Rusiya bunun əleyhinə çıxış edir, amma eyni zamanda bu hadisənin baş verəcəyi təqdirdə onun universal presedentə çevrilə bilməsindən danışır. Digər dövlətlər Kosovaya universal presedent kimi baxmasalar da Rusiyanın bu mövqeyi narahatlıq üçün xeyli əsas yaradır. Maraqlıdır, Rusiya bu addımı ata bilərmi? Kosovanın müstəqilliyinin tanınacağı təqdirdə o, keçmiş sovet respublikaları ərazisindəki separatçı rejimlərin müstəqilliyini tanıya bilərmi?
Əgər belə hadisə baş versə keçmiş sovet respublikalarını Rusiyaya bağlayan bütün tellər birdəfəlik qırılacaq. Daha heç nə onları Rusiyanın siyasi orbitində saxlamayacaq. Hazırda keçmiş sovet respublikalarının bəzisini Rusiyaya dözümlü yanaşmağa vadar edən onun separatçı rejimlərə münasibətdə tutduğu mövqedir. Bu mövqeyin tamam dəyişəcəyi təqdirdə MDB daxilindəki mərkəzdənqaçma tendensiyalarını daha heç nə cilovlaya bilməyəcək. Güman ki, Rusiya siyasətçiləri və eləcə də prezidentliyə namizəd D. Medvedev də bunu başa düşür. Ona görə də Kosovanın regional siyasəti tamam dəyişəcəyi haqqındakı mülahizələrdə bir qədər tələskənlik var. Siyasətin də bir ətaləti olur. Bu ətalət tələsik və düşünülməmiş qərarlardan çəkinməyə sövq edir.