İlin yekunlarını araşdıranda bir qayda olaraq iqtisadi təhlillərlə və göstəricilərlə kifayətlənirlər. Sözsüz ki, iqtisadi amillər mühüm şərtdir, amma cəmiyyətin həyatının digər sferaları da az əhəmiyyət kəsb etmir.
Ümumi Daxili Məhsul, büdcə, qeyri-neft sektorunun inkişafı, regionların iqtisadi durumu, korrupsiyanın vəziyyəti, maaşların və təqaüdlərin artım dinamikası, investisiya, inflyasiya-bütün bunlar cəmiyyətin müəyyən zaman kəsiyində vəziyyətini xarakterizə edir. Amma sosial inkişaf ən azı üç aspektdən araşdırılmalıdır: iqtisadi, siyasi və mədəni. Bura Dağlıq Qarabağ problemini də əlavə etsək mənzərə daha dolğun əhatə olunar.
2007-ci il Qarabağ probleminin həlli baxımından nə ilə yadda qaldı? Ölkədə sosial və siyasi konsensus əldə olundumu? Sosial ədalət problemi necə təmin edildi? Sosial bərabərsizlik azaldı, yoxsa artdı? Demokratiyanın səviyyəsi hansı həddə oldu? Ümummilli dialoq və həmrəylik istiqamətində hansı addımlar atıldı? Cəmiyyətdəki gərginlik necə dəyişdi? Hüquqi dövlət prinsiplərinə nə qədər əməl olundu? Beynəlxalq təşkilatlarla və ayrı-ayrı dövlətlərlə münasibətlər nə qədər uğurlu oldu? Xarici siyasətdə hansı tendensiyalar üstünlük təşkil etdi? Mədəni və mənəvi dəyərlərin inkişafı qənaətbəxş oldumu? Bu sualların hər biri yekunlaşmaqda olan ilin nəticələrində əks olunmalıdır. Onlara cavab vermək üçün isə sözün əsl mənasında sosio-mədəni tədqiqatlara ehtiyac var.
Sadalanan problemlərə qısaca da toxunmaq olar. Əgər Qarabağ problemini götürsək, bu istiqamətdə hər hansı bir irəliləyiş əldə edilməyib. Nəzərə alsaq ki, problemin 20 illik tarixinin 14 ili Yeni Azərbaycan Partiyasının hakimiyyəti illərinə təsadüf edir, bu, bir o qədər də ürəkaçan fakt deyil. 14 il ərzində problem necə varsa eləcə də qalıb. Həll olunmamış konflikt problemlərin bütöv bir spektrini yaradır. Bu problemin ucbatından siyasi və iqtisadi islahatlar natamam xarakter daşıyır, ölkə yetərincə inkişaf edə bilmir.
Digər problemlər də az əhəmiyyət kəsb etmir. Onları ümumiləşdirmək də olar, çünki ölkədə aparılan siyasət və iqtisadi kurs bir məqsədə xidmət etməlidir: milli konsensusun və həmrəyliyin yaradılmasına. Əgər sosial ədalət prinsiplərinə əməl olunmursa, insanlar arasındakı sosial və iqtisadi fərqlər azalmaq əvəzinə artırsa, dialoq və məşvərət yoxdursa, cəmiyyətdə kəskin təbəqələşmə gedirsə, insanların hüquq bərabərliyi pozulursa, hamı üçün bərabər imkanlar təmin edilmirsə, deməli ölkədə aparılan siyasət qüsurludur.
2007-ci il bu baxımdan əvvəlki illərdən bir o qədər də fərqlənmədi. Formal olaraq hər şey var-azad bazar iqtisadiyyatı bəyan edilib, siyasi və iqtisadi azadlıqlar qanunlarda və Konstitusiyada təsbit olunub, qeydiyyatdan keçmiş onlarla partiya və mətbuat orqanı fəaliyyət göstərir, sosial sahəyə vəsait yönəldilir. Amma bütün bunlar təzadlarla müşayiət olunur. Ortalıqda böyük təzadlar var. Bunlar özünü hər şeydə büruzə verir. Hökumətin və beynəlxalq təşkilatların hesabatları, hökumətin və müstəqil ekspertlərin qiymətləndirmələri uyuşmur, kəskin təzad təşkil edir. Rəsmi məlumat və informasiyalarla gündəlik həyatda müşahidə olunanlar təzad təşkil edir. Ölkənin bu gününə və gələcəyinə baxışlar təzad təşkil edir. Eyni ölkədə yaşayan və eyni qədər maaş alan insanların həyat səviyyəsi təzad təşkil edir. Hətta ara-sıra aparılan sosioloji sorğular belə təzad içindədir-sanki bu sorğularda müxtəlif dövlətlərin vətəndaşları iştirak edir.
Azərbaycan Qərbdir, yoxsa Şərq? Azərbaycan daha çox hansı ölkəyə bənzəyir? Hətta bu suallara cavablar belə ziddiyyətlidir. Əvvəllər ölkənin inkişaf təmayülləri ilə bağlı fikirlər daha konkret idi və bu fikirlərdə bir əminlik var idi. Zaman keçdikcə bu əminlik artmalı, ölkənin Avropaya inteqrasiyası dönməz xarakter almalı idi - Azərbaycanın əvvəlki inkişaf xətti bunu güman etməyə əsas verirdi. İndi isə suallar meydana çıxır. Azərbaycanın gələcəkdə yeri haradadır? O, əbədi olaraq Avropa ilə qonşu olacaq və Avropanı ancaq enerji ehtiyatları ilə cəlb edəcək, yoxsa inkişaf etmiş Avropa dövlətlərindən birinə çevriləcək? Təəssüf ki, yekunlaşmaqda olan 2007-ci il bu suallara cavab vermədi.